Məhkəmə qərarları › İş №2(010)-1858/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1858/2024

08.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1858/2024 08.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(010)-2126/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2017-il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin, həmçinin mediasiya xərci olan 60 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2016-cı ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Cavabdehlə birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X8 adlı bir övladları dünyaya gəlmişdir. Cavabdehlə ailə münasibətləri alınmadığından Bakı şəhəri Suraxanı Rayonıı Məhkəməsi 14 sentyabr 2018-cı il tarixli, 2(010)- 4197/2018 nömrəli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan olan 13.0.3.2017-ci il təvəllüdlü X8 onun himayəsində saxlanılmış və yetkinlik yaşma çatan kimi saxlanması üçün cavabdehdən 01 iyun 2018-cı il tarixdən başlayaraq, hər ay bir uşağa görə 154 manat sabt pul məbləğində alimentin onun xeyrinə tutulması qərara alınmışdır. Cavabdeh tərəfindən ödənilən 154 manat aliment uşağın sxlanması üçün yetərli olmadığından və əlavə olaraq, cavabdeh tərəfindən heç bir maddi yandım edilmədiyindən məhkəmə qətnaməsi ilə artırılaraq, 170 manat və son olaraq Bakı şəhəri Suraxanı Rayonu Məhkəməsi 20 may 2022-ci il tarixli, 2(010)- 2126/2022 nömrəli qətnaməsi ilə alimentin miqdarı artırılaraq, cavabdehlə birgə nikahlardan olan xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çalan kimi saxlanması üçün 193 manat miqdarında müəyyən edilmişdir. Hazırda qızı böyüyür, onun xərcləri artıb, o onun aylıq xərclərini ödəmək qabiliyyətində deyil. Cavabdeh birgə nikahdan olan uşağın saxlanması üçün ona heç bir əlavə maddi yardım etmir, ödənilən 193 manat sabit pul məbləğində aliment uşağın heç bir təlabatını ödəmir. Dəfələrlə cavabdehdən birgə nikahdan olan uşağın saxlanması üçün əlavə köməklik etməsini xahiş etsə də, bunun üçün heç bir köməklik etməmişdir. Buna görə də, birgə nikahdan olan uşağın saxlanması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədə müvafiq hesab edir. Qeyd edir ki, məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin qarşı tərəf heç bir üzrlü səbəb göstərmədən mediasiya prosesində iştirak etməmiş və aralarında olan mübahisənin həlli mediasiya vasitəsi ilə mümkün olmamışdır. Mediasiya xərcləri onun tərəfindən tam şəkildə ödənilmişdir. Tərəflərin izahatları. Məhkəmənin iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, 2017-ci ildə övladının dünyaya gəldiyini, ailədə münaqişələr yarandığını və ayrıldığını bildirmişdir. Cavabdehin o gündən uşağı heç görmədiyini, bütün xərcləri tək çəkməli olduğunu, uşağın hazırda məktəbə getdiyini, xərclərinin artdığını, tək qarşılaya bilmədiyini qeyd etmişdir. Əlavə olaraq cavabdehin 193 manat aliment ödədiyini bildirmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. xx.xx.2024-cü il tarixli, 665 nömrəli Azərbaycan Respublikası Qacqınlarının və X5 üzrə Dövlət Komitəsi Bakı şəhər Suraxanı rayon üzrə bölməsinin arayışından görünür ki, bu arayış verilir Füzuli rayonunda məcburi köçkün İddiaçı ondan ötrü ki, o, həqiqətən ünvan 1 ünvanında müvvəqəti məskunlaşmışdır. Suraxanı Rayon Məhkəməsinin 2(010)-2126/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2 (010)- 1399/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilmiş, Cavabdeh qətnamə qanuni quvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-2126/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, ilk iddia təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh X2 arasında xx.xx.2016-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozulsun və akt qeydləri kitabındakı 74 saylı nikah qeydi ləğv edilməsi, xx.xx.2017-ci il təvəllüdlü X8 anası X1 himayəsində saxlanılması, qarşılıqlı iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 01 iyun 2018-ci il tarixindən başlayaraq hər ay 154 manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulması, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-4197/2018 saylı, 14 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə, ilkin iddia təmin edilərək, iddiaçı Cavabdeh ilə X2 arasında xx.xx.2016-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması və akt qeydləri kitabındakı 74 saylı nikah qeydi ləğv edilməsi, xx.xx.2017-ci il təvəllüdlü X8 anası X1 himayəsində saxlanılması, qarşılıqlı iddia qismən edilərək, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 01 iyun 2018-ci il tarixində başlayaraq hər ay 154 manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulması, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu olaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş “X3 iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasında mediasiya MŞB/16/2024-00144 nömrəli işi açılmış, xx.xx.2024-cü il tarixə X3 İddiaçı iştirak etmiş, Cavabdeh isə sessiyada iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 10 manat məbləğində kargüzarlıq-poçt və 50 manat mediasiyaya dair xərc ödənilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli, AA seriyalı, 179249 nömrəli X7 surətindən görünür ki, İddiaçı 1990-ci ildə Füzuli rayonunda doğulmuş, 1993-cü ildə yaşadığı yeri tərk etmək məcburiyyətində qalaraq, Sabail rayonunda məskunlaşmışdır. Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş, AZ-İİİ seriyalı, 933505 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 (atası Cavabdeh, anası X2) 13 mart 2017-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 360 nömrə ilə qeyd edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: 17-ci maddəsinin İİ-ci hissəsi: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələri: ....analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir..... Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.... Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:... 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;... 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: ...112.1.3. aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 13-cü maddəsi: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsi: ...valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsi: Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: ...9.1.2 Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar... 9.4.İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür... “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 36. Mediasiya xərcləri 36.1. Mediasiya prosesinə dair xərclərə daxildir: 36.1.1. mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat; 36.1.2. mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri. 36.2. Bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 36.3. Mediator və ya mediasiya təşkilatı mediasiyanı ödənişli əsaslarla həyata keçirir. Mediator və ya mediasiya təşkilatı öz razılığı ilə mediasiyanı ödənişsiz əsaslarla da həyata keçirə bilər..... 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X3 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X3 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.... “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği: 1. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq aşağıdakı məbləğlərdə müəyyən edilir: 1. Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə - 50 manat.

2. İlkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləği təsdiqedici sənədlər əsasında 10 manatdan çox olmayaraq müəyyən edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. İşin hallarından göründüyü kimi, tərəflərin birgə nikahından bir uşağı doğulmuşdur. Tərəflər arasında nikah pozulmuş, uşaq iddiaçının yanında yaşayır. Bu baxımdan uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı, cari ildə uşaqlar üçün yaşayış minimumu artdığından, uşağın saxlanılması üçün cavabdehdən alimentin artırılmasını tələb etməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (235 manat) tərəflərin birgə nikahından doğulmuş uşağa da şamil edilməlidir. Üstəlik, uşaq daimi olaraq iddiaçının yanında qaldığından ona qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Yuxarıda göstərilmiş qanunvericiliyinin tələblərinə görə, yəni X3 cavabdehin üzrsüz səbəbdən iştirak etməməsi üçün, iddiaçı onun tərəfindən ödənilmiş mediasiya xərcləri tələb etməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, 60 manat məbləğində kargüzarlıq-poçt və mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesаb edir ki, iddia təmin edilməli, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat aliment Cavabdeh Məmməd oğlundan tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumunun ödənilməsindən azad olunmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (235x1x12=2820 manat) mütənasib olan 48,2 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2126/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılsın. Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Ödənilmiş 60 manat kargüzarlıq-poçt və mediasiyaya dair xərc Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş 48,2 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar