Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1729/2021 18.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Yelo Bank ASC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 12.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 12724.70 ABŞ dolları əsas borc, 7501.76 ABŞ dolları faiz borcu və 14203.77 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 12.03.2019-cu il tarixdən 10.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1209.45 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 35639.68 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 12.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 18 faizlə, 36 ay müddətinə 15360 ABŞ dolları məbləğində kredit götürmüşdür. 10.04.2015-ci il tarixli əlavə sazişinə əsasən kreditin müddəti 12.03.2019-cu il tarixədək müəyyən edilir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəmir. 10.02.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 12.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 12724.70 ABŞ dolları əsas borc, 7501.76 ABŞ dolları faiz borcu və 14203.77 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 12.03.2019-cu il tarixdən 10.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1209.45 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 35639.68 ABŞ dolları borcu vardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının növbəti tarixə təxirə salınması ilə bağlı məhkəməyə teleqram göndərilsə də teleqramı göndərən şəxsin kimliyi məhkəməyə məlum olmadığından məhkəmə həmin teleqramı nəzərə almamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" İKB ASC və Cavabdeh arasında bağlanmış 12.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, Bank Cavabdeh illik 18 faizlə 36 ay müddətinə 15360 ABŞ dolları məbləğində kredit verməyi, Cavabdeh isə bu müqavilədə müəyyən edilmiş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti, kreditə hesablanmış faizləri, komissiya haqqı və digər ödənişləri kreditora ödəməyi öhdəsinə götürmüşdür. 12.11.2014-cü il tarixli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, ödənişlərin 12.12.2014 – 12.11.2017-ci il tarixləri arasında hər ay 555.30 ABŞ dolları (sonuncu ay 555.32 ABŞ dolları) olmaqla ödənilməsi təsdiq edilmişdir. 10.04.2015-ci il tarixli 1 nömrəli Əlavə sazişdən görünür ki, bu sazişə əsasən, müqavilə üzrə kreditin müddəti 12.03.2019-cu il tarixədək uzadılmışdır. 10.04.2015-ci il tarixli Əlavə Sazişə 1 saylı Əlavədən görünür ki, ödənişlərin 12.05.2015 – 121.03.2019-cu il tarixləri arasında hər ay 428.19 ABŞ dolları (sonuncu sy 428.16 ABŞ dolları) ödənilməsi təsdiq edilmişdir. 10.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 12.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 12724.70 ABŞ dolları əsas, 7501.76 ABŞ dolları faiz, 14203.77 ABŞ dolları cərimə, 1209.45 ABŞ dolları əldən çıxmış fayda olmaqla borcu vardır. 26.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclulara kredit müqaviləsi üzrə yığılmış borc barədə məlumat verilmiş, borcun vaxtında ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25.05.2021-ci il tarixli, 9/2338 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 12.11.2014-cü il tarixli, 22-A-1-0-1508-14 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu 12.03.2019-cu il tarixə 12717.26 ABŞ dolları əsas borc, 7509.54 ABŞ dolları faiz borcu, 10.02.2021-ci il tarixə 12717.26 ABŞ dolları əsas borc, 8724.75 ABŞ dolları faiz borcu təşkil edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı Bank və Cavabdeh arasında bağlanmış 12.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, Bank Borcalan Cavabdeh 36 ay müddətinə 15360 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən edilmiş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Bundan sonra, tərəflər arasında 10.04.2015-ci il tarixli əlavə saziş imzalanmış və bu sazişlə kreditin müddəti 12.03.2019-cu il tarixədək uzadılmışdır. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, bank tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliklərini icra etmədiyindən iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borc tələbi qismən əsaslıdır. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən pul məbləğini borcluya vermişdir. Borclu isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə borc tələb etməkdə haqlı olmuşdur. Lakin məhkəmə, iddiaçı tərəfindən tələb edilən əsas borcun məbləği ilə razılaşmır. Belə ki, iddiaçı tərəfindən cavabdehdən 12724.70 ABŞ dolları məbləğində əsas borc tələb edilsə də iş üzrə verilmiş ekspert rəyində müvafiq məbləğ 12717.26 ABŞ dolları kimi hesablanmışdır. Məhkəmə ekspert rəyi ilə razılaşır. Çünki, rəyin tədqiqat hissəsində məhz iddiaçının təqdim etdiyi hesabdan çıxarış məlumatları əsasında cavabdeh tərəfindən ödənilmiş məbləğlər, bu məbləğlərin nə qədərinin faizə, nə qədərinin əsas borca hesablandığını dəqiqliklə göstərən cədvəl əlavə edilmiş, bu cədvəl mühasib ekspert tərəfindən hesablanmış, rəyin dəqiqliyi ilə bağlı məhkəmədə heç bir şübhə yaranmış, beləliklə, məhkəmənin rəylə razılaşmaması üçün heç bir əsas olmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Belə olan halda məhkəmə ekspert rəyini əsas borcla bağlı hissədə qəbul edir və cavabdehdən müvafiq borcun məhz ekspert rəyində göstərildiyi kimi – 12717.26 ABŞ dolları məbləğində tutulması qənaətinə gəlir. Faiz borcu ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı Bank cavabdehdən 7501.76 ABŞ dolları məbləğində faiz borcu tələb etsə də müvafiq ekspert rəyində bu məbləğ 7509.54 ABŞ dolları kimi hesablanmışdır. Məhkəmə yuxarıda qeyd edilmiş səbəblərdən ekspert rəyini əsaslı hesab etsə də nəzərə alınmalıdır ki, məhkəmə iddia tələbindən kənara çıxaraq iddiaçının tələb etdiyindən artıq məbləğdə faiz tuta bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Odur ki, məhkəmə müqavilə müddəti üçün tələb edilən faiz borcunun iddia ərizəsində göstərildiyi kimi 7501.76 ABŞ dolları məbləğində müəyyən edilməsi nəticəsinə gəlir. Tələb edilən cərimə ilə bağlı məhkəmə qeyd edir ki, tərəflərin mübahisəli hüquq münasibətləri üzrə iddia tələbi bu hissədə qismən əsaslıdır. Belə ki, dəbbə puluna görə cavabdehin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, təqsiri olduğu təqdirdə tələb edə bilər. Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. İşdən göründüyü kimi, iddiаçı cаvаbdehdən 14203.77 ABŞ dolları məbləğində cərimə ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırki vəziyyətdə işin hаllаrınа tam uyğun deyildir və tənаsübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir 09 iyul 2009-cu il tаrixli Plenum qərаrı”ndа göstərilmişdir ki, “digər tərəfdən, bоrclu şəxsin mülkiyyət mаrаqlаrı qоrunmаlı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısı аlınmаlıdır”. Məhkəmə hesab edir ki, cərimənin miqdаrının bu qədər çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyildir. Ona görə də məhkəmə hesаb edir ki, cаvаbdehdən öz öhdəliyini lаzımıncа yerinə yetirməməkdə ifаdə оlunаn ümumi mаrаqlа оnlаrın mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn cərimənin miqdаrının аzаldılаrаq 200 ABŞ dolları məbləğində müəyyən edilməsi məqsədəuyğun hesab oluna bilər. Eyni zamanda görünür ki, iddiaçı cavabdehdən müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5%-lə hesablanmış 1209.45 ABŞ dolları borc tələb etmişdir. Məhkəmə iddianın bu hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Gecikdirilmiş vaxt üçün tələb edilən faizin məbləğinə gəldikdə isə qeyd edilməlidir ki, iddiaçı cavabdehdən 1209.45 ABŞ dolları məbləğində faiz tələb etsə də ekspert rəyində müvafiq faiz borcu 1215.21 (8724.75-7509.54) ABŞ dolları məbləğində hesablanmışdır. Lakin artıq yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim iddia tələbindən kənara çıxmağa haqlı olmadığından həmin faiz borcu iddia ərizəsində göstərildiyi kimi – 1209.45 ABŞ dolları məbləğində tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə 12717.26 ABŞ dolları əsas borc, 7501.76 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə, 1209.45 ABŞ dolları gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 21628.47 ABŞ dolları (iyirmi bir min altı tüz iyirmi səkkiz dollar qırx yeddi sent) məbləğində pul tutularaq ddiaçı “Yelo Bank “ ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilən 30 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul da cavabdehdən tutularaq ekspertizanı keçirən orqanın hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 12717.26 ABŞ dolları məbləğində əsas borc, 7501.76 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə, 1209.45 ABŞ dolları gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 21628.47 ABŞ dolları (iyirmi bir min altı yüz iyirmi səkkiz dollar qırx yeddi sent) məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün çəkilmiş xərc olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-1729/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1729/2021
18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver