Məhkəmə qərarları › İş №2(010)-1930/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1930/2024

30.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1930/2024 30.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakkları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Bakı şəhərinin Suraxanı rayon məhkəməsinin e-2(010)-5284/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsi ilə hər ay iki uşağın saxlanması üçün 340 (üç yüz qırx) manat məbləğdə müəyyən edilmiş alimentin miqdarının artırılması və hazırki mülki iş üzrə qəbul ediləcək qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağın saxlanması üçün 300 (üç yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat məbləğində alimentin iddiaçının xeyrinə tutulması. İddia tələbinin dəlliləri Bakı şəhərinin Suraxanı Rayon Məhkəməsinin e-2(010)-5284/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi qismən təmin edilmişdir. Bu qətnamə ilə Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla birgə nikahdan anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatandək saxlanması üçün hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bu müddət ərzində azyaşlı uşaqlar X3 və X2 böyümüş və təbii ki onlara sərf olunan xərclər də artmışdır. Artıq qeyd edildiyi kimi, cavabdehdən hər ay iki uşağın saxlanması üçün cəmi 340 (üç yüz qırx) manat məbləğdə aliment tutulur, bu isə uşaqların bütün xərclərinin ödənilməsinə kifayət etmir. İddiaçının izahatları Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərdi ki, özü heç bir yerdə işləmir və aylıq gəliri yoxdur. Valideynləri ona maddi cəhətdən köməklik edir, özünü valideynləri saxlayır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(010)-5284/2023 saylı qətnaməsi ilə uşaqlarının saxlanılması üçün nəzərdə tutulmuş alimenti valideynlərinin köməkliyi ilə ödəyir. İddiaçı ona uşaqları ilə ünsiyyətdə olmasına imkan vermir. O, uşaqlarını görmək üçün iddaçıya müraciət edəndə, iddiaçı onu təhqir edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(010)-5284/2023 saylı qətnaməsindən sona bu günə qədər onun maddi vəziyyətində dəyişikliyin olmamasını əsas gətirərək iddianın rədd edilməsini xahiş etmişdir. İş materialları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(010)- 5284/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat olmaqla cəmi 340 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfində xx.xx.2023-cü il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Bakı 8 saylı Mediasiya Təşkilatının "ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli MŞB/8-2024/00361 saylı arayışından görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi alimentin artırılması tələbi üzrə xx.xx.2024-cü il tarixində 16:00-dan 16:30-dək keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq" altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İşin faktiki halları İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 adlı övladları doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(010)-5284/2023 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat olmaqla cəmi 340 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı, Bakı şəhərinin Suraxanı rayon məhkəməsinin e-2(010)-5284/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hər ay iki uşağın saxlanması üçün 340 (üç yüz qırx) manat məbləğdə müəyyən edilmiş alimentin miqdarının artırılması və hazırki mülki iş üzrə qəbul ediləcək qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağın saxlanması üçün 300 (üç yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat məbləğində alimentin iddiaçının xeyrinə tutulmasını istəyir. Cavabdeh heç bir yerdə işləmədiyini, aylıq gəlirinin olmamasını və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(010)-5284/2023 saylı qətnaməsindən sonra bu günə qədər onun maddi vəziyyətində dəyişikliyin olmamasını əsas gətirərək iddianın rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası. Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı: 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

“Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 adlı övladları doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(010)-5284/2023 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat olmaqla cəmi 340 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı, Bakı şəhərinin Suraxanı rayon məhkəməsinin e-2(010)-5284/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hər ay iki uşağın saxlanması üçün 340 (üç yüz qırx) manat məbləğdə müəyyən edilmiş alimentin miqdarının artırılması və hazırki mülki iş üzrə qəbul ediləcək qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağın saxlanması üçün 300 (üç yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat məbləğində alimentin iddiaçının xeyrinə tutulmasını istəyir. Cavabdeh heç bir yerdə işləmədiyini, aylıq gəlirinin olmamasını və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(010)-5284/2023 saylı qətnaməsindən sona bu günə qədər onun maddi vəziyyətində dəyişikliyin olmamasını əsas gətirərək iddianın rədd edilməsini xahiş etmişdir. Qanunvericiliyin yuxarıda sadalanan normalarının məzmunu baxımından məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 235 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(010)-5284/2023 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-1930/2024 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir.

QƏT ETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(010)-5284/2023 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-1930/2024 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar