Məhkəmə qərarları › İş №2(010)-1836/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1836/2023

13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1836/2023 13.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1485.82 manat əsas borc, 4.95 manat faiz borcu olmaqla, cəmi 1490.77 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 34.91 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli qaydalarına lazımınca riayət edilmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsində cavabdehin həm qeydiyyat ünvanı, həm də faktiki ünvanı göstərilmişdir. Cavabdehin rəsmi qeydiyyat ünvanı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin inzibati binasının ünvanı olduğundan cavabdehin həmin ünvanda yaşamadığı məlumdur. Buna baxmayaraq iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməzdən əvvəl cavabdehə ünvanlanmış bildiriş cavabdehin qeydiyyat ünvanına göndərilmişdir. Halbuki iddiaçı Banka cavabdehin faktiki yaşayış ünvanı məlumdur və bu barədə iddia ərizəsində qeyd edilmişdir. Məhkəmə tərəfindən həmin faktiki yaşayış ünvanına göndərilmiş bildiriş cavabdehin ünvanına çatmış, müvafiq xəbərnamə iş materiallarına əlavə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Bank tərəfindən mübahisənin məhkəməyə qədər həlli qaydalarına düzgün riayət edilmədən məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları. 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə. Maddə 260. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri. 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.2. Qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. 260.3. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmədənkənar həlli qaydası müəyyən edilmiş işlər üzrə ərizələr yalnız o hallarda baxılmamış saxlanıla bilər ki, həmin qaydanın tətbiq edilməsi imkanı itirilməmiş olsun. Əks halda ərizə baxılmamış saxlanılmalı deyil, Azərbaycan Respublikası MPM-nin 261.0.9-cu maddəsinə müvafiq olaraq işin icraatına xitam verilməlidir (“Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 3 nömrəli Qərarı). Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi qaydasına riayət edilmədiyindən və həmin qaydaya riayət edilməsi imkanı hələ də itirilmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Son olaraq, məhkəmə onu da qeyd edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından məhkəməyə müraciət edərkən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D I: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 34.91 manat (otuz dörd manat doxsan bir qəpik) məbləğində dövlət rüsumu (ödənişin tarixi: xx.xx.2023-cü il, qəbzin nömrəsi: **********) dövlət büdcəsindən iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar