Məhkəmə qərarları › İş №2(010)-168/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-168/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-168/2021 07.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra LPO İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada LPO İddiaçı ASC-nin xeyrinə 5411.65 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 5953.58 ABŞ dolları faiz, 8111.61 ABŞ dolları cərimə, 12.06.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla, 814.50 ABŞ dolları borc, ümumilikdə 20291.34 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 08.05.2014-cü il tarixli, 68995046 ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 29%-lə, 37 ay müddətinə, 8000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 08.05.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 22.04.2015-ci il tarixli əlavə sazişə əsasən, kreditin qalıq məbləği 5561.02 ABŞ dolları təşkil etmiş və müddəti 22.06.2017-ci il tarixədək uzadılmışdır. Hal-hazırda borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. 12.06.2020-ci il tarixinədək Cavabdeh1 LPO İddiaçı ASC-yə 5411.65 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 5953.58 ABŞ dolları faiz, 8111.61 ABŞ dolları cərimə, 12.06.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla, 814.50 ABŞ dolları borc, ümumilikdə 20291.34 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə etdi ki, 2018-ci ildə Banka ləğvedici təyin edilmiş, Bankda təhvil-təslim işləri getmiş, işçilər dəyişmişdir. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə vaxtında müraciət edilməmişdir. Belə ki, sənədlər axtarılıb tapıldıqca məhkəməyə müraciət edilir. Həmçinin, borclunun müqavilə üzrə bəzi ödənişləri olduğundan iddia müddəti tətbiq edilməməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək iddiaçının iddia müddətini keçirdiyini bildirmiş, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 200/14-AYİB saylı, 08.05.2014-cü il tarixli kredit müqaviləsinə 22.04.2015-ci il tarixli Əlavə sazişdən görünür ki, müqaviləyə əsasən Kreditorun Borcalana verdiyi kreditin qalıq məbləği 5561.02 ABŞ dolları təşkil edir. Müqaviləyə əsasən kreditin müddəti 22.06.2017-ci il tarixədək təyin olunur. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış ZM-1-200/14- AYİB saylı, 22.04.2015-ci il tarixli kredit müqaviləsinə 22.04.2015-ci il tarixli Əlavə sazişdən görünür ki, müqaviləyə əsasən Kreditorun Borcalana verdiyi kreditin qalıq məbləği 5561.02 ABŞ dolları təşkil edir. Müqaviləyə əsasən kreditin müddəti 22.06.2017-ci il tarixədək təyin olunur. 19.06.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 12.06.2020-ci il tarixinə 5411.65 ABŞ dolları əsas, 8111.61 ABŞ dolları cərimə, 814.50 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, ümumilikdə 20291.34 ABŞ dolları borcu vardır. 08.06.2020-ci il tarixli bildirişlərin surətlərindən görünür ki, Bank tərəfindən Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə mövcud borcun məbləği barədə məlumat verilmiş, borcun ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21.04.2021-ci il tarixli, 9/560 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı təqdim edilmiş, bank tərəfindən tərtib edilmiş hesabdan çıxarış məlumatlarına əsasən 08 may 2014-cü il tarixli, 200/14-AYİB saylı kredit müqaviləsi və 22.04.2015-ci il tarixli, 01/15-ƏS nömrəli Əlavə Saziş üzrə Cavabdeh1 banka olan borcu 22.06.2017-ci il tarixə (müqavilə müddəti bitən tarixə) əsas borc üzrə 5561.02 ABŞ dolları, faiz borcu üzrə 3389.12 ABŞ dolları olmaqla, cəmi 8950.14 ABŞ dolları, 12.06.2020-ci il tarixə (maliyyə arayışının tarixinə) gecikdirilmiş vaxt üçün illik 5% hesablamaqla 9374.05 ABŞ dolları, əsas borc üzrə 5561.02 ABŞ dolları, faiz borcu üzrə 3813.03 ABŞ dolları təşkil edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı Bank iddia ərizəsində göstərir ki, Cavabdeh1 ilə Bank arasında 08.05.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış, Bank tərəfindən Cavabdeh1 29%-lə 37 ay müddətinə 8000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini məqsədilə Cavabdeh2 ilə eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bundan sonra, 22.04.2015-ci il tarixdə tərəflər arasında əlavə saziş imzalanmış, bu sazişə əsasən, kreditin qalıq məbləği 5561.02 ABŞ dolları təşkil etmiş, müqavilənin müddəti 22.06.2017-ci il tarixədək uzadılmışdır. Eləcə də Bankla zamin Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsi də eyni müddətə uzadılmışdır. Kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 və onun bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasına zamin olan Cavabdeh2 kredit və zaminlik müqavilələrinin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, bu səbəbdən iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hər iki cavabdehdən borcun müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər isə iddianı qəbul etməmiş, iddiaçının iddia müddətini keçirdiyini bildirmiş, bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı Bank cavabdehlərlə aralarında bağlanmış 08.05.2014-cü il tarixli kredit və zaminlik müqavilələrinə istinad etsə də iddia ərizəsinə həmin müqavilələr əlavə edilməmiş, bu sənədlər sonradan da məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı Bank tərəfindən məhkəməyə təqdim edilməyən bu müqavilələrin icrasına görə cavabdehlərin öhdəlik daşıması istisna edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Lakin məhkəmə nəzərə alır ki, 22.04.2015-ci il tarixli Əlavə sazişlərlə 08.05.2014-cü il tarixli kredit və zaminlik müqavilələrinin müddəti uzadılmış, yəni bu sazişlərlə tərəflər 08.05.2014-cü il tarixli müqavilələrin mövcudluğunu faktiki olaraq tanımışdır. Bu səbəbdən məhkəmə bu müqavilələr üzrə yaranmış öhdəliklərə münasibət bildirməyi zəruri hesab edir. İşdən görünür ki, cavabdehlər mübahisəyə iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı) Məhkəmə iddiaçının müvafiq subyektiv hüququnun olub-olmaması ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği borcluya vermişdir. Borclu isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh1 qarşı məhkəmədə aralarında bağlanmış kredit müqaviləsi üzrə pul tələbinə dair iddia qaldırmağa müvafiq subyektiv hüququ olmuşdur. Məhkəmə iddiaçının subyektiv hüququ ilə bağlı məsələni aydınlaşdırdıqdan sonra qeyd edir ki, Cavabdeh1 tərəfindən verilmiş iddia müddətinin tətbiqi ilə əlaqədar ərizə əsaslı olduğundan iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.1-373.3-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.4-ci maddəsi). İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Mülki Məcəllənin 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. Kredit müqaviləsinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilməməlidir. Bu hüquqi vəziyyət həm Mülki Məcəllənin 377.2 və 377.3-cü maddələrində, həm də bütövlükdə Mülki Məcəllənin ayrı-ayrı müqavilə növləri ilə bağlı iddia müddətlərinə dair müddəalarında açıq şəkildə öz əksini tapmışdır. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (Mülki Məcəllənin 368 və 377.2-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarı) Hazırkı iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddətini uzadan əlavə sazişdən görünür ki, müqavilə 22.06.2017-ci il tarixədək uzadılmışdır. Yəni, bu müqavilə üzrə öhdəliklərin icra olunması üçün son gün həmin gündür. İddia ərizəsindən də görünür ki, kredit müqaviləsinin müddətinin 22.06.2017-ci il tarixdə bitmiş olması qeyd edilmişdir. Yəni, həmin müqavilə üzrə öhdəliklərin icra müddəti 22.06.2017-ci il tarixdə bitmiş, iddia müddətinin axımı da məhz bu tarixdən başlamış, 22.06.2020-ci il tarixdə isə bitmişdir. Buna baxmayaraq, Bank 10.07.2020-ci il tarixdə (iddia ərizəsi üzərində 01.07.2020-ci il qeyd edilmiş, iş 10.07.2020-ci il tarixdə Məhkəməyə daxil olmuşdur) hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən nəzərə alınmalıdır ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mülki mübahisə kredit müqaviləsindən irəli gələn öhdəliklə bağlı yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəyə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarında konkret olaraq qeyd edilmişdir ki, “kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir”. Göründüyü kimi iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmiş, iddia müddətinin üzrlü səbəbdən ötürülməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə bu cür nəticəyə gələrkən hazırkı iş üzrə iddia müddətinin axımının hansısa müddətə dayanmadığını, yaxud heç bir halda kəsilmədiyini də nəzərə almışdır. Belə ki, iş materiallarında olan ekspert rəyindən də görünür ki, müvafiq kredit müqaviləsi üzrə borclu tərəfindən cəmi 508.35 ABŞ dolları (403.30 ABŞ dolları Fərmana əsasən kompensasiya ödənişi olmaqla) məbləğində ödəniş edilmişdir ki, həmin vəsait də bütövlükdə faiz borcuna silinmişdir. Beləliklə, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə cəmi iki dəfə 12.06.2015 və 19.06.2015-ci il tarixlərində ödəniş edilmiş, bundan sonra hazırkı tarixədək cavabdeh müqavilə üzrə heç bir ödəniş (kompensasiya məbləği çıxılmaqla) etməmişdir. Yəni, cavabdehin axırıncı ödəniş etdiyi tarixdə kredit müqaviləsi qüvvədə idi və hələ iddia müddətinin axımı da başlamamışdı. Odur ki, borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər etməsi tam istisna edilir. Çünki, bu cür hərəkətlər iddia müddəti daxilində edildikdə iddia müddətinin axımının kəsilməsi üçün əhəmiyyət daşıyır. Məhkəmə hesab edir ki, Bank tərəfindən iddia müddətinin ötürülməsi ləğv prosesi, yaxud işçi dəyişikliyi ilə də izah edilə bilməz. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə axırıncı ödənişini 19.06.2015-ci il tarixdə etmiş, bundan sonra heç bir ödəniş etməmişdir. Yəni, iddiaçı Bank hələ iddia müddətinin axımının başlanmasından iki il əvvəldən bilmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmir. Buna baxmayaraq, iddiaçı Bank nə müqavilənin müddətinin bitdiyi tarixədək iki il ərzində Məhkəməyə müraciət etmiş, nə də üç illik iddia müddətini nəzərə ala bilmişdir. Odur ki, ləğvetmə prosesi bu qədər uzun müddət ötürülməsinin üzrlü səbəbi hesab edilə bilməz. Həmçinin, Bankın iddia ərizəsi ilə vaxtında məhkəməyə müraciət etməməsi koronavirus (COVİD-19) infeksiyası ilə bağlı ölkə ərazisində tətbiq edilən məhdudiyyətlərlə izah edilə bilməz. Belə ki, “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında bütün məhkəmələrdə vətəndaşların qəbulunun dayandırılması, qəbulun yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilməsi; Fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrini, o cümlədən apellyasiya və kassasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərmələri tövsiyə edilmişdir. Yəni, COVİD-19 infeksiyası ilə bağlı ölkə ərazisində tətbiq edilən məhdudiyyət məhkəməyə vaxtında iddia ərizəsi ilə müraciət etmək hüququ məhdudlaşdırmamışdır. Odur ki, iddiaçı Bank iddia müddətini üzrsüz səbəblərdən buraxmış hesab edilməlidir. Digər cavabdeh-zamin Cavabdeh2 münasibətdə isə məhkəmə qeyd edir ki, bu hissədə ümumiyyətlə iddia müddəti tətbiq etməyə ehtiyac yoxdur. Belə ki, iş materiallarından görünür ki, zamin Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinin təminat verdiyi kredit müqaviləsinin müddəti 22.06.2017-ci il tarixdə bitmişdir. Buna baxmayaraq, Bank 10.07.2020-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, beləliklə, Bank tərəfindən zaminə qarşı iddia irəli sürülməsi üçün qanunla müəyyən edilmiş bir illik müddət keçmiş, beləliklə zaminliyə xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi iddiaçı tərəfindən zaminə qarşı tələb irəli sürmək müddəti artıq keçmişdir. Odur ki, iddia Cavabdeh2 zaminliyə xitam verildiyindən ona münasibətdə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı kredit münasibətlərindən yaranan mübahisə üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddia təmin edilməməlidir. Eyni zamanda, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Bundan başqa, iş üzrə ekspertiza xərci olan 150 manat məbləğində pul da iddiaçı Bankdan tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi üçün çəkilmiş xərc olan 150 (yüz əlli) manat məbləğində pul Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar