Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1944/2023 05.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X7 qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pulun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları:
1. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, uzun illər tanıdığı X3 vasitəsilə tanış olduğu Cavabdeh1 və Cavabdeh2 qabaqcadan əlbir olaraq onun etibarından sui-istifadə etmək yolu ilə onu aldatmışlar və 8500 manat pulunu ələ keçirərək mənimsəmişlər. Halal pulunu hər iki cavabdehlərə verərkən cavabdehlər aldıqları pula dair qəbz yazaraq imzaları ilə təsdiq etmişlər. Hər iki cavabdeh, yəni həm Cavabdeh1, həm də Cavabdeh2 çoxdandır iş düzəltməklə, kəsilmiş pensiyaları yenidən təyin etdirməklə, hərbi çağırışçılara yararsız hərbi biletlər hazırlatdırmaqla məşğudurlar və təsdiqlənmiş məlumata görə hər iki cavabdehlər haqqında müxtəlif hüquq-mühafizə orqanlarında AR CM-nin müxtəlif maddələri ilə, o cümlədən 178.3.2-ci və 178.2.2-ci maddələri ilə cinayət işi açılmış və istintaq davam etdirilir. O, cavabdehlər haqqında bu təsdiqlənmiş məlumatları əldə edəndə artıq cavabdehlər tərəfindən dələduzluq yolu ilə aldadılmışdı və pulunu ələ keçirib mənimsəmişdilər. Buna baxmayaraq, halal pulunun əldə edilməsi üçün bütün sivil vasitələrdən, onu cavabdehlərlə tanış edən X1 istifadə etməyinə, dəfələrlə cavabdehlərlə görüşməyinə, uzun-uzadı mesajlaşmaqlarına, xahiş-minnətlərinə baxmayaraq halal pulunu tam olaraq əldə edə bilməmişdir. Təkcə Cavabdeh1 ona olan 4000 manat puldan hissəhissə olsa da, 2000 manat pul qaytarmış və qalan 2000 manat pulu bugünə kimi qaytarmamışdır. Cavabdeh2 isə ondan qəbz yazaraq aldığı 4500 manat puldan bugünə kimi bir manat da olsun qaytarmamışdır. Artıq hər iki cavabdehlər onun telefon zənglərinə cavab vermirlər, yazdığı mesajları oxumurlar və onunla görüşməkdən yayınırlar. Bütün bunlardan sonra o, cavabdehlər haqqında əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etmişdir və ona şikayət ərizəsindəki göstərilənlərin mülki məsələ olduğu, məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Beləliklə, Cavabdeh1 onun 2000 manat pulunu, Cavabdeh2 isə onun 4500 manat pulunu bu günə kimi qaytarmamışlar və qaytarmaq fikrində də deyillər.
İddiaçının tələbi.
2. ünvan 1 ünvanında pasport qeydiyyatında olan və faktiki yaşayan Cavabdeh1 və İmişli Şəhəri, H.Aslanov küçəsi, ev 14, mənzil 5 ünvanında pasport qeydiyyatında olan və faktiki yaşayan Cavabdeh2 müştərək qaydada ona olan 6500 manat əsas borcun və 75 manat ödənilmiş dövlət rüsumunun, cəmi olaraq 6575 manat məbləğində pulun alınıb İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 2000 manat, digər Cavabdeh2 4500 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, pulu cavabdehlərə pensiya düzəltmək üçün vermişdi, amma onlar belə işlər üzrə professional olduqlarına görə aldıqları pulu qəbzə borc kimi yazıblar. Cavabdehlərin başqa məhkəmələrdə və dövlət orqanlarında dələduzluqla bağlı işləri araşdırılır, hətta Cavabdeh1 haqqında dələduzluqla bağlı hökm də çıxarılmışdır. Cavabdehlər qeyd edirlər ki, guya o sələmə pul verir, əgər o, sələmə pul verirsə, 4000 manat pulun faizi 200 manat məbləğində pul deyil, yəni o sələmə pul vermir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddiaya etiraz edərək, izahatında göstərdi ki, iddianı qəbul etmir, belə ki, Bəhruz Talehi tanımadığı üçün, Bəhruz 4000 manat məbləğində pulu Talehə vermək üçün ona (Cavabdeh1) qəbz yazdırmış və imza çəkdirmişdir. Danışdıqları məsələ alınmadığı üçün Taleh pulu Bəhruza qaytarmışdır. Belə ki, bir müddət sonra o, Talehdən borcu qaytarıb-qaytarmadığını soruşmuş, Taleh isə qaytardığını bildirmişdir. Sonradan Bəhruz ona bildirmişdir ki 100 manat borcu qalıb onu versin, o, bunu Talehə bildirdikdə Taleh ona heç bir pul ödəməyəcəyini dediyinə görə axrıncı 100 manatı da o qaytarmalı olmuşdur. Çeki də sübut kimi qalır. Yəni, o, (Cavabdeh1) 4000 manat pulun sələmi üçün Bəhruza pul ödəmişdir. Sonra isə Bəhruz Talehə 4500 manat da borc vermiş və ona bildirmişdir ki, Talehin ona 4500 manat borcu var, borcu qaytarmasını Talehə deməyini xahiş etmişdir. O, Talehə bu barədə dedikdə Taleh problemi olduğunu, borcu qaytaracağını bildirmişdir. Başqa şəxslərdən aldığı məlumatlara görə Bəhruz özü sələmə pul verir, daha doğrusu pulu yazılı qaydada verir, sonra pul verdiyi şəxslər pulu qaytarır, ancaq pul yazılı qaydada qaytarılmadığından Bəhruz yenidən onlara borclarını qaytarmadıqlarını və qaytarmalarını bildirir. Bir sözlə, Talehə 4000 manat verilməsində o iştirak etmiş, qəbzi yazmış və imzalamışdır, amma sonradan Bəhruz tərəfindən Talehə verilən 4500 manat pulun verilməsində iştirak etməmişdir. Ümumiyyətlə isə o sadəcə Talehə 4000 manat pulun verilməsində iştirak etmişdir, yəni ona heç bir pul verilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, o, iş düzəltmir, fəhlədir. Bəhruz ona ilk dəfə 4000 manat məbləğində borc pul verəndə Əhlimanın iştirakı ilə pulu vermiş, sonradan o, həmin 4000 manat məbləğində pulu qaytarmışdır. Növbəti dəfə Bəhruz ona 4000 manat məbləğində borc pul vermiş, qəbzi yazmış və imzalamışdır, amma qəbzə 4500 manat yazmışdır, çünki Bəhruz sələmçi olduğu üçün qəbzdə əlavə 500 manatı yazdırıb. Bəhruz sələm verdiyi üçün hamı ondan narazıdır, təkcə Qafar adlı şəxs narazı deyil, çünki o, Bəhruzdan asılıdır. O, əsəb xəstəliyi olduğuna görə müalicələr alır, buna görə də, ikinci dəfə aldığı borcunu tam qaytara bilməmişdir, Bəhruza nə qədər borcu qaldığını xatırlamır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi.
İş materialları.
7. Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Poliş şöbəsinin İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin rədd edilməsi barəsində xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 əməlində, habelə toplanmış materialda cinayət hadisəsi müəyyən olunmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
8. Həmin qərardan həmçinin görünür ki, təhqiqiat araşdırması müddətəndə X2 izahat verərək təxminən 7-8 il qabaq tanıdığı Qafar adlı dostuna əlilik pensiyası almaq istədiyini bildirməsi, onun da Cavabdeh1 və Cavabdeh2h oğlu adlı tanışlarının olduğunu bilriməsi sonuncunun Əhlimanla əlaqə saxlaması və şəhərin müxtəlif yerlərində görüşüb bu barədə müzakirələr aparması və onların bu işi bacardıqlarına inanıb Cavabdeh1 xx.xx.20222-ci il tarixdə 4.000 manat pulu ünvan 2 ünvanının qarşısında Əhlimanın idarə etdiyi avtomobildə Əhlimana və Talehə verməsi və həmin məbləğin qəbul etmələrinə dair ona qəbz vermələrini, daha sonra xx.xx.2022-ci il tarixdə Yasamal rayonunda yerləşən 19 saylı notariusun qarşında əlavə olaraq Əhliman və Talehə 4.500 manat pulu verməsini və bu barədədə qəbz yazıb ona təqdim etmələrini, lakin bir müddət keçdikdən sonra işi alınmadığından Əhliman ümumi məbləğdən ona Yasamal rayonu 19 saylı notariusun qarşısında 2000 manat pul qaytardığını, beləliklə sonuncu İddiaçı ümumilikdə 6.500 manat ziyan dəydiyini bildirmişdir.
9. xx.xx.2022-ci il tarixli əlyazmadan görünür ki, İddiaçı və Cavabdeh1 Əziz İsgəndərov 4000 manat məbləğində pul borc almış və 25 aprel 2022-ci il tarixə qədər qaytaracaqlarını qeyd edərək qəbzi öz imzaları ilə təsdiq etmişlər.
10. xx.xx.2022-ci il tarixli əlyazmadan görünür ki, Cavabdeh2 dostu Əhlimanın vasitəsilə tanış olduğu İddiaçı 3 ay müddətinə 4500 manat məbləğində pul borc almış və 13 avqust 2022-ci il tarixə qədər qaytaracağını qeyd etmişdir. Borc pul Cavabdeh1 iştirakı ilə verilmiş, Cavabdeh2 və Cavabdeh1 qəbzi öz imzaları ilə təsdiq etmişlər.
11. xx.xx.2023-cü il tarixli X6 tərəfindən məhkəməyə təqdim olunan teleqramdan görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə o tanış etmiş və tanışlığın məqsədi iddiaçıya pensiya təyin olunmasında kömək etməkdən ibarət olmuşdur. Sonradan İddiaçı alınan pulları qaytarmadıqlarına və pensiya məsələsini həll etmədiklərinə görə hər iki cavabdehlərə zəng vuraraq narazılığını bildirmiş, görüşüb iradlarını bildirərək pulu geri qaytarmalarını xahiş və tələb etmişdir. Lakin Cavabdeh1 aldığı pulun yarısını İddiaçı qaytarsa da, Cavabdeh2 isə bugünə kimi aldığı puldan bir manat da qaytarmamışdır. Bu haqda Yasamal RPİ-nin 29-cu PB-də ifadə də vermişdir. Səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini və qeyd etdiklərinin şahid ifadəsi kimi qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayin keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
14. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir.
15. Belə ki, iş materiallarında cavabdehlər tərəfindən imzaları mübahisələndirilməyən əlyazma qəbzlər var.
16. Həmçinin, məhkəmə, cavabdehlərin iddiaçının tələb etdiyi pulun qaytarıldığını qeyd etməsini nəzərə alaraq, iddiaçının cavabdehlərə pul verməsi, bunun müqabilində cavabdehlərin iddiaçıya borcunun yaranması ilə bağlı əlavə araşdırma aparmağı zəruri hesab etmir. Çünki, qeyd edildiyi kimi, bu xüsusat həm iddiaçı, həm də cavabdehlər tərəfindən təsdiq olunmuşdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir.
17. Belə ki, Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər.
18. Məhkəmə bu qənaətə gələrkən hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Odur ki, cavabdehlərin iddiaçıdan iddia ərizəsində göstərilən məbləğdə pul alması üzrə əlavə araşdırma aparılmasına zərurət yoxdur.
19. Belə olan halda, cavabdehlər iddiaçıdan pul aldığını etiraf etdiyindən, iddiaçı tələbinin cavabdehlərə qeyd edilən məbləğdə pul verməsini sübut etmək yükündən azad olmuş, həmin məbləğin iddiaçıya qaytarılmasını sübuta yetirmək vəzifəsi isə cavabdehlərə keçmişdir.
20. Odur ki, məhkəmə verilmiş 2000 manat və 4500 manat məbləğində pul vəsaitinin ödənilməməsi halının iddiaçı tərəfindən mübahisələndirildiyini nəzərə alaraq, qeyd edilən hallara mülki prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verməyi zəruri hesab edir.
21. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
24. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.
26. Belə ki, məhkəmə iddianın təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Bununla yanaşı, cavabdehlər tərəfindən qeyd edilən pul vəsaitinin verməsinin etiraf edilməsindən savayı qeyd edilən məbləğlərin məhz iddiaçıya ödənilməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, etiraz etdiyi halın sübut edilməsi məhz cavabdehin vəzifəsidir.
27. Göstərilənlər isə ona dəlalət edir ki, iddiaçı iddia etdiyi pul vəsaitinin cavabdehlərə verdiyini sübuta yetirmiş, cavabdehlər isə həmin məbləği iddiaçıya ödəməsini sübuta yetirə bilməmişdir.
28. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.
Məhkəmə xərcləri.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
30. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. İddia təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75 manat məbləğində pul cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, ödənilməmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
32. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh1 2000 manat məbləğində; Cavabdeh2 4500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 75 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10 manat məbləğində ödənilməmiş dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i:
İddia tələbi təmin edilsin. Cavabdeh1 2000 (iki min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh2 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 75 (yetmiş beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10 (on) manat məbləğində ödənilməmiş dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.