Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-190/2025 10.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı Alieva Aida, onun nümayəndəsi (vəkili) Vəkil1 və Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə İddiaçı Alieva Aidanın Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Alieva Aida (X10) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 20000 manat məbləğində pulun, ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 300 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin ortalarında oğlu X9 adlı qızla nişanlamışdır. Həmin ərəfədə qardaşı Nazim Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən ata mənzilini sataraq əldə olunmuş puldan ona düşən payı – 40000 manat məbləğində pulu ona vermişdir ki, oğlu ilə özünə ayrıca mənzil alıb yaşasın. Onlar da təzə qudaları ilə şəhərin müxtəlif yerlərinə gedib baxaraq, mənzil axtarmış və uzun müddət mənzillərə baxdıqdan sonra əllərində olan pula istədikləri mənzili ala bilməyəcəklərini anlamışlar. Həmin vaxt bilmişdir ki, oğlunun nişanlısı Fidanın adına olan mənzili atası Cavabdeh 48000 manata satışa qoymuşdur. Həmin mənzilə oğlu ilə birlikdə baxaraq bəyənmişlər. Birlikdə Fidangil ilə danışaraq belə bir qərara gəlmişlər ki, həmin mənzili 40000 manata oğlu Samir üçün alsınlar. Elşən də bildirmişdir ki, qızı üçün 8000 manatı keçər. Beləliklə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində adını xatırlamadığı MTK tərəfindən inşa olunmuş yeni tikili binanın birinci mərtəbəsində yerləşən 67 m2 sahəsi olan iki otaqlı mənzil üçün 2020-ci ilin fevral ayında Elşəngilin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən “Bakıxanov Residence” yaşayış kompleksindəki mənzildə Elşənin arvadı Gülşənin, qızı Fidanın, oğlu Elxanın, qayınanası Sədaqətin gözü qarşısında 7000 manat və 33000 manat olmaqla, 2 dəfəyə cəmi 40000 manat məbləğində pulu oğlu Samir ilə birlikdə sayaraq Elşənə vermişdir. Elşən pulu sayıb təhvil aldıqdan sonra mənzilin sənədlərini onlara göstərmiş, sənədlərin qızı Fidanın, yəni onun gələcək gəlininin adına olmasını, toydan sonra bir ailə olacaqlarını, mənzilə çıxarışı toydan sonra oğlunun adına alacağını razılaşdırdıqlarından mənzilin sənədlərini oğlunun adına keçirməmişdir. Pulu aldıqdan bir müddət sonra Fidan oğlu Samiri bəyənmədiyini yalandan bəhanə gətirərək oğlunun guya əvvəllər ailəli olması, həmin ailəsindən uşağının olması ilə şərləyərək, nişanı pozmuş, lakin nə vəd verdikləri mənzili, nə də ki, pulu geri qaytarmamışlar. Hələ bu azmış kimi, nişanda Fidana pay apardıqları 5000 manat dəyərində olan qızıl-zinət əşyalarını da qaytarmamışlar. Hər dəfə pulu onlardan tələb etdikdə bildirmişlər ki, həmin mənzil satışa qoyulub, satılan kimi pulu qaytaracaqlar. Elşəngil ailəlikcə vətəndaşları aldatmaqla məşğul olurlar və onun kimi digər Aygün, Kamil, Ziba adlı şəxsləri də aldadaraq müxtəlif məbləğlərdə pullarını ələ keçirmişlər. Cavabdeh ondan aldadıb aldığı 40000 manat pulu qaytarmadığına görə onun barəsində hüquq mühafizə orqanlarına şikayət etmişdir. Sabunçu RPİ-nin İŞ-də onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmış, ittiham aktı təsdiq olunaraq Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə Cavabdeh verilmiş ittihamlar üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilmişdir. Hökmdən şikayət və protest verilsə də, apellyasiya və kassasiya instansiya məhkəmələrində də hökm və qərar qüvvədə saxlanılmışdır. Qərarlarla ona bəraət verilsə də, onda 40000 manat pul vəsaitinin əsassız və qanuni əsaslar olmadan alınması cinayət işinin materialları ilə öz təsdiqini tapmışdır. Qərarlarla mülki qaydada məbləğin alınması üçün iddia qaldırmaq hüququnun olması ona izah edilmişdir. İşin ibtidai istintaq mərhələsində cavabdeh 40000 manat məbləğində pulun 20000 manatını qaytarmış və hazırda 20000 manatı qalmaqdadır.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçı Alieva Aida və iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etməyərək bildirdi ki, iş materiallarında olan hökmlə iddiaçı tərəfindən cavabdehə 40000 manat məbləğində pul verilməsi müəyyən olunmur. Cavabdeh həmin hökmdə yalnız 33000 manat məbləğində pul aldığını qəbul etmişdir ki, bu pulun 20000 manatını qaytarmış olduğu mübahisəsizdir. Qalan 13000 manat isə dolayı yolla hissə-hissə ödənilmişdir. Belə ki, bu pulun 5200 manatı ilə iddiaçı Aida xanımın Sədrəddin adlı şəxsə verməli olduğu pul ödənilmişdir. 5000 manatı ilə iddiaçının oğlunun diplomunun təsdiqi ilə bağlı məsələlər həll edilmişdir. Pulun bir hissəsini iddiaçının oğlu götürüb öz problemlərini həll etmişdir. Yəni hazırkı vəziyyətdə cavabdehin iddiaçıya heç bir borcu yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
İş materialları.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)- 633/2023 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilməsi, zərəçəkmiş şəxs və mülki iddiaçı X10 tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılması hökm edilmiş və X7 mülki iddianı sonradan mülki mühakimə icraatı qaydasında vermə hüququnun olması izah olunmuşdur.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-853/2024 nömrəli qərarından görünür ki, zərərçəkmiş şəxs X10 və nümayəndəsi X5 tərəfindən birgə verilmiş kassasiya şikayəti və dövlət ittihamçısı X3 tərəfindən verilmiş kassasiya protestinin təmin edilməməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. xx.xx.2022 – xx.xx.2022-ci il tarixləri arasında tərtib edilmiş maddi ziyanın ödənilməsi haqqında protokollardan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X2 icraatında olan ********* nömrəli cinayət işi üzrə X8 tərəfindən X7 vurulmuş maddi zərərin ödənilməsi məqsədilə ümumilikdə 10500 manat məbləğində pul vəsaitinin qaytarılması təmin edilmişdir.
8. xx.xx.2024-cü il tarixli, TT**********865300 nömrəli qəbzdən görünür ki, Alieva Aida tərəfindən Bakı şəhəri 7 saylı Vəkil Bürosunun bank hesabına 300 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
9. xx.xx.2024-cü il tarixli, 11767 nömrəli qəbzdən görünür ki, iddiaçı Alieva Aida tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 150 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları.
10. İddiaçı X4 Mustafayevlə Cavabdeh qızı Fidan Səfərova 2019-cu ildə nişanlanmışlar.
11. İddiaçı Aidə Əliyeva və Cavabdeh sonuncuya məxsus mənzilin iddiaçıya satılması barədə razılığa gəlmişlər. Sonradan tərəflərin qohumluqları baş tutmamış, X16 Səfərov tərəfindən aldadıldığını, mənzil satışı adı ilə ondan 40000 manat pul alındığını, lakin həmin mənzilin sonradan başqasına satıldığını, onun pulunun isə qaytarılmadığını, beləliklə, dələduzluğa məruz qaldığını iddia etmiş, onun müraciəti əsasında Cavabdeh barəsində onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işi açılmış, müvafiq ittiham aktı təsdiqlənmiş, iş baxılması üçün məhkəməyə göndərilmişdir.
12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh əməlində cinayət tərkibi olmaması əsası ilə ona bəraət verilmiş, həmin hökmdən yuxarı instansiya məhkəmələrinə verilmiş şikayət və protestlər təmin edilməmişdir.
Tətbiq edilən hüquq.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. Maddə 144. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi. 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 329. Əqdlərin formaları. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti. 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
14. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı.
Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir... Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
16. İş materiallarında olan məhkəmənin qanuni qüvvəyə minmiş hökmündən görünür ki, Cavabdeh iddiaçı Aidə Əliyevadan mənzil satışı adı ilə pul alması, sonradan mənzili başqasına satıb pulunu qaytarmaması ilə bağlı əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmiş, Cavabdeh həmin maddələrdə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinməsinə dair müvafiq ittiham aktı təsdiqlənərək məhkəməyə göndərilmişdir. Lakin məhkəmə Cavabdeh əməllərində qeyd edilən maddələrdə nəzərdə tutulan cinayətin tərkib əlamətlərinin olmadığı nəticəsinə gələrək bəraət hökmü çıxarmış, müvafiq hökm qanuni qüvvəyə minmişdir.
17. Bununla belə, hökmün mətnindən görünür ki, Cavabdeh hər nə qədər bəraət verilmiş olsa da, bunun əsasını onun cinayət işi üzrə zərərçəkmiş olan Aidə Əliyevadan mənzil satışı adı ilə pul almasının sübuta yetirilməməsi yox, onun əməlində dələduzluq cinayətinin tərkib əlamətinin (etibardan sui-istifadə etmə və ya aldatmaqla əmlakı ələ keçirmək niyyəti) olmaması təşkil etmişdir. Yəni həmin hökm Cavabdeh yuxarıda qeyd edilən əməlləri ilə dələduzluq cinayətini törətməkdə təqsirli olmadığını təsdiq etsə də, onun Aidə Əliyevadan pul almadığını təsdiq etmir. Əksinə, hökmün əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs kimi ifadə verən Cavabdeh özünə məxsus mənzili iddiaçı Aidə Əliyevaya satmaq üçün 2020-ci ilin fevral ayında ondan 33000 manat məbləğində pul aldığını qəbul etmişdir. Lakin iddiaçı Aidə Əliyeva hazırda iddia edir ki, o, cavabdehə mənzil üçün 40000 manat məbləğində ödəniş etmişdir.
18. Məhkəmə hesab edir ki, sübutetmə vəzifəsinin bölüşdürülməsi prinsipi baxımından iddiaçının vəzifəsi Cavabdeh 40000 manat məbləğində pul verdiyini sübut etməkdir. Yuxarıda istinad edilmiş məhkəmə hökmündən görünür ki, məhkəmə tərəfindən iddiaçının cavabdehə məhz 40000 manat məbləğində pul verdiyi nəticəsinə gəlinməmişdir. Hökmdə yer verilmiş təqsirləndirilən şəxs Cavabdeh ifadəsindən görünür ki, o, zərərçəkmiş şəxs Aidə Əliyevadan yalnız 33000 manat məbləğində pul aldığını qəbul etmişdir. Cavabdeh ibtidai araşdırma dövründə tərtib edilmiş dindirilmə protokolundan onun 40000 manat məbləğində pulu aldığını qəbul etdiyi görünsə də, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu baxımdan Cavabdeh ibtidai istintaq gedişində verdiyi ifadəsinin hazırkı işə baxan məhkəmə üçün heç bir preyudusial əhəmiyyəti yoxdur.
19. Həmçinin nəzərə alınmalıdır ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarının 33-cü bəndində qeyd edilir ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırkı iş materiallarına əlavə edilmiş hökmdən görünür ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadə əsas götürülməmişdir.
20. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin ondan məhz 40000 manat məbləğində pul aldığını təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən iddiaçı öz sübut etmə vəzifəsini qismən – 33000 manat həcmində yerinə yetirmiş hesab edilir.
21. Bu vəziyyətdə əgər Cavabdeh bu pulu qaytardığını iddia edirsə (cavabdehin nümayəndəsinin (vəkilinin) izahatından görünür ki, cavabdehin iddiası bu yöndədir), bu iddiasını təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməli idi. Lakin o, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) pulun dolaylı olaraq hissə-hissə qaytarıldığını iddia etməklə kifayətlənmişdir. Bununla belə nəzərə alınmalıdır ki, iddiaçı Aidə Əliyeva iddia ərizəsində cavabdehə verdiyi 40000 manatın yarısının qaytarıldığını bildirərək, yalnız qalan yarısını cavabdehdən tələb etdiyindən cavabdehin pulun yarısını qaytarması iddiaçının bu faktı etiraf etməsi əsasında sübuta yetirilmiş hesab edilməlidir.
22. Bütün bu qeyd edilənlərdən görünür ki, Cavabdeh və iddiaçı Aidə Əliyeva arasındakı münasibətlər mənzil alqı-satqısı ilə bağlı olmuşdur. Belə ki, Cavabdeh özünə məxsus (hərçənd məhkəmə istintaqı zamanı verilmiş izahatında mənzilin qızı Fidanın adına olduğunu qeyd etmişdir) mənzili iddiaçı Aidə Əliyevaya satmaq üçün ondan 33000 manat pul almışdır. Halbuki yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbinə əsasən, daşınmaz əmlaka sərəncam verilməsinə dair müqavilə olan alqı-satqı müqaviləsi notarat qaydasında təsdiq edilmiş yazılı müqavilə formasında bağlanmalı idi. Hazırkı iş üzrə tərəflər arasında isə belə bir müqavilə bağlandığı müəyyən edilməmişdir. Belə olan halda qanunla müəyyən edilmiş imperativ forma tələbinə riayət edilmədən bağlanan bu əqd əhəmiyyətiz olmuşdur. Bu halda isə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilmiş qərarında ortaya qoyulmuş hüquqi mövqeyə uyğun olaraq, əhəmiyyətsiz əqd üzrə əvəzedilən əşya olan pulun cavabdehin əsassız varlanmasına səbəb olduğu müəyyən edilir.
23. Odur ki, hazırkı iş üzrə iddiaçı əhəmiyyətsiz əqd üzrə digər tərəfə (cavabdehə) qarşı tələb hüququnu reallaşdırmış, əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia qaldırmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslı iddiadır və əhəmiyyətsiz alqı-satqı müqaviləsi üzrə əldə etdiyi 13000 (33000-20000) manat məbləğində pul hesabına əsassız varlanmış Cavabdeh həmin pulu iddiaçı Aidə Əliyevaya qaytarmalıdır.
Məhkəmə xərcləri.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 150 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
26. İddiaçı həm də vəkil üçün ödədiyini iddia etdiyi 300 manat məbləğində pulu da cavabdehdən tələb etmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Alieva Aida tərəfindən 7 saylı Vəkil Bürosunun hesabına “Müqavilə № 368” təyinatı ilə 300 manat məbləğində pul köçürülmüşdür. Yenə iş materiallarından görünür ki, Vəkil1 və hüquqi yardım göstərilən şəxs Alieva Aida arasında bağlanmış müqavilənin nömrəsi 368-dir. Bu o deməkdir ki, müvafiq qəbz əsasında ödənilmiş 300 manat məbləğində vəkil xərci iddiaçı tərəfindən vəkilin hesabına məhz bu iş üzrə hüquqi yardım üçün köçürülmüşdür.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 155.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
28. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 129 manat məbləğində dövlət rüsumu və vəkilə etdiyi kömək üçün ödənilmiş 300 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə.
29. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13000 manat məbləğində pul, ödənilmiş 129 manat məbləğində dövlət rüsumu və 300 manat məbləğində hüquqi yardım xərci tutularaq iddiaçı Alieva Aidaya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
30. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 13000 (on üç min) manat məbləğində pul, 129 (yüz iyirmi doqquz) manat məbləğində dövlət rüsumu və 300 (üç yüz) manat məbləğində hüquqi yardım xərci tutularaq iddiaçı Alieva Aidaya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva