Məhkəmə qərarları › İş №2(010)-1696/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1696/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1696/2023 22.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X6 qızının katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması barədə iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları:

1. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə X3 arasında bağlanmış kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 29% ödəmək şərtilə 1500 manat məbləğində kredit verilmişdir. Bakı şəhəri 24 saylı notariat ofisinin sorğuya xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən X2 vəfat etməsi ilə əlaqədar Cavabdeh1 və Cavabdeh2 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə cavabdehlərin borcalanın hüquqi varisi kimi müəyyən olunması anlamına gəlir. Bakı şəhəri 24 saylı notariat ofisinin borcalanın hüquqi varisinin müəyyən edilməsinə dair banka göndərdiyi cavab məktubundan göründüyü kimi iddia qaldırdıqları işlə bağlı cavabdehlər miras qalmış əmlakına vərəsəlik hüququ əsasında sahib olub. Yuxanda qeyd olunan maddələrə əsasən cavabdehlər borcalanın vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludurlar. Bu, bankın cavabdehdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır.

İddiaçının tələbi.

2. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 934,43 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri:

3. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlum olan ünvanı üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri onlara göndərilmiş və iddiaçının tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdehlər iddiaya dair etirazını məhkəməyə bildirməmişdir.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun cavabdehlərdən tutulması barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Tərəflərin izahatları.

5. İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə nümayəndəsinin iştirakı olmadan baxılaraq tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.

İş materialları.

8. Bank Unibank KB ASC ilə borcalan X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 24592sBKX/19 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 60 ay müddətinə (36 ay kredit xətti, 24 ay kredit), illik 29% ödəmək şərti ilə 1500 manat məbləğində kredit ayırmağı, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür.

9. Unibank KB ASC-nin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, X2 24592sBKX/19 nömrəli kredit müqaviləsi üzrə cəmi 934,43 manat borcu vardır.

10. Unibank KB ASC-nin cavabdehlərə ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 borcun məbləği barədə xəbərdar edilmiş, borc qaytarılmayacağı təqdirdə məhkəmə müraciət ediləcəyi bildirilmişdir. Bildirişə əlavə edilmiş poçt qəbzindən surətindən görünür ki, həmin bildiriş borcluların ünvanına çatmışdır.

11. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh1 və ünvan 2 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh2dur və onların hər biri miras əmlakdan 1/2 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: "xxxx" KB ASC-nin xx.xx.2020-ci il tarixli HD/6518 nömrəli məktubuna əsasən "xxxx" KB ASC-də AZ37UBAZ**********1010AZN002 cari hesabda olan 1252.82 manat, AZ37UBAZ**********1010AZN003 cari (cashback) hesabda olan 0.13 manat və AZ37UBAZ**********1010AZN001 hesabda olan 0.63 manat pul vəsaitindən ibarətdir.

12. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" KB ASC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

13. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)- 4639/2022 nömrəli qətnaməsindən görünür ki, "xxxx" X5 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1253.58 manat məbləğində əsas borc və 32.53 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

İşin faktiki halları.

14. İddiaçı "xxxx" KB ASC ilə X3 arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin bağlanması, X2 xx.xx.2020-ci il tarixdə ölməsi və cavabdehlərin X2 vərəsələri olması işin mübahisəsiz hallarıdır. Tətbiq edilən hüquq.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

16. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

Məhkəmənin mövqeyi.

17. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir.

18. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" KB ASC ilə X3 arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən borcalana 1500 manat məbləğində kredit verilmişdir. Lakin borcalan X3 xx.xx.2020-ci il tarixdə ölmüş, bu səbəbdən müqavilə üzrə öhdəliklərin onun tərəfindən icrası mümkün olmamışdır. Bundan sonra müqavilə üzrə borcverən bankın müraciəti əsasında müvafiq notariat ofisi tərəfindən mərhum borcalanın vərəsələri və miras əmlakın həcmi barədə məlumat əldə edilmiş, xx.xx.2020-ci il tarixdə ölmüş X1 qalmış miras üçün Bakı şəhəri 24 saylı notariat ofisində mərhumun oğulları Cavabdeh1 və Cavabdeh2 adına vərəsəlik işi açıldığı, onlara mərhumun "xxxx" KB ASC-də cari hesabında olan 1252.82 manat, başqa bir cari hesabda olan 0.13 manat, digər bir hesabda olan 0.63 manat əmanətə vərəsəlik hüququ haqqında şəhadətnamə (hər biri miras əmlakdan 1/2 irs almaqla) verilmişdir. Bundan sonra, Bank mərhum X2 vərəsələri olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhumla bank arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 934,43 manat məbləğində əsas borcu tələb etmişdir.

19. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)- 4639/2022 nömrəli qətnaməsindən görünür ki, "xxxx" X5 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1253.58 manat məbləğində əsas borc və 32.53 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarında qeyd edilir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. 21.... Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.

22. ...Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

23. Hazırkı işdən görünür ki, vərəsələrin hər birinə 1/2 pay olmaqla qəbul etdikləri miras aktivinin həcmi 1253.58 manat (üç hesabdakı əmanətlərin cəmi) məbləğindədir. Həmin miras aktivi həcmində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-4639/2022 nömrəli qətnaməsi ilə miras qoyanın bank qarşısındakı borcuna görə vərəsələrdən müştərək qaydada yalnız miras aktivi həcmində - 1253.58 manat məbləğində pul tutulduğundan hazırki iddia tələbi təmin edilə bilməz.

24. Belə olan halda məhkəmə iddia tələbini əsassız hesab edir və iddia tələbinin rədd edilməsini əsaslı və qanuni hesab edir.

25. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.

Məhkəmə xərcləri.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

27. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

29. İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 934,43 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə iddia ərizəsi təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 934,43 manat əsas borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar