Məhkəmə qərarları › İş №2(010)-1757/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1757/2022

05.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1757/2022 05.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 6272/2018 saylı 28 noyabr 2018-ci ıl tarixli qətnaməsi ilə Cavabdeh 01.05.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində tutulan alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh 01.05.2012-cı ıl təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 193 manat alimentin və mediatora ödədiyi 50 (əlli) manat pulun tutulub ona verilməsi barədə xe barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehdən onun xeyrinə 154 manat məbləğində aliment tutulması qət edilmişdir. Artıq aliment məbləği artırılaraq ölkə üzrə 193 manat müəyyən olunmuşdur. Cavabdehin rəsmi iş yeri yoxdur. Atası ilə fəhlə işləyirdi və Qusar rayonu, Xulux kəndində qoyun otarmaqla məşğul idi. Öz ailəsi də kənd təsərrüfatı ilə məşğuldur, lakin özü işləmir və uşağını da, onu da valideynləri saxlayır. Uşaq böyüyüb, 4-cü sinifdə oxuyur. Onun geyimi, yeməyi, ümumiyyətlə bütün ehtiyacları atasının öhdəliyindədir. Cavabdeh əvvəlki məhkəmə iclasında anasına baxdığını və imkanı olmadığını bildirsə də, onun başqa bacı-qardaşı da var və onlar da analarına baxa bilərlər. Tehranın Bakıda da evi var və burada işləyib uşağına baxa bilər. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, Gilah kənd nümayəndəliyindən arayış almışdır və arayışda şəxsi təsərrüfatla məşğul olduğu, lakin yaşadığı təsərrüfatda hal-hazırda heçbir mal-qara və ya xırda buynuzlu heyvan olmadığı və heç bir yerdə işləmədiyi qeyd olunmuşdur. Həmçinin, atası vəfat edib, anası da onun öhdəliyindədir və anasına da o baxır. Əvvəllər əmisinin həyətində işləyirdi və onun qoyunları var idi, çobanlıq edib mallarını saxlayırdı. Sonradan rublun məzənnəsi aşağı düşdüyü üçün onlar malları da satıb Rusiyaya getdilər. Bu səbəbdən hazırda həyətyanı işlərdə əkinçiliklə məşğuldur. Hazırda 154 manat aliment ödəyir və bundan artığını ödəməyə maddi imkanı yoxdur. Həmçinin iddiaçı hal-hazırda bağçada işləyir, o isə heç yerdə işləmir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6772/2018 nömrəli iş üzrə qəbul etdiyi 28 noyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Mirzağayeva (Bəyağayeva) Aygün Bəyağa qızının Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiası qismən təmin edilərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3309/2015 saylı 19 iyun 2015-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 01.05.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində alimentin iddiaçı Mirzağayeva (Bəyağayeva) Aygün Bəyağa qızının xeyrinə tutulması qət edilmişdir. Qusar RİHB-nın Gilah kənd İƏD üzrə nümayəndəli tərəfindən verilmiş 21.04.2022-ci il tarixli 63 №-li arayışdan görünür ki, həqiqətən Bakı şəhər Hövsan qəsəbəsi sakini Cavabdeh 2020-ci ildən hal-hazıradək Qusar rayonu Xuluq kəndində yerləşən mərhum babanın evində yaşayır və şəxsi təsərrüfatla məşğuldur. Onun yaşadığı təsərrüfatda halhazırda heçbir mal-qara və ya xırda buynuzlu heyvan yoxdur. İnzibati ərazidə heç bir yerdə işləmir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, tərəflərin əvvəllər rəsmi nikahda olması, rəsmi nikahdan bir uşaqlarının olması, həmin uşağın ananın yanında qalmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İşin faktiki hallarından görünür ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin ailə və maddi vəziyyətində dəyişiklik olmamışdır, cavabdehin əvvəllər əldə etdiyi gəlirlərin artmasına dair sübutlar təqdim olunmamışdır. Əksinə olaraq, cavabdeh tərəfindən təqdim edilmiş arayışdan görünür ki, cavabdeh şəxsi təsərrüfatla məşğuldur, lakin yaşadığı təsərrüfatda hal-hazırda heçbir mal-qara və ya xırda buynuzlu heyvan yoxdur və inzibati ərazidə heç bir yerdə işləmir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyi üçün Mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində rüsum iddiaçının özünə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiası təmin edilməsin. Mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində rüsum İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar