Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1869/2021 05.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı "aliment məbləğinin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "aliment məbləğinin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.06.2011-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 175 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlliləri İddiaçı Cavabdeh ilə birgə nikahından 22.06.2011-ci il tarixdə Aylin adında uşağı anadan olmuşdur. Aylinin atalığı Suraxanı Rayon Məhkəməsinin 25.09.2018-cı il tarixli 2(010)- 1066/2019 saylı qətnaməsinə əsasən Cavabdeh 22.06.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün onun xeyrinə 154 (yüz əlli dörd) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Suraxanı Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği yəni, 154 (yüz əlli dörd) manat övladının heç bir tələbatının ödənilməsinə yetmir. Qızı böyüdükcə məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu 2021-ci ildə hər uşaq üçün 175 manat müəyyən edilmişdir. Övladının bütün qayğısını ehtiyacını tamamilə özü şəxsən çəkir. Ona görə də ona övladının təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq çox çətindir. Buna görə də “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının izahatları İddiaçı 29.03.2021-ci il tarixdə məhkəməyə poçt vasitəsi ilə ərizəsi daxil olmuş və iddiaçı həmin ərizəsində məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 12.12.2018-ci il tarixdə verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh 22.06.2011ci ildə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 12.12.2018-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X3 22.06.2011-ci ildə doğulmuş və valideynləri Cavabdeh və İddiaçıdır. Suraxanı rayon məhkəməsinin 25.08.2018-ci il tarixli 2(010)-4713/2018 saylı qiyabi qətnaməsindən müəyyən olunur ki, Cavabdeh 22.06.2011-ci ildə Bakı şəhərində doğulmuş Aylin adlı qız uşağının atası olması faktı müəyyən edilmiş, atalığın qanunla müəyyən olunmuş qaydada qeydə alınması və uşağın adına doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Suraxanı rayon Qeydiyyat şöbəsinə həvalə edilmişdir. Suraxanı rayon məhkəməsinin 2(010)-1066/2019 saylı 01.02.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 17.12.2018-ci il tarixdən başlayaraq 22.06.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 17.2 Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34 Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu:
8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır.
19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır.
Azərbaycan Respublikası Ailə Məcəlləsi: 56.1 Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2 Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1 Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 233.4 Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
Məhkəmənin mövqeyi Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Sözügedən normadan irəli gələrək məhkəmə hesab edir ki, tərəflərin bir övladının olması və uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İddia tələbinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27.07.2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, tərəflərin övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutulmasına dair Bakı şəhər Suraxanı rayon məhkəməsinin 2(010)-1066/2019 saylı 01.02.2019-cu il tarixli qətnaməsi qəbul edildikdən sonra saxlanılması üçün aliment tutulan uşağın yaşı və tələbatı dəyişdiyinə görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması və uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, 2021-ci il üçün uşaqların saxlanmasına görə yaşayış minimumu kimi Qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və iddia tələbi nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün ağlabatan məbləğdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulmalıdır.
Məhkəmə həmçinin qeyd edir ki, cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 8-2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
Məhkəmə xərcləri
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda — iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 (otuz) manat məbləğdə pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Bakı şəhər Suraxanı rayon məhkəməsinin 2(010)-1066/2019 saylı 01.02.2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin və Cavabdeh İddiaçıın xeyrinə 22.06.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova