Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1792/2021 05.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1110 manat borc məbləği və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla- cəmi 1140 (min yüz qırx) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı yaxın tanışı olmuş, bir-birilərinə etibarları olduğundan cavabdeh ondan müxtəlif vaxtlarda borc pul alıb sonra qaytarmışdır. Lakin 2016-cı ildə cavabdeh iddiaçıdan 1000 ABŞ dolları ayrı, 300 ABŞ dolları ayrı, 600 manat ayrı və 500 manat ayrı borc pul almış, tezliklə borcu qaytaracağını bildirmişdir. Lakin cavabdeh uzun müddət borcunu qaytarmamışdır. O, cavabdehə həmin borcu qaytarmaq üçün müraciət etdikdə isə, xx xxxxxxx 2016-cı il tarixdə cavabdeh ona yazılı ərizə yazaraq, hər ay 200 manat ödəməklə borcunu qaytaracağına söz vermiş və həmin gün ona 200 manat pul ödəmişdir. Bundan sonra isə cavabdeh ona 2017-ci ilin fevral ayından başlayaraq müxtəlif vaxtlarda ödənişlər etməklə ümumilikdə 1 ABŞ dollarının məzənnəsinin 1,70 manat olmasını nəzərə almaqla 1300 ABŞ dolları müqabilində 2200 manat ödəmiş, cavabdehin ona 1110 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh ona son olaraq 2019-cu ilin noyabr ayında 100 manat ödəniş etmiş, bundan sonra isə heç bir məbləğdə ödəniş etməmişdir. O, cavabdehdən qalan məbləği tələb etdikdə o, artıq ona heç bir məbləğdə pul ödəməyəcəyini demişdir. Tərəflərin izahatları İddiaçı iddia tələbinin dəlillərini müdafiə edərək məhkəmədən tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh izahatında göstərdi ki, o, İddiaçı ilə tanışdır, bir-birilərinə etibarları olduğundan o, iddiaçıdan müxtəlif vaxtlarda borc alıb qaytarmışdır. O, 2016-cı ildə ABŞ dollarının kursu 0,78 qəpik olduğu zaman müxtəlif vaxtlarda iddiaçıdan 1000 (bir min) ABŞ dolları, 300 (üç yüz) ABŞ dolları, 600 (altı yüz) manat və 500 (beş yüz) manat məbləğlərində borca pul götürmüşdür. O, ümumilikdə iddiaçıya 2200 manat pul ödəmişdir. Borc götürüləndə 1 ABŞ dollarının məzənnəsi 0,78 manat olduğundan həmin hesabla iddiaçıya borcunu tam ödəmişdir. Sonradan dolların məzənnəsi qalxmışdır. Cavabdeh qeyd olunanlara əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İşin halları İddiaçı iddia edir ki, 2016-cı ildə cavabdeh ondan müxtəlif vaxtlarda 1000 (bir min) ABŞ dolları, 300 (üç yüz) ABŞ dolları, 600 (altı yüz) manat və 500 (beş yüz) manat məbləğində borc pul almışdır. Cavabdeh oktyabr 2016-cı ildə 200 manat, sonra isə 2017-ci ilin fevral ayından başlayaraq müxtəlif vaxtlarda ödənişlər etməklə ümumilikdə 1 ABŞ dollarının məzənnəsinin 1,70 manat olmasını nəzərə almaqla 1300 ABŞ dolları müqabilində 2200 manat ödəmiş, cavabdehin ona 1110 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda 1000 (bir min) ABŞ dolları, 300 (üç yüz) ABŞ dolları, 600 (altı yüz) manat və 500 (beş yüz) manat məbləğində borc pul almasını, iddiaçıya oktyabr 2016cı ildə 200 manat, sonra isə 2017-ci ilin fevral ayından başlayaraq müxtəlif vaxtlarda 2200 manat ödəməsini etiraf edir. Cavabdeh kreditin dollarla götürülməsindən sonra manatın dollara nisbətdə devalvasiyaya uğraması, manatın dollara nisbətdə əvvəlki kursu nəzərə alınarsa iddiaçıya borcu olmamasını irəli sürür. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 106.4. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, İddiaçı ilə Cavabdeh arasında 2016-cı ildə müxtəlif vaxtlarda şifahi formada kredit müqavilələri bağlanmış, kredit müqavilələrinin predmetini 600 manat və 500 manat, eləcə də xarici valyutada pul məbləği, yəni 1000 ABŞ dolları və 300 ABŞ dolları təşkil etmiş, cavabdeh 2016-cı ilin oktyabr ayında 200 manat, sonra isə 2017-ci ilin fevral ayından hazırki vaxta qədər həmin məbləğdən 2200 (iki min) manat məbləğində pul ödəmişdir. Bu faktları cavabdeh öz izahatında təsdiq etmişdir. Məhkəmə nəzərə alır ki, iddiaçının tələbini əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə eyni zamanda nəzərə alır ki, məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir, bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Məhkəmə tərəfindən yuxarıda qeyd edilən hallar aşkar edilmədiyindən, iddiaçının tələbini əsaslandırdığı faktları digər tərəfin etiraf etməsini məhkəmə qəbul edir və həmin faktları mübahisələndirmir. Cavabdehin etirazının dəlili kreditin dollarla götürülməsindən sonra manatın dollara nisbətdə devalvasiyaya uğraması, manatın dollara nisbətdə əvvəlki kursu nəzərə alınarsa, iddiaçı ilə arasında olan müqavilələr üzrə borcunun olmaması ilə bağlıdır. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair x xxxxxxxx 2018-ci il tarixli Qərarındakı hüquqi mövqe aşağıdakı kimi olmuşdur: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” x xxxxxxxx 2018ci il tarixli Qərarında qeyd olunur ki, manatın məzənnəsinin dəyişməsini tərəflər üçün gözlənilməz olan və ya qabaqcadan görmək mümkün olmayan hal kimi qiymətləndirmək olmaz. Belə ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.3-cü maddəsinə əsasən, Mərkəzi Bank manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir. Göründüyü kimi, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin mümkünlüyü qanunvericilikdə təsbit edilmişdir. Hər bir vətəndaş, o cümlədən iqtisadi münasibətlərin iştirakçısı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinin müəyyən edilməsi faktını bilir. Manatın xarici valyutalara nisbətdə məzənnəsinin müəyyən edilməsi o deməkdir ki, valyuta məzənnələri sabit deyil. Yəni manatın məzənnəsi müxtəlif iqtisadi və maliyyə faktorlarından asılı olaraq xarici valyutalara nisbətdə arta və ya azala bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən, manatın məzənnəsinin dəyişməsi kredit münasibətlərinin tərəfləri üçün gözlənilməz hal kimi qəbul edilə bilməz. Belə olan halda manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi meyarlarına cavab vermir. Borc alan krediti xarici valyutada götürdüyü zaman manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü görməli və bilməli idi. Bu halda borclu krediti xarici valyutada götürməklə manatın məzənnəsinin dəyişməsi riskini öz üzərinə götürmüş olur. Mülki Məcəllənin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxx 2015-ci il tarixli Qərarında bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Qərarda eləcə də qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Mülki Məcəllənin 439.2-ci maddəsi xarici valyutada olan pul öhdəliyinin manatla icrası zamanı öhdəliyin icrasının ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılmasını birmənalı müəyyən edir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan krediti xarici valyuta olan dollarla götürdükdən sonra Azərbaycan Respublikasının pul vahidi olan manatın dollara nisbətdə məzənnəsinin dəyişməsinin onun üçün gözlənilməz hesab edilmədiyini və krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilməməlidir. Bundan başqa məhkəmə vurğulayır ki, tərəflər arasında kredit müqaviləsi üzrə borcun hansı valyutada ödənilməsini nəzərdə tutan müqavilə olmadığından, öhdəlik xarici valyutada olan pul öhdəliyi olduğundan, bu cür öhdəliklərin manatla icrası zamanı öhdəliyin icrasının ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılmalı olması birmənalı müəyyən edildiyindən cavabdehin etirazının dəlilləri əsaslı sayıla bilməz və borclu öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən əsaslara görə iddia təmin olunmalıdır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 (otuz) manat məbləğdə pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1100 (bir min bir yüz) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-1792/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1792/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver