Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1833/2023 18.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X10 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları:
1. ünvan 1 ünvanında övladı ilə birlikdə yaşayır. Cavabdeh olan keçmiş həyat yoldaşı Cavabdeh ilə rəsmi qaydada xx.xx.2014-cü il tarixində nikahı rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikah dövründə 1 uşaqları doğulmuşdur: xx.xx.2015-ci il təvəllüdlü X7. Cavabdeh olan keçmiş həyat yoldaşı Cavabdeh ilə ailə münasibətləri pozulduğundan ayrı yaşıyırlar. Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində ona qarşı nikahın pozulması tələbinə dair ərizə ilə müraciət etmişdir. O də qarşılıqlı iddia ərizəsi ilə birgə nikahdan doğulan uşağın onun himayəsində saxlanılması və aliment tələbinə dair iddia qaldırmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi xx.xx.2017-cı il tarixli, 2(005)- 779/2017 saylı qətnaməsi ilə aralarında olan nikah pozulması və Cavabdeh yanında qalan yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X1 üçün onun xeyrinə Cavabdeh hər ay 136 manat 60 qəpik sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Hazırda övladı artıq böyüyüb, xərcləri artıb. Onun təhsil xərci, geyim xərci, sağlamlığı, cəmiyyətə layiqli bir insan kimi formalaşması üçün uşağına ödəməli olduğu aliment çox azlıq təşkil edir. Uşağının saxlanılması xərclərini ödəməkdə çox çətinlik çəkir. Hazırda həmin miqdarda olan pula övladını saxlamaq və onun təlabatını ödəmək çox çətindir. Ona görə də, alimentin artırılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Qızının saxlanmasına maddi imkanı çatmır. Odur ki, alimentin artırılmasına ehtiyacı var.
İddiaçının tələbi.
2. Cavabdeh iddiaçının yanında qalan yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X1 üçün onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq, hər ay 220 manat sabit pul məbləğində alimentin və mediasiya üçün ödədiyi 50 manat rüsumun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
4. Cavabdeh iddia tələbinə etiraz edərək, izahatında qeyd etdi ki, Antaris şirkətində reklamçı işləyir, bel sümüyündə yırtıq və damar genişlənməsi xəstəliyi olduğu üçün başqa işlərdə işləyə bilmir, ana və atası xəstədir, ailədə tək işləyən odur, məcburi köçkündürlər, dövlət tərəfindən verilən evdə yaşayırlar, cəmi 360 manat əməkhaqqı alır, əgər əvvəlki qətnamə ilə təyin edilən alimentin miqdarı dəyişdirilsə qalan pulla şəxsi tələbatlarını ödəyə bilməyəcək, buna görə də, iddia tələbinin təmin olunmamasını xahiş etdi.
İş materialları.
5. Az-İİİ seriyalı 517333 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası isə Muradova (Məmmədova) Səbinə Vasif qızıdır.
6. Az-İ seriyalı 282513 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X5 arasındakı arasındakı nikah pozulmuşdur. Nikah pozulduqdan sonra qadına “Məmmədova” soyadı verilmişdir.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 fevral 2017-ci il tarixli 2(005)- 779/2017 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh ilə X6 arasında bağlanmış və 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 20 iyun 2014-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 55 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından olan 05 aprel 2015-ci il təvəllüdlü X3 anasının yanında saxlanılması, onun yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh X2 xeyrinə hər ay 136,60 manat sabit pul məbləğində alimentin tutulması, uşağın üç yaşına çatanadək X2 özünə hər ay 30 manat məbləğində alimentin tutulması qət edilmişdir.
İşin faktiki halları.
8. İşin məhkəmədə müəyyən edilən hallarından aydın olur ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olmuşlar, bu nikahdan bir uşaqları var. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 fevral 2017-ci il tarixli qətnaməsinə əsasən nikah pozulmuşdur, xx.xx.2015-ci il təvəllüdlü X7 anasının yanında yaşayır. Həmin qətnamə ilə hər ay cavabdehdən 136,60 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulur.
Tətbiq edilən hüquq.
9. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
10. Azərbaycan Respublikası Ailə Məcəlləsi. Maddə 56. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
11. “Uşaq hüquqları haqqında” Qanun
Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
12. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu.
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
14. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.
15. Belə ki, tərəflərin nikahı pozulmuş, uşaq iddiaçının himayəsində qalmışdır. Uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı cavabdehdən yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin hər ay sabit pul məbləğində tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Uşaq daimi olaraq iddiaçının yanında qaldığından ona qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır.
16. X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 136,60 manat miqdarında sabit pul məbləğində aliment tutulmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 fevral 2017-ci il tarixli 2(005)-779/2017 saylı qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti, uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşağın yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, iddia tələbi və 2023-cü il üçün uşağın saxlanmasına görə qanunla müəyyən edilmiş yaşayış minimumu nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamağının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafını, iddiaçının cavabdehin əlavə gəlirləri barədə sübutlarını məhkəməyə təqdim edə bilməməsini nəzərə alıb Məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməklə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Alimentin 200 manat sabit pul məbləğində təyin olunmasını istisna edən, həmçinin aliment məbləğinin daha çox miqdarda müəyyən edilməsini mümkün edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”.
18. Məhkəmə cavabdehin real maddi vəziyyətinin aşağı olması, aylıq əmək haqqının 360 manat olmasına dair iddiaya etirazının dəlillərinə münasibətdə qeyd edir ki, bu kimi hallar onun valideynlik vəzifələrinin icrasından azad olmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqe də ondan ibarətdir ki, bu cür iddialara baxılarkən uşağın əvvəlki maddi təminatı səviyyəsinin qorunmasına diqqət göstərilməlidir.
19. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
20. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehdən tutulan aliment miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Çünki, X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabehdən hər ay 136,60 manat miqdarında sabit pul məbləğində aliment tutulmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 fevral 2017-ci il tarixli qətnaməsi halhazırda icra edilir və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşağın saxlanılması üçün qeyd olunan məbləğdə aliment tutulur. Lakin, hazırkı iş üzrə aliment miqdarının dəyişdirilməsi barədə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 fevral 2017-ci il tarixli 2(005)- 779/2017 saylı saylı qətnaməsi öz qüvvəsini itirir və hazırkı iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment yeni qətnamə ilə müəyyən edilmiş məbləğdə tutulmalıdır.
21. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
22. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən mediasiya prosesində iştirak üçün ödənilmiş 50 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. İşdə olan qəbzdən görünür ki, iddiaçı 50 manat mediasiya sessiyalarının keçirilməsi üçün pul ödəmişdir.
23. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.
Məhkəmə xərcləri.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
25. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
26. Hazırkı halda, məhkəmə hesab edir ki, iddiaçı alimentin alınması ilə bağlı iddia üzrə dövlət rüsumu ödəməkdən azad edildiyindən, cavabdehin isə qaçqınlıq statusu olduğundan dövlət rüsumu ödəməkdən azad edilməli, ödənilməli olan dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
27. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməli, cavabdehdən mediasiya prosesində iştirak üçün ödənilmiş 50 manat alınaraq iddiaçıya ödənilməlidir.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i:
İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(005)-779/2017 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. 50 (əlli) manat mediasiya sessiyasında iştirak üçün ödənilmiş pul vəsaitinin əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.