Məhkəmə qərarları › İş №2(010)-1806/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1806/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1806/2025 22.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı Mürsəlova Fatimə Bala Əli qızının və onun nümayəndəsi Mürsəlov Sahib Nurağa oğlunun iştirakı ilə, İddiaçı Mürsəlova Fatimə Bala Əli qızının cavabdeh Bağırzadə Rahim Faiq oğluna qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Mürsəlova Fatimə Bala Əli qızı cavabdeh Bağırzadə Rahim Faiq oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Bağırzadə Rahim Faiq oğlundan ödənilməmiş ona müqavilə əsasında qalmış 966 manat pulun tutularaq iddiaçı Mürsəlova Fatimə Bala Əli qızına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Mürsəlova Fatimə Bala Əli qızı məhkəməyə dəqiqləşdirmə ərizəsi ünvanlayaraq, 966 manat və 640 manatın cavabdeh Bağırzadə Faiq Rahim oğlundan tutulub iddiaçı Mürsəlova Fatimə Balaəli qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Mürsəlova Fatimə Bala Əli qızı Bağırzadə Rahim Faiq oğlu tərəfindən dələduzluğa məruz qalmışdır. Belə ki, Bağırzadə Rahim Faiq oğluna 07.11.2024-cü il tarixli müqavilə əsasında “Mercedes Benz E200” minik markalı avtomobili Bağırzadə Rahim Faiq oğluna 3 gündən bir ona 145 manat pul ödəmək qarşılığında vermişdi. Lakin Bağırzadə Rahim Faiq oğlu avtomobili ondan götürdükdən sonra 20 gün müddətində ona heç bir pul ödəməmişdir. Yəni, müqavilənin tələblərini pozmuşdur. İddiaçı isə müqaviləni əsas tutaraq 07.11.2024-cü il tarixli müqavilə əsasında Bağırzadə Rahim Faiq oğlunun ona 3 gündə 145 manat ödəməli olduğu halda 20 gün müddətində heç bir pul ödəmədiyi üçün toplam yığılan günləri nəzərə alaraq, Bağırzadə Rahim Faiq oğlunun ona verməli olduğu məbləği 966 manat hesablamışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçı Mürsəlova Fatimə Bala Əli qızının nümayəndəsi Mürsəlov Sahib Nurağa oğlu iddianı müdafiə edərək bildirmişdir ki, ilk öncə ona maşınla bağlı yazmışdı, sonra 7 noyabrda gəlib maşını götürdü. Özü nə maşını, nə pulu gətirmirdi. Maşını özü gedib götürmüşdür. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh Bağırzadə Rahim Faiq oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. İş materiallarında olan Mürsəlova Fatimə Bala Əli qızı və Bağırzadə Rahim Faiq oğlu arasında bağlanılmış və notarial qaydada təsdiqlənmiş 07.11.2024-cü il tarixli 3M-357 reyestr nömrəli nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Satıcı – Mürsəlova Fatimə Bala Əli qızı mülkiyyətində olan “42BZ272" dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200” minik markalı avtomaşını Alıcı – Bağırzadə Rahim Faiq oğluna satır. Müqavilənin 2-ci bəndi: İlkin müqavilənin predmeti olan avtomaşının qiyməti 13470 manat məbləğində müəyyən olunmuşdur. Müqavilənin 2.1-ci bəndi: Alıcı həmin avtomaşına görə ilk 3 ay müddətində 4350 manat, 24 ay müddətində isə hər ay 380 manat "satıcıya" ödəməyi öhdəsinə götürür. Əgər Alıcı – Bağırzadə Rahim Faiq oğlu nəqliyyat vasitəsinə dair ilk 3 ay ödəyəcəyi 4350 manat və yerdə qalan 9120 manat məbləğində pulu hər hansı səbəbdən Satıcı – Mürsəlova Fatimə Bala Əli qızına ödəməzsə, “42BZ272" dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E200” minik markalı avtomaşın satıcıya geri qaytarılır və həmin tarixədək ödədiyi ümumi vəsait, satıcı: Mürsəlova Fatimə Bala Əli qızı tərəfindən ona qaytarılmayacaq. Müqavilə 07.02.2027-ci il tarixədək bağlanılır, avotomaşının dəyəri tam şəkildə ödənildikdə Satıcı – Mürsəlova Fatimə Bala Əli qızı avtomaşını Alıcı – Bağırzadə Rahim Faiq oğlunun adına rəsmiləşdirilməsi məqsədi ilə nəqliyyat vasitəsinə dair sərəncam verilməsi haqqında etibarnamə verməyi öz öhdəsinə götürür. 26.11.2024-cü il tarixli, TP 6883652 nömrəli Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında Qərardan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114cü maddəsi rəhbər tutularaq, Bağırzadə Rahim Faiq oğlu “42BZ272" dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E200” minik markalı avtomobillə İXM-nin 332.3-cü 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 400 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 18.01.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Mürsəlova Fatimə Bala Əli qızı tərəfindən Bağırzadə Rahim Faiq oğluna 07.11.2024-cü il tarixli müqavilə üzrə yaranmış 966 manat məbləğində borc barədə məlumat verilmiş, borcun 3 iş günü müddətində ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə edilmiş DİN-nin DYP Web Portalından əldə edilmiş sənədin rəsmi verilməsinə dair kötükdən görünür ki, İXP 6707123 saylı 25.11.2024-cü il tarixli protokola əsasən, 42-BZ-272 dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə yol hərəkəti qaydalarının pozulmasına görə Bağırzadə Rahim Faiq oğlu İXM-nin 332.3-cü maddəsinə əsasən cəmi 640 manat (400 manat əsas hissə, 240 manat dəbbə pulu) məbləğində cərimələnmişdir. İş materiallarında olan iddiaçı Mürsəlova Fatimə Bala Əli qızı tərəfindən məhkəməyə təqdim edilmiş 05.04.2025-ci il tarixli 1765982784 nömrəli mədaxil qəbzindən görünür ki, Daxili İşlər Nazirliyi-BDYPİ-nə 640 manat məbləğində cərimə ödənişi ödənilmişdir. İş materiallarında olan ƏN-VII №263491 07.11.2024-cü il tarixli etibarnamədən görünür ki, Mürsəlova Fatimə Bala Əli qızı tərəfindən Bağırov Ravid Faiq oğluna 22.11.2024-cü il tarixədək 42-BZ-272 dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200” minik markalı avtomobili idarə etməklə bağlı etibarnamə verilmişdir. İş materiallarında olan ƏN-VII №263774 26.11.2024-cü il tarixli etibarnamədən görünür ki, Mürsəlova Fatimə Bala Əli qızı tərəfindən Bağırov Ravid Faiq oğluna 27.11.2024-cü il tarixədək 42-BZ-272 dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200” minik markalı avtomobili idarə etməklə bağlı etibarnamə verilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 402. İlkin müqavilə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 606. Mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt 606.1. Əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeydşərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. 606.2. Satıcının satılmış əşyaya bu Məcəllənin 606.1-ci maddəsindən irəli gələn əşya hüquqlarına alıcının vəkil etdiyi şəxslər, habelə alıcının kreditorları da riayət etməlidirlər. Bu halda "vəkil edilmiş şəxs" dedikdə alıcının ödəniş qabiliyyətinin olmaması ilə əlaqədar onun əmlakını kreditorlarının mənafeləri üçün idarə etməyə təyin olunmuş idarəçi və ya hər hansı digər şəxs başa düşülür.... 606.4. Alğı-satqı müqaviləsində alıcıya verilmiş əşyaya mülkiyyət hüququnun mal ödənilənədək satıcıda qaldığı nəzərdə tutulduqda alıcı mülkiyyət hüququ ona keçənədək əşyanı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya əşyanın təyinatından və xassələrindən ayrı qayda irəli gəlmirsə, özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1114. Zərər vurmuş şəxsə reqres hüququ 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, tərəflər arasında 07.11.2024-cü il tarixli 3M-357 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən, 42-BZ-272 dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200” minik markalı avtomobili 13470 manata cavabdeh Bağırzadə Rahim Faiq oğluna satılması, həmin puldan ilk 3 ay ərzində 4350 manatın, 24 ay müddətində isə hər ay 380 manatın Mürsəlova Fatimə Bala Əli qızına ödənilməsi nəzərdə tutulmuşdur. Həmin avtomobilin idarə edilməsi ilə bağlı cavabdehin qardaşı Bağırzadə Ravid Faiq oğluna 07.11.2024-cü il tarixli və 26.11.2024-cü il tarixli etibarnamələr verilmişdir. İddiaçı avtomobili cavabdeh Bağırzadə Rahim Faiq oğlunun göstərdiyi şəxsə, yəni onun qardaşı Bağırzadə Ravid Faiq oğluna etibarnamə verməklə təhvil vermişdir. Avtomobil 20 gün sonra – 27.11.2024-cü il tarixdə iddiaçı tərəfindən geri təhvil alınmışdır. Bu müddət ərzində cavabdeh Bağırzadə Rahim Faiq oğlu tərəfindən İXM-nin 332.3-cü maddəsinə əsasən inzibati xəta törədildikdən, o, 400 manat məbləğində cərimələnmiş, cərimə ödənilmədikdən həmin məbləğə 240 manat dəbbə pulu da hesablanmışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilmiş, lakin, o, məhkəmə iclasına gəlməmiş və öz etirazlarını bildirməmişdir. Göründüyü kimi, iddiaçı Mürsəlova Fatimə Bala Əli qızı və Bağırzadə Rahim Faiq oğlu arasında alqı-satqı müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Həmin müqavilə mahiyyətcə ilkin alqı-satqı müqaviləsi yox, təxirəsalıcı şərtlə bağlanan alğı-satqı müqaviləsidir. Lakin, bu hal müqavilənin etibarlı olduğuna təsir etmir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, avtomobili təhvil vermiş, lakin Bağırzadə Rahim Faiq oğlu müqavilə üzrə öhdəlikləri icra etməmiş, avtomobilin dəyərini alqısatqı müqaviləsində nəzərdə tutulmuş müddət ərzində iddiaçıya ödəməmişdir. Belə ki, cavabdeh nəqliyyat vasitəsinin dəyərini müqavilə ilə müəyyən edilmiş müddət ərzində iddiaçıya ödəməməklə müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Belə olan halda, yuxarıda qeyd edilmiş qanunvericiliyə uyğun olaraq, həmin müqavilədə təxirəsalıcı şərt kimi - alıcının alış qiymətinin ödənilməsini gecikdirdiyi halda, satıcının həmin daşınar əşyaya tutma yönəltmək hüququ nəzərdə tutulduqdan, həmçinin, cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan öhdəliklər icra edilmədikdən, iddiaçı dəymiş zərərin əvəzini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Dəymiş zərərlə bağlı tələb edilən məbləğə gəldikdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış müqaviləyə əsasən, ilk 3 aya görə (90 gün olaraq qəbul edilir) 4350 manat ödənilməsi nəzərdə tutulmuşdur. Zərərin məbləğinin hesablanması iddiaçı tərəfindən – 1 günə görə ödəniləcək məbləğin 48,3 manat olaraq müəyyən edilməsi (4350 : 90 gün = 48,3) və avtomobilin 07.11.2024-cü il tarixdən – 27.11.2024-cü il tarixədək – 20 gün müddətində cavabdehdə olması nəzərə alınmaqla, 48,3 x 20 = 966 şəklində aparılmışdır. Belə olan halda, iddiaçı həmin müddət ərzində avtomobildən məhrum olduqdan, məhkəmə iddiaçı tərəfindən aparılmış hesablama ilə razılaşaraq hesab edir ki, iddiaçı dəymiş zərərə görə hesablanılmış 966 manat məbləğində pulu cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Tələbin 42-BZ-272 dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200” minik markalı nəqliyyat vasitəsi ilə törədilmiş inzibati xətaya görə tətbiq edilmiş cərimə məbləğinin və ona hesablanmış dəbbə pulunun əsasında yaranmış 640 manatın əvəzinin cavabdehdən tutulması hissəsində məhkəmə qeyd edir ki, iş materiallarından kimi, 42-BZ-272 dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200” minik markalı avtomobil inzibati xəta ilə əlaqədar 26.11.2024-cü il tarixli, TP 6883652 nömrəli qərara əsasən Dövlət Yol Polisi tərəfindən inzibati qaydada – 640 manat (bundan 400 əsas, 240 manat dəbbə pulu) məbləğində cərimələnmişdir. Nəzərə alınmalıdır ki, həmin cərimə tətbiq edilən vaxtda avtomobil cavabdehdə olmuş, onun tərəfindən törədilmiş inzibati xətaya görə cərimə də cavabdehin adına yazılmışdır. Həmin cərimə məbləği və ona hesablanmış dəbbə pulu cavabdehin təqsirli hərəkətləri nəticəsində tətbiq edildikdən cavabdeh tərəfindən ödənilməli olduğu halda, ödənilməmişdir. Bu səbəbdən, hesab edilir ki, cərimə məbləği və ona hesablanmış dəbbə pulu iş məhkəmənin icraatında olduğu vaxtda iddiaçı tərəfindən ödənildikdən və onun ödənilməsi iş materialları ilə təsdiqləndikdən, yuxarıda qeyd edilmiş qanunvericiliyə əsasən, iddiaçının həmin ödənilmiş məbləğləri geriyə tələb (reqres) hüququ mövcud olmuşdur. Belə olan halda, inzibati xəta ilə əlaqədar cərimə məbləğinin və ona hesablanmış dəbbə pulunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməklə, cavabdeh Bağırzadə Rahim Faiq oğlundan müqavilə əsasında ödənilməmiş 966 manat, 400 manat cərimə məbləğinin və ona hesablanmış 240 manat dəbbə pulunun əvəzi olan 640 manat pul tutularaq iddiaçı Mürsəlova Fatimə Bala Əli qızına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bağırzadə Rahim Faiq oğlundan müqavilə əsasında ödənilməmiş 966 manat və cərimə məbləğinin əvəzi olan 640 manat pul tutularaq iddiaçı Mürsəlova Fatimə Bala Əli qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar