Məhkəmə qərarları › İş №2(010)-1868/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1868/2022

13.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1868/2022 13.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək, 30.08.2008-ci il təvəllüdlü oğlu X1 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment məbləğinin artırılaraq hər ay üçün 193 (yüz doxsan üç) manat sabit pul məbləği və epilepsiya xəstəsi olduğuna görə müalicəsi üçün hər ay 100 manat olmaqla cəmi 293 manat (iki yüz doxsan üç) alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 14.08.2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə yaşadıqları dövrdə 30.08.2008-ci il təvəllüdlü İman adlı uşaqları dünyaya gəlmişdir. Qeyd edilir ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 10.03.2011-ci il tarixli, 2(010)-115/2011 saylı qətnaməsi ilə Cavabdeh 30.08.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda alimentin məbləğinin artırılmasına zərurət vardır. Belə ki, 100 manat sabit pul məbləğində alimentin təyin olunmasından sonra bazar qiymətləri artmış və bunun nəticəsində uşağın saxlanması çətinləşmişdir. Uşaq böyüdükcə xərcləri də çoxalır. Onun geyim, yemək və sair xərclərini 100 manat hesabına qarşılamaq mümkün deyil. Eyni zamanda qeyd etmək istəyirəm ki, oğlumuz İman epilepsiya xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən ildə iki dəfə müalicə alır. Onun indiyədək bütün həkim, müayinə və dərman xərclərini özü qarşılamışdır. Hesab edir ki, azyaşlı övladının minumum təminatı məqsədi ilə məhkəmənin aliment məbləğinin artırılması ilə bağlı qətnamə çıxarması məqsədəmüvafiqdir. 10 mart 2022-ci il tarixdə cavabdeh ilkin mediassiya sessiyasının vaxtı və yeri barədə məlumatlı olsada iştirak etməmiş, alimentin artırılması ilə bağlı heç bir razılıq əldə olunmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 2(010)-115/2011 saylı, 10.03.2011-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 14 avqust 2007-ci il tarixdə Sabunçu rayon Qeydiyyat şöbəsində bağlanmış 1173 saylı nikahın pozulması, birgə nikahdan doğulmuş 30 avqust 2008-ci il təvəllüdlü İman adlı uşağın anası - İddiaçı yanında qalması və Cavabdeh 10 mart 2011-ci ildən başlayaraq 30 avqust 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan 10.03.2022-ci il tarixli Mediasiya arayışından görünür ki, tərəflər arasında mediasiya prosesi Cavabdeh həmin prosesdə iştirak etməməsi səbəbindən baş tutamışdır. İş materiallarında olan müvafiq “tibbi sənədlər”dən görünür ki, 30 avqust 2008-ci il təvəllüdlü X2 epilepsiya xəstəliyindən əziyyət çəkir və həmin xəstəliklə əlaqədar hazırda müalicə qəbul edir. Məhkəmə hesab edir ki, iddia tələbi 30 avqust 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş aliment miqdarının artırılaraq hər ay 193 manat məbləğində təyin olunması hissəsinə münasibətdə tam əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, 2011-ci ildə təyin edilən aliment məbləği hazırkı dolanışıq meyarlarına cavab vermir və bu baxımdan aliment məbləğinin artırılması azyaşlının mənafeyi baxımından məqsədə müvafiqdir. Məhkəmə, həmçinin qeyd edir ki, təyin ediləcək aliment məbləği real olmalı və icrası mümkünsüz olan qətnamənin qəbul edilməsinə səbəb olmamalıdır. Bu baxımdan, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilən hər ay 193 manat məbləğində aliment tələbi qanuni və əsaslıdır. Məhkəmə hesab edir ki, iddia tələbi 30 avqust 2008-ci il təvəllüdlü X1 epilepsiya xəstəsi olduğuna görə müalicəsi üçün hər ay 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qismən əsaslıdır. AR Ailə Məcəlləsinin 81.2-ci maddəsinə görə, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İş materiallarından azyaşlının qeyd edilən xəstəlikdən əziyyət çəkməsi, mütəmadi müalicə prosedurları qəbul etməsi görünür. Bu prosedurların həyata keçirilməsi xərcləri, eləcə də müaicə ilə bağlı təyin edilmiş dərmanların alınması iddiaçı tərəfindən həyata keçirilir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh də bu xərclərə cəlb edilməlidir. Məhkəmə yuxarıda qeyd olunan normanın tələblərini nəzərə alaraq hesab edir ki, 30 avqust 2008-ci il təvəllüdlü X1 epilepsiya xəstəsi olduğuna görə müalicəsi üçün hər ay 50 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Çünki, cavabdehin iddia tələbində qeyd edilən məbləğdə müalicə xərclərini qarşılamağa maddi imkanın olması işin halları ilə sübut edilmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 10 mart 2011-ci il tarixli qətnaməsi ilə 30.08.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan aliment məbləği artırılaraq hər ay 193 manat sabit pul məbləğində müəyyən edilsin. 30.08.2008-ci il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar müalicəsi üçün Cavabdeh hər ay 50 manat məbləğində pul tutularaq İddiaçı Bəxtı̇ yar qızına ödənilsin. Mediasiya prosesində iştirak etməyə görə İddiaçı Bəxtı̇ yar qızı tərəfindən ödənilmiş 50 manat rüsumun əvəzi Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Alimentin tutulması qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar