Məhkəmə qərarları › İş №2(010)-1926/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1926/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1926/2021 17.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı "İddiaçı" QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "əsas və faiz borcunun qaytarılmasına yönəldilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 Tarıx oğluna və Cavabdeh2 qarşı "əsas və faiz borcunun qaytarılmasına yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 2796,53 (iki min yeddi yüz doxsan altı, 53 qəpik) manat, faiz borcu üzrə 149,75 (bir yüz qırx doqquz manat, 75 qəpik) manat olmaqla ümumilikdə 2946,28 (iki min doqqu yüz qırx altı manat, 28 qəpik) manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun "İddiaçı" QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia onunla əsaslandırılmışdır ki, '‘xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC -nin Nizamnaməsinə edilmiş 12.10.2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum -“X3 Edilməsi Agentliyi” MMC vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 10İS saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh1 dair sənədlər SFK-562 saylı, 17.10.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “xxxx” ASC ilə Cavabdeh1 arasında 18.03.2016-cı il tarixdə, 2068- 18.03.2016-2364 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 21% olmaqla 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Kredit vəsaitinin təminatı olaraq zamin Cavabdeh2 ilə 18.03.2016-cı il tarixdə, 2068-18.03.2016-2364 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 4.2-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 24 aydır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 2796,53 (iki min yeddi yüz doxsan altı, 53 qəpik) manat, faiz borcu üzrə 149,75 (bir yüz qırx doqquz manat, 75 qəpik) manat olmaqla ümumilikdə 2946,28 (iki min doqqu yüz qırx altı manat, 28 qəpik) manat məbləğ təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Tərəflərin izahatları İddiaçı "İddiaçı" QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.03.2016-cı il tarixli, 2068- 18.03.2016-2364 saylı krediti müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx" ASC-dən illik 21% olmaqla 24 ay müddətinə 3000 manat məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. 18.03.2016-cı il tarixlu, 2068-18.03.2016-2364 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borcalan Cavabdeh1 Tarıx oğlunun bank qarşısında öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. 18.03.2018-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh1 "xxxx" ASC-dən 2,850 manat məbləğində kredit vəsaitini qəbul etmişdir. "X3 edilməsi Agentliyi" MMC-nin 07.01.2021-ci il tarixli Cavabdeh1 Tarıx oğluna və Cavabdeh2 ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh1 Tarıx oğlunun iddiaçı banka 2796,53 manat əsas borc, 149,75 manat faiz borcu olmaqla ümumilikdə cəmi 2946,28 manat məbləğində borcu vardr. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1 Zaminlik müqaviləsinə görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1 Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, "xxxx" ASC-ti ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə illik 21% olmaqla 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Sözügedən müqaviləyə görə iddiaçı Cavabdeh1 yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit verməyi, borcalan isə krediti qəbul edib ondan məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə və qaydada iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin şərtlərinə görə borcalan ödəniş cədvəlinə uyğun olaraq əsas borcun vaxtında icra olunmaması və ya lazımi qaydada icra olunmaması hallarında kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Bununla yanaşı, işi materialları ilə müəyyən olunur ki, iddiaçı ilə digər cavabdeh Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və o Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsinə görə onunla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Məhkəmə müəyyən edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu, yəni Cavabdeh1 müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Cavabdeh2 da zaminlik müqaviləsindən irəli gələn öhdəliklərini icra etməmişdir. Bunun nəticəsində cavabdehlərin bank qarşısında 2796,53 manat əsas borc, 149,75 manat faiz borcu yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlərə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdehlər müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2796,53 (iki min yeddi yüz doxsan altı manat əlli üç qəpik) manat əsas borc, 149,75 (bir yüz qırx doqquz manat yetmiş beş qəpik) manat faiz borcu olmaqla ümumilikdə cəmi 2946,28 (iki min doqquz yüz qırx altı manat iyirmi səkkiz qəpik) manat məbləğində vəsait alınaraq iddiaçı "İddiaçı" QSC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 (otuz) manat məbləğdə pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və AR MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2796,53 (iki min yeddi yüz doxsan altı manat əlli üç qəpik) manat əsas borc, 149,75 (bir yüz qırx doqquz manat yetmiş beş qəpik) manat faiz borcu olmaqla ümumilikdə cəmi 2946,28 (iki min doqquz yüz qırx altı manat iyirmi səkkiz qəpik) manat məbləğində vəsait və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "İddiaçı" QSC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar