Məhkəmə qərarları › İş №2(010)-1792/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1792/2023

04.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1792/2023 04.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı ilə, İddiаçı İddiaçı Cavabdeh Əlibala oğluna qarşı “alimentin artırılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh Əlibala oğluna qarşı “alimentin artırılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(010)- 4126/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, Cavabdeh xx.xx.2016-cı ildə anadan olmuş oğlu X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 220 manat alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olmuş, bu nikahdan xx.xx.2016-cı il təvəllüdlü X5 adlı oğulları anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi, uşağın saxlanılmasında ona köməklik göstərmədiyi üçün o, məcbur qalıb cavabdehdən nikahın pozulması və alimentin tutulması ilə bağlı Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə uşaq yetkinlik yaşına çatanadək hər ay 160 manat məbləğində alimentin cavabdehdən tutulub ona ödənilməsi ilə bağlı 25 aprel 2019-cu il tarixli 2(010)-2094/2019 saylı qətnamə qəbul etmişdir. Bundan sonra o, alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmiş, Suraxanı Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(010)-4126/22 saylı qətnaməsinə əsasən alimentin məbləği artırılaraq 193 manat müəyyən edilmişdir. Hazırda cəmi 193 manat həcmində aliment uşağın təminatının normal ödənilməsi üçün yetərli deyildir. Cavabdeh müəyyən olunmuş aliment məbləğindən başqa uşağın saxlanılmasında heç bir maddi yardım göstərmir və onun problemləri ilə maraqlanmır. Hər ay uşağın saxlanması üçün 500 manatdan çox xərci çıxır ki, bu məbləğ də cavabdeh tərəfindən ödənilməlidir. Uşağın maddi təminatı ilə yanaşı hər ay əlavə xərclər də çıxır ki, bu xərcləri də ödəmək məcburiyyətində qalır. Cavabdeh isə nə əlavə xərclərin ödənilməsində ona köməklik göstərir, nə də ki uşağın maddi cəhətdən qayğısına qalır. Yaşadığı evin kommunal xərclərin ödənişləri və uşağın böyüməsi və məktəbə getməsi ilə əlaqədar müəyyən xərclərin artması onu maddi problemlərlə üzləşdirir. Uşağın normal təhsil alması üçün hər il yeni dərs vəsaitləri, geyim əşyaları, normal qidalanma tələb olunur. Bütün bunları uşağı üçün təşkil etmək tək başına ona olduqca çətindir, hətta qeyri-mümkündür. Lakin, cavabdeh uşağın normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasında ona hər hansı bir köməklik göstərmir. Buna görə də uşağı X1 üçün Cavabdeh tutulan alimentin miqdarı artırılmalıdır. Lakin, cavabdehin yaşayış şəraiti və yüksək gəlirləri olduğundan və onun gəliri dəyişkən olduğundan övladının saxlanılması üçün aliment ondan sabit məbləğdə tutulmalıdır. Buna görə də görə o “aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin ərizəsi. Cavabdeh Əlibala oğlu ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən ona qarşı verilən iddianı qəbul etdiyini bildirmiş və işdə iştirak edə bilməyəcəyini üzürlü hesab edilməsini xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmənin iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, əvvəllər işləmişdir, lakin indi uşağı məktəbə qədər hazırlığa getdiyindən, özü aparıb gətirir, dərsləri ilə məşğul olur, ona görə hazırda işləmir. Qarşı tərəflə danışmış, cavabdeh alimenti ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh Əlibala oğlu iddia tələbini qəbul etdiyini bildirmiş və təmin olunmasına etiraz etməmişdir. Cavabdeh Əlibala oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. O, məhkəməyə ərizə ilə müraciət edərək üzürlü səbəbdən işin məhkəmə baxışında iştirak edə bilməyəcəyini bildirmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Bakı 17 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş “ilkin Mediasiya Sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasında mediasiya MBŞ/17/2023-00124 nömrəli işi açılmış, xx.xx.2023-cü il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh Əlibala oğluna isə ilkin mediasiya sessiyası barədə məlumat verilməsinə baxmayaraq, o sessiyada iştirak etməmiş və bu barədə hər hansı məlumat verməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş, AZ-İ seriyalı, 325422 nömrəli nikah pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı və Cavabdeh Əlibala oğlu arasında bağlanmış nikah pozulmuş, bu barədə akt qeydləri kitabında həmin tarixdə 275 nömrə ilə qeyd edilmişdir. 4 saylı Bakı Asan Xidmət X4 tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş, AZ-İİİ seriyalı, 901437 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 (atası Cavabdeh Əlibala oğlu, anası İddiaçı) 29 dekabr 2016-cı il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 424 nömrə ilə qeyd edilmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-4126/2012 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, xx.xx.2016-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Suraxanı Rayon Məhkəməsinin 2(010)-2094/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərkən, hər ay 193 manat sabit pul məbləğində müəyyən edilmiş və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-4126/2012 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq, Cavabdeh Əlibala oğlundan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: 17-ci maddəsinin İİ-ci hissəsi: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələri: ....analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir..... Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.... Azərbaycan Respublikasının Ailə Məcəlləsinin müvafiq maddələri: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.... Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112-ci maddəsi: 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: (...)112.1.3. aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə;(...) “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri: 13-cü maddəsi: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsi: ...valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsi: Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə görə: 9.1.2 Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür (m .9.4). “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. İşin hallarından göründüyü kimi, tərəflərin birgə nikahından bir uşaq doğulmuşdur və bu uşaq hazırda iddiaçının yanında qalır. Bu baxımdan uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı bu uşağın saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda, məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdeh uşaqlar üçün 2023-cü il üçün yaşayış minimumu, yəni 220 manat məbləğində aliment ödənilməsinə razılıq vermişdir. Uşaq daimi olaraq iddiaçının yanında qaldığından, ona qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Məhkəmə xərcləri. Aliment alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (220x12=2640 manat) mütənasib olan 46.4 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesаb edir ki, iddia təmin edilməli, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh Əlibala oğlundan tutularaq İddiaçı ödənilməli, ödənilməmiş 46.4 manat məbləğində dövlət rüsumu Cavabdeh Əlibala oğlundan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiа təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4126/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılsın. Cavabdeh Əlibala oğlundan qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2016-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Ödənilməmiş 46.4 manat məbləğində dövlət rüsumu Cavabdeh Əlibala oğlundan tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və ya Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar