Məhkəmə qərarları › İş №2(010)-1946/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1946/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1946/2021 08.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1760 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun müddəətdir tanıyır. O, maşın alveri ilə məşğul olurdu. Ondan maşın alıb-satmaq üçün 4.000 manat məbləğində pul lazım olduğunu bildirmiş və tezliklə həmin borcu qaytaracağına söz vermişdir. Əvvəllər münasibətləri yaxşı olmuş, cavabdehə inamı tam olmuşdur. Bu məqsədlə o, cavabdehə 4000 manat məbləğində borc vermiş, lakin pul verən zaman aralarında heç bir rəsmi müqavilə bağlanmamışdır. Həmin zamanlar iddiaçı cavabdehə inanmışdır. Lakin Cavabdeh ona ödənilməli olan 4000 manat borc məbləğindən hissə-hissə 2.240 manat pulu qaytarmış 1760 manat məbləğində pulu ödəməmişdir. Bu barədə cavabdehə dəfələrlə şifahi xəbərdarlıq etsə də cavabdeh öz öhdəliklərini yerinə yetirilməsi istiqamətində hər hansı bir addım atmamışdır. Cavabdehə 4000 manat məbləğində pul verdiyi tarixdən artıq 1.6 aydan da çox bir müddət keçməsinə baxmayaraq, cavabdeh 1760 manat həmin pul məbləğini qaytarmadığından iddiaçıya zərər vurmuş, həmin pul məbləği ilə qazanacağı gəlirdən məhrum etmişdir. Bundan əlavə həmin borcun qaytarılması barədə cavabdehə dəfələrlə müraciət etməyi, onlarla danışıqlar aparıb əsəbiləşməyi, ona böyük mənəvi zərər yetirmişdir. Bu barədə iddiaçı Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinə şikayət ərizəsi vermişdir. Ona mübahisə mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməyini bildirmişlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, cavabdehə verdiyi pulu bankdan kredit kimi götürmüşdür. 6000 manat məbləğində pulu banka geri ödəyib, hələ də ödəyir. Pul məbləğinin faizlərlə birlikdə hesablanaraq cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, həqiqətən də iddiaçıdan 4000 manat pul götürülmüşdür, ümumilikdə iddiaçıya 3140 manat pul ödəmiş, 860 manat ödənilməli məbləğ qalıb. İddiaçının kredit faizlərinə görə o cavabdeh deyildir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı DİN-in 102 “Xidməti-Zəng” mərkəzi sisteminə etdiyi müraciət əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə,işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçı tərəfindən Cavabdeh 4000 manat pul verilmiş, bu puldan 3140 manat iddiaçıya qaytarılmışdır. Cavabdehin 860 manat məbləğində borunun qalması müəyən edilir. İddiaçı tərəf tələbində bu məbləğin 1760 manat olduğunu hesab edir.Tələbini onunla əsaslandırır ki, cavabdehə verdiyi 4000 manat pulu o bankdan kredit götürmüşdür və həmin kreditə görə banka faiz ödəməyə məcburdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-ci maddinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə 4000 manat məbləğində borc pul verməsi, cavabdehin bu məbləğdən 3140 manatı qaytarması və 860 manat qaytarılmalı məbləğin qalması hər iki tərəfin izahatı və işin halları ilə müəyyən edilir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən, 860 manat pulun tutulmalı olması həddində təmin edilməlidir. Məhkəmə iddia tələbini qalan hissədə əsalı hesab etmir. Belə ki, iddiaçı cavabdehə verdiyi pulu bankan götürdüyünü və həmin pula görə banka faizlər ödədiyini bildirsə də, bu halları tutarlı dəlillərlə əsaslandıra bilməmişdir. Halbuki MPM-nin 77-ci maddəsinin tələbi baxımından iddiaçı tələbində əsaslandırğı halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə aralarında borc münasibətlərinin yaranması, pulun verilməsini sübut etməli, bundan sonra yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən verilmiş pul geri tələb edilə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iddia tələbi ilə bağlı olaraq iş üzrə sübut etmə yükünün tərəflər arasında bölüşdürülməsini qanunverici aşağıdakı qaydada həll etmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir, yəni iddia təmin edildiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 860 (səkkiz yüz altmış) manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar