Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1927/2024 20.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı Vəkil Bürosuna və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı Vəkil Bürosuna və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdеhlər Bakı şəhəri 9 saylı Vəkil Bürosundan və Cavabdeh2 2050 manat pulun və dövlət rüsumuna ödədiyi 41 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ildə Bakı şəhər Pirallahı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(094)-198/2022 saylı qətnaməsi ilə cavabdeh X4 qarşı "Pul tələbinə dair" iddia ərizəsi təmin edilməmişdir. Qətnamədən şikayət vermək üçün ona vəkil lazım idi. Həmin ərəfədə Bakı şəhər 9 saylı Vəkil Bürosunun vəkili Cavabdeh2 özəl televiziya kanallarındakı verilişlərə hüquqşünas ekspert kimi dəvət edilərək müxtəlif hüquq məsələləri ilə bağlı fikirləri dinlənirdi. Həmin verilişlərdə o, özünü tamaşaçılara savadlı, düzgün və ədalətli hüquqşünas kimi göstərməyə çalışırdı. O da onun özəl televiziya kanallarında teztez ekspert qismində dəvət edilməsinə aldanaraq, layiqli və dürüst bir vəkil olduğuna inanıb onu özünə vəkil tutmaq qərarına gəlmişdir. Bu minvalla onun ünvan 1 ünvanında yerləşən ofisinə getmişdir. Ofisdə onu qarşılayan Şəfiqə probleminin nədən ibarət olmasını heç soruşmadan bildirdi ki, qəbula giriş 50 manatdır. O, 50 manat ödəmişdir və bundan sonra Şəfiqə onu qəbul edib, onu özünə vəkil tutmaqla Pirallahı Rayon Məhkəməsinin qətnaməsindən şikayət vermək istədiyini öyrənmişdir. O, qətnaməni gözə yarı oxuyaraq bildirmişdir ki, məhkəmə ədalətsiz qərar qəbul edib, lakin həmin qətnaməni Bakı Apellyasiya məhkəməsində ləğv etdirərək iddianı tam təmin etdirib, pulunu cavabdehdən qəpiyinəcən aldırıb ona verə bilər. O, bunun üçün ondan 2000 manat pul istəmişdir və demişdir ki, həmin pula 100 faiz onun xeyrinə işi udacaqdır. O, ona bildirmişdir ki, pensioner qadındır, o qədər pulu yoxdur. Lakin Şəfiqə bir qəpik də olsun aşağı düşməyəcəyini bildirərək, onu inandırmağa çalışmışdır ki, ondan başqa onun bu mülki işini heç kim həll edə bilməz. O, çarəsiz qalaraq gedib Azərbaycan Beynəlxalq Bankından kreditə pul götürərək, eləcə də yaxınlardan borc pul alaraq ona 2000 manat pul gətirmişdir və Şəfiqəyə bildirmişdir ki, əgər həqiqətən konkret olaraq işi onun xeyrinə həll edəcəksə bu pulu ona verə bilər, çünki pulu borc götürmüşdür. Şəfiqə bu sözlərindən hirslənərək demişdir ki, onu başqa vəkillərlə səhv salmasın, əgər işi üzərinə götürürsə demək 100 faiz həll edəcəkdir. Bu söhbətdən sonra Şəfiqə oğlu Samiri yanına çağıraraq ona bildirmişdir ki, onunla pul köçürmə terminalına gedib, gətirdiyi 2000 manatı hansısa hesaba köçürtsün. O da tanışı Fəridə və Şəfiqənin oğlu Samir ilə birlikdə Nəsimi rayonunda yerləşən pul köçürmə terminalına gəlmişdir. Orada Şəfiqənin oğlu ondan 2001 manat pul alaraq terminala salmışdır, lakin ona çeki verməmişdir. Həmin puldan əlavə o, Şəfiqəyə dəfələrlə hədiyyə, şirniyyat və meyvə-tərəvəz məhsulları hədiyyə etmişdir ki, o, işinə vicdanla yanaşsın. Hətta Şəfiqənin qardaşının yas məclisinə halva çalıb, plov bişirib aparmışdır. Lakin sonradan o, bir dəfə də olsun işiylə əlaqədar onunla əlaqə saxlamamış, məhkəmə qabağı onu prosesə hazırlamamış, hər dəfə əlaqə saxlamaq istədikdə müxtəlif bəhanələr gətirməklə gah televiziya kanalında çəkilişdə, gah da ki, məhkəmədə olduğunu bildirmişdir. Onunla Bakı Apellyasiya Məhkəməsində şikayətinə baxılan gün məhkəmə iclasında görüşərkən o, məhkəmə iclasına hazırlıqsız gəlmiş, işin mahiyyətindən məlumatsız olmuş, iş materialı ilə tanış olmamış, yalnız məhkəmə zalında işin mahiyyəti ilə bağlı məlumat almaq üçün ona suallar vermiş, lakin bununla belə yenə də məhkəmə prosesinə hazırlıqsız olmuşdur. Nəticədə isə Şəfiqə verdiyi vədlərə əməl etməyərək, Bakı Apellyasiya Məhkəməsində iddianı təmin etdirməmişdir. Şəfiqə bunun səbəbini işə baxan məhkəmə kollegiyasının ona qarşı şəxsi-qərəzli olması ilə əsaslandırmağa çalışmışdır. Lakin yenə də vəd vermişdir ki, narahat olmasın, Ali Məhkəməyə kassasiya şikayəti vermişdir, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv etdirməklə, birdəfəlik həmin məhkəmədə işin onun xeyrinə həll edilməsinə nail olacaqdır. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-6807/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6240/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmaqla, kassasiya şikayəti təmin edilməmişdir. Belə olan halda o, Şəfiqənin ofisinə gəlib ona məhkəmə qabağı verdiyi vədi xatırladaraq, həmin vədi yerinə yetirmədiyini irad tutub ümumilikdə ödədiyi 2050 manat pulumu geri qaytarmasını tələb etmişdir. Lakin o, ona bildirmişdir ki, pulu qaytarmayacaq. Hətta bildirmişdir ki, get hara şikayət edirsən, et, vəkilə verilən pul geri qayıtmır və guya həmin pulu cavabdeh Bakı şəhər 9 saylı Vəkil Bürosuna köçürdüyünə görə pulu ordan tələb edə bilər. Şəfiqə onu aldadaraq verdiyi vədə əməl etməməyindən utanmayaraq hətta demişdir ki, guya əslində ondan müqaviləyə görə 5000 manat pul almalı idi. Lakin pensioner olduğu üçün güzəştə gedib 2000 manat alıb. Daha sonra o Bakı şəhər 9 saylı Vəkil Bürosuna gələrək Şəfiqənin ondan aldığı pulu tələb etdikdə orada ona bildirdilər ki, pulu yalnız Şəfiqə razılıq versə qaytara bilərlər. Lakin Şəfiqə pulunu qaytarmaqdan imtina etmişdir. Onun bu hərəkətindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasına şikayət etmişdir. Lakin oradan ona məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Şəfiqə heç bir nəticə əldə edə bilməyəcəyi halda ondan xeyli miqdarda pul alıb, onsuz da ağır vəziyyətini bir daha ağırlaşdırmışdır. Əgər Şəfiqə onu aldadıb işi udacağına 100 faiz vəd verməsəydi o, 2050 manat pul ödəməzdi. O, onu aldatdığı üçün bu pulu ödəmişdir. O, bir hüquqşünas kimi ona düzgün məlumat verməli, işin onun ziyanına nəticələnmək riskinin ola biləcəyini də qabaqcadan deməli idi. Lakin o, tamahkarlıq edərək öz maddi marağına görə ondan pul qoparmaq məqsədilə bunu etməmişdir, onun ağır maddi vəziyyətindən yararlanmışdır. Bunun da nəticəsində onun kimi adamlar inanaraq, etimad göstərərək onunla müqavilə bağlayırlar. Şəfiqənin ondan 2000 manat almasına dair xx.xx.2022-ci il tarixli, 873 saylı "Hüquqi yardımın göstərilməsi haqqında" müqavilə onun özü tərəfindən ona verilməmişdir. Həmin müqavilə Bakı Apellyasiya Məhkəməsinin yekun qətnaməsindən sonra Şəfiqədən Bakı şəhər 9 saylı Vəkil Bürosuna şikayət etdikdən sonra ona verilmişdir. Məhz bundan sonra o həmin müqavilənin məzmunu ilə tanış olmuşdur. Hazırda cavabdehlər pulunun qaytarılmasını bir-birininin üstünə atırlar. Cavabdehin ərizəsi İş üzrə Cavabdeh2 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddianı qəbul etməyərək, bildirmişdir ki, onunla Bakı Apellyasiya Məhkəməsində hüquqlarını müdafiə etmək məqsədilə müqavilə bağlayan İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, ondan 2000 manat pul istəmiş və bildirmişdir ki, həmin pula 100 % işi onun xeyrinə udacaqdır. Guya o, çarəsiz qalaraq bankdan kredit götürmüş və yaxınlarından borc alıb 2000 manat ona gətirmiş və guya demişdir ki, həqiqətən konkret olaraq işi onun xeyrinə həll edəcəkdirsə bu pulu ona verə bilər. Guya o, ona demişdir ki, onu başqa vəkillərlə səhv salmasın, əgər işi üzərinə götürürsə demək 100 % həll edəcəkdir. Daha sonra guya o Fəridə adlı qadın və oğlu Samir pul köçürtmə terminalına getmişdir, Samir ondan 2001 manat pul almışdır, hansısa hesaba keçirtmişdir və ona qəbz verməmişdir. Bundan əlavə guya ona hədiyyə, şirniyyat və meyvə tərəvəz məhsulları vermişdir. Daha sonra qeyd etmişdir ki, o, onu məhkəmə prosesinə hazırlatdırmamış, o, məhkəmə prosesinə hazırlıqsız gəlmiş, işin mahiyyətindən məlumatsız olmuş, iş materialları ilə tanış olmamış, yalnız məhkəmə zalında işin mahiyyəti barədə məlumat almaq məqsədilə ona suallar vermiş və məhkəməni uduzmuşdur. Ona görə də müqavilə ilə bağlı keçirdiyi pulu ona geri qaytarmalı imiş. İddiaçı iddiasını tamamilə qeyri-obyektiv, qərəzli, onun tərəfindən özünə atılan şər-böhtan hesab edir və aşağıdakı səbəblərə görə rədd edilməsini xahiş edir. Bildirmək istəyir ki, İddiaçı xx.xx.2022-ci il tarixində onun ofisinə gəlmiş, onu qucaqlayıb öpmüş, çox istədiyini bildirmiş və Bakı Apellyasiya məhkəməsində hüquqlarını müdafiə etməyini ondan xahiş etmişdir. O, ondan işin mahiyyətini danışmasını xahiş etmidir. O, isə əvəzində ona bildirmişdir ki, təsadüfən tanış olduğu Aida adlı qadın onu aldatmış və ondan 15300 manat, 750 ABŞ dolları və dəyəri 300 manat olan 750 əyyarlıq üzüyünü ələ keçirtmiş və geri qaytarmamışdır. Guya çarəsizlikdən Pirallahı rayon məhkəməsinə müraciət etmiş, rayon məhkəməsi onun barəsində ədalətsiz qətnamə çıxartmış və iddia tələbini rədd etmişdir. O əvvəlcə həmin işi götürmək istəməmiş, işinin çox olduğunu bildirmiş, lakin o, ondan əl çəkməmişdir. Aralarında razılığa gəlmişdirlər ki, İddiaçı Beynəlxalq Banka 2000 manat pul keçirtməli və qəbzi götürüb Suraxanı rayonunda yerləşən 9 saylı məsləhətxanaya getməli, qəbzi mühasib Maya xanıma təqdim etməli, müqavilə bağlanmalı və ona order verilməlidir. Order ona təqdim olunduqdan sonra o, hüquqi fəaliyyətinə başlaya bilər. İddiaçı razılaşmış, 2000 manat pulu Beynəlxalq bankda məsləhətxana tərəfindən onlara verilmiş hesaba keçirtmiş, qəbzi şəxsən özü 9 saylı Hüquq Bürosuna gedərək Maya xanıma vermişdir. Qəbzi İddiaçı Maya xanıma, yəni 9 saylı Hüquq Bürosunun mühasibinə təqdim etdikdən sonra onunla xx.xx.2022-ci il tarixində 873 saylı müqavilə bağlamış, müqavilə şəxsən mühasib Maya xanım tərəfindən tərtib edilmiş, İddiaçı ona şəxsən imza etmiş və işə buraxılmağı ilə bağlı 9 saylı Hüquq Bürosu tərəfindən ona order verilmişdir. Orderi aldıqdan sonra isə o, Pirallahı rayon məhkəməsinə getmiş, işlə tanış olmuş və İddiaçı kabinetimə dəvət edərək ona bildirmişdir ki, Pirallahı rayon məhkəməsindəki iş materialları ilə tanışlıqdan və Suraxanı rayon Polis idarəsinin 33-cü Polis Bölməsinin baş tədqiqatçısı, polis mayoru Elşən İsmayılovun "Cinayət işinin başlanmasının rədd edilməsinə dair" xx.xx.2021-ci il tarixli qərarından aydın olur ki, o Aida Əliyevaya 2012-ci il tarixində borc olaraq 400 manat vermiş, tələb etdiyi pul 2012-ci ildən bu günədək hesabladığınız faizdir. İddiaçı and-aman etmiş və bildirmişdir ki, şərböhtandır, hakim düz yazmayıb, polis də Aidanın adamıdır. Yaşlı qadın yanında ağlamağa başlamış və əl çəkməmiş, apellyasiya şikayəti verməyini xahiş etmiş, o, razılaşmış və bildirmişdir ki, əgər həmin pul sələmdirsə bu iş baş tutmayacaq. Bir də İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya o, ona demişdir ki, 100 % işi onun xeyrinə həll edəcəkdir. O, belə bir vədi heç bir müvəkkilinə etmir, çünki nəticəni o yox, hakim verir. O, dünən vəkilliyə qəbul edilməmişdir, 34 ildir ki, vəkil işləyir. Belə bir şərlə ilk dəfə rastlaşır. Ümumiyyətlə vəkil hüquqi xidmət göstərir işin nəticəsinə cavabdeh deyil. Beləliklə də, o, apellyasiya şikayəti yazmış və Bakı Apellyasiya məhkəməsinə təqdim etmişdir. Bakı Apellyasiya məhkəməsində vəkil kimi hüquqlarını müdafiə etmiş, vəkil kimi çıxış etmişdir. X6 İddiaçı sual verərək soruşmuşdur ki, Aida Əliyevaya hansı məbləğdə pul vermişdir, onun çıxışından sonra suallara cavab verən İddiaçı qonşudan 400 manat alıb Aida Əliyevaya verdiyini bildirmiş, hakim ona əlavə sual verməmişdir. Qarşı tərəf də 400 manat borc aldığını etiraf etmiş, həmin 400 manatı İddiaçı ondan hüquq mühafizə orqanlarına şikayət etdiyi üçün hirslənib qaytarmadığını bildirmişdir. Məhkəmədən qızarmış halda çıxan İddiaçı ona nə üçün yalan dediyini soruşduqda o, suallara cavab verərkən çaşdığını, 400 manat dediyini bildirmişdir. O, ona "görürsən ki, dil çaşıb düzün deyir, mənə həqiqəti deyəydin" deməyi onun xoşuna gəlməmişdir. Onu da qeyd edir ki, İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya o, demişdir ki, hakim onunla qərəzlidir ona görə iş onun xeyrinə olmadı. Tamamilə yalandır, hakim Akif İskəndərova onun böyük hörmətim var, obyektiv hakim kimi onun da ona hörməti var. Onunla aralarında heç bir qərəzli münasibət yoxdur, ola da bilməz. Digər tərəfdən o hakimlərlə arasındakı münasibətləri müvəkkiləri ilə paylaşmır. Hakim dövlətin adından qətnamə, qərar, qərardad və hökm çıxarır. Hər bir Azərbaycan vətəndaşı ona hörmətlə yanaşmalıdır. Həmin məhkəmədən bir neçə gün keçdikdən sonra İddiaçı ondan şikayətlər yazmağa başlamış, çıxış etdiyi televiziya kanallarının qarşısına gedib qışqırmağa başlamışdır ki, guya o aldadıb onun pulunu almışdır. Televiziya kanallarının rəhbərlərinə şikayətlər yazmış, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırova şikayət yazmış və yoxlanılaraq onun vicdanlı bir vəkil kimi qanuni, hüquqi yardım göstərdiyi bildirilmişdir. Onu da qeyd edir ki, o, 30 ildir ki, efirdə imkansız Azərbaycan vətəndaşlarının hüquqi problemlərinin həllinə pulsuz, yəni öz vəsaiti hesabına kömək edir. Dövlətə bacardığı qədər dəstək olmağa, milli-mənəvi dəyərləri qorumağa çalışır. Bunu bütün Azərbaycan xalqı bilir. 100-dən çox müvəkkili var, aylıq maaşının ən azı 6000-7000 manat olur. Onun İddiaçı hədiyyələrinə, meyvələrinə, plovuna heç bir ehtiyacı yoxdur. İddia ərizəsini yazan onun müvəffəqiyyətini gözü götürməyən, gözə görünməyən vəkil Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci və 425-ci maddələrinə istinad edərək onu öhdəliyi lazımınca yerinə yetirməməkdə günahlandırır. O, İddiaçı evinə gedib zorla onu müqavilə bağlamağa təhrik etməmişdir. Əslində İddiaçı onu aldatmış, Aida Əliyevaya 400 manat pul verməsini, qalan pulun isə 2012-ci ildən 2022-ci il tarixinə qədər sələm kimi hesablayıb ondan tələb etməsini gizlətmişdir, lakin Bakı Apellyasiya məhkəməsində yuxarıda qeyd etdiyi kimi hakimin sualına cavabda qonşudan 400 manat alıb Aida Əliyevaya verdiyini qeyd etmişdir. O, onun ağlını, beynini oxuya bilməzdi, hansı cavab verəcəyini də bilə bilməzdi. Vəkil kimi 2 tərəfli razılığa əsasən müqavilə bağlanmış, order aldıqdan sonra işlə tanış olmuşdur, apellyasiya şikayəti yazmış, Bakı Apellyasiya məhkəməsində hüquqlarını müdafiə etmişdir. Vəzifəsi hüquqi xidmət göstərməkdir onu da vicdanla yerinə yetirmişdir. İşin nəticəsinə vəkil məsuliyyət daşımır, yəni nəticəni hakim verir. Onu da qeyd etmək istəyir ki, İddiaçı 9 saylı Hüquq Bürosunu cavabdeh kimi işə cəlb etməsi formal xarakter daşıyır. İddiaçı iddia ərizəsi şərböhtan xarakterli, qeyri-obyektiv və qərəzli olduğu üçün rədd edilməsinin xahiş edir. İş üzrə cavabdeh Bakı şəhəri 9 saylı Vəkil Bürosu məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı Bakı şəhəri 9 saylı Vəkil Bürosuna və Cavabdeh2 Abdulqadir qızına qarşı ”pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə müraciət edərək, “Bakı şəhəri 9 saylı vəkil bürosundan və həmin büronun vəkili Cavabdeh2 Abdulqadir qızından hüquqi yardımın göstərilməsi haqqında bağlanılmış müqaviləyə əsasən öhdəliyin icra edilməsi ilə əlaqədar 2050 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, televiziyadan vəkil Cavabdeh2 tanımış, onunla Pirallahı rayon məhkəməsinin 2(094)-198/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi məqsədi ilə müqavilə bağlamış, ancaq o, işi uduzmuş, həmin qətnamədən verdiyi kassasiya şikayəti təmin olunmamış, bununla da vəkil ona verdiyi vədə əməl etməmişdir. Ona görə də cavabdehlər tərəfindən vəkilə ödədiyi pul məbləği geri qaytarılmadır. Aşağıda göstərdiyi əsaslara görə iddia rədd edilməlidir. Hüquqi yardımın göstərilməsi haqqında 873 saylı, xx.xx.2022-cü il tarixli tərəflər arasında müqavilə bağlanmış, eyni tarixdə ******* nömrəli Vəkil orderi verilmişdir. Azərbaycan Respublikasi Vəkillər Kollegiyasi Rəyasət heyətinin xx.xx.2018-ci il tarixli qərari ilə hüquqi yardimin göstərilməsi haqqında müqavilə təsdiq edilmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən hüquqi yardıma görə ödənilən məbləğ vəkilə həvalə edilən işin haqqıdır və tapşırığın nəticəsindən asılı deyil. İddiaçı göründüyü kimi ərizəsində məhz həmin pulu ona görə geri tələb edir ki, işin nəticəsi onun xeyrinə qurtarmamışdır. İşdən göründüyü kimi müqavilədən irəli gələn bütün prosedurlara tam əməl edilmiş, tərəflər arasında müqavilə könüllü bağlanmış, pul iddiaçının özü tərəfindən nağdsız qaydada banka ödənilmiş, vəkil orderi verilmişdir. Vəkil tərəfindən müqaviləyə əsasən apellyasiya şikayəti verilmiş və məhkəmədə iştirak etmişdir. İddiaçı Bakı şəhəri 9 saylı Vəkil Bürosuna və Cavabdeh2 Abdulqadir qızına qarşı ”pul tələbinə dair” iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, yaşlı qadındır. Pulunu geri istəyir. İddiasının təmin olunmasını xahiş edir. İş üzrə cavabdehlər Bakı şəhəri 9 saylı Vəkil Bürosuna və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. 0243691 nömrəli xx.xx.2022-ci il tarixli Vəkil orderinin surətindən görünür ki, vəkil Cavabdeh2 və İddiaçı arasında Apellyasiua Məhkəməsində təmsil edilməsi üçün xx.xx.2022-ci il tarixli 873 nömrəli müqavilə bağlanmışdır. Bakı şəhəri 9 saylı Vəkil Bürosu tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 873 nömrəli müqaviləyə əsasən, İddiaçı tərəfindən 2000 manat hüquqi yardıma görə haqq qarşılıqlı razılığa əsasən ödənilmişdir. Müqavilənin 2.5-ci maddəsinə əsasən, Müraciət edən (və ya hüquqi yardım göstərilən şəxs) bu müqavilə üzrə tapşırığı məhdudlaşdırdıqda, geri götürdükdə, yaxud müqaviləni ləğv etdikdə və ya vəkildən imtina etdikdə ödənilmiş haqqın yalnız görülməmiş işlərin həcmi məbləğində olan hissəsi geri qaytarıla bilər. Tapşırığın icrası ilə bağlı bu müqavilənin 2.4-cü bəndində nəzərdə tutulmuş xərclər isə vəkilə ödənilməlidir. Vəkil həmin xərcləri görülməmiş işlərin həcmi üçün nəzərdə tutulan məbləğdən çıxmağa haqlıdır. Müqavilənin 3.1.1-ci maddəsinə əsasən, Müraciət edən tərəfin həvalə edilmiş işin hüquqi perspektivinin izahı, tapşırığın icrasının gedişi barədə, hüquqi yardımın, müdafiənin təşkil edilməsi və həyata keçirilməsinin mümkün hüquqi vasitələri haqqında vəkildən məlumat almaq hüququ vardır. 7278 nömrəli xx.xx.2022-cİ il tarixli ödəniş qəbzinə əsasən, İddiaçı tərəfindən 2000 manat məbləğ Bakı 9 saylı Vəkil Bürosunun AZ80İBAZ**********9212327214 hesabına (təyinat - Cavabdeh2) köçürülmüşdür. Azərbaycan Respublikası Vəkillər X2 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 549 nömrəli cavab məktubundan görünür ki, İddiaçı müraciətinə baxılmış, məsələ ilə bağlı vəkil Rəyasət Heyətinə dəvət edilərək, onunla müvafiq söhbət aparıldığı, Cavabdeh2 izahatında şəxsin müraciətdə göstərilən məlumatları təsdiq etmədiyi, apellyasiya şikayətinin yazılması və Bakı Apellyasiya Məhkəməsində hüquqlarının müdafiə edilməsi məqsədilə onunla müqavilə bağladığını, müqavilə üzrə 9 saylı vəkil bürosunun bank hesabına 2000 manat pul ödənildiyini, qəbzi büroya təqdim etməyini, işin nəticəsinə cavabdeh olmadığını ona izah etdiyini, vəkil kimi üzərinə düşən vəzifələri yerinə yetirdiyini və şikayətin əsassız olduğunu bildirmişdir. Belə vəziyyətdə, ərizəsində qeyd edilən məlumatları təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmadığından, müraciəti üzrə Rəyasət Heyəti tərəfindən intizam icraatının başlanması üçün əsas olmadığı bildirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 6240/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, cavabdeh X3 400 manat pulun tutularaq İddiaçı verilməsi qərara alınmışdır. İşə İddiaçı, onun nümayəndəsi (vəkili) Cavabdeh2, cavabdehin nümayəndəsi (vəkili) X1 iştirakları ilə baxılmışdır. İş üzrə Cavabdeh2 ərizəsində bildirmişdir ki, qarşı tərəf, yəni İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, iş materialları ilə tanış olmamış, Bakı Apellyasiya Məhkəməsinə hazırlıqsız getmiş, hakimlə aramızda guya qərəzli münasibət olduğunu ona demiş və bu səbəblərdən işi uduzmuşdur. Birinci instansiya məhkəməsində tanış olduğu iş materiallarındakı sənədlərin surətlərini (1. İddiaçı cavabdeh X4 qarşı "Pul tələbinə dair" iddia ərizəsi, 2. Suraxanı rayon Polis idarəsinin 33-cü Polis Bölməsinin baş tədqiqatçısı, polis mayoru Elşən İsmayılovun "Cinayət işinin başlanmasının rədd edilməsinə dair" xx.xx.2021-ci il tarixli qərarı, 3. Azərbaycan Respublikasının Baş Prokurorluğunun Bakı şəhər prokurorunun müavininə ünvanladığı xx.xx.2021-ci il tarixli məktub, 4.Azərbaycan Respublikasının Baş Prokurorluğunun Bakı şəhər prokurorunun müavininə ünvanladığı xx.xx.2022-ci il tarixli məktub, 5. Bakı şəhəri Suraxanı Rayon Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 113-ş-22 nömrəli cavab məktubu, 6. Bakı şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubu, 7. Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubu, 8. İddiaçı tərəfindən Suraxanı Rayon Prokuroruna göndərilən şikayət ərizəsi, 9. 7278 nömrəli xx.xx.2022-cİ il tarixli ödəniş qəbzi, 10. Bakı şəhəri 9 saylı Vəkil Bürosu tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 873 nömrəli müqavilə, ******* nömrəli xx.xx.2022-ci il tarixli Vəkil orderinin surəti, 11. Azərbaycan Respublikası Vəkillər X2 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 549 nömrəli cavab məktubu) məhkəməyə təqdim etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6. Mülki qanunvericiliyin prinsipləri 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi;... 6.1.5. müqavilələr azadlığı;... Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir... Maddə 331. Yazılı əqd 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.... Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 389.4. İkidən çox tərəfin bağladığı müqavilələrə müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin çoxtərəfli xarakterinə zidd olmasın. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 778. Tapşırığın məzmunu 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Maddə 779. Vəkalət alanın məsuliyyəti 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 779.2. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Maddə 783. Vəkalət alanın xərclərinin əvəzinin ödənilməsi və muzdu 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi ...124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır... “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia təmin edilməməlidir. Belə ki, İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı Vəkil Bürosuna və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Bakı şəhəri 9 saylı Vəkil Bürosundan və Cavabdeh2 2050 manat pulun və dövlət rüsumuna ödədiyi 41 manatın alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarından və tərəflərin izahatlarından göründüyü kimi, İddiaçı hüquqi yardım almaq məqsədilə cavabdeh vəkil Cavabdeh2 müraciət etmiş və onlar arasında razılaşmaya əsasən, İddiaçı tərəfindən 2000 manat Bakı 9 saylı Vəkil Bürosunun hesabına, Cavabdeh2 təyinatına köçürülmüşdür. Daha sonra Bakı 9 saylı Vəkil Bürosu tərəfindən onunla vəkil Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixində 873 saylı müqavilənin bağlanılmasına dair sənəd tərtib edilmiş və 9 saylı Vəkil Bürosu tərəfindən vəkil orderi təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləni etibarsız hesab etmək üçün əsas yoxdur. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı bildirmişdir ki, müqavilə bağlanıldıqdan sonra cavabdeh vəkil Cavabdeh2 işin halları ilə maraqlanmamış, işiylə əlaqədar onunla əlaqə saxlamamış, məhkəmə iclasına hazırlıqsız gəlmiş, işin mahiyyətindən məlumatsız olmuşdur. Lakin, o, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 tapşırılmış işlə bağlı iş materialları ilə tanış olmuş, vəkil kimi Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda iştirak etmişdir. Tərəflər arasında bağlanan müqavilənin qiyməti 2000 kimi göstərilmiş və iddiaçı tərəfindən ödənilmişdir. Digər 50 manatın ödənilməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Cavabdeh2 müqavilə üzrə öz üzərinə götürülmüş öhdəlikləri icra etmişdir. Bağlanmış müqavilə öz hüquqi təbiətinə görə tapşırıq müqaviləsidir, həmin müqaviləyə əsasən, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs başqa şəxsin ona tapşırdığı xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Beləliklə, məhkəmə iş materiallarını, tərəflərin izahatlarını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı Vəkil Bürosuna və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib 41 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia rədd edildikdən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: Cavabdehlər Bakı şəhəri 9 saylı Vəkil Bürosundan və Cavabdeh2 2050 manat məbləğində pulun və dövlət rüsumuna ödədiyi 41 manatın alınaraq iddiaçıya verilməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-1927/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1927/2024
20.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver