Məhkəmə qərarları › İş №2(010)-1731/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1731/2023

05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1731/2023 05.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 850 manat məbləğində əsas borc, 34 manat dövlət rüsumu və 500 manat olmaqla, cəmi 1384 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 4-5 il olar ki, tanıyır. Cavabdeh 2021-ci ilin dekabr ayının sonunda ona zəng edərək ona bir ay müddətində 1-2 min ABŞ dolları məbləğində pul lazım olduğunu bildirmişdir. Daha sonra təkrar-təkrar zəng edərək pulu bir aya qaytaracağını demişdir. Çox danışdıqdan sonra o, cavabdehə bu qədər pulu olmadığını demişdir. 2022-ci ilin yanvar ayının 1-də cavabdehin göndərdiyi Fuad adlı taksi sürücüsünün vasitəsi ilə 500 ABŞ dolları (850 manat ekvivalentində) pulu ona göndərmişdir. O, pulu aldığını deyərək ona minnətdarlığını bildirmişdir. Aradan bir ay keçmiş və o, pulunu istədikdə cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. Cavabdehin ona qarşı dələduzluq hərəkətini başa düşdükdən sonra Bakı şəhər Xətai rayon Polis İdarəsinə müraciət etmişdir. Polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdeh ondan aldığı pulu vaxtında qaytamadığına görə əlavə xərcə düşmüşdür. Cavabdehin ona dediyi yalanlar ona mənəvi sarsıntılar yaşatmaqla mənəvi ziyan vurmuşdur. Ona dəymiş mənəvi ziyanı 500 manat məbləğində qiymətləndirir. Göründüyü kimi borclu götürdüyü öhdəliyi vaxtında icra etməkdən yayınmışdır.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh ilə beş il bundan əvvəl sosial şəbəkədə tanış olmuş, onunla ancaq sosial şəbəkə vasitəsi ilə əlaqə saxlamış, yalnız bir dəfə 2020-ci ilin dekabr ayının 1-də görüşmüşdür. Cavabdehin tanışı çox olduğundan ev almaq üçün ondan kömək istəmiş, cavabdeh də kömək edəcəyinə söz vermişdir. 2020-ci ilin dekabr ayının 30-da cavabdeh ona yazmışdır ki, təzə işə düzəlmişdir və təcili 1000 ABŞ dolları məbləğində pul lazımdır. O qədər pulu olmadığından gedib iş yoldaşından 500 ABŞ dolları alıb cavabdehə vermişdir. Cavabdeh də ona söz vermişdir ki, aldığı pulu bir aya qaytaracaq. Həmin bir ay müddətində cavabdehlə danışmağa davam etmişlər. Lakin bir ay sonra cavabdehdən pulu istədikdə cavabdeh onu hər yerdən “blok”a atmışdır. O, dəfələrlə müxtəlif nömrələrdən cavabdehə zəng etmiş, verdiyi pulu başqa birindən aldığını, pulu qaytarmasa, pulu aldığı adamın onu polisə verəcəyini demiş, lakin cavabdeh hər dəfəsində onu yığacağını deyərək sonrasında nömrəni “blok”a atmışdır. Cavabdehə pulu Fuad adlı taksi sürücüsü vasitəsilə göndərmişdir. Belə ki, həmin vaxt cavabdeh özü ona zəng edərək pulu götürmək üçün Fuad adlı taksi sürücüsünü göndərdiyini bildirmiş, Fuada onun nömrəsini vermişdir. Fuad ona zəng edib onu Elşənin göndərdiyini bildirmiş, 500 ABŞ dollarını Elşənə çatdırmaq üçün ondan almışdır. Cavabdeh sonradan pulu qaytarmaqdan yayındığında o, Fuaddan məhkəmədə şahidlik etməsini istəmiş, Fuad da buna etiraz etməmişdir. Cavabdeh ondan aldığı pulu qaytarmadığından məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Cavabdeh teleqramla məhkəməyə müraciət edərək iddianı qəbul etmədiyini, iddiaçıya heç bir borcu olmadığını bildirmiş, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir.

5. Daha sonra Cavabdeh ilə məhkəmə iclası gedişində görüntülü əlaqə saxlanılmış, o, iddiaçıdan 500 ABŞ dolları məbləğində borc aldığını qəbul etmiş, hazırda imkanı olmadığını, borcu hissə-hissə qaytaracağını bildirmişdir.

İş materialları.

6. Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, onun ərizəsi araşdırılaraq hüquqi qiymət verilmiş, mübahisə mülki xarakter daşıdığından məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.

Şahid ifadəsi.

7. Məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş X2 bildirdi ki, Cavabdeh iki ildən çoxdur ki tanıyır. Tarixi ona görə dəqiq bilir ki, atası iki ildir ki vəfat etmişdir, Elşəni isə ondan əvvəl tanıyır. Cavabdehlə pandemiya dövründə, “Bolt” taksi şirkətində taksi fəaliyyəti həyata keçirən zaman tanış olmuş, o vaxtdan da cavabdeh onun müştərisi olmuşdur. İndi də cavabdeh onun müştərisidir. İddiaçı isə bir dəfə pul götürəndə görmüşdur. Bir müddət bundan əvvəl iddiaçı ona zəng edərək kim olduğunu xatırlatmış və məhkəmədə iddia qaldırarsa, cavabdehin ondan pul aldığını təsdiq edə bilib-bilməyəcəyini soruşmuşdur. O isə buna etiraz etmədiyini bildirmişdir. O, axırıncı dəfə dünən Elşənlə danışmış və ona sabah məhkəmədə şahid kimi ifadə verəcəyini bildirmişdir. Cavabdeh bununla bağlı heç nə deməmişdir. Hadisə ilə bağlı onu deyə bilər ki, bir neçə il bundan əvvəl Elşən ona zəng etmiş və ondan Əhmədli tərəfdə bir xanımdan pul götürüb ona çatdırmasını xahiş etmişdir. O da Vəfa xanıma zəng edərək ona deyilən ünvana yaxınlaşmış, Vəfa xanım Elşənin göndərdiyi şəxsin həqiqətən o olduğunu öyrənmək istədikdə o, Elşənə zəng etmiş, Elşən əvvəl iddiaçı ilə, daha sonra onunla danışmış, Vəfa xanım pulu Elşənə çatdırmalı olan şəxsin o olduğunu dəqiqləşdirdikdən sonra 500 ABŞ dolları məbləğində pulu Elşənə çatdırmaq üçün ona vermişdir. O da öz növbəsində pulu Elşənə çatırmışdır.

İşin faktiki halları.

8. İddiaçı iddia edir ki, Cavabdeh 500 ABŞ dolları məbləğində borc vermiş, cavabdeh borcunu bir ay müddətində qaytarmağı öhdəsinə götürsə də, borcunu ödəməmişdir.

9. Cavabdeh ilə məhkəmə iclasında görüntülü telefon əlaqəsi saxlanılmış, o, iddiaçıdan 500 ABŞ dolları məbləğində borc aldığını qəbul etmiş, borcu hissə-hissə qaytaracağını bildirmişdir.

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740. Borc müqaviləsinin forması. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixlə Qərarı.

Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi.

14. İşin hallarından görünür ki, İddiaçı və Cavabdeh arasında şifahi borc müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən iddiaçı cavabdehə 500 ABŞ dolları məbləğində borc pul vermiş, cavabdeh isə aldığı borcu bir ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür. Bununla bağlı məhkəməyə tərəflər arasındakı yazışmaları əks etdirən çıxarışlar, həmin yazışmalarda adı keçmiş şəxsin şahid kimi ifadəsi təqdim edilmişdir. Həmçinin Cavabdehlə məhkəmə iclasında görüntülü telefon əlaqəsi saxlanılmış, cavabdeh iddiaçıdan 500 ABŞ dolları məbləğində borc pul aldığını, lakin maddi imkanı olmadığından pulu hissə-hissə qaytara biləcəyini bildirmişdir.

15. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh aralarında bağlanmış şifahi borc müqaviləsinə əsasən İddiaçı aldığı 500 ABŞ dolları məbləğində pulu qaytarmayaraq müqavilə öhdəliyini pozmuşdur. Odur ki, iddiaçı həmin borcu cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

16. Bu hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə verilən borcun məhz 500 ABŞ dolları məbləğində olduğu müəyyən edildiyindən və istənilən halda məhkəmə qətnaməsi ilə cavabdehdən tutulan pul Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalı olduğundan cavabdehdən 500 ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının qətnamənin icra olunduğu günə olan manat məzənnəsi üzrə tutularaq iddiaçıya ödənilməlidir.

17. İddia tələbinin 500 manat məbləğində mənəvi ziyanla bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, “Ramazanov və digərlərinin” işi üzrə xx.xx.2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Ali Məhkəməsi milli məhkəmələrə bu problemi tənzimləyən milli hüquq müddəaları olmadığı üçün mənəvi zərərə görə kompensasiya məsələlərinin həllində Avropa Məhkəməsinin təcrübəsinə riayət etməyi tövsiyə etmişdir.

18. “Kletsova Yusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında, eləcə də bir sıra digər qərarlarında Avropa İnsan Hüquqları Məhkəməsi mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq, iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir.

19. Avropa Məhkəməsinin müvafiq mövqeyini əsas götürməklə məhkəmə hesab edir ki, iddiaçının cavabdehə borc verdiyi və cavabdehin müqavilə öhdəliyini pozaraq qaytarmadığı pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinin qət edilməsi iddiaçıya dəymiş mənəvi zərərin ədalətli kompensasiyasını təmin edir. Odur ki, iddia mənəvi zərərlə bağlı hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri.

20. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 34 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.

21. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi – 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

22. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 500 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının qətnamənin icra olunduğu günə olan manat məzənnəsi üzrə) məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

23. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 500 (beş yüz) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının qətnamənin icra olunduğu günə olan manat məzənnəsi üzrə) məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar