Məhkəmə qərarları › İş №2(010)-1824/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1824/2023

13.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1824/2023 13.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları:

1. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh onun əmisi oğludur. Cavabdeh 2021-ci ilin yanvar ayında ona Çin Xalq Respublikasından mebel aksessuarları gətirərək Azərbaycan Respublikasının bazarlarında satmağı və qazanc əldə etməyi təklif etmişdir. Cavabdehin qeyd etdiyi biznes təklifini həyata keçirmək müəyyən qədər pul vəsaiti tələb edirdi, cavabdeh isə onun bu biznesi qurmaq üçün kifayət qədər pul vəsaitinə sahib olduğunu bilirdi və onun bunu bilməsi cavabdehin düşünülmüş planı idi. Nəticədə o, xx.xx.2021-ci il tarixdə cavabdehə 16000 manat pul vəsaiti vermişdir. Razılığa əsasən Çin Xalq Respublikasından mebel aksessuarları gətirilərək Azərbaycan Respublikasının bazarlarında satılmalı, 12 ay ərzində hər biri 4800 manat gəlir götürməli və 2022-ci ilin may ayında isə xeyirdən əlavə verdiyi 16000 manat vəsaiti də ona geri qaytarmalı idi. Cavabdehin onun əmisi oğlu olması ona etibar etməyinə və bu qədər pul vəsaitini ona verməyinin əsas səbəbi olmuşdur. Cavabdehə pulu verdiyi tarixdən (xx.xx.2021-ci il) bir neçə ay keçdikdən sonra cavabdehlə əlaqə saxlayaraq işlərin vəziyyəti ilə bağlı maraqlandıqda cavabdeh bildirib ki, “gömrükdə müəyyən gecikmələr səbəbindən yubanmalar var, bu səbəbdən yubanmalı olacağıq”. Cavabadehin hər dəfə “gözləməliyik” ifadəsi nəticədə bir il sonra 2022-ci ilin mart ayında ona 1500 manat, aprel ayında isə 1600 manat pul verməsi ilə nəticələndi. O da öz növbəsində cavabdehin hərəkətlərinə öz kəskin iradlarını bildirmiş və cavadehə ödədiyi 16000 manat pulun geri qaytarılmasını tələb etmiş, buna baxmayaraq bugünə kimi cavabdeh hər dəfəsində bəhanələr gətirməklə vaxt qazanmışdır. O isə heç bir müsbət nəticə əldə edə bilməmişdir. Cavabdeh tərəfindən şifahi də olsa, aralarında bağlanmış razılığa əməl olunmamış, öhdəlik icra olunmamışdır. Aralarında yazılı müqavilə olmamışdır. Amma cavabdehin özünün də etiraf etdiyi kimi 16000 manat onun tərəfindən ödənilmiş və cavabdeh 16000 manat məbləğində varlanmışdır. Göstərilən məsələ ilə bağlı hüquqi yardımın göstərilməsi üçün 80 manat ödənilmişdir. Buna görə də, o, hüquqi yardım üçün ödədiyi 80 manat məbləğində pul vəsaitinin də cavabdeh tərəfindən tutulmasını xahiş edir.

İddiaçının tələbi.

2. Cavabdeh 16000 manat pul vəsaitinin, 80 manat məbləğində hüquqi yardıma görə ödənilmiş vəsaitin, həmçinin 138 manat dövlət rüsumunun, ümumilikdə 16218 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək, izahatında göstərdi ki, iddiaçı tərəfindən verilmiş iddia tələbi əsassız olduğuna görə təmin edilməməli və rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən dəlillərin heç birinin əsası yoxdur. Diskdə olan səs yazıları ona aiddir. İddiaçının tələb etdiyi 16000 manat pul ümumi bizneslə məşğul olmaları ilə bağlı hər ikisi tərəfindən xaricdən mal almaq üçün sərf edilmişdir. O, Çindən mebel aksessuarları gətizdirmişdir, lakin həmin mebel aksessuarları 3 aya deyil, 1 il 2 aya gəldiyindən iddiaçı narahat olurdu. Telefon danışıqları da o barədədir. Sonradan mebel aksessuarları gəlmişdir. Onlar mebel aksessuarlarını satmışlar və iddiaçı öz pulunu götürüb onun xəbəri olmadan mal gətizdirmək üçün başqa şəxsə vermişdir. Onun iddiaçıya heç bir borcu yoxdur. O, qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi.

İş materialları.

5. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəməyə müracit edərkən 138 manat məbləğində dövlət rüsumu ödəmişdir.

6. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqi yardım üçün 80 manat məbləğində pul vəsaiti ödəmişdir.

7. Telefon danışıqları və səs yazıları olan 2 ədəd disk əlavə edilmişdir.

Tətbiq edilən hüquq.

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 329.3. Şifahi bağlanan bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik ) üçün məsuliyyət daşıyır.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayin keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

10. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

11. Belə ki, məhkəmə araşdırılması ilə müəyyən olunmuş hallarla əlaqədar ilk növbədə qeyd edilməlidir ki, iddiaçı tərəfindən cavabdehin ona pul borclu olduğunu təsdiq edən yeganə sübut kimi iki ədəd audio səs yazısı əks olunmuş disk təqdim edilmişdir.

12. Qeyd edilməlidir ki, həmin sübutun mötəbərliyini və mümkünlüyünə qiymət verərkən məhkəmə ilk növbədə “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında əks olunmuş mövqeyini əsas tutmuşdur.

13. Belə ki, qeyd olunan qərarda göstərilmişdir ki, “... Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”.

14. Bu sübutun (iddiaçı tərəfindən təqdim olunan səs yazısı) mümkünlüyü ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh məhkəmə iclasında iddiaçı ilə söhbət aparan şəxsin səsinin ona məxsus olduğunu etiraf etməsini nəzərə alaraq məhkəmə həmin səs yazısını mötəbər sübut kimi qəbul edir.

15. Həmin səs yazısında əks olunanlara qiymət verib məhkəmə qeyd edir ki, 32 dəqiqəlik olan yazının 17-ci dəqiqəsi ilə 18-ci dəqiqəsi arasında iddiaçı cavabdehə verdiyi on altı min manatı istədiyini, cavabdeh pulun qaytarılması üçün ona vaxt verilməsini iddiaçıdan xahiş edir.

16. Belə olan halda məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbində bildirdiyindən başqa cavabdeh onunla iddiaçı arasında digər münasibətlərin mövcüdluğunu sübut edə bilmədiyinə görə məhkəmə bu nəticəyə gəlir ki, təqdim olunmuş səs yazısı cavabdehin iddiaçı qarşısında öhdəliklərin mövcudluğunu təsdiq edir.

17. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, tərəflər arasında borc münasibətləri yaranmış və cavabdeh aldığı pulu iddiaçıya qaytarılmasına dair öhdəliyini icra etməmişdir.

18. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı 1500 manat və 1600 manat məbləğində pulun cavabdeh tərəfindən qaytarılmasını etiraf etmişdir.

19. İşin bu hallarını nəzərə alaraq və yuxarıda qeyd olunan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələblərinə əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh həmin məbləğdə borcun qaytarılması faktın sübut etmə vəzifəsindən azaddır.

20. Bu baxımdan cavabdehin qaytardığı pulların borc deyil, qazanc kimi ödənilməsi ilə bağlı iddiaçının dəlilləri ilə razılaşmayaraq məhkəmə qeyd edir ki, iddiaçı qazanc əldə etmək məqsədi ilə cavabdehə borc verməsini hər hansı sübutla təsdiq edə bilməmişdir. Halbuki tərəflər arasında münasibətlərin məhz bu şərtlərlə bağlandığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

21. Belə olduğu halda məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh bağlanmış borc müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmış və o, tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi icra etməlidir.

22. Məhkəmə İddiaçı Cavabdeh qarşı borc pulun qaytarılmasına dair iddia tələbinin qismən təmin edilməsini, yəni iddiaçının etirafı nəzərə alınmaqla 12900 manat məbləğində pulun cavabdehdən tutulması yolverilən olmaqla qanuni və əsaslı hesab edir.

23. Məhkəmə həmçinin, iddia tələbinin “hüquqi yardım üçün 80 manat ödənilməsi” tələbinə dair hissəni araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir.

24. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

25. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

27. Qeyd edilən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

28. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

29. Məhkəmə hesab edir ki, iddiaçının ona hüquqi yardım göstərilməsi ilə əlaqədar 80 manat məbləğində xərc çəkməsi sübut olunduğundan, iddia bu hissədə təmin edilməlidir.

30. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 138 manat dövlət rüsumu ödəmişdir. Yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddianın təmin edilmiş hissəsi isə 12900+80=12980 manat təşkil etdiyindən cavabdehdən 138 manat məbləğində deyil, 128,94 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir.

31. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.

Məhkəmənin gəldiyi nəticə.

32. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 12900 manat məbləğində borc, 80 manat məbləğində hüquqi yardım üçün ödənilmiş pul vəsaitinin və 128,94 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 12900 (on iki min doqquz yüz) manat məbləğində borc, 80 (səksən) manat məbləğində hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi, 128,94 (yüz iyirmi səkkiz manat doxsan dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 13108,94 (on üç min yüz səkkiz manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar