Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1906/2023 15.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq Cavabdeh məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən evə istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X8 adlı bir övladları doğulmuşdur. Belə ki, cavabdehlə birgə nikaha daxil olduqdan sonra, yəni toy günündən sonra Cavabdeh məxsus Bakı şəhəri, ünvan 6-də yerləşən evə gəlin köçmüş və həmin evə müvafiq qeydiyyatda alınmışdır. Həmən evdə yaşamaqla ər-arvad kimi birgə təsərrüfatı idarə etmişdir. Sonradan ailə daxili münasibətləri pozulduğu üçün Astara Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(018)-643/2021 saylı qətnaməsi ilə onun iddiası qismən təmin edilmiş, aralarındakı nikah pozulmuş və birgə nikahlarından doğulmuş 22 noyabr 2019-cu il təvəllüdlü X4 yetkinlik çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Halhazırda məcbur qalıb validyenlərinə məxsus evə sığınmışdır. Nikahın pozulmasından sonra artıq ailə üzvü sayılmadığı üçün və cavabdehin onu qəbul etmədiyi üçün istifadə hüququnun tanınmasından ötrü məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, onun cavabdehdən ayrılıb atasının yanına sığınmağının səbəbi həm aralarındakı anlaşılmazlığın həllinə kömək edəcəyini, həm də azyaşlı uşağının müalicəsi üçün olmuşdur. Lakin cavabdehin ona qarşı münasibətinin pisləşməsi və ona qarşı biganə münasibəti nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etməsinə səbəb olmuşdur. Belə ki, atasının onu və azyaşlı övladını uzun müddət himayəsində saxlaya bilməyəcək, çünki atasının yaşadığı mənzil darısqal, üstəlik digər bacılarının da orada yaşamasıdır. Hal-hazırda Bakı şəhərində bacısının kirayə tutduğu mənzildə yaşayır. Cavabdeh onun könüllü olaraq yaşadığı evi tərk etdiyini bildirir, lakin onun bu fikri ilə razı deyildir. Çünki atasının evinə gedəndən sonra uzun müddət nikahın pozulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, hesab etmişdir ki, aralarında olan münasibət normallaşacaqdır. Qeyd olunan mübahisəli yaşayış evi Cavabdeh məxsusdur və həmin yaşayış evi dövlət qeydiyyatına alınmışdır. O cavabdehə məxsus fərdi yaşayış evində yaşamış və hazırda onun başqa yaşayış yeri yoxdur. Evdən gedən zaman özünə məxsus əşyaların götürülməsi atasının yanında bir müddət yaşadığı təqdirdə ona zəruri lazım olan əşyalar olmuşdur. Bununla bağlı Astara rayon Məhkəməsinə müraciət etmiş və Astara rayon Məhkəməsinə 24 yanvar 2022-ci il tarixli, 2(018)-43/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, A yaşayış sahəsi, 158 saylı yaşayış evinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh həmin qətnamədən Şirvan Apellyasiya Məhkəməsinə şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-896/2022 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya tələbi təmin olunaraq, Astara rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(018)-43/2022 saylı qətnaməsi ləğv olunmuş və yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddianın təmin olunmaması qət edilmişdir. Daha sonra o, həmin qətnamədən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti ilə müraciət etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4065/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunaraq Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-896/2022 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-252/2023 saylı qərardadı ilə Astara rayon Məhkəməsinə 24 yanvar 2022-ci il tarixli, 2(018)-43/2022 saylı qətnaməsi ləğv olunmuş və mülki iş müstəsna aidiyyatı üzrə baxılması üçün Suraxanı rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bu səbəbdən də o məhkəməyə müraciət edərək azyaşlı övladları ilə həmin mənzilə köçmək niyyətindədir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, Astara Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(018)-43/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək iddiaçının evə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən o, apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 aprel 2022-ci il tarixli 2(106)-896/2022 saylı qətnaməsi ilə onun tərəfindən verilən apellyasiya şikayəti təmin edilmiş, Astara Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(018)-43/2022 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Daha sonra o, həmin qətnamədən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti ilə müraciət etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4065/22 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunaraq Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-896/2022 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-252/2023 saylı qərardadı ilə Astara rayon Məhkəməsinə 24 yanvar 2022-ci il tarixli, 2(018)-43/2022 saylı qətnaməsi ləğv olunmuş və mülki iş müstəsna aidiyyatı üzrə baxılması üçün Suraxanı rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. O iddia tələbini qəbul etmir, belə ki, mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən ev iddiaçı ilə nikaha daxil olmazdan çox əvvəl, yəni xx.xx.2014-cü il tarixdə bağışlama müqaviləsi əsasında onun xüsusi mülkiyyətinə keçmişdir. Bu barədə AR ƏMDK DƏDRX-dən çıxarışım mövcuddur. O, iddiaçı ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və nikah münasibətlərinə daxil olduqdan sonra onun razılığı əsasında iddiaçı sözügedən mənzilə qeydiyyata salınmışdır. Lakin onun həmin evdə qeydiyyatda olması həmin mənzildən istifadə hüququnun yaranması anlamına gəlməməlidir. Sonradan onun iddiaçı ilə münasibətləri korlanmış, 2020-ci ilin iyun ayında iddiaçı ondan ayrılaraq könüllü olaraq yaşadıqları evi tərk edərək getmişdir və onu evdən heç kim zorla çıxarmamışdır. Astara Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə aralarında olan nikah pozulmuş və azyaşlı övladının anasının yanında qalması qət edilmişdi. İddiaçı yaşadıqları evə bir daha qayıtmaq niyyəti olmadan tərk edərək daimi yaşamaq üçün özünə başqa yaşayış yeri seçmiş və bir daha evə qayıtmamışdır. Yaşadıqları evə qayıtmaq niyyətinin olmadığını o da göstərir ki, evdən çıxan zaman özünə məxsus əşyaları da aparmış, apara bilmədiyi cehiz əşyalarının qaytarılması üçün isə iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmiş, Astara Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(018)-788/2021 saylı qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilərək, müxtəlif adda cehiz əşyalarının iddiaçıya verilməsi qət edilmişdir. İddiaçının evi tərk etdiyi müddətdən 1 il keçdikdən sonra məhkəməyə evə köçürülmə tələbi ilə müraciət etmişdir. Onun artıq iddiaçı ilə heç bir hüquqi bağlılığı qalmamış, aralarında olan nikah pozulmuş, iddiaçı artıq onun həyat yoldaşı deyildir və keçmiş ailə üzvü hesab edilir. Odur ki, iddia tələbi əsassızdır və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını, təqdim olunmuş sübutları tam tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Astara rayon MKTTİB MMC tərəfindən İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. Hal-hazırda ünvan 3da yaşayır. İş materiallarına əlavə edilmiş Astara rayon Məhkəməsinin 2(018)-643/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə Astara rayon Qeydiyyat şöbəsində bağlanmış və 249 akt qeydi ilə rəsmləşdirilmiş nikahın pozulması, 22 noyabr 2019-cu il təvəllüdlü X4 anası İddiaçı yanında və himayəsində saxlanılması və Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq 22 noyabr 2019-cu il təvəllüdlü X4 yetkinlik çatanadək saxlanılması üçün İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2014-cü tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin surətindən müəyyən olunur ki, X2 ünvan 5 ünvanında yerləşən, fərdi yaşayış evinin A yaşayış sahəsini oğlu Cavabdeh bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ******* saylı çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisi xx.xx.2014-cü il tarixdən Cavabdeh, “V” tikilisi xx.xx.2012-ci il tarixdən X3 və “B” tikilisi xx.xx.2013-cü il tarixdən X5 mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Seriya FM 012068 saylı qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən mənzili X1 adına xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Astara rayon Məhkəməsinin 2(018)-43/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin olunmuş İddiaçı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, A yaşayış sahəsi, 158 saylı yaşayış evinə köçürülməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-896/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya təmin edilmiş və Astara rayon Məhkəməsinin 2(018)-43/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul olunması, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiası təmin olunmaması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4065/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunaraq Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022ci il tarixli, 2(106)-896/2022 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-252/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin olunaraq Astara rayon Məhkəməsinin 2(018)-43/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilməsi, və mülki işin müstəsna aidiyyət üzrə baxılmasından ötrü Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Astara rayon Məhkəməsinin 2(018)-788/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası təmin olunmuş, Cavabdeh İddiaçı məxsus cehiz əşyaları, yəni yataq otağı dəsti, qonaq otağı dəsti, mətbəxt otağı dəsti, uşaq yatağı, servis dəsti, qazan dəsti-3 ədəd, qaşıq-çəngəl-bıçaq dəsti-1 ədəd, qab-qaşıq dəsti (toplu şəkildə qab-qaşıq), tozsoran-1ədəd, saç feni-2 ədəd, ət çəkən maşın-1ədəd, ütü-1 ədəd, ütü stolu-1 ədəd, xalça-2 ədəd, yorğan döşək dəstlər, çilçiraq-3 ədəd, pərdə(kansella)-2 ədəd, saat 1-ədəd, güldan-1 ədəd, çərpayı dəsti, yataq dəsti, dəsmal dəstləri, stolüstü süfrələr dəsti, təzyiq ölçən aparatı alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2964/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Astara rayon Məhkəməsinin 2(018)-788/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilməməsi qət edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Bu Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin maddənin İV bəndinə əsasən heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, tərəflər arasında münasibət 2018-ci ildə yarandığından Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1.-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Bu Məcəllənin 30.2.-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4.-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Bu Məcəllənin 30.5.-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır. Təbii ki, mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malikdir. Bununla belə, mülkiyyətçi övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Ailə münasibətləri bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan verilən qərarından qorunmuş olur. Hər bir kəs yaşadığı dövrdə əmlak əldə edə, ondan istifadə edə və onun barəsində istədiyi kimi sərəncam verə bilər. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan bir uşaqları doğulmuşdur. Mübahisəli Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ev 2014-cü ildən bağışlama müqaviləsi əsasında Cavabdeh mülkiyyətindədir. İddiaçı nikaha daxil olduqdan sonra Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən evə köçdüyünü bildirmiş və izahatında göstərmişdir ki, 2020-ci ildən həmin mənzildə yaşamır. Məhkəmə hesab edir ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ev 2014-cü ildən Cavabdeh mülkiyyətində olduğundan, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyindən, hazırda iddiaçı cavabdehin ailə üzvü hesab olunmadığından və mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşmanın mövcud olması barədə sübut təqdim olunmadığından iddiaçının həmin evə köçürülməsi və istifadə hüququnun tanınması barədə tələbi təmin oluna bilməz. MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbini təmin etmədiyindən ödənilmiş rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən evə köçürülməsi və istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-1906/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1906/2023
15.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver