Məhkəmə qərarları › İş №2(010)-1691/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1691/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1691/2023 11.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehdən iddiaçı ‘'Unibank'' KB ASC-nin xeyrinə 4100.47 manat əsas, 66.06 manat faiz, cəmi 4166.53 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 61.67 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə etiraz ünvanlanmışdır. Həmin etirazda o, pulun bankdan həyat yoldaşı İmamət Əhmədov tərəfindən götürüldüyünü, həyat yoldaşının vəfat etdiyini, onun onkoloji xəstə olması səbəbindən banka olan borcunu ödəyə bilmədiyini qeyd etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 'Unibank'' KB ASC ilə X5 arasında bağlanmış 563nkBKX/14 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 48 ay müddətinə, illik 28% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Bakı şəhəri, 4 saylı Bakı "Asan xidmət“ mərkəzində notariat ofisinin sorğuya xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən X3 vəfat etməsi ilə əlaqədar Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə cavabdehlərin borcalanın hüquqi varisi kimi müəyyən olunması anlamına gəlir. Bakı şəhəri, 4 saylı Bakı "Asan xidmət” mərkəzində notariat ofisinin borcalanın hüquqi varisinin müəyyən edilməsinə dair banka göndərdiyi cavab məktubundan göründüyü kimi iddia qaldırıldığı işlə bağlı cavabdehlər miras qalmış əmlakına vərəsəlik hüququ əsasında sahib olmuşdur. Odur ki, iddianın təmin edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 29 yanvar 2014-cü ildə X5 ilə kredit müqaviləsi bağlanmış, lakin sonradan X5 vəfat etmiş və onun vərəsi aşkarlanmışdır. Vərəsə olan Cavabdeh 4166.53 manat borcun və dövlət rüsumunun tutulmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. "xxxx" KB ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X3 əsas borc üzrə 4100,47 manat, faiz borcu üzrə 66,06 manat olmaqla, cəmi 4166,53 manat məbləğində borc yaranmışdır. "xxxx" KB ASC və X5 arasında bağlanmış 563nkBKX/14 nömrəli 29 yanvar 2014-cü il tarixli “Kredit və Bank Hesabı” müqaviləsindən görünür ki, ona 48 ay müddətinə, illik 28 % dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. 563nkBKX/14 nömrəli Kredit Müqaviləsinə 1 saylı Əlavədən görünür ki, ödəniş cədvəlinə əsasən, borcalan X5 xx.xx.2014-cü il tarixdən başlayaraq hər ayın 29-dan gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq 175 manat ödəniş etməlidir. Bakı şəhəri, 4 saylı Bakı "Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən "xxxx" KB ASC-yə ünvanladığı 2570 nömrəli 05 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X3 adına olan ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilə və **-UG-*** qeydiyyat nişanlı “Mersedes-200” minik markalı nəqliyyat vasitəsinə dair xx.xx.2018-ci il tarixdə 2V-901 və 2V-902 reyestr nömrəli (xx.xx.1965-ci il təvəllüdlü) Cavabdeh adına vərəsəlik şəhadətnamələri verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş, AZ-İ seriyalı, 709021 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 21 dekabr 2014-cü il tarixdə baş beyin qan dövranı çatışmamazlığı səbəbindən Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 1131 nömrə ilə qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 29 yanvar 2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borc barədə məlumat verilmiş, borcun vaxtında ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışından görünür ki, xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh “C50.4 süd vəzinin yuxarı-bayır kvadratının bədxassəli yenitörəməsi pT2N1M0 mərhələ İİB” diaqnozu qoyulmuşdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134. Vərəsələr 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.... Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).... Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.https://e-qanun.az/framework/46944 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1257. Mirası qismən qəbul etməyin yolverilməzliyi 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. 1257.2. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Maddə 1309. Mirasın açılması barədə kreditorlara məlumat vermək vəzifəsi Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir.... Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 742. Borc müqaviləsinə xitam verilməsi və borcun qaytarılması 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı "xxxx" KB ASC və X5 arasında “Kredit və Bank Hesabı” müqaviləsi bağlanmış və ona 48 ay müddətinə, illik 28 % dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. X5 xx.xx.2014-cü il tarixdə vəfat etdiyindən, onun adına olan miras əmlakları vərəsəlik şəhadətnamələri üzrə Cavabdeh adına keçirilmişdir. Qanunun tələbinə görə, X3 malik olduğu əmlak hüquqlarına həmçinin miras passivi olaraq banka olan borcları da daxildir. Həmin hüquqlar qanun üzrə vərəsəsi olan Cavabdeh keçdiyindən, o, (vərəsə) miras qoyanın kreditorlarına olan borcunu mütənasib hissədə ödəməyə borcludur. Həmçinin, cavabdeh öz ərizəsində mərhum həyat yoldaşı İmamət Əhmədov tərəfindən borcun götürüldüyünü etiraf etmişdir. Vərəsə olan Cavabdeh, əgər ölənin borcları ona məlum idisə, mirasın açılması barədə kreditora məlumat verməli idi, lakin, o bu barədə iddiaçıya məlumat verməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq müqavilə üzrə əsas və faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə qənaətinə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2014-cü il tarixli “Kredit və Bank Hesabı” müqaviləsi üzrə 4100,47 manat, faiz borcu üzrə 66,06 manat olmaqla, cəmi 4166,53 manat məbləğində pul alınaraq iddiaçı “Unibank“ KB ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 61,67 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 563nkBKX/14 nömrəli xx.xx.2014-cü il tarixli “Kredit və Bank Hesabı” müqaviləsi üzrə 4100,47 manat, faiz borcu üzrə 66,06 manat olmaqla, cəmi 4166,53 manat məbləğində pul və ödənilmiş 61,67 manat məbləğində dövlət rüsumu tutulаrаq iddiaçı "xxxx" KB Açıq Səhmdаr Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və ya Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar