Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1804/2025 18.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən vurulmuş maddi ziyana görə 2671 azn pul vəsaitinin, həmçinin 120 azn hüquqi yardıma görə, 48 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə əlaqədar məhkəməyə müraciət edərək Cavabdeh vurulmuş maddi ziyana görə 2824.60 manat pul vəsaitinin, həmçinin 145 manat hüquqi yardıma görə, 49.70 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, AR DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2024-cü il tarixli BA365021 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ** DM *** dövlət qeydiyyat nişanlı, Toyota Prius minik markalı 2009-cu il buraxılışlı avtomobil onun xüsusi mülkiyyətindədir. Belə ki, xx.xx.2024-cü il tarixdə sözügedən avtomobili günlük 25 manat ödəməklə cavabdeh olan Cavabdeh kirayə vermişdir. Cavabdeh eyni zamanda qonşusudur. Buna görə də maşını müəyyən zaman ərəfələrində görürdü. 2024-cü ilin dekabrın sonuncu günlərində maşının təkərlərində və buferin problem olduğunu aşkar etdikdən sonra cavabdehdən maşının niyə bu hala düşdüyünü soruşdu, o, isə maşını çuxura saldığını, buna görə də təkərlərinin əyildiyini, buferin xəsarət aldığını və bır sıra başqa problemlərin yarandığını bildirmişdir. Hətta cavabdeh avtomobili sənədsiz şəkildə başqa şəxsə sürməyə verdiyi üçün xx.xx.2025-ci il tarixində gecə maşını ondan almışdır. 2 gün sonra anası ondan xahiş edərək maşını verməyini xahiş etdi və o razılaşaraq maşını cavabdehə təhvil verdi və dönə-dönə ehtiyatlı sürməsini, vaxtında avtomobililə baxım etməsini tələb etdi. Sonradan xx.xx.2025-ci il tarixdə cavabdeh onunla əlaqə saxlayaraq bildirdi ki, maşın getmir, 2 servisə getdi, sonda X3 məxsus olan servisə təhvil verdi. Servisdən də bildirildi ki, avtomobilin ehtiyatsız şəkildə sürülməklə müəyyən ehtiyat hissələrinin sıradan çıxmışdır. Beləliklə avtomobil 15 gün servisdə qalmış, həmin müddətə qədər də 3 gün olmaqla, ümumilikdə 18 gün X 25 azn pulundan olmuşdur, avtomobili isə xx.xx.2025-ci ildə onu servisdən çıxara bilmişik. Beləliklə ilkin olaraq zədələnmiş hissələrin bərpası üçün 1966 manat, daha sonra isə 270+60 manat xərci çıxdı. Beləliklə cavabdehə vurduğu ziyanın qarşılanması üçün müraciət etsə də, o, ziyanın ödənilməsinə razılaşmadı, daha sonra isə 600 azn ödəməyə imkanı olduğnu, onu da 1 il ərzində ödəyəcəyini bildirdi. Cavabdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu servisin təqdim etdiyi sənədlərlə, eyni zamanda şahid ifadələri ilə təsdiq olunur. Qeyd edir ki, avtomobil servisə yerləşdiriləndən ona təhvil verilən müddətə qədər 15 gün gündəlik 25 manat olmaqla 375 manat gəlirindən də məhrum olmuşdur. Beləliklə, cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona 2671 azn ziyan dəymişdir. Etiraz ərizəsi Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ona qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, iddianı müdafiə edir. İlk öncə onun dediyi servisə aparmışlar. Orada da təkcə mühərrikin təmiri 1600 manat tutacağını dedilər, sadəcə iş çoxluğundan hazırda vaxtları olmadığını bildirdilər. Ondan sonra Babəkdəki servisə getmişlər. 18-xx.xx.2024-cü ildə cavabdehə etibarnamə vermişdir. Yanvar ayında etibarnaməni ləğv etmişdir. 2671 manat maşına dəymiş ziyandır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o mühərrik xərcini öz üzərinə götürməmişdir. Şahid ifadələri. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, "xxxx" MMC-də sürücü işləyir. İddiaçı maşını salamat vermişdi. 20 günə dağıdıb qaytardı. Cərimələr yığdı. Başqasına sürməyə vermişdi. Bərk sürdüyünü bilirdilər, amma indi görüntülər də ortaya çıxıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Elçin yaxın dostudur. Maşını bir şəxsə vermişdi. Bərbad şəkildə qaytardı. Maşını verəndə o da iştirak etmişdi. Mebel sahəsində işləyir. Maşın salamat şəkildə verilmişdi. Maşına baxmalı idi, yağını dəyişməli idi. Lakin maşına baxmayıb, vurub. Maşın barədə anlayışı var. Danışıqlardan xəbəri olub, amma müqavilənin olub-olmaması barədə məlumatı yoxdur. İş materialları. xx.xx.2024-cü il qeydiyyat tarixli, X1 Şəhadətnaməsindən görünür ki, 2009-cu il buraxılışlı “Toyota Prius (Hibrid) minik” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı minik avtomobili İddiaçı mülkiyyətindədir. xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli, 128-173 və 213-229 nömrəli mədaxil qəbzlərindən görünür ki, İddiaçı hüquqi yardım üçün müvafiq olaraq 20, 100 manat məbləğində ödəniş etmişdir. X2 (VÖEN **********) tərtib etdiyi əlyazmadan görünür ki, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ( arxa balka, rulovoy yağ, sağ almacıq, sağ şaravoy, sarxa sağ stop, motor yağ, termostat, sveça – 4 ədəd, çaşka feredo, motor remeni, inventor təmiri, tərəzi datçiki təmiri, patfalnik, disk – 2 ədəd, razval), ümumilikdə 1966 manat məbləğində müəyyən edilir. xx.xx.2025-ci il tarixli, 122273 nömrəli mədaxil qəbzindən görünür ki, X3 (VÖEN **********) motor yığılması üçün 1305 manat, elektrik işi üçün 131 manat, peredok üçün 800 manat, ümumilikdə 2236 manat məbləğində ödəniş həyata keçirilmişdir. X2 (VÖEN **********) tərtib etdiyi əlyazmadan görünür ki, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərər 270 manat məbləğində müəyyən edilmişdir. Digər əlyazma nümünəsindən isə ön sağ stop üçün avtomobilə dəymiş zərər 15 manat məbləğində təşkil edir. ƏN-Vİİ seriyalı, 225883 nömrəli, xx.xx.2024-cü il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, “Toyota Prius (Hibrid)” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin mülkiyyətçisi İddiaçı Cavabdeh nəqliyyat vasitəsini idarə etməyə səlahiyyəti xx.xx.2031-ci il tarixinədək vermişdir. 4 saylı ASAN Xidmət Mərkəzində notariusa verilmiş **********222 nömrəli ərizənin surətindən görünür ki, İddiaçı Cavabdeh reystrdə xx.xx.2024-cü il tarixli 7E-37994 nömrə ilə qeyd olunmuş etibarnaməyə xitam verilməsini xahiş etmişdir EQ25344238 nömrəli protokolun surətindən görünür ki, **-DM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü Cavabdeh xx.xx.2025-ci il tarixdə 80 manat (2bal) məbləğində cərimə olunmuşdur. EQ25157615 nömrəli protokolun surətindən görünür ki, **-DM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü Cavabdeh xx.xx.2024-cü il tarixdə 10 manat məbləğində cərimə olunmuşdur. EQ25214299 nömrəli protokolun surətindən görünür ki, **-DM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü Cavabdeh xx.xx.2024-cü il tarixdə 10 manat məbləğində cərimə olunmuşdur. EQ25243562 nömrəli protokolun surətindən görünür ki, **-DM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü Cavabdeh xx.xx.2024-cü il tarixdə 52 manat (2 manat dəbbə pulu) məbləğində cərimə olunmuşdur. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, **-DM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü Cavabdeh aid olunan, 52 manat, 11 manat, 10.6 manat, 45 manat, 80 manat olmaqla, ümumilikdə 198.6 manat təşkil edən cərimələr ödənilmişdir. X4 (VÖEN **********) Azərbaycan Respublikası Dövlət Yol Polis İdarəsinə Bildirişdən görünür ki, “Toyota Prius” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı minik avtomobili AVRO4 ekoloji standartlarına uyğun olmayan universal katalizator sistemini dəyişərək AVRO4 TS EN İSO 9001İ2015 Tekoloji standartlarına gətirilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, AE 06-043/25 saylı ekspert rəyindən görünür ki, 2009-cu il buraxılışlı, mühərrik nömrəsi U415911, ban nömrəsi JTDKB20U997885000 olan “Toyota Prius minik” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəydiyi təqdirdə, dəymiş zərərin aradan qaldırılması üçün tələb olunan təmir-bərpa xərci (ehtiyyat hissələri - arxa balka 100 manat, sağ almacıq 15 manat, sağ şaravoy 15 manat, arxa sağ stupiça 40 manat, disk 100 manat, qranat dəst 110 manat, sağ çaşka 40 manat, termostat 10 manat, sveça 20 manat, çaşka feredo 50 manat, mühərrik remeni 10 manat, mühərrik daxili hissələri 400 manat, cəmi 920, görüləcək usta işləri – mühərrik yığılması 300 manat, çilingər 150 manat, rulavoy təmiri 100 manat, razval 20 manat, inventor təmiri 100 manat) bazar dəyəri 1590 manat təşkil edir "xxxx" MMC-nin ekspertiza xərclərinə dair xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin (AECS MMC) bank rekvizitləri: AZ74AİİB400600F**********112 (VÖEN: **********, BANK: "xxxx" ASC Mərkəz filialı, Bankın VÖEN-i: **********, Müxbir hesab: AZ37NABZ********************, KOD: 200026, SWİFT: AİİBAZ2XXXX.). İş materiallarında olan daxili video və fotolardan görünür ki, naməlum nəqliyyat vasitəsinin video və foto çəkilişləri aparılmışdır Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçı özünə məxsus olan “Toyota Prius (Hibrid) minik” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini müəyyən ödəniş etməsi qarşılığında Cavabdeh xx.xx.2025-ci il tarixindən etibarnamə əsasında idarə etməyə vermiş, xx.xx.2031-ci tarixində isə etibarnaməni ləğv etmişdir. xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Cavabdeh qeyd olunan nəqliyyat vasitəsini idarə etdiyi müddətdə 80,10,10, 52 manat məbləğlərdə cərimə olunmuş və İddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsinə zərər yetirmişdir. Hazırki iddia tələbi vurulmuş maddi ziyanın ödənilməsi və hüquqi yardım üçün ödənilən məbləğin tələb etməkdən ibarətdir. Belə ki, maddi ziyanın özü də avtomobilin təmirinə çəkilən xərclərdən və cərimələrə görə ödənilmiş pulların qaytarılmasından ibarətdir. Cavabdeh tərəf etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı tərəflə aralarındakı şifahi razılaşmaya əsasən nəqliyyat vasitəsinin təmir xərclərini iddiaçının özü həyata keçirməli idi. Məhkəmə qeyd edir ki, tərəflər arasında hər hansı yazılı razılaşma olmamışdır. Cavabdeh tərəf isə öz etirazını hər hansı dəlillərlə sübuta yetirə bilməmişdir. “Toyota Prius (Hibrid) minik” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərər Cavabdeh istifadəsində olduğu zaman baş vermişdir. Avtomobilin həmin müddətdə cavabdehdə olması cavabdehin etirafı ilə və iş materialları ilə tam sübuta yetirilir. Zərərin məbləğinə gəldikdə isə qeyd olunur ki, iddiaçı öz tələbində nəqliyyat vasitəsinin təmirinə 2296 manat məbləğində xərc çəkdiyini qeyd etmişdir. Lakin "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, “Toyota Prius minik” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəydiyi təqdirdə, dəymiş zərərin aradan qaldırılması üçün tələb olunan təmir-bərpa xərci (ehtiyyat hissələri - arxa balka 100 manat, sağ almacıq 15 manat, sağ şaravoy 15 manat, arxa sağ stupiça 40 manat, disk 100 manat, qranat dəst 110 manat, sağ çaşka 40 manat, termostat 10 manat, sveça 20 manat, çaşka feredo 50 manat, mühərrik remeni 10 manat, mühərrik daxili hissələri 400 manat, cəmi 920, görüləcək usta işləri – mühərrik yığılması 300 manat, çilingər 150 manat, rulavoy təmiri 100 manat, razval 20 manat, inventor təmiri 100 manat) bazar dəyəri 1590 manat təşkil edir. Məhkəmə mütəxəssis rəyinə tənqidi yanaşılması üçün heç bir əsas görmür və onunla razılaşaraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməklə, qeyd olunan nəqliyyat vasitəsinə dəymiş zərər 1590 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş cərimələrə münasibətdə belə qənaətə gəlir ki, iş materiallarından da göründüyü kimi, avtomobil onda olduğu müddət ərzində, Cavabdeh adına 80 manat, 10 manat, 10 manat və 52 manat məbləğlərində cərimələr yazılmış, həmin cərimələr cavabdeh tərəfindən deyil, iddiaçı tərəfindən ödənilmişdir. Lakin, cavabdehin iddia tələbində əlavə olaraq qeyd etdiyi 45 manatlıq cərimənin mövcud olması ilə bağlı sübut iş materiallarına əlavə edilmədiyindən həmin hissədə iddia tələbi təmin edilmir. Əlavə olaraq həmin cərimələrin ödənilməsi üçün bank tərəfindən xidmət haqqı tutulmuşdur. Bu səbəbdən iddiaçı tərəfindən ödənilmiş olan 80 manat, 10.6 manat, 11 manat və 52 manat olmaqla, (komissiya xərcləri daxil olmaqla) ümumilikdə 153.6 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddia tələbinin hüquqi yardımın ödənilməsi hissəsində qeyd edir ki, iddiaçı öz tələbində hüquqi yardım üçün ödədiyi 145 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir. Lakin, iş materiallarında olan qəbzlərdən belə aydın olur ki, iddiaçı hüquqi yardım üçün 120 manat ödəmişdir. Məhkəmə iddia tələbini bu hissədə qismən təmin edərək hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 120 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, iddia qismən təmin edilməklə, Cavabdeh vurulmuş maddi ziyana görə 1743.6 manat, hüquqi yardım üçün ödənilmiş 120 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri. İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 38.63 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. 200 manat ekspertiza xərci cavabdehdən alınaraq Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin (AECS MMC) AZ74AİİB400600F**********112 (VÖEN: **********, BANK: "xxxx" ASC Mərkəz filialı, Bankın VÖEN-i: **********, Müxbir hesab: AZ37NABZ********************, KOD: 200026, SWİFT: AİİBAZ2XXXX.) hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 1743.6 manat, hüquqi yardım üçün ödənilən 120 manat məbləğində pul və mülki iddiaya görə ödənilmiş 38.63 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin Məhkəmə ekspertizasının dəyəri qismində 200 manat Cavabdeh alınaraq Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin (AECS MMC) hesaba keçirilsin: AZ74AİİB400600F**********112 (VÖEN: **********, BANK: "xxxx" ASC Mərkəz filialı, Bankın VÖEN-i: **********, Müxbir hesab: AZ37NABZ********************, KOD: 200026, SWİFT: AİİBAZ2XXXX.) Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-1804/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1804/2025
18.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver