Məhkəmə qərarları › İş №2(010)-1780/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1780/2024

16.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1780/2024 16.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona təhvil verilmiş avadanlığın dəyəri olan 2277.40 manat dəyərində vəsaitin alınıb Bakı şəhər Maliyyə İdarəsinin müvafiq hesabına (müxbir hesab: AZ66CTRE********************; səviyyə kodu: 1; təsnifat kodu: 142330; valyuta: azn, VÖEN: **********) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Cavabdeh Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-68/2023 nömrəli, 18.01,2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı böyük icra məmuru A.Məlikov tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi dövrdə elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla 1 ədəd “Attenti” markalı 35639596 mobil nəzarət qurğusu, bir ədəd eyni markalı 078CE 06557 nömrəli elektron qolbaq, bir ədəd mobil qurğunun enerji adapteri, yaddaş kitabçası məhkum - hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. İcra məmurunun təqdimatına əsasən məhkum Cavabdeh cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və onun barəsində axtarış elan edilmiş və həbs qətimkan tədbiri seçilmişdir. O, Suraxanı RPİ-nin əməkdaşları tərəfindən saxlanılarkən üzərinə baxış keçirilmiş və ona təhvil verilmiş elektron nəzarət vasitələri onun üzərində aşkar edilməmişdir.

Tərəflərin izahatları

3. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbi ilə razı deyildir. Belə ki, elektron nəzarət vasitəsini bilərəkdən yararsız vəziyyətə salmamışdır. O, suya daxil olmuş və bu zaman üzərində olan çantanın zəncirbəndi açıq vəziyyətdə olduğu üçün oradan elektron nəzarət vasitəsi suya düşmüşdür. Daha sonra, həmin elektron nəzarət vasitəsinin səs sistemi aktiv olsa da, lakin ekranı işləməmişdir.

İş materialları

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(009)-68/2023 saylı hökmündən görünür ki, Cavabdeh AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01 bir il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, AR CM-nin 69.3-cü maddəsinə uyğun olaraq Cavabdeh ibtidai istintaq dövründə 30 sentyabr 2022-ci il tarixdən 01 oktyabr 2022-ci il tarixədək, 24 noyabr 2022-ci il tarixdə, yəni 02 gün həbsdə saxlanıldığı müddətin 01 günü 02 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq 04 gün təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 il 02 iki ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması saxlanılmış, Cavabdeh üzərinə hər gün saat 23.30-dan növbəti gün 07.00-a dək yaşayış yeri – ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəzaçəkmə müddətinin əvvəlinin Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəzanın icrasının İddiaçınə həvalə edilməsi, Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Cavabdeh məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması, Səbail RPİ-də saxlanılan iş üzrə maddi sübut kimi tanınmış keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.120 qram olan psixotrop maddənin – metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 92 manat pul vəsaitinin Cavabdeh tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi və Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən təqsirləndirilən şəxs Cavabdeh hüquqlarının məhkəmədə müdafiə olunmasına görə dövlət büdcəsindən 72 manat pul vəsaitinin Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına ödənilməsi hökm edilmişdir.

6. xx.xx.2023-cü il tarixli “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə” Protokoldan görünür ki, məhkum Cavabdeh 1 ədəd “Attenti” markalı 35639596 mobil nəzarət qurğusu, bir ədəd eyni markalı 078CE 06557 nömrəli elektron qolbaq, bir ədəd mobil qurğunun enerji adapteri tətbiq edilərək təhvil verilmişdir.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-366/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(009)-68/2023 saylı hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona qəti olaraq təyin edilmiş 01 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10 ay 04 gün hissəsinin AR CM-nin 52-1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılmasının bir gün azadlıqdan məhrumetmə hesabı ilə hesablanması və azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş həmin hissəsinin 05 ay 02 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi və Cavabdeh cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və s. qərara alınmışdır.

8. "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli sənədindən görünür ki, 1 ədəd sadə elektron qolbaq, 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektron adapter və 1 ədəd proqram lisenziyasının dəyəri ƏDV daxil olmaqla cəmi 2277.40 manatdır.

İşin faktiki halları

9. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı tərəf cavabdehin ona təhkim edilmiş elektron nəzarət vasitəsini yararsız hala salmaqla iddiaçıya 2277.40 manat məbləğində maddi ziyan vurulduğunu bildirir və bu səbəbdən həmin pul vəsaitinin cavabdehdən tutulmasını tələb edir. İddiaçının tələbinin hüquqi əsaslandırmasını Mülki Məcəllənin delikt münasibətlərini tənzimləyən normaları təşkil edir. Cavabdeh isə iddia tələbini qəbul etmir və bildirir ki, həmin elektron nəzarət vasitəsini qəsdən korlamamışdır.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmənin mövqeyi

12. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

13. Məhkəmə qeyd edir ki, iş materialları və tərəflərin izahatı nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh ona təyin edilmiş cəzanın icrası ilə əlaqədar olaraq 1 ədəd “Attenti” markalı 35639596 mobil nəzarət qurğusu, bir ədəd eyni markalı 078CE 06557 nömrəli elektron qolbaq, bir ədəd mobil qurğunun enerji adapteri tətbiq edilərək təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh ona təhkim olunan elektron nəzarət vasitəsini qəsdən yararsız vəziyyətdə salmadığını bildirsə də, lakin bununla belə cavabdehin özünün də bildirdiyi kimi, həmin nəzarət vasitəsini ehtiyatsızlıqdan suya salmaqla, yararsız vəziyyətə salmışdır. Bu hal, cavabdehin mülki hüquqi məsuliyyətinin yaranması üçün əsasdır. Ona görə ki, həmin nəzarət vasitəsi ona təhkim edilmiş və qurğunun saz vəziyyətdə saxlanılmasına da cavabdeh məsuliyət daşımışdır. Ona görə də, iddiaçı haqlı olaraq cavabdehə qarşı maddi ziya tələbi ilə məhkəməyə müraciət etmişdir. Vurulmuş ziyanın məbləğinə gəldikdə isə, iş materiallarından göründüyü kimi həmin elektron nəzarət vasitəsinin dəyəri 2277.40 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı həmin elektron nəzarət vasitəsinə görə cavabdehdən 2277.40 manat maddi ziyan məbləği tələb etməkdə haqlıdır.

Məhkəmə xərcləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

15. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

17. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı iş üzrə dövlət rüsumu ödənilməsindən azad olduğundan iş üzrə ödənilməli olan 42.70 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

18. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Səlı̇ mov Rüfət Felı̇ ks oğlundan ona təhvil verilmiş "Attenti" markalı 35639596 saylı mobil nəzarət qurğusunun dəyəri olan 2270.40 manat pul vəsaiti tutularaq Bakı Şəhər Maliyyə İdarəsinin (müxbir hesab: AZ66CTRE********************, səviyyə kodu : 1, təsnifat kodu : 142330, VÖEN : **********) hesabına ödənilməli və iş üzrə ödənilməli olan 42.70 manat dövlət rüsumu cavabdeh Səlı̇ mov Rüfət Felı̇ ks oğlundan tutularaq dövlət büdcəsinə ödənilməlidir.

19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. Cavabdeh Səlı̇ mov Rüfət Felı̇ ks oğlundan ona təhvil verilmiş "Attenti" markalı 35639596 saylı mobil nəzarət qurğusunun dəyəri olan 2270.40 manat pul vəsaiti tutularaq Bakı Şəhər Maliyyə İdarəsinin (müxbir hesab: AZ66CTRE********************, səviyyə kodu : 1, təsnifat kodu : 142330, VÖEN : **********) hesabına ödənilsin. İş üzrə ödənilməli olan 42.70 manat dövlət rüsumu cavabdeh Səlı̇ mov Rüfət Felı̇ ks oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar