Məhkəmə qərarları › İş №2(010)-177/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-177/2022

20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-177/2022 20.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3106.5 manat məbləğində əsas borc, 4799.72 manat məbləğində faiz borcu, cəmi 7906.22 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 04.12.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Bank Borcluya 84 ay müddətinə, illik 26.43% olmaqla, 3822.5 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Tərəflərin izahatları. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə edilmişdir ki, ekspert rəyi ilə tanış olunmuşdur. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasın mümkün hesab etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı Bank tərəfindən ondan tələb edilən borc onun real borcundan çoxdur. O, banka təxminən 3000 manat məbləğində əsas borcu olduğunu bildirmiş, faiz borcu ilə isə qəti şəkildə razılaşmamışdır. Bu səbəbdən məhkəmədən məhkəməmühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Cavabdehə hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04.12.2015-ci il tarixli, RV/11456/55/14 saylı kredit sazişindən görünür ki, müqaviləyə əsasən Bank Kredit alana 84 ay müddətinə illik 26.43 %-lə 3833.50 manat məbləğində kredit verir, kredit alan isə bu Müqavilə üzrə verilmiş krediti və hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürür. 04.12.2015-ci il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödənişlərin 30.12.2015 – 05.12.2022-ci il tarixləri arasında aylıq 114.28 manat (ilk 24 ay güzəştlə ~76- 96 manat, sonuncu ay 112.93 manat) olmaqla ödənilməsi təsdiq edilmişdir. 11.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 04.12.2015-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 3106.5 manat əsas, 4799.72 manat faiz və 0 cərimə borcu var. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 02.03.2021-ci il tarixli “kredit müqaviləsinin ləğv edilməsinə dair” bildirişdən görünür ki, 04.12.2015-ci il tarixli kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə müvafiq borc məbləğinin tələbi ilə bağlı məhkəməyə müraciət olunacaq, habelə məhkəmə və icra hərəkətlərinə çəkilən xərclər ondan tutulacaq, eyni zamanda bağlanmış kredit müqaviləsi ləğv ediləcək. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.04.2022-ci il tarixli, 9/1329 nömrəli rəyindən görünür ki, hazırkı ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 04.12.2015-ci il tarixli, RV/11456/55/14 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 11.08.2021-ci il tarixinə (maliyyə arayışın tarixə) İddiaçı ASC-yə olan borcu 7906.22 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 3106.50 manat, faiz borcu üzrə 4799.72 manat. İşin faktiki halları. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 04.12.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən Borcalana 84 ay müddətinə, illik 26.43% ödəmək şərtilə 3833.5 manat məbləğində kredit verilmiş, Borcalan isə götürdüyü krediti müqavilə ilə müəyyən edilmiş müddətdə faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, bu səbəbdən İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, xüsusən faiz borcunun artıq hesablandığını bildirdiyindən məhkəmə tərəfindən kredit müqaviləsi üzrə ödənilməmiş borcun hesablanması məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert tərəfindən verilmiş rəydə hesablanmış əsas və faiz borcu məbləğləri iddia tələbi ilə eynilik təşkil etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil+ olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmənin mövqeyi. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bu kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləğdə pulu borcluya vermişdir. Borclu isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Buna görə də cavabdehdən ödənilməmiş 3106.5 manat əsas borc və 4799.72 manat faiz borcu pul tutularaq iddiаçı İddiaçı ASC-yə ödənilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, məhkəmə iclasında iştirak edən cavabdeh hər nə qədər faiz borcunun artıq hesablandığını iddia etsə də iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının nəticəsi də iddia tələbi ilə eynilik təşkil etmişdir. Müvafiq rəy cavabdeh tərəfindən müqavilə üzrə edilmiş bütün ödənişləri özündə əks etdirən hesabdan çıxarış əsasında bu sahədə xüsusi biliyə malik ekspert tərəfindən verildiyindən məhkəmə müvafiq rəylə razılaşmışdır. Bundan başqa, iddia tələbindən görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış kredit müqaviləsinin ləğv edilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, cavabdeh müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bundan sonra, cavabdehə öhdəliyin lazımınca icra edilməyəcəyi təqdirdə müqavilənin ləğv edilməsi barədə bildiriş göndərilmiş, lakin heç bir cavab alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Bank kredit müqaviləsinin ləğvini tələb etməkdə də haqlı olmuşdur. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixdə qüvvədə olan iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, iş üzrə verilmiş ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində müəyyən edilmişdir. Müvafiq ekspertiza cavabdehin şifahi vəsatəti əsasında təyin edilməsinə baxmayaraq, verilmiş yekun rəydə iddia tələbində göstərilən məbləğlərin düzgün hesablanmış olduğu nəticəsinə gəlindiyindən və iddia tam təmin edildiyindən məhkəmə hesab edir ki, ekspertiza xərci bütövlükdə cavabdehdən tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış 04.12.2015-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 04.12.2015-ci il tarixli müqavilə üzrə 3106.5 manat əsas borc və 4799.72 manat faiz borcu olmaqla, cəmi 7906.22 manat (yeddi min doqquz yüz altı manat iyirmi iki qəpik) məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış 04.12.2015-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 04.12.2015-ci il tarixli müqavilə üzrə 3106.5 manat əsas borc və 4799.72 manat faiz borcu olmaqla, cəmi 7906.22 manat (yeddi min doqquz yüz altı manat iyirmi iki qəpik) məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 100 (yüz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar