Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1739/2022 07.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 13000 ABŞ dolları pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəyişdirilməsi. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, məhkəmədən devalvasiya ilə əlaqədar ödənilmiş 13000 ABŞ dollarında kredit borcuna görə kompensasiya olaraq geri qaytarılmış 4600 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 21L00000127 saylı kredit müqaviləsinə əsasən sonuncunun adına 13000 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Həmin kredit müqaviləsi üzrə bütün öhdəlikləri cavabdehin əvəzinə o yerinə yetirmiş, belə ki, banka götürülmüş krediti və onun faizləri tərəfindən ödənilmişdir. Cavabdehin adından banka ödədiyi məbləğ cəmi 13000 ABŞ dolları təşkil edir. Hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün dövlət rüsumu da ödəmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddianı müdafiə edərək bildirdi ki, İddiaçı Cavabdeh dayısıdır. Hələ ABŞ dollarının devalvasiyasından qabaq onlara ev tikmək üçün pul lazım olduğundan və iddiaçının adına başqa kredit olduğundan cavabdeh iddiaçının adına "xxxx" QSC-dən 13000 ABŞ dolları məbləğində kredit götürmüş, cavabdehlə bank arasında bağlanmış həmin kredit müqaviləsi üzrə iddiaçı zamin durmuşdur. Bankdan götürülmüş 13000 ABŞ dolları məbləğində pulun 3000 ABŞ dolları cavabdehə olan borclarının əvəzi kimi cavabdehdə qalmış, qalan 10000 ABŞ dolları məbləğində pulu cavabdeh iddiaçıya vermişdir. İddiaçı həmin krediti Banka aybaay ödəyərək tam qaytarmışdır. Yəni, kredit müqaviləsində borcalan kimi cavabdehin adı qeyd edilsə də götürülmüş kreditin hamısını iddiaçı ödəmişdir. Bu səbəbdən müvafiq ödənişləri təsdiq edən qəbzlər də iddiaçıdadır. Qəbzlərdə ödənişləri edən müştərinin imzalarının fərqli olması ona görədir ki, iddiaçı səhhəti ilə əlaqədar bəzi hallarda aylıq ödənişləri özü şəxsən ödəyə bilməmiş, pulu başqa qohumlarına, bəzən cavabdehin özünə vermişdir ki, banka ödəsinlər. Dollarla qaytarılmış kredit borclarının artıq hissəsinin borcalanlara qaytarılması ilə bağlı fərman qəbul edildikdən sonra cavabdehin hesabına 4600 manat kompensasiya məbləği köçmüşdür. Belə ki, onlar 2019-cu ildə cavabdehin şəxsiyyət vəsiqəsi məlumatları əsasında portala daxil olmuş və cavabdehin adına 4604 manat və 4084 manat olmaqla iki kompensasiya məbləği köçürüldüyünü görmüşlər. Bundan sonra onlar "xxxx" QSC-nin Baş ofisinə yaxınlaşmış, bankla bağlanmış müqavilə üzrə cavabdehin hesabına nə qədər pul köçürüldüyü ilə maraqlanmışlar. Orada da təsdiq etmişlər ki, "xxxx" QSC və Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh hesabına 4604 manat məbləğində pul köçürülmüşdür. Hansı ki, bu müqavilə üzrə bütün ödənişləri iddiaçı həyata keçirmişdir. Belə ki, müqavilə formal olaraq "xxxx" QSC və Cavabdeh arasında bağlansa da əslində kredit iddiaçı tərəfindən götürülmüş və iddiaçı tərəfindən də aybaay ödənişlərlə qaytarılmışdır. Belə olan halda müqavilə üzrə dolların devalvasiyası ilə əlaqədar artıq ödənilmiş pulun kompensasiyası üçün ödənilən pul da iddiaçıya çatmalı idi. Lakin cavabdeh həmin pulu qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı və cavabdeh arasında qohumluq münasibətləri mövcuddur. İddiaçının istinad etdiyi kredit müqaviləsi isə "xxxx" QSC və Cavabdeh arasında bağlanmışdır. Müqavilə üzrə ödəniş qəbzlərinin bəzilərinin iddiaçıda olması mütləq şəkildə o mənaya gəlmir ki, ödənişləri iddiaçı etmişdir. Belə ki, iddiaçının qeyd etdiyinin əksinə, cavabdeh aylıq ödənişləri bir sıra hallarda dayısı olan iddiaçıya vermişdir ki, o ödəsin. Lakin hər bir halda bu ödənişlər cavabdehin adından edilmiş, müvafiq qəbzlərdə də bu hal göstərilmişdir. Həmin müqavilə üzrə cavabdehin hesabına köçmüş kompensasiya məbləğinə gəldikdə isə cavabdeh müvafiq fərmandan sonra onun da hesabına müəyyən məbləğdə kompensasiya ödənişi edildiyini qəbul edir. Lakin həmin vaxt cavabdehin başqa banklarda da dollarla krediti olduğundan və həmin müqavilələr üzrə də hesabına kompensasiya ödənişləri edildiyindən o, dəqiq məbləği xatırlamır. Hər bir halda bu pul cavabdehin bankdan götürdüyü kreditə görə onun hesabına köçmüşdür və ona məxsusdur. İddiaçı öz tələbini təsdiq edən sübut kimi məhkəməyə yalnız ödəniş qəbzləri təqdim etmişdir ki, həmin sənədlər əsasında da bütün kredit borcunun iddiaçı tərəfindən ödənilmiş olması nəticəsinə gəlmək qeyri-mümkündür. İddiaçının bundan başqa tələbini təsdiq edəcək heç bir sübutu yoxdur. Son olaraq, o da nəzərə alınmalıdır ki, hətta iddiaçının qeyd etdiyi kimi müvafiq kredit müqaviləsi cavabdehlə bank arasında bağlanmasına baxmayaraq, krediti götürən və sonradan qaytaran iddiaçı olmuş olsa idi belə, bu müqavilə üzrə rəsmi borcalan cavabdeh olduğundan borcun lazımınca ödənilmədiyi halda bank bu pulu cavabdehdən tələb edəcəkdi və bu halda cavabdeh həmin borcu iddiaçının əvəzinə qaytarmalı olacaqdı. Yəni, iddiaçının istinad etdiyi və heç bir sübutla təsdiq edilməyən hallar həqiqi olsa idi belə, iddiaçı köçürülmüş bütün kompensasiya məbləğinin özünə çatmasını tələb etməkdə haqlı olmazdı, çünki cavabdehin də burada payı olardı. Bütün bunlara əsasən hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş materialları. "xxxx" QSC və Cavabdeh arasında bağlanmış 17.09.2014-cü il tarixli bank hesabı müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Bank Müştəriyə hesab açmağı, hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. "xxxx" QSC və zamin İddiaçı arasında bağlanmış 17.09.2014-cü il tarixli, 21S000009946 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin İddiaçı "xxxx" QSC və Cavabdeh arasında 06.06.2012-ci il tarixdə bağlanmış 21L00000117 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan “kredit razılaşması”, “bank qarantiyası verilməsi haqqında müqavilə” və “akkreditiv açılması üçün razılaşma” formasında bağlanan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Kredit xəttinin məbləği: 30000 ABŞ dolları, kredit xəttinin müddəti: 120 ay. Müştəri Cavabdeh adından "xxxx" QSC-yə edilmiş ödənişləri təsdiq edən 27 ədəd mədaxil orderindən görünür ki, ödənişlər 17.09.2014 – 05.04.2017-ci il tarixləri arasında edilmişdir. İşin faktiki halları. "xxxx" QSC və Cavabdeh arasında 17.09.2014-cü il tarixli bank hesabı müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən Bank Müştəriyə hesab açmağı, hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürmüşdür. İddiaçı iddia edir ki, "xxxx" QSC və Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh bankdan 13000 ABŞ dolları məbləğində kredit götürmüş, bu kreditin 3000 ABŞ dollarını özünə götürdükdən sonra qalan 10000 ABŞ dollarını iddiaçıya vermişdir. Çünki həmin vaxt iddiaçı bankdan özü kredit götürə bilmədiyini görə cavabdeh onun üçün öz adına bankdan kredit götürmüş, aralarında əldə etdikləri razılığa əsasən iddiaçı götürülmüş krediti aybaay ödənişlər edərək banka qaytarmışdır. Bundan sonra “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanı ilə əlaqədar xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin fiziki şəxslərə geri qaytarılmasına başlanmışdır. Bu çərçivədə "xxxx" QSC və Cavabdeh arasında bağlanmış, lakin əslində İddiaçı ödədiyi kredit müqaviləsi üzrə Cavabdeh hesabına 4600 manat məbləğində kompensasiya məbləği köçürülmüşdür. İddiaçı iddia edir ki, həmin kredit müqaviləsi üzrə faktiki olaraq bütün ödənişləri cavabdeh yox, özü etdiyinə görə müvafiq kompensasiya məbləği də ona ödənilməli idi. İddiaçı müvafiq kredit müqaviləsi üzrə bütün ödənişlərin özü tərəfindən ödənildiyini təsdiq etmək üçün ödəniş qəbzlərinin cavabdehdə yox, onda olmasına istinad etmişdir. Cavabdeh isə qeyd edilənləri qəbul etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) müvafiq kredit müqaviləsinin "xxxx" QSC və Cavabdeh arasında bağlandığını, müqavilə üzrə borclalanın Cavabdeh olduğunu, dolayısı ilə həmin müqavilə üzrə hesabına köçürülmüş kompensasiya məbləğinin cavabdehə aid olduğunu bildirmişdir. Həmçinin, əlavə etmişdir ki, ödəniş qəbzlərinin iddiaçıda olması ödənişlərin məhz iddiaçı tərəfindən ödənilməsi mənasına gəlmir. Cavabdehin (nümayəndəsi) vəkili bu mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər qohumdur və cavabdeh aylıq ödənişlərin bəzilərini ödəməsi üçün dayısı olan iddiaçıya vermişdir. Əgər iddiaçı müvafiq kredit müqaviləsi üzrə bütün ödənişlərin məhz onun tərəfindən həyata keçirildiyini iddia edirsə, qeyd etdiklərini sübut etmək istənilən halda onun üzərinə düşür. Göründüyü kimi, tərəflər kredit müqaviləsi üzrə ödənişlərin əslində kim tərəfindən edilmiş olması ilə bağlı bir-birinə zidd iki mövqe nümayiş etdirirlər. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Maddə 390. Müqavilə azadlığı. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 470. Zaminlik müqaviləsi. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 475. Öhdəliyi icra etmiş zaminin hüquqları. 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanı:
1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.
2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 53. İddianın dəyişdirilməsi. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 76. Sübutlar. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi.
İşin faktiki hallarından görünür ki, iddia tələbinin əsasını cavabdeh və "xxxx" QSC arasında bağlanmış kredit müqaviləsi üzrə götürülmüş 13000 ABŞ dolları məbləğində kreditin cavabdeh yox, iddiaçı tərəfindən ödənilmiş olması, dolayısı ilə xarici valyutada olan bu kreditin ödənilməsi zamanı devalvasiya ilə əlaqədar maliyyə itkisinə məruz qalanın cavabdeh yox, iddiaçı olduğu, bu səbəbdən həmin itkiyə görə Fərmana əsasən ödənilmiş kompensasiya məbləğinin cavabdehə yox, iddiaçıya çatmalı olduğu təşkil edir. İddiaçı nəzərə almalıdır ki, onun özünün də qəbul etdiyi kimi sonda kompensasiya ödənilməsi ilə nəticələnən kredit müqaviləsi bank və Cavabdeh arasında bağlanmışdır. Bu isə o deməkdir ki, həmin müqaviləyə əsasən borcalan, dolayısı ilə götürdüyü krediti qaytarmalı olan hazırkı iş üzrə Cavabdeh olmuşdur. Bununla belə əgər İddiaçı həmin kredit müqaviləsi üzrə borcalan olmamasına baxmayaraq, kredit müqaviləsi üzrə bütün ödənişlərin özü tərəfindən həyata keçirildiyini iddia edirsə, bu qeyd etdiklərini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmək onun vəzifəsidir. İddiaçı tərəfindən bu halı təsdiq edən sübut kimi məhkəməyə banka edilmiş aylıq kredit ödənişlərini göstərən mədaxil orderləri təqdim olunmuşdur ki, iddiaçı bu qəbzlərin özündə olmasını müvafiq ödənişlərin özü tərəfindən edilməsini təsdiq edən sübut kimi qiymətləndirmişdir. Məhkəmə isə iddiaçının bu mövqeyi ilə razılaşmır. Ona görə ki, ödəniş qəbzlərinin iddiaçıda olması ilə müvafiq ödənişlərin iddiaçı tərəfindən edilməsi arasında mütləq səbəbli əlaqə yoxdur. Yəni, bu qəbzlərin iddiaçıda olması başqa hallarla da izah oluna bilər. Məsələn, müqavilə üzrə borcalan Cavabdeh aylıq kredit ödənişini banka ödəməsi üçün İddiaçı vermiş ola bilər. Tərəflər arasında dayı-bacıoğlu qohumluq münasibəti olduğu da nəzərə alındıqda bu halın baş vermiş olması inandırıcı olmaya bilməzdi. Elə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) də qəbzlərin iddiaçıda olmasını bununla izah etmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, qəbzlərdə ödənişlərin Cavabdeh adından edildiyi qeyd edilsə də ödənişi edən müştəri imzası hissəsindəki imzalar müxtəlifdir. Məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi bunu iddiaçının səhhəti ilə əlaqədar bəzi hallarda ödənişləri özünün edə bilməməsi, bu səbəbdən ödəniş məbləğini bəzi hallarda cavabdehə, yaxud başqa qohumlarına verməsi ilə izah etmişdir. Cavabdehin nümayəndəsi (vəkili) isə əksinə, cavabdehin bəzi hallarda ödənişləri banka ödəməsi üçün iddiaçıya verdiyinə istinad etmişdir. Lakin nəzərə alınmalıdır ki, kredit müqaviləsi üzrə borcalan cavabdeh olduğundan, edilmiş bütün ödənişlər onun adına olduğundan, iddiaçı bu ödənişlərin özü tərəfindən edildiyini başqa heç bir mötəbər sübutla təsdiq edə bilmədiyindən və məhkəmə yalnız təqdim edilmiş sübutlar əsasında işə baxmalı olduğundan cavabdeh və bank arasında bağlanmış kredit müqaviləsi üzrə edilmiş ödənişlərin iddiaçı tərəfindən ödənilməsi nəticəsinə gəlmək mümkün deyil. Bunun davamı olaraq, qeyd edilməlidir ki, iddia tələbinin əsasını təşkil edən hal – kredit müqaviləsi üzrə ödənişlərin iddiaçı tərəfindən edilməsi - sübuta yetirilmədiyindən digər halların – cavabdehin hesabına həmin müqavilə üzrə kompensasiya ödənişi edilibedilməməsi, iddiaçının müqavilə üzrə tərəf olmasa da həmin kompensasiyanı tələb etməyə hüququnun olub-olmaması - müəyyən edilməsinin heç bir əhəmiyyəti qalmamışdır.
Məhkəmə xərcləri.
İddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia təmin edilmədiyindən həmin dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva