Məhkəmə qərarları › İş №2(010)-1892/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1892/2021

28.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1892/2021 28.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir oğlunun sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması, maneələrin aradan qaldırılması və torpaq sahəsinin qanuni sahibliyinə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması, maneələrin aradan qaldırılması və torpaq sahəsinin qanuni sahibliyinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə zəbt etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 6 saylı binanın qarşısında 300 kv.metr torpaq sahəsində tikilmiş fərdi yaşayış evindən istifadə etdiyi kommunal xidmətlərin haqqını tam ödəməklə çıxarılması, cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, torpaq sahəsinin iddiaçıya İddiaçı qanuni sahibliyinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayon İcra hakimiyyəti başçısının 06 iyun 2000-ci il tarixli 894 saylı Sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 6 saylı binanın qarşısında 300 kv.metr torpaq sahəsi ayrılmışdır. Təqribən 15 il əvvəl həmin torpaq sahəsi iddiaçı tərəfindən abadlaşdırılmış, hasara alınmış, iddiaçının adına kommunal xəttlər çəkilmiş və üç otaqlı fərdi yaşayış evi tikilmişdir. Həmin ərəfələrdə bacısının həyat yoldaşı hazırki iş üzrə cavabdeh yaşamağa yerlərinin olmaması səbəbindən iddiaçıdan müvəqqəti olaraq yaşamaq üçün icazə istəmişdir. İddiaçı da bacısına görə ona müvəqqəti olaraq həmin mübahisə predmeti olan fərdi yaşayış evində yaşamağa icazə verdi. Həmin vaxt iddiaçı subay idi və hazırda pasport qeydiyyatında olduğu mənzildə yaşayırdı. Lakin, 2018-ci ildə ailə həyatı qurdu və bir övladı var. Bundan sonra iddiaçı cavabdehdən müvəqqəti yaşamağına icazə verdiyi fərdi yaşayış evindən çıxmağı xahiş etmişdir. Lakin cavabdeh hələ də həmin evdən çıxmaq istəmir. Buna görə də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Lakin Cavabdeh iddiaçıya ayrılmış torpaq sahəsindən və içində tikdiyi fərdi yaşayış evindən çıxmır. Qeyd edilənlərə əsasən hesab edir ki, Cavabdeh öz ailə üzvləri ilə birlikdə zəbt etdiyi və Suraxanı RİH başçısının sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 6 saylı binanın qarşısında iddiaçıya ayrılmış 300.kv metrlik torpaq sahəsindən çıxarılmalı və cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Bununla əlaqədar, Cavabdeh ailə üzvləri ilə birlikdə zəbt etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 6 saylı binanın qarşısında 300 kv.metr torpaq sahəsində tikilmiş fərdi yaşayış evindən istifadə etdiyi kommunal xidmətlərin haqqını tam ödəməklə çıxarılması, cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, torpaq sahəsinin iddiaçıya İddiaçı qanuni sahibliyinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan: Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayon İcra hakimiyyəti başçısının 06 iyun 2000-ci il tarixli 894 saylı Sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 6 saylı binanın qarşısında 300 kv.metr torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdəəmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.. Bu Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Bu Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il Qərarında göstərilmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyət hüququna dair eyni mövqe Azərbaycan Respublikasının tərəfdar olduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada da müəyyən olunmuşdur. Belə ki, Konvensiyanın 20 mart 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işi üzrə qərarında göstərilmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. İddiaçı sahibliyində və istifadəsində olan ünvan 1 ünvanında yerləşən evinin yerləşdiyi torpaq sahəsində tərəfindən tikilmiş və cavabdeh tərəfindən zəbt edilmiş fərdi yaşayış evindən cavabdehin çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Tələbini Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 6 saylı binanın qarşısında 300 kv.metr torpaq sahəsinin və həmin torpaq sahəsində olan fərdi yaşayış evin onun istifadəsində olması ilə əsaslandırır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçının, mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsi Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayon İcra hakimiyyəti başçısının 06 iyun 2000-ci il tarixli 894 saylı Sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılsa da, iddia etdii kimi həmin torpaq sahəsində fərdi yaşayış evinin iddiaçı tərəfindən tikilib-tikilməməsi, ümumiyyətlə tikilməsi, tikilibsə həmin torpaq sahəsinin hüdudlarında tikilib-tikilməməsi və hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. İddiaçı da torpaq sahəsinin hansı hüdularında omlası barədə və yaxud həmin torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi və həmin evin ona məxsus olması barədə hər hasın sübut təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayon İcra hakimiyyəti başçısının 06 iyun 2000-ci il tarixli 894 saylı Sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 6 saylı binanın qarşısında 300 kv.metr torpaq sahəsi ayrılmışdır. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçını hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilsə də, torpaq sahəsi hansı hüdudlarında olduğu, fərdi yaşayış evinin tikilməsi və iddiaçıya məxsus olmasını iddiaçı tərəfindən sübuta yetirməmişdir. Bundan əlavə məhkəmə iclasında iddiaçının izahatına əsasən müəyyən edilmişdir ki, cavabdehin tkidiyi fərdi yaşayış evi cavabdeh tərəfindən tikilmiş, iddiaçının qeyd olunan tikinti natamam tikilmiş tikintidir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər Məhkəmə hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 6 saylı binanın qarşısında 300 kv.metr torpaq sahəsi iddiaçının istifadəsində olsa da, torpaq sahəsinin hədləri müəyyən edilmədiyindən, müəyyən temək müəyyən olunmadığından, cavabdehin həmin torpaq sahəsinin hüdudlarında yaşaması, iddiaçı tərəfindən hər hansı fərdi yaşayış evinin tikilməsi və cavabdeh tərəfindən onun zəbt edilməsi sübuta yetirilmədiyindən, və bununla da iddiaçının hazırki iddianın irəli sürmək subyektiv hüququ olmadığından, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 6 saylı binanın qarşısında 300 kv.metr torpaq sahəsində Cavabdeh torpaq sahəsinin boşaldılması, maneələrin aradan qaldırılması və torpaq sahəsinin qanuni sahibliyinə qaytarılması tələbinə dair iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi üzrə 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Cavabdeh qarşı sahəsinin boşaldılması, maneələrin aradan qaldırılması və torpaq sahəsinin qanuni sahibliyinə qaytarılması tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar