Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1731/2021 08.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "borc" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5900 manat əsas borc və mənəvi zərər kimi 3.000 (üç min) manat, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh onun tanışı olmuşdur. 2020-ci ilin sentyabr ayında müraciət edərək, onunla iş qurmaq, yəni Qaraçuxur qəsəbəsində dövlət sifarişi ilə su çəkmək lazım olduğunu bildirmiş və bunun üçün material almaq üçün pul lazım olduğunu bildirmişdir. O da cavabdehə inanıb iş qurmaq adı ilə Cavabdeh 10.900 (on min doqquz yüz) manat pul vermişdir. Sonradan başa düşmüşdür ki, cavabdeh onu aldatmış o, heç bir iş qurmamışdır. O, cavabdehdən pulunu tələb etdikdə Cavabdeh hər dəfə ona söz vermiş, lakin sözünün üstündə durmamış pulu qaytarmaqdan yayınmağa başlamışdır. O, cavabdehə onu aldatması ilə bağli polisə şikayət edəcəyini bildirmiş, bir müddətdən sonra 10.900 manat vəsaitdən 5.000 manatını qaytarmış, 5.900 manat pulu isə verəcəyinə söz vermiş, sonradan telefonlarına da cavab verməmişdir. O, cavabdehin bu hərəkətləri barədə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Cavabdeh polis bölməsinə gələrək iddiaçıya borcu olduğunu etiraf etmiş, lakin hal-hazırda pulu olmadığını, lakin həmin vəsaiti qaytaracağına söz vermişdir. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin xx.xx.2021-ci il tarixli məktubu ilə ona ərizənin araşdırılaraq toplanmış materialda cinayət tərkibinin olmaması, göstərilən xüsusatların mülki xarakterli olması və məhkəməyə müraciət etməsini bildirmişlər. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında dindirilən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, İddiaçı ilə tanış olduğundan iddiaçı ilə iş qurmaq məqsədilə ondan 10.900 manat pul almışdır. Lakin həmin dövr Vətən Müharibəsi dövrünə düşdüyündən söz verdiyi işi görə bilməmişdir. O, aldığı məbləğdən 5000 (beş min) manat məbləğində pulu iddiaçıya qaytara bilmişdir. Qalan 5900 manatı isə maddi vəziyyəti ilə bağlı olaraq qaytarmamışdır. Hazırda da ondan iddiaçının xeyrinə 5900 (beş min doqquz yüz) manat məbləğində vəsaitin tutulmasına etiraz etmir. İddianı həmin hissəyə münasibətdə qəbul edir. Lakin, iddianı ondan mənəvi zərər kimi 3.000 (üç min) manat məbləğində vəsaitin tutulması hissəsinə münasibətdə qəbul etmir. İddianın sözügedən hissəyə münasibətdə qəbul edilməməsini xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı Nəsimi rayonu 19-cu Polis şöbəsinə ünvanladığı ərizəsindən görünür ki, 2020-ci ilin sentyabr ayında Cavabdeh ona Qaraçuxur qəsəbəsində dövlət sifarişi ilə su çəkmək lazım olduğunu və bu məqsədlə material almalı olacağını demişdir. O, razılaşaraq cavabdehə 10900 (on min doqquz yüz) manat məbləğində pul vermişdir. Lakin sonradan iddiaçı başa düşmüşdür ki, cavabdeh tərəfindən vəd verilən iş heç yox imiş, material da alınmayıb. Sonra cavabdeh ona 5000 (beş min) manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinin tələbinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarılmalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı işin faktiki hallarından müəyyən edildi ki, iddiaçı cavabdehə iş qurmaq məqsədilə 10900 (on min doqquz yüz) manat məbləğində pul vermişdir. İddiaçı heç bir işin qurulmadığını müəyyən etdikdə cavabdehdən pulunu tələb etmiş, cavabdeh pulu qaytarmadığına görə iddiaçı ondan pulunu almaq üçün polisə şikayət etmişdir. Sonra cavabdeh iddiaçıya 5000 (beş min) manat məbləğində pul ödəmişdir. Hazırda Cavabdeh İddiaçı 5900 (beş min doqquz yüz) manat məbləğində pul verməli olduğunu bildirir və məhkəmə tərəfindən qətnamə qəbul edilən zaman ondan İddiaçı xeyrinə 5900 (beş min doqquz yüz) manat məbləğində borc tutulmasına etiraz etmir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5900 (beş min doqquz yüz) manat pul vəsaiti tutularaq İddiaçı verilməlidir. İddiaçı tələbinin mənəvi ziyan hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tələb bu hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı tələbində ona mənəvi ziyan vurduğunu bildirsə də, bu faktı təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yalnız şifahi izahatla kifayətlənmişdir. Həmin məbləğin niyə məhz 3.000 (üç min) manat təşkil etməsi və həmin mənəvi ziyanın nədə ifadə olunması barədə iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5900 (beş min doqquz yüz) manat və 30 (otuz) manat dövlət rüsumu olmaqla cəmi 5930 (beş min doqquz yüz otuz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-1731/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1731/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver