Məhkəmə qərarları › İş №2(010)-1671/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1671/2023

24.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1671/2023 24.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsinə qanunsuz müdaxilənin qarşısının alınması və istifadəsinə maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh və digər şəxslərin iddiaçının faktiki istifadə və sahibliyində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “X4” küçəsi ünvanı ərazisində yerləşən (işıq kodu **********90000) 3000 kv.m torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin boşaldılması, cavabdeh və kənar şəxslərin həmin torpaq sahəsinə müdaxiləsinin qarşısının alınması və İddiaçı istifadəsinə maneələrin aradan qaldırılması. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında 2021-ci ilin dekabr ayında olan razılığa əsasən faktiki iddiaçıya məxsus olan 30 sot torpaq sahəsi hüdudlarında içərisində ferma ilə birlikdə- 300 baş xırda buynuzlu qoyun, 100 baş iri buynuzlu heyvan və tikililərlə - yəni, bir ədəd anbar, 6 ədəd otaq olan tikili, sanitar qovşaq, naves olan 30 sot torpaq sahəsini, heyvanlar xaric 150.000 manata ona satmaq barədə razılaşmışdır. İddiaçı boş fermanı tikililərlə birlikdə 150.000 manata satmış, cavabdeh daha sonra isə fermanın içindəki heyvanları da qiymətləndirib pullarını verməli olmuşdur. Belə ki, 08 yanvar 2022-ci il tarixdə aralarında olan razılığa əsasən özünün faktiki istifadə və sahibliyində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “X4” küçəsi ünvanında yerləşən (işıq kodu **********90000) torpaq sahəsini qanunvericiliklə nəzərdə tutulmuş qaydada özəlləşdirilməsi ilə bağlı zəruri sənədləri toplamağı və s. səlahiyyətləri yerinə yetirilməsi ilə əlaqədar olan digər hərəkətləri etməyi etibar etmişdir. Lakin bütün bu razılaşmalarına, iddiaçı ferma ilə birlikdə 30 sot torpaq sahəsinə dair bütün səlahiyyətləri cavabdehə verməsinə baxmayaraq, cavabdeh Nizayi Məmmədov verdiyi vədlərə əməl etməmiş və bu günə qədər heç bir məbləğ ödəniş etməmişdir. Buna görə o, 23 sentyabr 2022-ci il tarixdə yuxarıda qeyd etdiyi etibarnaməni ləğv etdirmiş və verdiyi bütün səlahiyyətlərə xitam verilmişdir. Buna görə faktiki iddiaçının istifadə və sahibliyində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “X4” küçəsi ünvanında yerləşən (işıq kodu **********90000) torpaq sahəsindən çıxarılmalı, torpaq sahəsi boşaldılmalı, cavabdeh və kənar şəxslərin həmin torpaq sahəsinə müdaxiləsinin qarşısı alınmalı və istifadəsinə maneələr aradan qaldırılmalıdır. Tərəflərin izahatları İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, qeyd edilən torpaq sahəsinin qarşılığında cavabdeh onun oğluna ev verməli olmuş, lakin sonradan araşdırdıqda cavabdehin öz vədinə əməl etmədiyini aşkar etmişdir. Həmin torpaq sahəsi 2007-ci il tarixindən onun faktiki sahibliyində olmuşdur və bu barədə məhkəməyə arayış təqdim etmişdir. Torpaq sahəsinin hər hansı bir rəsmi sənədi olmamış, vaxtilə ona da başqa şəxs tərəfindən etibarnamə verilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. (AR MPM 185.5) İş materiallarına əlavə edilmiş: AR–İİ seriyalı xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı özünün faktiki istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, "X4" küçəsi ünvanı ərazisində yerləşən (İşiq kodu **********90000) torpaq sahəsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada özəlləşdirilməsi ilə bağlı zəruri sənədləri toplamağı, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etməyi, bununla bağlı adından ərizə verməyi, mülkiyyət hüququnun dövlət qeydiyyatına dair sənədləri almağı, həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd əsasında göstərilən torpaq sahəsinin 3000 kv.m. hissəsini və üzərində tikilmiş evi satmağı, alqı-satqı müqaviləsini imzalamağı, müqavilə üzrə məbləği müəyyən etməyi, özünə çatası pulu almağı, məbləğ depozit hesabı vasitəsilə ödənildikdə, onu bankda təmsil etməyi, əmlak və torpaq vergi borcunu ödəməyi, kommunalları rəsmilləşdirməyi və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar olan digər hərəkətləri etməyi Cavabdeh etibar etmişdir. Bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər. Etibarnamə 90 il müddətinə verilmişdir və xx.xx.2112 tarixədək qüvvədədir. “Elektron notariat” X1 Çıxarışdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh verilmiş xx.xx.2022-ci il tarixli etibarnaməyə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi «vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında» **********5 saylı arayışının surətindən görünür ki, bu arayış İddiaçı Müslüm oğluna ünvan 3 ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması təsdiq edir. Təsərrüfat subyektinin (obyektinin adı): İri və xırda buynuzlu malların fermasıdır. Bakı şəhər Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin xx.xx.2022-ci il tarixli Dezinfeksiya aktının surətindən görünür ki, həqiqətən obyetk sahibi Alim Müslümov olan təsərrüfatın ərazisi və tövlələr dezinfeksiya olunmuşdur. Suraxanı rayonu baytarlıq sahəsinin özəl baytar həkimi S.Arazovun xx.xx.2022-ci il tarixli məlumatının surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən İddiaçı Müslüm oğluna məxsus heyvandarlıq təsərrüfatında 55 baş xırdabuynuzlu heyvan mövcuddur. Tədbirlər planına uyğun olaraq 2022-ci ilin yanvar ayında Qarayara, fevral ayında Dabaq, aprel ayında Bruselyoz xəstəliyinə qarşı Rev-1 vaksini profilaktiki peyvəndləmələr sahə özəl baytar həkimi tərəfindən aparılmışdır. Eyni zamanda təsərrüfatın ümumi ərazisində mütəmadi olaraq profilaktik və dezinfeksiya işləri aparılır. Hal-hazırda həmin təsərrüfatda epizootik durum sabitdir və heyvanlar klinik sağlamdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Bakı şəhər Baytarlıq İdarəsinin 177 saylı xx.xx.2009-cu il tarixli şəhadətnaməsindən görünür ki, İddiaçı həqiqətən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəs. Quşçuluq sovxozu ünvanında yerləşən Baytarlıq nəzarəti obyekti Heyvandarlıq təsərrüfatı Azərbaycan Respublikasının «Baytarlıq haqqında qanun»una əsasən HM № 31 №-li identikləşdirmə kodu verilmişdir. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli CVF seriyalı 787552 saylı elektrik enerjisi satışı üzrə mədaxil qəbzinin surətindən görünür ki, **********90000 Müslimov X3, Hövsan qəsəbəsi, Quşçuluq, bina 0009, mənzil 0000 üzrə 100 manat məbləğində ödəniş etmişdir. "xxxx" ASC-nin xx.xx.2009-cu il tarixli CVF seriyalı 366406 saylı elektrik enerjisi satışı üzrə mədaxil qəbzinin surətindən görünür ki, **********90000 Müslimov X3, Hövsan qəsəbəsi, Quşçuluq, bina 0009, mənzil 0000 üzrə 52 manat məbləğində ödəniş etmişdir. Suraxanı RİHB-nın Hövsan qəsəbəsi İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, 2007-ci ildən 0,3 ha torpaq sahəsində bir mərtəbəli altı otaqlı tikili, sanitar qovşağı, anbar, tövlələr (15/30,11/15, 7/20, 11/30 ölçülərdə olan) 2021-ci ilədək xx.xx.1967-ci il təvəllüdlü vətəndaş X2 istifadəsində olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 185.5 Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə müəyyən edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “X4” küçəsi ünvanında 3000 kv.m. torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsində olmuşdur. İddiaçı AR–İİ seriyalı xx.xx.2022-ci il tarixli etibarnamə ilə özünün faktiki istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, "X4" küçəsi ünvanı ərazisində yerləşən torpaq sahəsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada özəlləşdirilməsi ilə bağlı zəruri sənədləri toplamağı, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etməyi, bununla bağlı adından ərizə verməyi, mülkiyyət hüququnun dövlət qeydiyyatına dair sənədləri almağı, həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd əsasında göstərilən torpaq sahəsinin 3000 kv.m. hissəsini və üzərində tikilmiş evi satmağı, alqı-satqı müqaviləsini imzalamağı, müqavilə üzrə məbləği müəyyən etməyi, özünə çatası pulu almağı, məbləğ depozit hesabı vasitəsilə ödənildikdə, onu bankda təmsil etməyi, əmlak və torpaq vergi borcunu ödəməyi, kommunalları rəsmilləşdirməyi və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar olan digər hərəkətləri etməyi Cavabdeh 90 il müddətinə etibar etmişdir. Hazırda iddiaçı, Cavabdeh və digər şəxslərin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “X4” küçəsi ünvanı ərazisində yerləşən 3000 kv.m torpaq sahəsindən çıxarılmasını, torpaq sahəsinin boşaldılmasını, cavabdeh və kənar şəxslərin həmin torpaq sahəsinə müdaxiləsinin qarşısı alınmasını və iddiaçının istifadəsinə maneələrin aradan qaldırılmasını istəyir. Məhkəmə iş materiallarından belə nəticəyə gəlir ki, iddiaçının hazırkı vindikasiya barədə tələbi (mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi) əsassızdır. Belə ki, vindikasiya iddiası mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Hazırki mülki iş üzrə İddiaçı faktiki istifadəsində olmuş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “X4” küçəsi ünvanında 3000 kv.m. olan torpaq sahəsi üzərində iddiaçının hər hansı bir hüququnun olması iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman diqqətdən qaçırmaq olmaz ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi kimi məsələləri araşdırmalıdır. Qeyd edilməlidir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 30 iyul 2008-ci il Qərarı) Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Həmin mövqeni hazırkı işə tətbiq edərək məhkəmə hesab edir ki, mübahisəli 30 sot torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınıb ona verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq üçün ilk növbədə iddia qaldıran tərəfin buna subyektiv hüququ olmalıdır. Hazırkı işdə isə iddiaçı Alim Müslümovun üzərində hər hansı bir hüququ tanınmayan torpaq sahəsi ilə bağlı məhkəməyə müraciət etməyə subyektiv hüququnun olmadığı müəyyən edilir. Beləliklə, iddiaçı mübahisəli torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən alınaraq ona verilməsini tələb etməkdə haqlı deyildir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsinə qanunsuz müdaxilənin qarşısının alınması və istifadəsinə maneələrin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsinə qanunsuz müdaxilənin qarşısının alınması və istifadəsinə maneələrin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar