Məhkəmə qərarları › İş №2(010)-1808/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1808/2022

16.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1808/2022 16.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək, aliment miqdarını artıraraq Cavabdeh 15 mart 2009-cu il təvəllüdlü X1 və 19 oktyabr 2010cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat miqdarında aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1923\2018 saylı 29.06.2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh oglu arasında 12 yanvar 2007-ci il tarixdə Sumqayıt şəhər Nikah Evində bağlanmış 81 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Tərəflərin ümumi uşaqları - 15 mart 2009-cu il təvəllüdlü X3 və 19 oktyabr 2010-cu il təvəllüdlü X5 oglu nikah pozulduqdan sonra İddiaçı yanında saxlanılmışdır. 15 mart 2009-cu ilə təvəllüdlü X1 və 19 oktyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 02 fevral 2018 -cı il tarixdən başlayaraq Cavabdeh hər ay,hər uşağa görə 154 (yüz əlli dörd) manat olmaqla ,cəmi 308 (üç yüz səkkiz) manat aliment sabit pul məbləğində tutularaq İddiaçı qızma ödənilməsinə dair iddia tələbi təmin edilmişdir. Qeyd edilir ki,son zamanlar ölkədə qiymətlərin artırılması onun maddi durumuna çox mənfi təsir göstərmişdir. Aldığı aliment pulu uşağın ehtiyaclarını ödəmir. Bu baxımdan da məhkəməyə müraciət etmək qərarına gəlmişdir.Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimum uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 2(010)-1923/2018 saylı, 29.06.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 12 yanvar 2007-ci il tarixdə Sumqayıt şəhər Nikah evində bağlanmış 81 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin ümumi uşaqları - 15 mart 2009-cu il təvəllüdlü X1 və 19 oktyabr 2010-cu il təvəllüdlü X2 nikah pozulduqdan sonra İddiaçı yanında saxlanılmaları və 15 mart 2009-cu il təvəllüdlü X1 və 19 oktyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 02 fevral 2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 154 manat olmaqla cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan 05.09.2018-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah rəsmi qaydada ləğv edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, 2018-ci ildə təyin edilən aliment məbləği hazırkı dolanışıq meyarlarına cavab vermir və bu baxımdan aliment məbləğinin artırılması azyaşlıların mənafeyi baxımından məqsədə müvafiqdir. Məhkəmə, həmçinin qeyd edir ki, təyin ediləcək aliment məbləği real olmalı və icrası mümkünsüz olan qətnamənin qəbul edilməsinə səbəb olmamalıdır. Bu baxımdan, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilən hər ay hər uşağa görə 193 manat olmaqla ümumilikdə 386 manat məbləğində alimentin ödənilməsi üçün cavabdehin kifayət qədər imkanının olmasını göstərən hər hansı bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazır ki iş üzrə 15 mart 2009-cu il təvəllüdlü X1 və 19 oktyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat miqdarında alimentin təyin olunması qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1923/2018 nömrəli, 29.06.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Əlı̇ yev Kənan Qulaməli oğlundan 15.03.2009-cu il təvəllüdlü X3 və 19.10.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan aliment miqdarı artırılaraq hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi hər ay 340 manat sabit pul məbləğində müəyyən edilsin. Alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar