Məhkəmə qərarları › İş №2(010)-168/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-168/2022

23.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-168/2022 23.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit borcunun qaytarılması tələbinə dair” ilkin və Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əsas, faiz və cərimə məbləğlərinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 10677,69 ABŞ dolları borc, bundan 1591,22 ABŞ dolları əsas, 4474,18 ABŞ dolları faiz, 4399,99 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 212,30 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin tutularaq Ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun, faizlərin və cərimə məbləğlərinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ona hesablanmış cəmi 10677,69 ABŞ dolları borc, 1591,22 ABŞ dolları əsas, 4474,18 ABŞ dolları faiz, 4399,99 ABŞ dolları cərimənin, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 212,30 ABŞ dolları faiz borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Əmanətlərin Sığortalanması Fondunun ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, ləğv prosesində olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə 6370 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh kredit verilərkən Zamin ilə xx.xx.2015-ci il tarixli, ZM-280011382 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən kredit Restrukturizasiya edilmişdir. Borcalanın kreditor qarşısında kredit öhdəliyinin qalığı 6180.45 ABŞ dolları hesablanmışdır. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2018-ci il tarixinə kimi uzadılmışdır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etmə, habelə krediti və kreditə hesablanmış faizlərin kreditora ödənilməsi barədə öhdəlik götürsə də o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 10677.69 ABŞ dolları təşkil edir. Bundan 1591.22 ABŞ dolları əsas, 4474.18 ABŞ dolları faiz, 4399.99 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 212.30 ABŞ dolları faiz borcu təşkil edir. Qeyd olunanlara əsasən ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, xx.xx.2013-cü ildə X4 filialından ******* saylı kredit müqaviləsi üzrə 3000 manat istehlak krediti götürmüş və 2014-cü ilin noyabr ayında banka müraciət etmişdir ki, ona 10 000 manat biznes krediti versinlər. Bankın nümayəndələri gəlib onun açacağı sexə baxmışlar və ona bu barədə məlumat verəcəklərini bildirmişlər. O, öz hesabına sexi açmış, işləməyə başlamış, lakin onun banka müraciətindən tam üç ay sonra onu dəvət edərək, ona cəmi 2900 manat veriləcəyini, həm də 2013-cü ildə götürdüyü 3000 manat pulun qalığının 1500 manatını dollara çevirərək, cəmi 6370 ABŞ dolları veriləcəyini bildirmişlər. O, buna etirazını bildirsə də, məcbur olaraq müqaviləni bağlamış, işçilərə və götürdüyü yerin icarəsinə və s. nəzərdə tutulan borclarını ödəmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddia ərizəsindən göründüyü kimi iddia tələbi "xxxx" ASC ilə onun arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsaslanmışdır. Həmin kredit müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdə 6370 ABŞ dolları məbləğində kredit ona verilmişdir. İddia ərizəsinin özündən göründüyü kimi iddiaçı hal-hazırda 1591.22 ABŞ dolları əsas borcu tələb edir, yəni onun tərəfindən borcun 4778.78 ABŞ dolları hissəsi ödənilmiş və həmin ödəniş “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul edilənə qədər baş vermişdir. Lakin iddiaçı tərəfindən Azərbaycan Respublikası Prezidentinin Fərmanının tələbləri icra edilməmiş, onun qeyd edilən borcu Fərmanın təsir dairəsinə düşsə də, iddia ərizəsindən göründüyü kimi hesablanmış faizlər silinməmiş, kredit borcu isə restrukturizasiya edilməmişdir. Əksinə ona əsas borc kimi göstərilmiş məbləğdən 3 dəfə artıq faiz, 3 dəfə də artıq cərimə (dəbbə) hesablanmışdır. 6370 ABŞ dolları məbləğindən iddiaçının göstərdiyi kimi 4778.78 ABŞ dolları ödədiyi halda onun iddiaçıya borcu qalmır, belə ki, o, borcunu ABŞ dolları 1.7 manatdan artıq olduqda ödəmiş, yəni 4779 manat artıq ödəmişdir ki, bu da hazırda tələb edilən əsas borcdan çoxdur. Beləliklə onun tərəfindən borc tam olaraq ödənilmişdir. Qeyd olunanlara əsasən ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır. Cavabdehlər Cavabdeh və Zamin iddia müddətinin tətbiq edilməsi haqqında ərizələr təqdim edərək bildirmişlər ki, iddiaçının tələbinin əsasını təşkil edən müqavilə münasibətləri 2015-ci ilin fevral ayında bağlanmış müqavilə əsasında və həmin müqaviləyə 30 aprel 2015-ci il tarixli əlavə əsasında yaranmışdır. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2018-ci il tarixinə kimi uzadılmışdır. Belə olan halda iddiaçı tərəfindən 3 illik müddəti buraxılmışdır, çünki iddia ilə müraciət etmək üçün müddətin ən son tarixi 30 iyun 2021-ci il olmuşdur. İddiaçı isə iddia ərizəsi ilə məhkəməyə 30 iyun 2021-ci ildən sonra 10 avqust 2021-ci ildə müraciət etmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi iddia müddəti tətbiq edilməklə rədd edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ilkin iddia qismən təmin, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, ləğv prosesində olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə 1591.22 ABŞ dolları əsas borc, 4474.18 ABŞ dolları faiz borcu, 4399.99 ABŞ dolları cərimə, illik 5 % 212.30 ABŞ dolları borcu olmaqla ümumilikdə cəmi 10677.69 ABŞ dolları borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-nin Xətai filialı Cavabdeh illik 33 faizlə 24 ay müddətinə 6370 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli 280011382/ZM saylı zaminlik müqaviləsinə əsasən Zamin "xxxx" ASC-nin Xətai filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən öhdəliklərin tamamilə icra edilməsinə dair məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli 03/15-ƏS nömrəli kredit müqaviləsinə əlavə sazişə əsasən kreditin qalıq məbləği 6180.45 ABŞ dolları müəyyən olunmuş və kreditin müddəti xx.xx.2018-ci il tarixə uzadılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli 03/15-ƏS nömrəli zaminlik müqaviləsinə əlavə sazişə əsasən kreditin qalıq məbləği 6180.45 ABŞ dolları müəyyən olunmuş və kreditin müddəti xx.xx.2018-ci il tarixə uzadılmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, ləğv prosesində olan "xxxx" ASC Cavabdeh yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2022-ci il tarixli 9/358 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli, ********* №-li kredit müqaviləsi və əlavə sazişin şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2018-ci il tarixədək (müqavilənin bitmə tarixi) banka olan borcu 7779.94 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2018-ci il tarixə əsas borc üzrə 4123.63 USD, faiz borcu üzrə 3656.31 USD. İllik 5 %-lə İş materiallarından göründüyü kimi, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli, ********* №-li kredit müqaviləsi və əlavə sazişin şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2021-ci il tarixədək (maliyyə arayışının tarixi) olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla banka olan borcu 5561.86 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən, xx.xx.2021-ci il tarixə əsas borc üzrə 1592.88 USD, faiz borcu üzrə 3656.31 USD, faiz borcu üzrə (5 %-lə) 312.67 USD. Qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli ********* №-li kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh cərimə borcu hesablanmadı. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2022-ci il tarixli 4/988 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, "xxxx" ASC ilə Cavabdeh adından olan Kredit Müqaviləsinə və Zaminlik Müqaviləsinə (280011382 saylı, xx.xx.2015-ci il tarixli) Əlavə Sazişlərin (xx.xx.2015-ci il tarixli, 03/15 ƏS nömrəli) və **********2 saylı xx.xx.2015-ci il tarixli kredit hesabı üzrə qrafikinin (xx.xx.2015-ci il tarixli) kserosurətlərində “Borcalan: Cavabdeh” qrafalarında əks olunmuş imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur. İş materiallarına əlavə edilmiş Problemli Kreditlərin Kompensasiyasına dair verilmiş məlumatdan müəyyən olunr ki, Cavabdeh "xxxx" ASC-yə xx.xx.2019-cu il tarixə əsas kredit borcu 7007.35 manat, borcun azalmasına yönəldilən məbləğ 4302.28 manat və qalıq borc 2705.07 manat təşkil etmiş və restrukturizasiya olunması təklif olunan məbləğ 2705.07 manat olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidrilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədiksə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Konstitutsiya Məhkəməsi qeyd edir ki, kredit təşkilatları və müştərilər arasında kredit münasibətlərinin qanunvericilik əsasları “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra–“Banklar haqqında” Qanun) müəyyən edilmişdir. Bu Qanunun 1-ci maddəsinə əsasən bank krediti – bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansıöhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızların diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir. Həmin Qanunun 36.6-cı maddəsinə əsasən isə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatıəqdlə nəzərdə tutulmuş həcmdə vəşərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh arasında bağlanan xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə 6370 ABŞ dolları məbləğində kredit pul vəsaiti verilmişdir. Həmçinin Zamin borcalan Cavabdeh bank qarşısında öhdəliyini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli ********* №-li kredit və zaminlik müqavilələri xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Həmin xx.xx.2015-ci il tarixli əlavə saziş ləğv prosesində olan "xxxx" ASC borcalan Cavabdeh və Zamin arasında imzalanmışdır. İş üzrə iddiaçı Ləğv prosesində olan "xxxx" ASC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin borcalan bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Hazırda məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından bəlli olur ki, Cavabdeh xx.xx.2021-ci il tarixinə 1591.22 ABŞ dolları əsas borc, 4474.18 ABŞ dolları faiz borcu, 4399.99 ABŞ dolları cərimə, illik 5 % 212.30 ABŞ dolları borcu olmaqla ümumilikdə cəmi 10677.69 ABŞ dolları məbləğində təşkil edir. İddiaçı bank hazırki iddia tələbi barədə iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmiş və iddiaçı iddia tələbini Cavabdeh ilə bərabər Zamin qarşı irəli sürmüşdür. Bundan əlavə hazırki, iş üzrə cavabdeh kimi göstərilmiş Zamin tərəfindən xx.xx.2015-ci il tarixli ********* /ZM №-li zaminlik müqaviləsinə əlavə saziş imzalanmış və öhdəliyin müddəti xx.xx.2018-ci il tarixə kimi müəyyənləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair 4 sentyabr 2012-ci il qərarında qeyd olunur ki, gələcəkdə yaranacaq öhdəliyin icrası üzrə bağlanmış zaminlik müqaviləsi ilkin müqavilədən aşağıdakı xüsusiyyətlərinə görə fərqləndirilməlidir: ilkin müqavilədə əsas müqavilənin predmetini, digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Əsas müqavilənin bağlanması tarixi ilkin müqavilə ilə müəyyən edilir. Belə tarix ilkin müqavilədə göstərilmədiyi təqdirdə, müqavilə ilkin müqavilənin bağlandığı gündən bir il müddətində bağlanmalıdır; zaminlik müqaviləsi isə müvafiq şərtlərlə müəyyən edilmiş formada əsas öhdəliyə dair razılığın əldə edildiyi andan qüvvəyə minir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirildikdə zaminliyə müqavilənin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir; ilkin müqavilənin tərəflərindən hər biri öhdəliklərin yerinə yetirilməməsi nəticəsində əmələ gələn ziyanın ödənilməsi şərti ilə əsas müqavilənin imzalanmasından imtina edə bilər. Zaminlik müqaviləsinin tərəfləri əsas müqavilə ilə nəzərdə tutulan hərəkətləri etməkdən boyun qaçıra bilərlər və belə halda mənfi deyil, müsbət maraqları odəyirlər, öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar. Qeyd olunduğu kimi, borclu öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi hallarda borclu və zamin kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə ki, MM-in 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Subsidiar məsuliyyət nəzərdə tutulduqda kreditor tələbi ilkin olaraq əsas borcluya qarşı sürməlidir. Əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər (MM-in 453-cü maddəsi). Borclunun öhdəliyi bir neçə zamin tərəfindən də təmin edilə bilər: bir neçə şəxs tərəfindən müxtəlif zaminlik müqavilələri əsasında verilən zaminlik; bir müqavilə əsasında zamin qismində bir neçə şəxs tərəfindən verilən zaminlik (zaminlik bir neçə şəxs tərəfindən birgə verilir) ; Birinci halda kreditor müvafiq tələbi istənilən zaminə qarşı irəli sürə bilər. Belə olan halda zaminlər arasında hər hansı hüquqi münasibətlər yaranmır. İkinci halda, yuxarıda qeyd edildiyi kimi, əgər zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zaminlər kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, bir zaminlik müqaviləsi çərçivəsində zamin və ya birgə zaminlər tərəfindən yalnız mövcud konkret öhdəliyin və ya gələcəkdə yaranması ehtimal olunan konkret öhdəliyin təmin edilməsi mümkündür. Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki: - MM-in 470 və 471-ci maddələrinə əsasən zaminlik müqaviləsinin bağlanması üçün borclunun razılığı tələb olunmur. Bununla belə, borclu zaminlik müqaviləsinin olması barədə məlumatlandırılmalıdır. - MM-in 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Bu maddənin mənasına görə, “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılımış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir. - Gələcəkdə yaranacaq əsas öhdəliyi təmin edən zaminlik müqaviləsi üzrə öhdəlik həmin müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir. Bu halda kreditor zaminə qarşı olan tələblərini yalnız MM-in 472.1-ci maddəsinə müvafiq olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Həmin Məcəllənin 477.0.4-ci maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, kreditin qaytarılma müddəti xx.xx.2018-ci il tarixə kimi müəyyən olunduğundan və Zamin ilə zaminlik müqaviləsi xx.xx.2018-ci il tarixə kimi bağlandığından, bankla Zamin arasında imzalanmış xx.xx.2015-ci il tarixli 280011382/ZM №-li zaminlik müqaviləsinə və ona əlavə olunmuş sazişlə bağlı zaminliyə xitam verilməlidir. İddiaçı bankın Zamin xx.xx.2015-ci il tarixli əlavə saziş üzrə borcun tutulması ilə bağlı iddia tələbi əsassızdır. İddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh kredit müqaviləsi öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən tələb olunan məbləğ yalnız cavabdehborcalan Cavabdeh tutulmalı, iddia tələbi əsas borca aid hissədə təmin olunmalı və cavabdehdən 1591.22 ABŞ dolları məbləğində əsas borc tutulmalıdır. Məhkəmə iddia tələbinin faiz borcu, cərimə borcu və illik 5 % ödənilməli hissəsində hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, bank öhdəliyin sonuncu icra müddətini xx.xx.2018-ci il tarixə kimi müəyyən etsə də, məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Lakin kreditor uzun müddət gözləyərək artıq borcun hesablanmasına nail olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının kredit borcuna görə cavabdehdən qalıq borcla yanaşı cərimə və faiz borcunu tələb etməsi əsassızdır. Çünki, Mərkəzi Bankın məlumatından da görünür ki, qeyd olunan kredit müqaviləsi 28 fevral 2019-cu il tarixli Fərmanın təsir dairəsinə düşmüş və cavabdehin borcu 7007.35 manat müəyyən olunmuş, 4302.28 manat borcun azalmasına yönəldilən məbləğ hesab olunmuş və qalıq borc 2705.07 manat olmuşdur. Lakin iddiaçı bank həm əsas borcu, həm də cərimə və faiz məbləğlərini cavabdehdən tələb edir ki, bu da Fərmanın və onun çərçivəsində qəbul edilən "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə görə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının (Qayda) tələblərinə ziddir. Çünki kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən çox olduğuna görə faiz və cərimə borcu tələb oluna bilməz. Beləliklə məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli və 1591.22 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh tutiularaq bankın hesabına ödənilməlidir. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yuxarıda qeyd olunanlarla əlaqədar, məhkəmə hesab edir ki, hazırkı qarşılıqlı iddia tələbi üzrə sübutetmə yükü, yəni, “borcun, faizlərin və cərimə məbləğlərinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə sübutların təqdim edilməsi mülki prosessual qanunvericiliyə əsasən bilavasitə qarşılıqlı iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbinin təmin olunması ilə bağlı sübutlar təqdim olunmadığından qarşılıqlı iddia tələbi rədd olunmalıdır. Ekspertiza xərci - 100 manat və 126 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 260-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İlkin iddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 1591.22 (Bir min beş yüz doxsan bir ABŞ dolları, iyirmi iki sent) ABŞ dolları əsas borc (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2015-ci il tarixli 280011382/ZM saylı zaminlik və xx.xx.2015-ci il tarixli 03/15- ƏŞ saylı zaminlik müqaviləsinə əlavə saziş üzrə Zamin münasibətdə zaminliyə xitam verilsin. İlkin iddia qalan hissədə təmin olunmasın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əsas, faiz və cərimə məbləğlərinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin olunmasın. Ekspertiza xərci - 100 (yüz) və 126 (yüz iyirmi altı) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar