Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1852/2023 07.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin X1 Consulting Company MMC-nin Cavabdeh qarşı kredit müqaviləsinə xitam verilməsi, əsas və faiz borcun tutulması tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı ASC-nin X1 Consulting Company MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 iyun 2008-ci il tarixli, İk 0138 saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdehdən iddiaçının xeyrinə 2541.33 manat əsas borc, 3774.53 manat faiz borcu olmaqla cəmi 6315.86 manat və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. iddiaçı ilə cavabdeh arasında bağlanmış 30 iyun 2008-ci il tarixli, İk 0138 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 15 ay müddətinə, illik 27 faiz olmaqla, 5.000 manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə qismən ödəniş həyata keçirmişdir və üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur.
Tərəflərin izahatları
3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirdi və ərizə təqdim edərək, hazırki iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdi. Xahişini belə əsaslandırdı ki, müqavilənin müddətinin bitmə\sindən uzun zaman keçmiş, iddiaçı isə iddia tələbi ilə müraciət etməmişdir. Qanunda isə müqavilə tələbləri üçün 3 illik iddia müddəti nəzərdə tutulmuşdur.
İş materialları
5. "xxxx" ASC-nin Xəzər Filialı ilə Cavabdeh arasında bağlanmış 30 iyun 2008-ci il tarixli, İk 0138 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Bank tərəfindən Cavabdeh 15 ay müddətinə, illik 27 faiz olmaqla, 5.000 manat kredit verilmişdir.
6. İddiaçı ASC-nin X1 Consulting Company MMC-nin təqdim etdiyi maliyyə arayışından görünür ki, Cavabdeh 30 iyun 2008-ci il tarixli, İk 0138 saylı kredit müqaviləsi üzrə əsas məbləğdən 2458.67 manat, faiz borcundan 498.33 manat olmaqla cəmi 2957 manat ödəniş etmişdir. Hazırda Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixinə 2541.33 manat əsas borc, 3774.53 manat faiz borcu olmaqla cəmi 6315.86 manat borcu vardır.
7. İddiaçı ASC-nin X1 Consulting Company MMC-nin Cavabdeh ünvanlanan xx.xx.2013-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, kredit borcunun faizi ilə birlikdə 3 gün müddətində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2570/2014 saylı, xx.xx.2014cü il tarixli qiyabi qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Royal Bank” ASC-nin Xəzər Filialı ilə Cavabdeh arasında bağlanmış 30 iyun 2008-ci il tarixli, İk 0138 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh 2541.33 manat əsas borc, 3774.53 manat faiz borcu və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.
9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2570/2014 saylı, xx.xx.2023cü il tarixli qərardadından görünür ki, Cavabdeh ərizəsi təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2570/2014 saylı, xx.xx.2014-cü il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir.
10. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/798 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 2(010)-1852/2023 saylı mülki işin 12-13-cü vərəqlərində olan xx.xx.2008-ci il tarixli, İk 0138 saylı Kredit müqaviləsinin 1-ci vərəqinin aşağı sağ küncündəki imza və həmin müqavilənin 2-ci vərəqinin aşağı hissəsində “Borcalan” qrafasındakı imza - Cavabdeh tərəfindən icra edilmişdir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və rəyə tənqidi yanaşılması üçün heç bir əsas görmür.
İşin faktiki halları
11. Hazırki iş üzrə iddiaçı tərəfin tələbini əsaslandırması ondan ibarətdir ki, "xxxx" ASC-nin Xəzər Filialı ilə Cavabdeh arasında bağlanmış 30 iyun 2008-ci il tarixli, İk 0138 saylı kredit müqaviləsinə əsasən sonuncuya bank tərəfindən 5.000 manat məbləğində kredit verilmiş və cavabdeh həmin müqavilə üzrə qismən ödəniş həyata keçirimişdir. İddiaçı tərəf cavabdehin müqavilə üzrə öhdəliyini icra etmədiyini bildirərək kredit borcunun faizi ilə birlikdə tutulmasını tələb edir. Cavabdeh tərəf isə iddia tələbinə dair iki əsasla etiraz edir. Birincisi ondan ibarətdir ki, cavabdeh qeyd olunan kredit müqaviləsinin onun tərəfidən imzalanmadığını və onun həmin müqavilədən xəbəri olmadığını bildirir. Cavabdehin etirazının ikinci əsası isə ondan ibarətdir ki, hazırki iş üzrə borc məbləğinin tələb edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddət ötürüldüyündən iddia müddətinin tətbiq edilməsini xahiş edir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 372. İddia müddəti anlayışı 372.1 Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373. İddia müddətləri 373.2 Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Maddə 375. İddia müddətinin tətbiqi 375.2 Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır Maddə 377. İddia müddətinin başlanması 377.1 İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2 İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 554. Öhdəliklərin xitamı üçün müddətin keçməsinin nəticələri 554.1 Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır.
13. «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarı. Həmin qərarda qeyd edilir ki, Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı».
14. Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarı Həmin qərarda qeyd edilir ki, iddia müddətlərinə əməl olunmasına xüsusi önəm verərək aşağıdakıları qeyd etmişdir: «Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.»
Məhkəmənin mövqeyi
15. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir.
16. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında etibarlı kredit müqaviləsi bağlanmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə öz öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulan pul vəsaitini qeyd edilən müddətə və faizlə cavabdehə təqdim etsə də, lakin cavabdeh öz öhdəliklərini lazımi qaydada icra etməyərək müqavilə üzrə vaxtı-vaxtında ödəniş etməmişdir. Buna qarşılıq olaraq cavabdeh iddia tələbinə etiraz edərək kredit müqaviləsinin onun tərəfindən bağlanmadığını və həmin müqaviləyə onun tərəfindən imza çəkilmədiyini bildirsə də, lakin məhkəmə bu xüsusda cavabdehin etirazını əsaslı hesab etmir. Belə ki, iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/798 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 2(010)-1852/2023 saylı mülki işin 12-13cü vərəqlərində olan xx.xx.2008-ci il tarixli, İk 0138 saylı Kredit müqaviləsinin 1-ci vərəqinin aşağı sağ küncündəki imza və həmin müqavilənin 2-ci vərəqinin aşağı hissəsində “Borcalan” qrafasındakı imza - Cavabdeh tərəfindən icra edildiyi qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh tərəfin yuarıda qeyd edilən etirazı işin halları ilə öz təsdiqini tapmadı, ona görə də, iddiaçı cavabdehdən qeyd olunan kredit borcunu faizi ilə birlikdə tələb etməkdə haqlıdır.
17. Cavabdeh ərizə təqdim edərək, hazırki iş üzə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin bu ərizəsini nəzərdən keçirərək hesab edir ki, cavabdehin tələbə iddia müddətinin tətbiqi barədə ərizəsi əsaslıdır. İddia müddətinin hazırkı işə tətbiqinin mümkünlüyünü nəzərdən keçirən məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə xx.xx.2008-ci il tarixdə bağlanmışdır, müqavilənin icra müddəti 15 ay, yəni – xx.xx.2009-cü ilə kimi müəyyən edilmişdir. Hazırkı iddia ərizəsi isə xx.xx.2014-cü ildə məhkəməyə daxil olmuş, yəni müqavilə münasibətləri üçün qanunla müəyyən edilmiş 3 illik iddia müddəti ötürülmüşdür. Bu hal isə özü-özlüyündə iddianın rədd edilməsi üçün əsasdır. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı tələbə iddia müddəti tətbiq ediləmklə, tələb rədd edilməlidir.
Məhkəmə xərcləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli və iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olan 110 manat pul vəsaiti İddiaçı ASC-nin X1 Consulting Company MMC-dən tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
20. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli və iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olan 110 manat pul vəsaiti İddiaçı ASC-nin X1 Consulting Company MMC-dən tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı ASC-nin X1 Consulting Company MMC-nin cavabdeh Əlı̇ yev Bəxtı̇ yar Məzahı̇ r oğluna qarşı kredit borcu tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olan 110 manat pul vəsaiti İddiaçı ASC-nin X1 Consulting Company MMC-dən tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.