Məhkəmə qərarları › İş №2(010)-1658/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1658/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1658/2024 11.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ciil tarixdə bağlanmış kredit müqaviləsindən görünür ki, İddiaçı (borc verən) Cavabdeh (borc alana) 20.000 (iyirmi min) manat məbləğində pul borc verir. Müqavilənin 2-ci bəndinə əsasən “borc alan” krediti xx.xx.2022-ci il tarixinədək “borc verənə” qaytarmağı öhdəsinə götürür. Müqavilənin 3-cü bəndinə əsasən tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər.

2. Pretenziya məktubundan müəyyən olunur ki, Cavabdeh 1 gün müddətində borcun ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.

3. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 155 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları

4. İddiaçı tərəfindən Cavabdeh 20.000 manat məbləğində borca pul verilməsi işin mübahisəsiz hallarıdır.

İddia tələbi

5. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21400 (iyirmi bir min dörd yüz) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

6. Cavabdeh Qulı̇ yev Pərvı̇ z Fərhad oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

7. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçı cavabdehdən 21400 manat məbləğində pulun tutularaq ona ödənilməsini tələb edir. İddia tələbinin əsas sübutu kimi tərəflər arasında notarial qaydada bağlanılmış kredit müqaviləsidir. Müqavilədən görünür ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə borc müqaviləsi bağlanılıb və cavabdehə təqdim edilməsi üçün notariusun depoziti hesabına 20000 manat məbləğində pul verilib. Cavabdeh bu pul məbləğini xx.xx.2022-ci ilədək qaytarmağı öhdəsinə götürsə də, geri qaytarmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bundan əlavə, iddiaçı 2 dəfə 700 manat olmaqla, cəmi 1400 manat da əlavə olaraq, cavabdehə pul verib, lakin əlbəəl verdiyi üçün bu barədə rəsmi sənəd yoxdur. İddiaçı bu barədə polisə şikayət edib, lakin polis dələduzluq əlamətləri mövcud olduqda cinayət işini başladır. Bu səbəbdən nə cinayət işinin başlanılması barədə qərar, nə də ki, cinayət işinin başlanılmasından rədd edilmə barədə qərar yoxdur. Sübutların təqdim edilməsi qanunvericiliklə tərəflərin vəzifəsidir. İddiaçı tərəf pul məbləğinin verildiyini iddia edir və bunu da notarial qaydada bağlanmış müqavilə ilə təsdiqləyir. Cavabdeh isə sözlə həmin pulu qaytardığını bildirir. Cavabdeh əvvəlki məhkəmə iclaslarında iddiaçıdan borc aldığını etiraf edərək borcu olduğunu bildirmiş, lakin daha sonra borc məbləğini tam şəkildə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində polisə verdiyini bildirmişdir. O, borc məbləğini birbaşa iddiaçıdan alıbsa, deməli, birbaşa olaraq onun özünə qaytarmalıdır, başqa şəxslərə pulu qaytarması iddiaçıya olan borcunu qaytarması kimi qiymətləndirilmir. Həmçinin, cavabdeh polisdə pulu qaytarıbsa, necə və nə formada qaytardığını da sübut etmək onun vəzifəsidir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

8. Əvvəlki məhkəmə iclaslarında cavabdeh Qulı̇ yev Pərvı̇ z Fərhad oğlu izahat verərək bildirmişdir ki, onun Eltac bəy ilə anlaşması var idi, iş görməli idilər, lakin pandemiya vaxtına düşdüyü üçün işləri alınmamışdır. İddiaçı daha əvvəl polisə müraciət edib və onu da çağırıblar. Sonra isə o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olan zaman 21400 manat pulu iddiaçının özünə yox, birbaşa polisə vermişdir. O, pulu birdəfəlik yox, əvvəl 5000, sonra 10000 vermiş, sonda isə maşınını sataraq qalan pulu vermişdir. Hazırda onun vəkili bu məsələ ilə bağlı araşdırmalar aparır.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427. Öhdəliyin icrası müddəti 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “ Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

11. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarı

Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

12. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı

Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

13. N.Hacıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 14 iyul tarixli Qərarı

Sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi

14. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

15. Qanunvericilikdə borc müqaviləsinin hazırki iş üzrə yazılı formada bağlanması nəzərdə tutulduğundan, tərəflər öz aralarında notarial yazılı formada müqavilə bağlamışlar. Hazırki borc müqaviləsinin predmeti isə pul məbləği olduğu üçün qanunvericiliyə əsasən kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.

16. Məhkəmə iclasında müəyyən edilmiş işin hallarından və tədqiq olunmuş sübutlardan göründüyü kimi, İddiaçı (iddiaçı) Cavabdeh (cavabdehə) kredit müqaviləsinə əsasən 20.000 manat məbləğində pul borc vermişdir. Bundan əlavə, iddiaçı iki dəfə 700 manat olmaqla, əlavə olaraq da 1400 manat pul verdiyini bildirmiş, lakin həmin pulun verilməsini təsdiq edən sənədi məhkəməyə təqdim edə bilməmişdir. Lakin cavabdeh məhkəmə iclasında ona ümumilikdə 21.400 manat pulun verilməsini etiraf etdiyi üçün iddiaçı həmin hissədə sübutetmə yükündən azad olur. Göründüyü kimi iddiaçı kredit müqaviləsinin bağlanmasından irəli gələn və pulun verilməsindən ibarət hərəkəti icra etsə də, cavabdeh borca aldığı pulu iddiaçıya qaytarmaqdan yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, Mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Göründüyü kimi iddiaçının “vermək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “qaytarmaq”dan ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

17. Məhkəmə iclaslarında cavabdeh tərəf polis idarəsində 21.400 manat pulun tam olaraq geri qaytarıldığını bildirsə də, qeyd etdiklərini təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, məhkəmə tərəfindən zəruri şərait yaradılaraq, cavabdehin pulun ödənilməsi barədə qəbzin təqdim edilməsi ilə bağlı məhkəmə iclasları təxirə salınsa da, cavabdeh heç bir sənəd təqdim edə bilməmişdir. Cavabdehin izahatı isə təkbaşına sübutetmə vasitəsi sayılmayaraq, iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Cavabdeh tərəfin izahatını təsdiq edəcək digər sübutlar olmadığı üçün başqa sübutlarla birgə yoxlanıla və qiymətləndirilə bilmir. Bu səbəbdən də cavabdeh tərəfin izahatı mötəbər sübut sayılmır və məhkəmə qətnamə qəbul edərkən mötəbər olmayan sübuta əsasla bilməz. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Faktı təsdiq edəcək sübutlar olmadığı üçün məhkəmə qərarı ehtimallara əsaslana bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi tam olaraq əsaslıdır.

Məhkəmə xərcləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 154,20 manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulmalı, əlavə ödənilmiş dövlət rüsumunun 0,80 qəpik hissəsi isə iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

21. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 21.400 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir.

22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi: İddia təmin edilsin. Cavabdeh 21.400 (iyirmi bir min dörd yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 154,20 (bir yüz əlli dörd manat iyirmi qəpik) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Əlavə dənilmiş dövlət rüsumunun 0,80 səksən qəpik hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar