Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1695/2023 22.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X3 qızının katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları.
1. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Abdullayeva Sevinc Fərman qızı arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 33% ödəmək şərtilə 450 manat məbləğində kredit verilmişdir. Bakı şəhəri, 10 saylı notariat ofisinin sorğuya xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən Abdullayeva Sevinc Fərman qızının vəfat etməsi ilə əlaqədar Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə cavabdehin borcalanın hüquqi varisi kimi müəyyən olunması anlamına gəlir. Bakı şəhəri, 10 saylı notariat ofisinin borcalanın hüquqi varisinin müəyyən edilməsinə dair banka göndərdiyi cavab məktubundan göründüyü kimi iddia qaldırılan işlə bağlı cavabdeh miras qalmış əmlakına vərəsəlik hüququ əsasında sahib olub. Yuxarıda qeyd olunan maddələrə əsasən cavabdeh borcalanın vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludur. Bu bankın cavabdehdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır.
İddiaçının tələbi.
2. Cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 420,75 manat əsas, 8,97 manat faiz, cəmi 429,72 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri.
3. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək ərizəsində qeyd etmişdir ki, "xxxx"KB ASC-nin ona qarşı qaldırdığı iddianı əsassız sayır. Götürülmüş məbləğ “ALBALİ” kart formasında götürülüb. Kredit götürülən vaxt o, hərbi xidmətdə olmuşdur. Anası rəhmətə gedəndən sonra 2017-ci ilin noyabr ayında bankın işçiləri özləri onu banka dəvət edərək bildirmişlər ki, ananızın vəfatı ilə əlaqədar ölüm haqqında şəhadətnaməni təqdim etsin. Ölüm haqqında şəhadətnaməni banka təqdim etmişlər və onlar da həmin məbləği silmişlər. Banka heç bir borclarının olmadığını bildirmişlər. Ona vərəsəlik hüququ anasının dəfn mərasimi üçün dövlət tərəfindən veriləcək 330 manat pulu almaq üçün verilib. Mülki Məcəllənin müxtəlif maddələrinə istinad edirlər. Lakin, Mülki Məcəllənin 373.2-ci maddəsində qeyd edilir ki, müqavilə tələbləri üzrə iddia üç ildir. Mülki Məcəllənin 373.3-ci maddəsində də deyilir ki, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti də üç ildir. Niyə vaxtında bu iddia qaldırılmayıb. O özünü "xxxx" KB ASC qarşısında borclu hesab etmir. Qaldırılmış iddianı əsassız sayır.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun və ona hesablanmış faizin cavabdehdən tutulması barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
Tərəflərin izahatları.
5. İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə nümayəndəsinin iştirakı olmadan baxılaraq tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
İş materialları.
8. xx.xx.2017-ci il tarixli Kredit müqaviləsindən görünür ki, Abdullayeva Sevinc Fərman qızına istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 33% ödəmək şərtilə 450 manat məbləğində kredit limiti ayrılmışdır.
9. AZ-İ 910211 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Abdullayeva Sevinc Fərman qızı xx.xx.2017-ci il tarixdə ölmüşdür.
10. xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Abdullayeva Sevinc Fərman qızının vərəsəsi oğlu - Cavabdeh vərəsəsi hesab olunmuş və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 26 saylı Birləşmiş şəhər xəstəxanası tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 109 saylı arayışa əsasən orta əmək haqqının 3 misli qədər müavinət 338,23 manat məbləğində pul vəsaitindən ibarətdir.
11. "xxxx" KB ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Abdullayeva Sevinc Fərman qızının kredit müqaviləsi üzrə borcverən "xxxx" KB ASC-yə 420,75 manat əsas və 8,97 manat faiz olmaqla, cəmi 429,72 manat məbləğində borcu vardır.
12. xx.xx.2023-cü il tarixli bildirişdən (xəbərdarlıq məktubu) görünür ki, Cavabdeh borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur.
13. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" KB ASC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları.
14. İddiaçı "xxxx" KB ASC ilə Abdullayeva Sevinc Fərman qızı arasında xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin bağlanması, Abdullayeva Sevinc Fərman qızının xx.xx.2017-ci il tarixdə ölməsi və Cavabdeh Abdullayeva Sevinc Fərman qızının vərəsəsi olması işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidrilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1309. Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır
16. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi.
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
Məhkəmənin mövqeyi.
17. Məhkəmə işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir.
18. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti ilə Abdullayeva Sevinc Fərman qızı arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 33% ödəmək şərtilə 450 manat məbləğində kredit verilmişdir. X1 Fərman qızı xx.xx.2017-ci il tarixdə vəfat etmiş və onun vərəsəsi Cavabdeh 1/1 hissədə miras əmlakdan pay almışdır. Şəhadətnamə verilən miras əmlak isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 26 saylı Birləşmiş şəhər xəstəxanası tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 109 saylı arayışa əsasən orta əmək haqqının 3 misli qədər müavinət 338,23 manat məbləğində pul vəsaitindən ibarətdir.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1152-ci maddəsinə görə isə miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun.
20. ..Vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir.
21. ..On bir min manat məbləğində birdəfəlik ödəmə isə hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ölümü ilə əlaqədar onların ailə üzvlərinə verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz.
22. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir.
23. Beləliklə məhkəmə hesab edir ki, orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət işçinin vəfatı ilə əlaqədar vəfat edənin vərəsələrinə ödənilməli olduğundan və həmin müavinət miras qoyan şəxsin sağlığında əldə etdiyi əmlak kateqoriyasına daxil olmadığından hazırkı iddia tələbi əsassızdır.
24. Həmçinin, iddiaçı cavabdehdən borc pulu tələb etmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.
25. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır... İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır.
27. Məhkəmə araşdırması zamanı sübuta yetir ki, iddiaçı tərəfindən Sevinc Abdullayevaya 24 ay müddətinə, illik 33 faiz ödəmək şərti ilə 450 manat məbləğində kredit verilməsinə dair xx.xx.2017-ci il tarixli 805sMDK/17 nömrəli kredit müqaviləsi bağlanmış, kredit məbləğini xx.xx.2019-cu il tarixdən gec olmayaraq iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi borcun ödənilməsi üçün 2 illik müddət müəyyən edilmişdir və onun icra müddəti xx.xx.2019-cu ildə başa çatmışdır. Bundan əlavə mülki qanunvericiliyin tələbinə əsasən iddia müddətinin axımı müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdən sonra başladığı üçün üç illik müddət xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Bu baxımdan məhkəmə qeyd edir ki, iddiaçı isə borc pulun geri qaytarılmasını xx.xx.2023-cü il tarixdə məhkəmə müstəvisində mübahisələndirmişdir. Beləliklə də, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti ötürülmüşdür. Cavabdeh tərəf isə hazırkı mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir
28. Belə olan halda məhkəmə iddia tələbini əsassız hesab edir və iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsini əsaslı və qanuni hesab edir.
Məhkəmə xərcləri.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
30. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
32. İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı 420,75 manat əsas borc və 8,97 manat faiz olmaqla, cəmi 429,72 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə iddia ərizəsi təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilçəlidir.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı 420,75 manat əsas borc və 8,97 manat faiz olmaqla, cəmi 429,72 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.