Məhkəmə qərarları › İş №2(010)-1694/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1694/2023

19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1694/2023 19.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "Unibank” Kommersiya Bankı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə 220,2 manat əsas borcun və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 84 ay müddətinə, illik 30% ödəmək şərtilə 500 manat məbləğində kredit verilmişdir. Bakı şəhəri 10 saylı Notariat Ofisinin sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən X2 vəfat etməsi ilə əlaqədar Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə cavabdehlərin borclarının hüquqi varisi kimi müəyyən olunması anlamına gəlmişdir. Bakı şəhəri, 10 saylı notariat ofisinin borcalanın hüquqi varisinin müəyyən edilməsinə dair banka göndərdiyi cavab məktubundan göründüyü kimi iddia qaldırdıqları işlə bağlı cavabdehlər miras qalmış əmlakına vərəsəlik hüququ əsasında sahib olmuşdur. Qeyd olunan maddələrə əsasən cavabdehlər borcalanın vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludurlar. Belə ki, bankın cavabdehdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsinə əsasən “vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinin Problemli İstehlak kreditləri üzrə məhkəmələrlə iş departamentinin hüquqşünası Aytən Əzimova ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə onun iştirakı olmadan baxaraq tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184-cü maddəsinin tələblərinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X2 əsas borc üzrə 220,2 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli Kredit Xətti və Bank Hesabı müqaviləsindən görünür ki, X3 istehlak məqsədləri üçün 84 ay müddətinə, illik 30% ödəmək şərtilə 500 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarına əlavə edilmiş AZ-İ 910211 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X2 vərəsəsi oğlu- Cavabdeh vərəsəsi hesab olunmuş və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Səhiyyə Nazirliyi bakı şəhər Baş Səhiyyə İdarəsinin 26 saylı Birləşmiş şəhər xəstəxanası tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 109 saylı arayışa əsasən orta əmək haqqının 3 misli qədər müavinət 338.23 manat məbləğində pul vəsaitindən ibarətdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidrilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki Məcəllənin 1309-ci maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 84 ay müddətinə, illik 30% ödəmək şərtilə 500 manat məbləğində kredit verilmişdir. X1 xx.xx.2017-ci il tarixdə vəfat etmiş və onun vərəsəsi Cavabdeh 1/1 hissədə miras əmlakdan pay almışdır. Şəhadətnamə verilən miras əmlak isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 26 saylı Birləşmiş şəhər xəstəxanası tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 109 saylı arayışa əsasən orta əmək haqqının 3 misli qədər müavinət 338.23 manat məbləğində pul vəsaitindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1152-ci maddəsinə görə isə miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir. On bir min manat məbləğində birdəfəlik ödəmə isə hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ölümü ilə əlaqədar onların ailə üzvlərinə verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 7.-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir. Beləliklə məhkəmə hesab edir ki, orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət işçinin vəfatı ilə əlaqədar vəfat edənin vərəsələrinə ödənilməli olduğundan və həmin müavinət miras qoyan şəxsin sağlığında əldə etdiyi əmlak kateqoriyasına daxil olmadığından hazırkı iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar