Məhkəmə qərarları › İş №2(010)-1690/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1690/2025

26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1690/2025 26.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. 1.İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2600 manat məbləğində pulun və məhkəmə üçün ödənilən 47 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin əvvəlində, cavabdeh olan Cavabdeh inşa etdiyi obyektlərdə görülən tikinti quraşdırma işlərinin müvafiq dövrün bazar qiymətləri ilə qiymətləndirməsi hesabatının yerinə yetirilməsini ondan xahiş etmiş və həmin hesabatın verilməsi müqabilində 2600 manat məbləğində pulun ona verilməsini bildirmişdir. O, cavabdehin təklifini qəbul edərək şərtləri ilə razılaşıb, onunla birlikdə işlətdiyi inşa etdiyi obyektlərə gedərək, orada baxış keçirmiş, aparılan lahiyə dəyişikliklərinin nəzərə alınmaqla 1 ay ərzində hesabatı hazırlayaraq cavabdehə təqdim etmişdir. Lakin, buna baxmayaraq cavabdeh aralarında olan razılaşmaya əsasən 2600 manat məbləğində pulu ona ödəməmişdir. Cavabdehdən borclu olduğu pulun ödənilməsini dəfələrlə xahiş etməyinə baxmayaraq müraciətinin heç bir nəticəsi olmamışdır. Cavabdeh ilk vaxtlar telefon zənglərinə cavab verərərək tezliklə borclu olduğu pulun ödənilməsinə vəd versə də, sonradan onun telefon zənglərinə cavab verməmiş və borclu olan pulu ona ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur.

Tərəflərin izahatları.

3. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir.

4. Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, o, şirkətdə çalışdığı zaman smetanın hazırlanması ilə bağlı olaraq bir neçə dəfə iddiaçıya müraciət etmiş və iddiaçı bununla bağlı olaraq hesabat hazırlayaraq təqdim etmişdir. Lakin hal-hazırda işdən çıxmış və lahiyə yarımçıq qalmışdır. Hazırda iddianı tam qəbul edərək, 2600 manat məbləğində pulun və 46 manat dövlət rüsumunun ondan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və bu barədə ərizə təqdim etmişdir.

İş materialları.

5. “Whatsapp” yazışmalarının ksero-surətlərindən müəyyən olunur ki, İddiaçı obyektlərin tikinti quraşdırma işlərinə müvafiq dövrün bazar qiymətləri ilə qiymətləndirilməsinə dair hesabatın aparılması və hesabatın dəyərinin 2600 manat təşkil etməsi və həmin məbləğdə pulun Cavabdeh tərəfindən ödənilməsini tələb etmiş, Cavabdeh isə ödəyəcəyini bildirmişdir.

İşin faktiki halları.

6. Tərəflər obyektlərin tikinti quraşdırma işlərinə müvafiq dövrün bazar qiymətləri ilə qiymətləndirilməsinə dair hesabatın aparılması və həmin hesabatın aparılması dəyərinin 2600 manat təşkil etməsi barədə razılığa gəlmişlər. İddiaçı hesabatı hazırlayaraq cavabdehə təqdim etmiş, lakin buna baxmayaraq Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən 2600 manat məbləğində pulu İddiaçı ödəməmişdir.

Tətbiq edilən hüquq.

7. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 755. İşi şəxsən yerinə yetirmək vəzifəsi Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Maddə 759. Podrat müqaviləsinin ləğvi 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli qərarı.

Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

10. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi.

11. İşin faktiki hallarından görünür ki, tərəflər obyektlərin tikinti quraşdırma işlərinə müvafiq dövrün bazar qiymətləri ilə qiymətləndirilməsinə dair hesabatın aparılması və həmin hesabatın aparılması dəyərinin 2600 manat təşkil etməsi barədə razılığa gəlmişlər. İddiaçı hesabatı hazırlayaraq cavabdehə təqdim etmiş, lakin buna baxmayaraq Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən 2600 manat məbləğində pulu İddiaçı ödəməmişdir.

12. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranan münasibətlər xarakterinə görə podrat müqaviləsindən irəli gələn münasibətlərə uyğun gəlir. Podrat müqaviləsinin predmetini podratçı tərəfindən müqavilədə nəzərdə tutulan işin icra olunması təşkil edir. Həmin müqavilənin bağlanması forması həm şifahi, həm də yazılı şəkildə ola bilər. Hazırki mübahisə üzrə tərəflər arasındakı podrat müqaviləsi şifahi formada icra edilmişdir. Belə ki, iddiaçı tərəf obyektlərin tikinti quraşdırma işlərinə müvafiq dövrün bazar qiymətləri ilə qiymətləndirilməsinə dair hesabatın aparılması ilə bağlı ona cavabdeh tərəfindən sifariş verildiyini və həmin podrat müqaviləsinin tərəflər arasında şifahi qaydada bağlandığını qeyd etmiş və həmin sifarişi aldıqdan sonra dərhal icrasına başladığını və hesabatın aparılaraq cavabdehə təhvil verildiyini bildirmişdir.

13. Cavabdeh tərəf məhkəmə iclasında iddia tələbini etiraf edərək obyektlərin tikinti quraşdırma işlərinə müvafiq dövrün bazar qiymətləri ilə qiymətləndirilməsinə dair hesabatın aparılması barədə iddiaçıya sifariş verdiyini və onunla şifahi qaydada müqavilə bağladığını bildirmiş və bununla bağlı ərizə təqdim edərək iddia tələbini etiraf etmişdir.

14. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Cavabdeh məhkəmə iclasında iddianı etiraf etməsi barədə ərizə təqdim edərək 2600 manat pul vəsaitinin ondan tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbini qəbul etmişdir.

15. Məhkəmə hesab edir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur və cavabdehin etirafı məhkəmə tərəfindən qəbul olunmalıdır. Belə ki, tərəflər arasında şifahi qaydada podrat müqaviləsi bağlanmış və şifarişi həyata keçirməyi öhdəsinə götürən şəxs sifariş verilən xidməti icra etməyi öhdəsinə götürmüş və həmin xidməti həyata keçirdikdən sonra həyata keçirdiyi xidmətə görə xidmət haqqı tələb etmişdir.

Məhkəmə xərcləri.

16. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 46 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.

17. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi - 46 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

18. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2600 manat pul vəsaiti və 46 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. 19.Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 2600 (iki min altı yüz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh 46 (qırx altı) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar