Məhkəmə qərarları › İş №2(010)-1869/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1869/2022

18.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1869/2022 18.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-4533/2017 saylı, 12.05.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, 15.04.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment məbləğinin 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu miqdarında 193 (yüz doxsan üç) manat artırılmasına və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun Cavabdeh tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan 15.04.2007-ci il təvəllüdlü X3 adlı övladı dünyaya gəlmişdir. Sonradan onların nikahları məhkəmənin qətnaməsinə əsasən pozulmuş və azyaşlı övladı onun himayəsində saxlanılmış və onun saxlanılması üçün aliment tutulmuşdur. O alimentin artırılması üçün məhkəməyə müraciət etmiş və Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-4533/2017 saylı, 12.05.2017-cı il tarixli qətnaməsi əsasən Suraxanı Rayon Məhkəməsinin 2(010)-9830/2016 saylı, 29.08.2016-cı il tarixli qətnaməsi ilə tutulan aliment miqdarı dəyişdirilmiş və cavabdeh Cavabdeh onun (İddiaçı) xeyrinə 15.04.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 136,6 manat miqdarında alimentin tutulması müəyyən edilmişdir. Hazırkı iqtisadi çətinliklər dövründə cavabdehin hər ay ödəməli olduğu 136,6 manat aliment yetərincə deyildir. İndiki İqtisadi çətinliklər zamanında qiymətlərin surətli artımı vaxtında uşağa sərf olunan xərclər artırdığı üçün, alimentin artırılmasına böyük ehtiyac vardır. Bütün bunları uşaq üçün təşkil etmək təkbaşına ona olduqca çətindir və buna görə də X1 üçün Cavabdeh tutulan alimentin miqdarının artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, o, iddiaçı ilə nikaha daxil olmuş və birgə nikahdan bir uşaqları doğulmuşdur. Nikahları pozulduqdan sonra azyaşlı övladı anasının himayəsində saxlanılmışdır. Suraxanı Rayon Məhkəməsinin 2(010)-4533/2017 saylı, 12.05.2017-cı il tarixli qətnaməsinə əsasən ondan hər ay 136,6 manat tutulmuşdur. O hal-hazırda işləməsə də, 193 manat alimentin tutulmasına etiraz etmir və bununla bağlı ərizə təqdim etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)- 4533/2017 saylı, 12.05.2017-ci il tarixli qətnaməsinə əsasən Xətai Rayon Məhkəməsinin 2(010)-9830/2016 saylı, 29.08.2016-cı il tarixli qətnaməsi ilə tutulan aliment miqdarı dəyişdirilmiş və Cavabdeh onun (İddiaçı) xeyrinə 15.04.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 136,6 manat miqdarında alimentin tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 15.04.2007-ci ildə doğulmuşdur və anası X4 və atası Cavabdehdur. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MBŞ/4-00530 saylı arayışdan görünür ki, 04.03.2022-ci il tarixdə saat 16:00 saatlarında keçirilməsi nəzərdə tutulan iclasda İddiaçı iştirak etmiş və 50 manat mediasiyaya dair xərc ödəmişdir. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında olan nikah 13.10.2011-ci il tarixində ləğv edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Həmin Məcəlləsinin 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi, üç və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-4533/2017 saylı, 12.05.2017-ci il tarixli qətnaməsi əsasən Xətai Rayon Məhkəməsinin 2(010)-9830/2016 saylı, 29.08.2016-cı il tarixli qətnaməsi ilə tutulan aliment miqdarı dəyişdirilmiş və Cavabdeh onun (İddiaçı) xeyrinə 15.04.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 136,6 manat miqdarında alimentin tutulması qət edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə iclasında cavabdehin rəsmi qazancı barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən 01 yanvar 2022-ci il tarixdən uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq hec bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu hallara qiymət verərkən, məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud hər hansı digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 193 manat olmasını, iş üzrə əvvəlki məhkəmə qərarı ilə təyin edilmiş alimentin məbləğinin uşağın saxlanması üçün yetərli olmamasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-4533/2017 saylı, 12.05.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilməli, Cavabdeh 15.04.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay 193 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Bundan başqa “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənildiyindən həmin xərc cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddianın qiymətinin, yəni bir il ərzində ödəmənin məcmusunu nəzərə alaraq, ödənilməli 43.16 manat dövlət rüsumu Cavabdeh dövlət gəlirinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-4533/2017 saylı, 12.05.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılsın. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 15.04.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Mediasiya xərci - 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı qızına ödənilsin. Məhkəmə xərcləri – 43.16 (qırx üç manat, on altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar