Məhkəmə qərarları › İş №2(010)-1692/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(010)-1692/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1692/2021 13.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh banka ödədiyi 1200 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, ümumilikdə 1230 manat məbləğində pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ona pul lazım olduğunu bildirərək ondan xahiş etmişdir ki, onun iş yeri olduğu üçün bankdan pulu onun adına götürsün, hər ay özü ödəyəcəkdir. O da cavabdehin sözlərinə inanaraq xahişini rədd etməmiş, onunla banka gedib, 04.08.2014-ci il tarixdə “xxxx” ASC ilə müqavilə bağlayaraq, 2500 manat pulu kreditə götürmüş, həmin pulu elə bankın işərisində Kamrana vermişdir. Kredit müqaviləsi bağlanaraq ona kredit verildikdən bir müddət sonra Bankdan ona zəng edilərək Kamran tərəfindən kreditin ödənilmədiyi bildirilmiş və kreditin ödənilməsi ondan tələb edilmişdir. O, bu barədə dəfələrlə Kamrana desə də cavabdeh krediti ödəmədiyini görüb, qeyd edilən krediti və ona hesablanmış faiz və cərimələri ödəməli olmuşdur. Belə ki, məhkəmənin qətnaməsinə əsasən cavabdehlər Cavabdeh və İddiaçı 1381 manat əsas borc. 413 manat faiz borcu, 30 manat cərimə olmaqla, cəmi 1824 (bir min səkkiz yüz iyirmi dörd) manat və 20 (iyirmi) manat dövlət rüsumu alınıb iddiaçı “xxxx” ASC-yə, həmçinin 10 (on) manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. O, banka ümumilikdə faiz və cərimlərlə birlikdə 1200 manat məbləğində kredit ödəmiş, lakin hissə-hissə hər ay ondan 72 manat tutulmaqla, qalan məbləğ də iddiaçının əmək haqqından tutulur. Bu məbləği isə o, Kamrandan tələb edəndə Kamran ona həmin məbləği ödəməkdən imtina etmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Cavabdeh iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə, iddiaçı tərəfin ərizəsi nəzərə alınmaqla - işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. İş materiallarına əlavə edilmiş: Suraxanı rayon məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli 2(010)-8601/2017 saylı qətnaməsi ilə “xxxx” ASC-nin hazırki mülki iş üzrə iddiaçı və cavabdehə qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilmiş, həmin qətnamə ilə onlardan 1381 manat əsas borc, 413 manat faiz borcu, 30 manat cərimə olmaqla, cəmi 1824 manat və 20 manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC-yə, həmçinin 10 (on) manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları Departamenti Bakı Vaqon Deposunun 31.03.2021-ci il tarixli arayışından görünür ki, Suraxanı rayon məhkəməsinin 2(010)-8601/2017 saylı 22.09.2017-ci il tarixli icra sənədinə əsasən "xxxx” ASC-nin xeyrinə 1844 manat və icra ödənişi üçün 130 manat tutulmalı idi. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28.02.2019-cu il tarixli Fərmanına əsasən tutmalar dayandırılmışdır. Yanvar 2018-ci ildən fevral 2019-cu ilədək "xxxx” ASC-nin xeyrinə 1204,53 manat tutulmuşdur. Tətbiq edilməli hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 475.1 Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 1114.1 Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmənin mövqeyi Suraxanı rayon məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli 2(010)-8601/2017 saylı qətnaməsinə əsasən məhkəmə müəyyən edir ki, Cavabdeh ilə “xxxx” ASC-nin “Qara Qarayev” filialı arasında 04.08.2014-cü il tarixli 29-MK/2284 saylı kredit müqaviləsi bağlanaraq borcalan Cavabdeh 18 ay müddətinə illik 29% ödəmək şərti ilə 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. “xxxx” ASC ilə İddiaçı arasında zaminlik müqaviləsi imzalanmışdır. Həmçinin müəyyən olunur ki, “xxxx” ASC-nin hazırki mülki iş üzrə iddiaçı və cavabdehə qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilmiş, həmin qətnamə ilə onlardan 1381 manat əsas borc, 413 manat faiz borcu, 30 manat cərimə olmaqla, cəmi 1824 manat və 20 manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASCyə, həmçinin 10 (on) manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Sözügedən normadan irəli gələrək məhkəmə hesab edir ki, yuxarıda sözügedən faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Həmçinin İddiaçı iş yeri üzrə təqdim edilmiş arayışdan müəyyən olunur ki, Suraxanı rayon məhkəməsinin 2(010)-8601/2017 saylı 22.09.2017-ci il tarixli icra sənədinə əsasən İddiaçı gəlirlərindən yanvar 2018-ci ildən fevral 2019-cu ilədək "xxxx” ASC-nin xeyrinə 1204,53 manat tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilir ki, qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Məhkəmə yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, kredit alan Cavabdeh kredit verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında yaranmış öhdəliyini icra etmiş zamin İddiaçı kreditorun həmin öhdəlik üzrə hüquqları tələbini ödədiyi həcmdə keçdiyindən, o, kredit alan Cavabdeh kreditora ödədiyi məbləği, yəni 1200 manat məbləğində vəsaiti tələb etməkdə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddiaçının iddiası təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 (otuz) manat məbləğdə pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1200 (bir min iki yüz) manat məbləğində banka ödədiyi pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 1230 (bir min iki yüz otuz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhər Suraxanı rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilərlər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 253-cü maddəsində müəyyən edilmiş qaydada Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar