Məhkəmə qərarları › İş №2(010)-1786/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1786/2020

11.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1786/2020 11.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı X3 və Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı X3 Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X7 Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək məhkəmədən Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsinə əsasən təyin edilmiş 154 manat aliment məbləğinin artırılaraq 200-250 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)-1765/2014 saylı qətnaməsinə əsasən tərəflər arasında olan nikah ləğv edilmiş, xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay cavabdehdən aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2020-ci il üçün uşaqların yaşayış mimimumu 170 manat məbləğində müəyyən edilmişdir. Cavabdehin maddi durumu hazırda uşağın normal böyüməsini təmin etməyə imkan verir. Odur ki, Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsinə əsasən təyin edilmiş 154 manat aliment məbləğinin artırılaraq 200-250 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra, Cavabdeh məhkəməyə etiraz verərək iddiaçının dövlət rüsumunu ödəmədən məhkəməyə müraciət etdiyini və iddia ərizəsinin məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin dövlət rüsumunun ödənilməsi ilə bağlı tələblərini pozmaqla icraata qəbul edildiyini bildirmiş, bundan başqa iddianın əsassız olduğunu qeyd edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X7 iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh Xəzər rayon Sukanal İdarəsində işləyir və 1000 manatdan çox maaş alır.Onun tələb etdiyi məbləğdə aylıq aliment verməyə maddi imkanı var. Odur ki, cavabdehdən onun hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X10 iddianı qəbul etməyərək bildirdi ki, Cavabdeh iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyə maddi imkanı yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(010)-3020/2018 saylı qətnaməsinin surətindən görünür ki, qətnaməyə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5448/2017 nömrəli iş üzrə xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilərək xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ 116671 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 (atası Cavabdeh, anası X7) xx.xx.2011-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 1905 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Azərsu” X12 Xəzər Rayon Sukanal İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2011-ci il tarixdən Xəzər rayon Sukanal İdarəsində qəza-bərpa işləri üzrə çilingər vəzifəsində işləyir və aylıq qazanca malikdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-3020/2018 saylı qətnaməsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5448/2017 nömrəli iş üzrə xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilərək xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı X7 Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək məhkəmədən Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsinə əsasən təyin edilmiş 154 manat aliment məbləğinin artırılaraq 200-250 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmiş, cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 17-cı mаddəsinin İİ bəndinə əsаsən, uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarda daha sonra göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırkı iş üzrə tərəflərin birgə nikahından doğulmuş uşağa da şamil edilməlidir. Bundan başqa, işdən müəyyən edilir ki, yetkinlik yaşına çatmayan uşaq hazırda iddiaçının himayəsindədir və onun saxlanılması ilə bağlı bütün xərclər iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda, yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-3020/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq bu qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanaraq, xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment Cavabdeh tutularaq iddiaçı X6 verilməlidir. Məhkəmə iddiaçı tərəfindən sabit pul məbləğində aliment tələb edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı ilk növbədə tələb etdiyi alimentin miqdarını dəqiq göstərməmiş, (200- 250 manat) bununla da iddia tələbində qeyri-dəqiqliyə yol vermişdir. Bundan başqa, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi, qanunvericiliklə sabit pul məbləğində aliment tutulmasının konkret şərtləri müəyyən edilmişdir. Hazırkı işdən isə görünür ki, məhkəmə iclasında iştirak edən iddiaçı özü cavabdehin Xəzər rayon Sukanal İdarəsində işlədiyini, aylıq 1000 manatdan çox maaş aldığını bildirmiş, cavabdehin maaşı ilə bağlı onun iş yerinə sorğu verilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Məhz iddiaçının vəsatəti əsasında məhkəmə tərəfindən Xəzər rayon Sukanal İdarəsinə sorğu ilə müraciət edilmiş, müvafiq sorğuya verilmiş cavabdan Cavabdeh həqiqətən bu idarədə işlədiyi və aylıq maaş aldığı müəyyən olunmuşdur. Göründüyü kimi, Cavabdeh Xəzər rayon Sukanal İdarəsində işləyir və aylıq vəzifə maaşı vardır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında müəyyən edildiyindən Cavabdeh sabit pul məbləğində deyil, hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Beləliklə, məhkəmə hesаb edir ki, ölkə üzrə uşаqlаr üçün yаşаyış minimumu 170 (yüz yetmiş) mаnаt müəyyən edildiyindən və vаlideynlərin hər ikisinin hüquqlаrı bərаbər оlmаqlа, оnlаrın hər ikisinin uşаğa qаyğı göstərmək bоrcu оlduğundаn, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər yüksək həddə saxlanmasını əsas tutаrаq, hаbelə uşаğa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiаçının üzərinə düşməsini nəzərə аlаrаq xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-3020/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanaraq, hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment Cavabdeh tutularaq iddiaçı X3 xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin, cavabdeh tərəfindən etirazda qeyd edilmiş iddiaçının dövlət rüsumu ödəməməsi və bu səbəbdən iddia ərizəsinin icraata qəbul edilməsinin qanuni olmaması ilə bağlı cavabdehin diqqətinə çatdırır ki, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-in 112.1.3-cü mаddəsinə əsаsən, аliment аlınmаsı hаqqındаkı iddiаlаrdа iddiаnın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli оlduğu hаldа, cаvаbdehdən dövlət rüsumu hesаbınа 30 (otuz) mаnаt аlınаrаq dövlət büdcəsinə keçirilməlidir. Beləliklə, Cavabdeh dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-3020/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanaraq, xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment Cavabdeh tutularaq iddiaçı X3 xeyrinə ödənilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-3020/2018 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi tam icra olunduqdan sonra ləğv edilsin. Ödənilməmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar