Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1837/2022 03.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin azaldılması” qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-2725/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, cavabdehdən uşaqları xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 üçün uşaqlar yetkinlik yaşlarına çatana kimi hər ay hər uşağa görə sabit pul məbləğində 193 manat, cəmi 386 manat alimentin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2006-cı il tarixdə Suraxanı rayonu Qeydiyyat VVADQ şöbəsi tərəfindən 297 saylı akt qeydi ilə onunla cavabdehin arasında nikah bağlanmışdır. Birgə nikahdan iki əkiz övladı var: xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X7. Cavabdehlə bir müddət normal yaşayandan sonra aralarında fikir ayrılığı olduğundan aralarında söz-söhbətlər olmuşdur. Bu səbəbdən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2725/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş və 2 uşağın saxlanılması üçün 340 manat aliment tutulması qət edilmişdir. Hazırda cəmi 340 manat həcmində aliment uşaqların təminatlarının normal ödənilməsi üçün yetərli deyildir. Cavabdeh müəyyən olunmuş aliment məbləğindən başqa uşaqların saxlanılmasında heç bir maddi yardım göstərmir və onların problemləri ilə maraqlanmır. Onun hər ay hər uşağın saxlanması üçün 400 manata, cəmi 800 manata qədər xərci çıxır ki, bunun yarısı da cavabdeh tərəfindən ödənilməlidir. Uşağın böyüməsi və məktəbə getməsi ilə əlaqədar müəyyən xərclərin artması onu maddi problemlərlə üzləşdirir. Uşaqlarının hər ikisi məktəbdə təhsil alır. Uşaqların normal təhsil alması üçün hər il yeni dərs vəsaitləri, geyim əşyaları, normal qidalanma tələb olunur. Bütün bunları uşaqları üçün təşkil etmək tək başına ona olduqca çətindir, hətta qeyri-mümkündür. Lakin cavabdeh uşağın normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasında ona hər hansı bir köməklik göstərmir. Buna görə də uşaqları xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün cavabdehdən aliment tutulmalıdır. Qarşılıqlı iddia tələbi. İddia Cavabdeh İddiaçı qarşı “alimentin azaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-2725/2020 saylı qətnaməsi ilə ondan 2020-ci ilin avqust ayından başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X2 üçün hər ay, hər uşağa görə 170 manat, ümumilikdə tutulan 340 manat sabit pul məbləğində alimentin ləğv edilərək daha az məbləğ, yəni hər uşağa görə 100 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar. Qarşılıqlı iddiaçı qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, hazırda “Socar” Tağıyev adına NQÇİ-də operator vəzifəsində çalışır və aylıq əmək haqqı 600 manat məbləğindədir. Nikahın pozulmasına baxmayaraq o, İddiaçı və övladları ilə eyni ünvanda, eyni evdə yaşayırlar. İddiaçı da “AZAL” Heydər Əliyev adına Hava Yollarında çalışır və bildiyi qədərilə aylıq 450 manat əmək haqqı alır. Ailə Məcəlləsinə və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər iki valideyn birgə uşaqlara baxmalıdır. Yaşadıqları evdə bir soyuducu var və qazancından yaşadığı evə ümumi bazarlıq edir, eyni zamanda kommunal xərcləri də ödəyir, bu baxımdan da düşünür ki, alimentin artırılmasına dair iddia məqsədə uyğun deyil və ümumiyyətlə əsassızdır. Tərəflərin izahatları. Məhkəmə iclasında ilk iddia üzrə, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək bildirdi ki, hazırda cavabdeh hər uşağa 170 manat aliment ödəyir. Lakin bu alimentlə uşaqları saxlamaq çox çətindir. Belə ki, onlar artıq böyümüşdür və xərcləri də artmışdır. Məsələn, qızı rəqs dərsləri alır və bunun üçün ayda 25 manat pul ödəyir. Oğlu isə idmana gedir və ona da ayda 25 manat pul verir. Həmçinin, uşaqlar riyaziyyat fənnindən hazırlığa gedir və bunun üçün də ayda cəmi 60 manat pul ödəyir. Onlar cavabdehlə bir evdə yaşayır və evin kommunal xərclərini əsasən cavabdeh qarşılayır. Lakin o da kommunal xərclər üçün cavabdehə ayda 30 manat kömək edir. Belə ki, o, əvvəl tibb bacısı işləsə də orada əmək haqqı az olduğuna görə Hava limanında xadimə işinə keçmişdir və hazırda aylıq əmək haqqı 450 manatdır. Cavabdeh isə “Socar”da operator işləyir və aylıq 800 manat əmək haqqı alır. Hesab edir ki, o, uşaqların saxlanılması üçün tələb etdiyi məbləğdə alimenti ödəyə bilər. Odur ki, məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddianı qəbul etməyib qarşılıqlı iddianı müdafiə edərək bildirdi ki, o, iddiaçı və uşaqları ilə birlikdə yaşayır. Yaşadıqları evin bütün kommunal xərclərini özü ödəyir. Hansı ki, bunun üçün ayda minimum 55 manat xərci çıxır. Qışda isə 150-160 manat ödəyir. İddiaçı bu xərclərin ödənilməsi üçün heç bir maddi köməklik göstərmir. Bundan əlavə, uşaqların saxlanılması üçün hər uşağa görə 170 manat aliment də ödəyir. Üstəlik, onun əmək haqqı iddiaçının qeyd etdiyi kimi 800 manat yox, 600 manatdır. Hesab edir ki, birlikdə yaşadıqları evin kommunal xərclərini ödəməsi, əmək haqqının az olması nəzərə alınmaqla ondan tutulan alimentin miqdarı azaldılmalıdır. Odur ki, məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianının isə təmin edilməsini xahiş etdi. İş materialları. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 828120 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X7 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2012-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 428 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 828122 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X8 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2012-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 430 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-2725/2020 saylı qətnaməsindən görünür ki, cavabdeh X4 xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2012-ci il təvəlllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi hər ay 340 manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Suraxanı rayon VVAQD şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə bağlanmış 297 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəlllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X7 analarının yanında saxlanılmaları qət edilmişdir. İşin faktiki halları. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X7 və X8 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)- 2725/2020 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozularkən birgə nikahdan doğulmuş uşaqların İddiaçı yanında qalması müəyyən edilmişdir. Həmin qətnamə ilə uşaqların saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda isə İddiaçı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tutulan aliment miqdarının artırılmasını, uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Öz növbəsində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edən Cavabdeh uşaqların saxlanılması üçün ondan tutulan aliment miqdarının azaldılaraq, hər ay hər uşağa görə 100 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən hər iki tərəf öz iddiasını müdafiə etmiş, qarşı tərəfin iddiasını qəbul etməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası: Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı: 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 155. Qarşılıqlı iddianın verilməsi. 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
Məhkəmənin mövqeyi.
İşin faktiki hallarından göründüyü kimi həm ilk, həm də qarşılıqlı iddianın predmeti tərəflərin birgə nikahlarından doğulmuş uşaqların saxlanılması üçün ödənilən aliment miqdarının dəyişdirilməsi ilə bağlıdır. Belə ki, ilk iddiaçı tutulan aliment miqdarının hər uşağa görə 170 manatdan 193 manata artırılmasını, qarşılıqlı iddiaçı isə 170 manatdan 100 manata azaldılmasını xahiş etmişdir. Məhkəmə isə hesab edir ki, ilk iddia qismən əsaslı, qarşılıqlı iddia isə əsassızdır. Belə ki, cari ildə uşaqların saxlanılması üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğ (193 manat) tərəflərin birgə nikahından doğulmuş uşaqlara da şamil edilməlidir. Bununla belə nəzərə alınmalıdır ki, iki uşaq üçün müəyyən edilmiş minimum istehlak səbətinin təmin edilməsinin yalnız valideynlərdən birinin, yəni atanın üzərinə qoyulması nəticəsinə gəlinməsi ədalətli hesab edilə bilməz. Üstəlik, nəzərə alınmalıdır ki, hər iki valideyn əmək fəaliyyəti ilə məşğuldur və aylıq gəlirləri var. Bundan başqa, tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, aralarında olan nikah pozulsa da onlar faktiki olaraq bir evdə yaşayırlar və evin saxlanılması, kommunal xərclərinin ödənilməsi ilə bağlı xərcləri əsasən qarşılıqlı iddiaçı ödəyir. Bununla belə nəzərə alınmalıdır ki, uşaqlar daimi olaraq ilk iddiaçının yanında qaldığından onlara qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi ilk iddiaçının üzərinə düşür. Hansı ki, məhkəmə iclasında verilən izahatlardan da məlum olmuşdur ki, uşaqlar müxtəlif ödənişli dərslər alır və bu xərclər ilk iddiaçı tərəfindən qarşılanır. Bütün bu qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 185 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına və uşaqların üstün maraqlarına uyğundur. Məhkəmə qarşılıqlı iddiaçının diqqətinə çatdırır ki, uşaqların saxlanılması üçün azaldılmasını təklif etdiyi 100 manat aliment cari ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan iki dəfəyə yaxın azdır və bu pulla yetkinlik yaşına çatmayan uşaqların təminatının yalnız çox cüzi bir hissəsi qarşılana bilər ki, bu, uşaqların mənafelərinə uyğun deyil. Son olaraq, məhkəmə qeyd edir ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və bu vəzifə valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar.
Məhkəmə xərci.
Məhkəmə xərci ilə bağlı qeyd edilməlidir ki, alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən ilk iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (185x12=2220 manat) mütənasib olan 42.2 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qarşılıqlı iddia isə təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, ilk iddia qismən təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü X7 və X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-2725/2020 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa 185 (yüz səksən beş) manat olmaqla, cəmi 370 (üç yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1837/2022 saylı qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq Cavabdeh tutularaq İddiaçı ödənilməli, ilk iddia qalan hissədə təmin edilməməli, ilk iddia üzrə ödənilməmiş 42.2 manat (qırx iki manat iyirmi qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməli, qarşılıqlı iddia təmin edilməməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlk iddia qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X7 və X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-2725/2020 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa 185 (yüz səksən beş) manat olmaqla, cəmi 370 (üç yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 1837/2022 saylı qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq Cavabdeh tutularaq İddiaçı ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. İlk iddia üzrə ödənilməmiş 42.2 manat (qırx iki manat iyirmi qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-2725/2020 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi tam icra edildikdən sonra ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva