Məhkəmə qərarları › İş №2(010)-1782/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1782/2021

21.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1782/2021 21.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 155790 ABŞ dolları və 54500 manat pul məbləğinin müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. «İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehlər əlbir olaraq İddiaçı MMC-nin ofisindən 2006-cı il tarixdə 155 790, ABŞ dolları və 54500 manat pul oğurluğu etməklə şirkətə külli miqdarda maddi ziyan vurmuşdur. Belə ki, Bakı Ağır cinayətlər məhkəməsinin qanuni qüvvəyə minmiş cinayət işi üzrə 28 yanvar 2019-cu il tarixli 1(101)-83/2019 saylı hökmündən də görünür ki, Cavabdeh4 İddiaçı MMC-nin ofisindən etdiyi 155 790, ABŞ dolları və 54500 manat pul oğurluğuna görə AR CM-nin 177.3.2 maddəsi ilə cəza almış və digər cavabdehlərlə əlbir olaraq oğurluq etmə əməlini özü də etiraf etmişdir. Həmin cinayət işi üzrə İddiaçı MMC zərərçəkmiş şəxs kimi tanınsa da, mülki iddia verilməmiş və hazırda iş üzrə cinayət faktı və maddi ziyan dəyməsi faktı sübuta yetirildiyi üçün bu iddianı verməkdə haqlıdır. Bundan başqa, digər Cavabdeh3 barəsində Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin İstintaqı Şöbəsinin 01 avqust 2019-cu il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarına əsasən Cavabdeh3 İddiaçı MMC-nin ofisindən etdiyi 155 790 ABŞ dolları və 54500 manat pul oğurluğunda iştirakı təsdiq edilmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə onun barəsində cinayət təqibinə xitam verilmişdir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı MMC-nin ofisindən etdiyi 155 790 ABŞ dolları və 54500 manat pul oğurluğunda iştirakları təsdiq edilmiş, lakin Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin İstintaqı Şöbəsinin 01 avqust 2019-cu il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarına əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə onlar barəsində cinayət təqibinə xitam verilmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ilə bilikdə əlbir olaraq İddiaçı MMC-dən 155 790 ABŞ dolları və 54500 manat pul oğurluğu etdiklərini etiraf etmişlər. Belə ki, cavabdehlərin şirkətə 155 790 ABŞ dolları və 54500 manat pul oğurluğu etməklə həmin məbləğdə maddi ziyan vurmaları Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş ********* saylı cinayət işi üzrə 28 yanvar 2019-cu il tarixli hökmü və Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin İstintaqı Şöbəsinin 01 avqust 2019-cu il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarı ilə tam təsdiqini tapmışdır. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin 28.02.2019-cu il tarixli cinayət işi üzrə icraata qismən xitam verilməsi haqqında qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 234.4.3cü maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə icraata 03 dekabr 2006-cı il tarixdə saat 02 radələrində ünvan 1 ünvanında yerləşən “xxxx” şirkətindən ümumilikdə 190,496 manat yəni külli miqdarda maddi ziyan vurmaqla oğurluq edilməsi faktı üzrə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 barəsində cinayət təqibinə cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçməsi əsası ilə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.01.2019-cu il tarixli 1(101)-83/2019 saylı hökmündən görünür ki, Cavabdeh4 Azərbaycan Respublikası CM-nin 177.3.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə 09 (doqquz) il 06 (altı ay) müddətə, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh4 qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən barəsində tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 29,177.2.1., 29,177.2.2., 29,177.2.3., 177.2.1., 177.2.2., 177.2.3. və 177.2.4-cü maddələri ilə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqan məhrum etmə cəzasının çəkilməmiş, şərti olaraq vaxtından əvvəl azad edilmiş qalan 05 (beş) ay 17 (on yeddi) gün hissəsi hazırkı hökmlə təyin edilmiş 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək qəti olaraq 11 (on bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli 24.08.2017-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İş materiallarında olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş 21.10.2020-ci il tarixli ərizələrindən müəyyən olunur ki, «xxxx» MMC-nin onlara qarşı olan iddiasını, yəni 25000 olan hissəsini qəbul etmişlər və həmin borcun hissə-hissə ayda 200- 250 manat olmaqla ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23.02.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.01.2019-cu il tarixli 1(101)-83/2019 saylı hökmü ilə Cavabdeh4 Azərbaycan Respublikası CM-nin 177.3.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə 09 (doqquz) il 06 (altı ay) müddətə, Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh4 qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən barəsində tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 29,177.2.1., 29,177.2.2., 29,177.2.3., 177.2.1., 177.2.2., 177.2.3. və 177.2.4-cü maddələri ilə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş, şərti olaraq vaxtından əvvəl azad edilmiş qalan 05 (beş) ay 17 (on yeddi) gün hissəsi hazırkı hökmlə təyin edilmiş 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək qəti olaraq 11 (on bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli 24.08.2017-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Həmin hökmlə müəyyən olunmuşdur ki, Cavabdeh4 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə X1 və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 03 dekabr 2006-cı il tarixdə, saat 02 radələrində ünvan 1 ünvanında yerləşən “xxxx” şirkətinin ofis binasına pəncərədən keçmək üsulu ilə qanunsuz olaraq daxil olub kassa otağındakı seyfin qapısını özləri ilə gətirdikləri ling vasitəsi ilə sındırıb açaraq oradan şirkətə məxsus həmin dövrün məzənnəsi ilə 135.895,6 manat təşkil edən 155.790 ABŞ dollarını və 54.601 manatı gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş hüquqi şəxs “xxxx” şirkətinə 190.496 manat, yəni külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişlər. Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin 28.02.2019cu il tarixli cinayət işi üzrə icraata qismən xitam verilməsi haqqında qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 234.4.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə icraata 03 dekabr 2006-cı il tarixdə saat 02 radələrində ünvan 1 ünvanında yerləşən “xxxx” şirkətindən ümumilikdə 190,496 manat yəni külli miqdarda maddi ziyan vurmaqla oğurluq edilməsi faktı üzrə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 barəsində cinayət təqibinə cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçməsi əsası ilə xitam verilmişdir. Həmin cinayət işi üzrə İddiaçı MMC zərərçəkmiş şəxs kimi tanınsa da, mülki iddia verilməmiş və hazırda iş üzrə cinayət faktı və maddi ziyan dəyməsi faktı sübuta yetirildiyi üçün bu iddianı verməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh4 barəsində qanuni qüvvəyə minmiş hökmlə ümumilikdə zərərçəkmiş hüquqi şəxs “xxxx” şirkətinə 190.496 manat, yəni külli miqdarda maddi ziyan vurmaqla oğurluq etməsi faktı müəyyən olunduğundan və digər cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 barəsində cinayət təqibinə cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçməsi əsası ilə xitam verildiyindən və həmin qərar qüvvədə olduğundan iddia qismən təmin olunmalı, cavabdehlərdən müştərək qaydada 190496 manat vurulmuş maddi ziyan tutularaq hüquqi şəxs “xxxx” şirkətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada 190 496 (yüz doxsan min dörd yüz doxsan altı) manat vurulmuş maddi ziyan tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar