Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1857/2020 09.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və cavabdehin əlavə xərclərə cəlb edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və cavabdehin əlavə xərclərə cəlb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq bir uşaq üçün 200 manat, cəmi 400 manat məbləğində müəyyən edilərək, artırılmış məbləğin cavabdehdən tutularaq ona ödənilməsinə, Cavabdeh əlavə xərclərə cəlb edərək, hər ay əlavə xərclərə görə bir uşaq üçün 100 manat, cəmi 200 manat alimentin Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxx 2003-cü ildə nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmişlər. Birgə nikahdan xx xxxxxx 2004-cü ildə X4 və xx xxxxxx 2006-cı ildə X1, adlı və ata adlı uşaqları doğulmuşdur. Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(010)-467/2018 nömrəli qətnaməsi ilə onunla Cavabdeh arasında bağlanılmış nikah pozulmuş və qeyd edilən qətnamə ilə X2 və X3 onun himayəsində saxlanılması qət edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(010)-12337/2016 qətnaməsi ilə X2 və X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün bir uşaq üçün hər ay 117 manat, cəmi 234 manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği uşaqların hüquq və mənafelərinin qorunması üçün yetərli deyildir.Çünki 2016-cı ildən sonra Respublika ərazisində sosial-iqtisadi göstəricilər dəyişilmiş, uşaqlar 4 yaş da böyüməklə, onların maddi və sair tələbatlarının artmış və getdikcə də artması qaçılmaz olmuşdur.Bundan əlavə, müəyyən edilmiş aliment məbləğindən başqa cavabdeh uşaqların əlavə xərclərində qətiyyən iştirak etmir və uşaqların böyüdükcə artan tələbatları qarşısında bir ana kimi artıq tab gətirə bilmir. İddiaçı xx.xx.2020-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 12337/2019 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh xx.xx.2004-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2006-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx xxxxxxx 2016-cı il tarixindən başlayaraq İddiaçı xeyrinə hər ay hər uşağa 117 (yüz on yeddi) manat olmaqla cəmi 234 (iki yüz otuz dörd) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-467/2018 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması və uşağın iddiaçının yanında qalmasının müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında xx xxxx 2003-cü ildə bağlanmış və həmin tarixdə Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsi tərəfindən akt qeydləri kitabında 368 nömrəsi ilə qeydə alınmış nikahın pozulmuş hesab edilməsi, xx.xx.2004-cü il təvəllüdlü X2 və xx.xx.2006-cı il təvəllüdlü X3 boşanmadan sonra İddiaçı yanında qalmalarının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, rəsmi nikahdan 2 uşaqlarının olması, həmin uşaqların ananın yanında qalması, uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin faktiki hallarından görünür ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin ailə və maddi vəziyyətində dəyişiklik olmamışdır, cavabdehin əvvəllər əldə etdiyi gəlirlərin artmasına dair sübutlar təqdim olunmamışdır. Qanunvericiliyə görə uşağa valideynlərinin hər ikisi baxmalı, qayğı göstərməli, maddi tələbatlarını təmin etməlidir. Uşağın saxlanılması üçün maddi xərclərin hamısının yalnız bir tərəfin üzərinə qoyulması ədalətli deyil. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 81-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Hazırki mülki iş üzrə məhkəmə işin dəlillərinə hüquqi qiymət verərək onu qeyd edir ki, məhkəmələr yalnız təqdim edilmiş sübutlar əsasında araşdırma aparır. Bu sübutları təqdim etmək mülki iş üzrə tərəflərin vəzifəsidir. Göründüyü kimi iddiaçı tərəfindən əlavə xərclərin nədən ibarət olması ilə əlaqədar mülki iş materialarında heç bir sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və cavabdehin əlavə xərclərə cəlb edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və cavabdehin əlavə xərclərə cəlb edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-1857/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1857/2020
09.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver