Məhkəmə qərarları › İş №2(010)-1759/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1759/2022

10.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1759/2022 10.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oglundan 17709 manat məbləgində vurulmuş maddi ziyanin və ödənilmiş 144,00 manat dövlət rüsumunun, cəmi 17.853 manat pul vəsaitinin alinib ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin sabiq sürücüsü Cavabdeh oglu 05 avqust 2021-ci il tarixdə saat 07:00 radələrində icarə müqaviləsi ilə MMC-yə məxsus olan və etibarnamə əsasında idarə etdiyi “İSUZU NPR 66L” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Binəqədi rayonu ərazisindən keçən 7,4-cü kilometrliyində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasi Qanununun tələblərini pozaraq Mercedes Benz markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Sonradan hadisə ilə əlaqədar Baş İstintaq və Təhqiqat İdarəsinin Yolnəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılmış, qeyd olunan hadisənin “İsuzu NPR 66L” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Cavabdeh və Mercedes Benz markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən yol hərəkəti qaydalarının pozulmasi nəticəsində baş verdiyi müəyyən olunmuşdur. İş üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 04 sentyabr 2021-ci il tarixli qərar qəbul olunmuşdur. Qərarın surəti Cavabdeh oglu barəsində İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilməsi üçün BDYPİ-nin YPXA-na göndərilmiş və Cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Sürücü Cavabdeh tərəfindən törədilən yol nəqliyyat hadisəsi nəticəsində MMC-yə məxsus olan “İSUZU NPR 66L” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi tamamilə dağılaraq yararsız vəziyyətə düşmüş və avtomobilə 17709 manat məbləgində maddi ziyan dəymişdir. Belə ki, "xxxx" MMC şirkəti tərəfindən tərtib olunmuş 13 sentyabr 2021-ci il tarixli “qüsur aktı”na əsasən avtomaşının təmiri üçün tələb olunan ehtiyyat hissələrinin alınması və təmir işlərinin görülməsi ilə baglı xərclərin ümumilikdə 17709 manat təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh əvvəl avtomobilin təmiri üçün lazım olan xərcləri hissə-hissə ödəyəcəyini bildirmiş, lakin, sonradan həmin məbləği ödəməkdən yayınmışdır. Belə ki, Cavabdeh avtomobilə dəymiş ziyani cəmiyyətə ödəməyəcəyini bildirmişdir. Cavabdehin əməli nəticəsində avtomobilə dəymiş 17709 manat məbləgində maddi ziyan cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. Daha sonra İddiaçı MMC-nin nümayəndəsi Vəkil iddianın əsasının dəyişməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17 709,00 manat məbləğində vurulmuş maddi ziyanın və ödənilmiş 144,00 manat dövlət rüsumunun, cəmi 17.853 manat pul vəsaitinin alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin sabiq sürücüsü Cavabdeh 05 avqust 2021-ci il tarixdə saat 07:00 radələrində icarə müqaviləsi İddiaçı MMC-yə məxsus olan və etibarnamə əsasında idarə etdiyi “İSUZU NPR 66L” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Binəqədi rayonu ərazisindən keçən 7,4-cü kilometrliyində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq Mercedes Benz markalı, ** FB *** övlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Sonradan hadisə ilə əlaqədar Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-Nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılmış, qeyd olunan hadisənin “İSUZU NPR 66L” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü - Cavabdeh və Mercedes Benz markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verdiyi müəyyən olunmuşdur. İş üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 04 sentyabr 2021-ci il tarixli qərar qəbul olunmuşdur. Qərarın surəti Cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilməsi üçün BDYPİ-nin YPXA-na göndərilmiş və Cavabdeh barəsində İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. Sürücü Cavabdeh tərəfindən törədilən yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-yə məxsus olan “İSUZU NPR 66L” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi tamamilə dağılaraq yararsız vəziyyətə düşmüş və avtomobilə 17 709,00 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, "xxxx" MMC şirkəti tərəfindən tərtib olunmuş 13 sentyabr 2021-ci il tarixli “Qüsur aktı”na əsasən avtomaşının təmiri üçün tələb olunan ehtiyyat hissələrinin alınması və təmir işlərinin görülməsi ilə bağlı xərclərin ümumilikdə 17 709,00 manat təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh əvvəl avtomobilin təmiri üçün lazım olan xərcləri hissə-hissə ödəyəcəyini bildirmiş, lakin, sonradan həmin məbləği ödəməkdən yayınmışdır. Belə ki, Cavabdeh avtomobilə dəymiş ziyanı cəmiyyətə ödəməyəcəyini bildirmişdir. Hesab edir ki, cavabdehin əməli nəticəsində avtomobilə dəymiş 17709 manat məbləğində maddi ziyan onun tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi iddia tələb hüququ olmayan şəxs tərəfindən cavabdehə qarşı qaldırılmışdır. Hazırkı anda "xxxx" Koroğlu MMC tərəfindən mülkiyyətçi X3 mülkiyyətində olan “İSUZU NPR 66L” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilə İddiaçı MMC-nin sürücüsü Cavabdeh tərəfindən vurmuş olduğu 17 709,00 manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçı MMC-nin nümayəndəsi Vəkil əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında icraə müqaviləsi bağlanmışdır. “İSUZU NPR 66L” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehə təhvil verilmiş və nəticədə 05 avqust 2021-ci il tarixdə yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh təqsirli bilinmiş və Cavabdeh barəsində İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. Sürücü Cavabdeh tərəfindən törədilən yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-yə məxsus olan “İSUZU NPR 66L” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi tamamilə dağılaraq yararsız vəziyyətə düşmüş və avtomobilə 17 709,00 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, "xxxx" MMC şirkəti tərəfindən tərtib olunmuş 13 sentyabr 2021-ci il tarixli “Qüsur aktı”na əsasən avtomaşının təmiri üçün tələb olunan ehtiyyat hissələrinin alınması və təmir işlərinin görülməsi ilə bağlı xərclərin ümumilikdə 17 709,00 manat təşkil etdiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiyini və məhkəmə iclaslarına iştirakları olmadan mülki işə baxılmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək əvvəlki məhkəmə iclasında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi, onun həmin yol-nəqliyyat hadisəsində təqsirli olmasını yalnız məhkəməyə təqdim etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərardır ki, bu da təqsirsizlik prezumpsiyası prinsipinə görə AR İXM-nin 8-ci maddəsi ilə ziddiyyət təşkil edir. Çünki, hazırkı mübahisəyə görə onun təqsirliyi barədə hər hansı qanuni qüvvəyə minmiş qərar mövcud deyildir. Göründüyü kimi hələ də iddiaçı tərəfindən hazırkı iclasadək məhkəməyə təqsirlilik barədə yekun məhkəmə qərarı təqdim edilməmişdir. Bu da iddia tələbinin qanunsuz və əsassız olmasına göstərir. Bundan başqa iddiaçının maddi zərərlə bağlı tələbinə gəldikdə isə göstərilmiş məbləğ həddindən artıq şişirdilmiş və reallığı əks etdirmir. İddiaçı köhnə “İsuzu” markalı ** KM *** dövlət qeydiyyat nişanlı avtomobildə zərərə məruz qalmayan hissələrlə bağlı da qüsurlar müəyyən edib, yeni avtomobilin dəyəri həddində tələb irəli sürür. O, bu iddianı qəbul etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 02 dekabr 2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh əmək müqaviləsinə xitam verilməsinin əsası: 70.ç) işçi özünün əmək funksiyasına və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxid bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. İş materiallarına əlavə edilmiş 13 sentyabr 2021-ci il tarixli qüsur aktından görünür ki, “İsuzu NPR 66L” yük markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri və serviz xidməti ümumilikdə cəmi 17709,11 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə Cavabdeh xəsarət almış X1 bir-biri ilə barışdığına görə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinin surətindən müəyyən olunur ki, icarəyəverən fiziki şəxs X7 ilə icarəçi İddiaçı MMC arasında icarə müqaviləsi bağlanmış və icarəyə verən qanuni əsaslarla ona məxsus olan avtomobillərini İddiaçı MMC-nin istifadəsinə verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli təhvil-təhsil aktının surətindən görünür ki, “İSUZU NPR 66L” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-yə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş tam maddi məsuliyyət haqqında müqavilənin surətindən müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və tam maddi məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş əmək müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında 07 avqust 2020-ci ildə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Cavabdeh İddiaçı MMC-də sürücü kimi işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən X5 17709,11 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarına əlavə edilmiş AB seriyalı 601393 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “İsuzu NPR 66L” yük markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X6r. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli etibarnamənin kserosurətindən görünür ki, X7 “İsuzu NPR 66L” yük markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyi Cavabdeh etibar etmişdir. Etibarnamə xx.xx.2023-cü il tarixə qədər etibarlıdır. İş materiallarına əlavə edilmiş X8 X4 kserosurətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" tərəfindən tərtib edilmiş, 13 sentyabr 2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “İsuzu NPR 66L” markalı, ** KM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11097,0 manat müəyyən edilir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ-ci bəndinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin a) bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində iştirak etmək və bunun üçün keçirilən tədbirlərdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına köməklik göstərmək, onlara məxsus olan nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması və istismarı üçün tədbirlər görmək, yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı və ətraf mühitin nəqliyyatın zərərli təsirindən qorunması üçün tədbirləri həyata keçirmək, bu qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək fiziki şəxslərin vəzifələrindəndir. İstinad edilən maddələrin məzmunundan görünür ki, zərərin əvəzi zərərvuran şəxs tərəfindən ödənilməlidir, belə ki, işçi öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlamışdır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizası nəticəsində müəyyən olunmuşdur ki, «İSUZU NPR 66L” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 11097 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edildi ki, fiziki şəxs X7 ilə icarəçi İddiaçı MMC arasında icarə müqaviləsi bağlanmış və icarəyə verən qanuni əsaslarla ona məxsus olan “İsuzu NPR 66L” yük markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı MMC-nin istifadəsinə verilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış və cavabdeh tam maddi məsuliyyət barədə öz üzərinə öhdəlik götürmüşdür. Bundan əlavə mülkiyyətçi X7 tərəfindən “İsuzu NPR 66L” yük markalı, **- KM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə olunması ilə bağlı Cavabdeh etibarnamə verilmişdir. “İSUZU NPR 66L” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehə təhvil verilmiş və nəticədə 05 avqust 2021-ci il tarixdə yol nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Aparılmış ekspertiza rəyinə əsasən qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “İsuzu NPR 66L” markalı, ** KM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11097,0 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən X5 17709,11 manat məbləğində ödəniş olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının sahibliyində olan «İSUZU NPR 66L” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə olunarkən yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə avtomobilə maddi ziyan dəymişdir. Hadisə baş verən zaman «İSUZU NPR 66L” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh olmuş və yol hərəkətinin təşkili, onun təhlükəsizliyinin təmin olunması onun vəzifələrindən biri olsa da, sürücü tərəfindən yol hərəkəti qaydalarının tələbləri pozulmuş və bununla bağlı inzibati xəta törədilməsində təqsirli bilinərək barəsində qərar qəbul edilmişdir. Hazırda iddiaçı 17709 manat məbləğində dəymiş zərərin və 144 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları da nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə ona vurulmuş maddi ziyana görə aparılmış ekspertiza rəyi əsasında 11097 manat məbləğində pul tutulmalıdır. Lakin iddia qalan hissədə təmin edilməməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xatırladır ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11097(on bir min doxsan yeddi) manat məbləğində maddi zərər və 144(yüz qırx dörd) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri -100 (yüz) manat Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar