Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1677/2021 18.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasmov Anar Adil oğlunun sədrliyi, X1 ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 15 avqust 2014-ci il tarixli kredit müqaviləsi üzrə 13912,15 ABŞ dolları əsas borc, 7917,43 ABŞ dolları faiz borcu və 14679,34 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 15 sentyabr 2018-ci il tarixdən 08.02.2021-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illki 5 faizlə hesablanmış 1677,90 ABŞ dolları, ümumilikdə cəmi 38186,82 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 15 avqust 2014-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 20 faizlə 36 ay müddətinə 26790 ABŞ dolları kredit götürərək, kredit müqaviləsinin tərkib hissəsi hesab edilən cədvəl qrafiki üzrə müəyyən olunmuş vaxtda və qaydada ödənişlərini həyata keçirilməsinə dair vəzifə daşısa da, müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Müqavilə müddəti bitdiyi 15 sentyabr 2018-ci il tarixinə Cavabdehnın Banka 15 avqust 2014-ci il tarixli kredit müqaviləsi üzrə 13912,15 ABŞ dolları əsas borc, 7917,43 ABŞ dolları faiz borcu və 14679,34 ABŞ dolları cərimə borcu, 15 sentyabr 2018-ci il tarixdən 08 fevral 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə 1677,90 ABŞ dolları məbləğində əldən çıxmış fayda hesablanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izaһatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15 avqust 2014-ci il tarixli 22-A-1-0-1108-14 №-li Kredit müqaviləsindən görünür ki, “Kreditor” “xxxx” X3 Açıq Səhmdar Cəmiyyəti və “Borcalan” Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya illik 22 faizlə 36 ay müddətinə 26790 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 54% dərəcəsi ilə dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. İş materiallarından görünür ki, Cavabdehnın Banka olan borcunun müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş cədvəlini Cavabdeh imza etmişdir. Həmin Ödəniş cədvəlinə əsasən ödənişin son tarixi 15 avqust 2017-ci il müəyyən olunmuşdur. İş materiallarında olan 08 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh 15 avqust 2014-ci il tarixli 22-A-1-0-1108-14 №-li Kredit müqaviləsi üzrə 13912,15 ABŞ dolları əsas borc, kredit müqaviləsinin bitmə tarixinə 7917,43 ABŞ dolları faiz borcu və 14679,34 ABŞ dolları cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə də, təsvir olunanlardan görünür ki, borcalan Cavabdeh 15 avqust 2014-ci il tarixli Kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və iddiaçı “xxxx” ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdehdən 13912,15 ABŞ dolları əsas borc, 7917,43 ABŞ dolları faiz borcun tutulması barədə iddia tələbi əsaslıdır və iddia həmin hissədə təmin olunmalıdır. Cərimə borcunun və gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun tutulmasına dair iddia tələbləri ilə bağlı məhkəmə aşagıdakı nəticəyə gəlir. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, iddiaçı həmin tələbləri irəli sürmüş olsa da, həmin hissədə iddia tələbini ümumiyyətlə əsaslandırmamış və iddia ərizəsində yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1 və 445.7 və 465.2-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 445.5.-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Həmin Məcəllənin 445.7.-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarını sistemli təhlil edərək bunu qeyd etməyi zəruri hesab edir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditora o halda gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur ki, sonuncu (kreditor), kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməsin. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında da əks olunaraq vurğulanmışdır ki, “...öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur. Başqa sözlə, borclu öhdəliyin pozulmasına görə məsuliyyət daşımadıqda, kreditor dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malik deyil. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir. Dəbbə pulunun növləri ilə bağlı MM-in 466.2-ci maddəsində müəyyən edilmişdir ki, qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər (MM-in 466.2.1-466.2.3-cü maddələri). Azərbaycan Respublikasının mülki qanunvericiliyində dəbbə pulunun məbləğini müəyyən edən müddəalar nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Bu o deməkdir ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin məbləğindən asılı olmayaraq ödənilməlidir. Dəbbə pulunun hesablanması qaydası müqavilədə müxtəlif müəyyən oluna bilər: müqavilədə göstərilən məbləğdən və ya onun icra edilməyən hissəsindən müəyyən faiz miqdarında; öhdəlik üzrə icra edilməyən və ya lazımınca icra edilməyən məbləğdən dəfələrlə artıq miqdarda; sabit pul məbləğində”. Həmin Qərarın izahı isə ondan ibarət olmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İddia ərizəsinə əlavə olunmuş tərəflər arasında bağlanmış 15 avqust 2014-ci il tarixli Kredit müqaviləsi saylı kredit müqaviləsinin 1.1.14-cü bəndinə əsasən Borc alan bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 54 faizi miqdarında cərimə ödəməlidir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə ilə borclunun öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsi halı üçün məsuliyyət nəzərdə tutulmuş və iddiaçı tərəfindən bu halın baş verdiyini nəzərə alaraq cavabdehdən cərimə borcuna görə 14679,34 ABŞ dolları tutulması barədə tələb irəli sürülmüşdür. Belə olduğu halda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının məhz digər əsaslardan çıxış edib cərimə borcunu tələb etməsi yuxarıda şərh olunan qanunvericiliyin normaları baxımından öhdəliyin vaxtında icra edilməməsinə əlavə olaraq illik 5 faiz tələbini istisna edir. Bununla məhkəmə vurğulayır ki, əks yanaşma öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi halı cavabdehin iki əsasa görə mülki-hüquqi məsuliyyətə cəlb olunmasına səbəb olur, bi isə yolverilməzdir. Odur ki, əldən çıxmış faydaya görə hesablanan 1677,90 ABŞ dollarının tutulması hissədə iddia əsassız olduğu üçün təmin edilməməlidir. Digər tərəfdən qeyd olunmalıdır ki, cavabdehə qarşı iddia tələbinin irəli sürülməsi kredit müqaviləsinin müddəti bitdikdən xeyli sonra (3 il 06 ay) keçəndən sonra baş vermiş və bu həm cərimə borcunun artırılmasına, həm də əlavə faiz borcunun hesablanmasına səbəb olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddianın "14679.344 ABŞ dolları məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehdən cəmi 200 ABŞ dolları məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Eyni zamanda məhkəmə hesab edirki, cavabdeh məhkəmə prosesində iddiaçı banka olan borcunu tam şəkildə ödədiyini bildirsə də, bununla əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçı “xxxx” ASC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 13912,15 ABŞ dolları məbləğində əsas borc, 7917,43 ABŞ dolları məbləğində faiz borcu, 200 ABŞ dolları məbləğində cərimə, cəmi kredit müqaviləsi üzrə 22029,58 ABŞ dolları ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-1677/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1677/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver