Məhkəmə qərarları › İş №2(010)-1715/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1715/2024

06.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1715/2024 06.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2005ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq hər ay hər bir uşağa görə 220 manat olmaqla, cəmi 440 manat alimentin tutulması və Mediasiya Mərkəzinə ödədiyi 50 manat məbləğində xərcin Cavabdeh tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-2175/2018 saylı qərarına əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2015ci il təvəllüdlü X3 18 yaşa çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşağa görə 50 manat, ümumilikdə 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Belə ki, Cavabdeh mərhum həyat yoldaşı Seyidov Tahir vaxtilə yaxşı vəzifələrdə işləmiş və yüksək əmək haqqı almışdır. Seyidov Tahirə yüksək pensiya təyin olunmuşdur. Seyidov Tahir vəfat etdiyindən onun pensiyası Cavabdeh təyin olunmuşdur. 2023-cü ilin yanvar ayından pensiyalarda artım olmuş və cavabdehin aldığı pensiyanın nəbləği hazırda 1300 manatdan yuxarıdır. Eyni zamanda, 2023-cü ilin yanvar ayından hər bir uşağa görə təyin olunmuş sabit pul məbləğində alimentin miqdarı 220 manat müəyyən olunmuşdur. xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2005-ci il təvəllüdlü X8 hazırda Bakı şəhəri, Səbail rayonu 51 saylı tam orta məktəbin 11-ci sinfində oxuyurlar. xx.xx.2015-ci il təvəllüdlü X7 isə 1-ci sinifdə oxuyur. Lakin təyin olunmuş alimentin məbləği aşağı olduğundan hər üç uşağa maddi köməklik etməkdə çətinlik çəkir. Həyat yoldaşı X9 isə 2015-ci ildə vəfat etmişdir. Həmin vaxtdan övladlarının üçü də onun himayəsindədirlər. Ailə başçısını itirməyə görə ona verilən müavinət isə çox azdır. Övladlarının və onun maddi təminatını tam ödəmir. Belə ki, cavabdehdən iki uşağa görə tutulan alimentin miqdarı artırılmalı və hər bir uşağa görə tutulan alimentin məbləği 220 manat, cəmi 440 manat müəyyən olunmalı, 440 manat sabit pul məbləğində alimentin və Mediasiya Mərkəzinə ödədiyim 50 manatın cavabdeh X2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, hazırda övladları onun himayəsindədirlər və cavabdeh tərəfindən uşağın maddi ehtiyaclarını ödəmək üçün əlavə heç bir köməklik göstərmir. Uşağın bütün qayğısını, ehtiyacını ödəmək onun üzərinə düşür. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də onun maddi tələbatlarını ödəməkdə tək qadın olaraq ona çox çətindir. Bundan əlavə X13 Publik Hüquqi şəxsi Rentgen Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tibbi sənədə əsasən övladı 21 avqust 2005-ci il təvəllüdlü X6 S-vari Skolioz İİİ dərəcəli olduğu qeyd edilmiş və onun müalicə olunması üçün vəsait tələb olunur. Buna görə də görə “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu əsasla iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

5. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/9/2023-00982 saylı arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində keçirilən iclasda İddiaçı iştirak etmiş və işsizlik haqqında arayış təqdim etmişdir.

6. X13 Publik Hüquqi şəxsi Rentgen Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tibbi sənədin surətindən görünür ki, 21 avqust 2005-ci il təvəllüdlü X6 S-vari Skolioz İİİ dərəcəli olduğu qeyd edilmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-831/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2018-ci il tarixli, 2(102)-2175/2018 saylı qərarına əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə, xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 18 yaşa çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 50 manat, ümumilikdə 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

İşin faktiki halları.

8. İddiaçı həyat yoldaşı X9 2015-ci ildə vəfat etmişdir. Həmin nikahdan xx.xx.2004cü il təvəllüdlü X10, xx.xx.2005-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Həyat yoldaşının anası olan Cavabdeh tərəfindən ödənilən aliment hazırda kifayət etmədiyi üçün alimentin artırılmasını xahiş etmişdir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-2175/2018 saylı qərarına əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə xx.xx.2004-cü il təvəllüdlü X10, xx.xx.2005-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X7 18 yaşa çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 50 manat, ümumilikdə 150 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir.

Tətbiq edilən hüquq.

10. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

11. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.

Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 89. Baba və nənənin nəvələrini saxlamaq vəzifəsi Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

13. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

14. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

15. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu.

Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Məhkəmənin mövqeyi.

18. İşin hallarından göründüyü kimi, iddiaçı ilə cavabdehin oğlu arasında olan birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşaq hazırda iddiaçının yanında qalır. Bu baxımdan məhkəmə hesab edir ki, uşağı yanında saxlayan, onların saxlanılmaları ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşağın saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, uşağın yaşı artdıqca onların saxlanılma xərcləri, eləcə də onlar üçün müəyyən edilmiş yaşayış minimumu da artır ki, bu da özlüyündə uşaqları yanında saxlayan iddiaçının maddi vəziyyətində dəyişliklik yaradır.

19. Digər tərəfdən, nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan uşağın yardıma ehtiyacı vardır və onun atası vəfat etdiyindən öz valideynindən maddi yardım almaq hüququndan məhrum olmuşdur.

20. Qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud hər hansı digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir.

21. Göründüyü kimi cavabdeh zəruri vəsaitə malik olmaqla ailə başçısının itirilməsinə görə 1284.69 manat təqaüd alır. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin maddi vəziyyəti nəzərə alınaraq, lakin hər bir halda uşağın maraqları üstün tutularaq uşağın saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı artırılıb hər ay bir uşağa görə 100 manat sabit pul məbləğində müəyyən edilməlidir. Bundan əlavə iddiaçının tutulan alimentin artırılması tələb etdiyi X8 isə artıq yetkinlik yaşına çatmışdır və məhkəmə hesab edir ki, həmin şəxs artıq 18 yaşına çatdığından həmin şəxsə görə nənədən aliment tutula bilməz.

22. Məhkəmə, son olaraq onu da qeyd edir ki, miqdarı artırılmış alimentin tutulmasına bu qətnamə qanuni qüvvəsini aldıqdan sonra başlanmalıdır. Belə ki, yuxarıda (§ 25) istinad edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında da qeyd edildiyi kimi məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Məhkəmə xərci.

23. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya xərci və dövlət rüsumu ödəməmişdir.

24. Alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (100x12=1200 manat) mütənasib olan 32 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

25. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-831/2020 saylı, xx.xx.2020-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılmalı və Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 100 (yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, artırılmış alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı və ödənilməmiş – 32 (otuz iki) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.

26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-831/2020 saylı, xx.xx.2020-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılsın. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 100 (yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Artırılmış alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Ödənilməmiş – 32 (otuz iki) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar