Məhkəmə qərarları › İş №2(010)-1961/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1961/2020

09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1961/2020 09.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi ilə, Cavabdeh Heydərova (Əzizova) Nərgiz Vilayət qızının iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər X4, Heydərova (Əzizova) Nərgiz Vilayət qızı, Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X4, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 001R********** nömrəli kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 514,69 manat əsas, 315,98 manat faiz və 1452,35 manat cərimə olmaqla, ümumilikdə 2283,02 manat məbləğində kredit borcu və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Hamidovna İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 01L000003552 nömrəli kredit xətti müqaviləsinə əsasən, 120 ay müddətində 10000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən borcluya veriləcək məbləğin və müddətin ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunması nəzərdə tutulmuşdur. Kredit xətti müqaviləsi üzrə X5 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 001R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq 2,4167 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 001R**********S nömrəli, xx.xx.2016-cı il tarixli 001R**********SA nömrəli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Borclu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq, dəfələrlə ödənişləri yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. Borclu götürdüyü kreditdən 2485,31 manat qaytarmış və onun kreditora 514,69 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam dayandırılmasınadək hesablanır. Bir gün üçün faiz məbləği həmin razılaşmanın 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Borclu kredit borcunu qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 590 gün üçün onun hesablanmış faiz borcu 315,98 manat təşkil etmişdir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir ki, xx.xx.2020-ci il tarixə 590 gün üçün hesablanmış cərimə məbləği 1452,35 manat təşkil etmişdir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən borclu müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə, kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Həmçinin, kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən öhdəliyin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşlər. Onlar zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit xətti müqaviləsindən irəli gələn borclunun öhdəliklərinin icrası üçün kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyır və həmin müqavilənin 3.1-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. İddiaçı QSC-nin nümayəndəsi X6 məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Heydərova (Əzizova) Nərgiz Vilayət qızı onun iddiaçı ilə cavabdeh X5 arasında bağlanmış kredit müqaviləsi üzrə zaminlik müqaviləsinə qol çəkdiyini, lakin, tərəflər arasında bağlanmış sonrakı sazişlərdən xəbəri olmadığından onun zaminliyinə xitam verilməsini xahiş etdi. Cavabdehlər X4 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş üzrə cavabdehi dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2013-cü il tarixli 01L000003552 nömrəli Kredit xətti müqaviləsindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı QSC həmin müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün Kredit alana – cavabdeh X3 10000 ABŞ dolları məbləğində kredit xəttini açmağı öhdəsinə götürmüşdür. Kreditlərin tərəflər arasında «Kredit razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə» və «Akkreditiv açılması üçün razılaşma» formasında bağlanacaq ayrıca razılaşma (Kredit razılaşmaları) əsasında verilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 1.2-ci bəndinə görə, bu Müqavilə və Kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay – xx.xx.2023-cü il tarixdən gec olmayaraq verilməlidir. Müqavilənin 1.3-cü bəndinə görə, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtlər hər dəfə tərəflər arasında bağlanan və bu Müqavilənin ayrılmaz hissəsi olan Kredit razılaşmaları ilə müəyyən olunur. İşdə olan xx.xx.2015-ci il tarixli, 001R********** nömrəli Kredit razılaşmasından görünür ki, həmin razılaşmaya əsasən İddiaçı QSC tərəfindən cavabdeh X3 18 ay müddətinə, aylıq 2,4167 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinə əlavə hesab olunan kreditin ödəmə cədvəlindən isə görünür ki, cavabdeh X5 kredit vəsaitini hər ay müəyyən məbləğdə ödənişlər etməklə 18 ay ərzində annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə, «Kreditalan» ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında” 001R**********S nömrəli xx.xx.2015-ci il tarixli Sazişdən görünür ki, həmin sazişlə kredit razılaşması üzrə müəyyən olunmuş ödəniş tarixləri, məbləğləri və faiz dərəcəsi dəyişdirilmiş və yeni ödəniş planı tərtib edilərək, kreditin qaytarılması müddəti xx.xx.2017ci ilədək uzadılmışdır. Tərtib edilmiş yeni ödəniş planından isə görünür ki, cavabdeh X5 kredit vəsaitini 24 ay ərzində, yəni xx.xx.2017-ci ilədək annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında” 001R**********S nömrəli xx.xx.2016-cı il tarixli Sazişdən görünür ki, həmin sazişlə kredit razılaşması üzrə müəyyən olunmuş ödəniş tarixləri, məbləğləri və faiz dərəcəsi dəyişdirilmiş və yeni ödəniş planı tərtib edilərək, kreditin qaytarılması müddəti xx.xx.2018ci ilədək uzadılmışdır. Tərtib edilmiş yeni ödəniş planından isə görünür ki, cavabdeh X5 kredit vəsaitini 24 ay ərzində, yəni xx.xx.2018-ci ilədək annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli 3585 nömrəli maliyyə arayışından görünür ki, cavabdeh X1 xx.xx.2015-ci il tarixli, 001R********** nömrəli Kredit razılaşması üzrə 514,69 manat əsas, 315,98 manat faiz və 1452,35 manat cərimə olmaqla, cəmi 2283,02 manat məbləğində kredit borcu vardır. İşdə olan, İddiaçı QSC ilə Cavabdeh1 və Cavabdeh3 varasında bağlanmış müvafiq olaraq xx.xx.2014-cü il tarixli 01S000010777 nömrəli və xx.xx.2015-ci il tarixli 001S**********01 nömrəli Zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr bankla borclu – cavabdeh X5 arasında bağlanmış 120 ay müddətində 10000 ABŞ dolları məbləğində kredit xətti açılması barədə xx.xx.2013-cü il tarixli 01L000003552 nömrəli Kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan «Kredit razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə» və «Akkreditiv açılması üçün razılaşma» formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün hər bir zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişlər. İşdə olan xx.xx.2020-ci il tarixli «Xəbərdarlıq» məktublarından görünür ki, cavabdeh (kredit alan) X5 və cavabdehlər (zaminlər) Cavabdeh1 və Cavabdeh3 kredit üzrə əsas, hesablanmış faiz və cərimə borcunun qaytarılmasına dair xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Göründüyü kimi, xx.xx.2013-cü il tarixli 01L000003552 nömrəli Kredit xətti müqaviləsi əsasında tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 001R********** nömrəli Kredit razılaşması üzrə cavabdeh X5 İddiaçı QSC-dən 18 ay müddətinə, aylıq 2,4167 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit alıb, onu ödəniş planına uyğun olaraq annuitet qaydada ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini lazımınca icra etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh X2 İddiaçı QSC-yə vurduğu zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur və tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə iddiaçı haqlıdır. Ona görə də məhkəmə həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş cavabdeh X2 514,69 manat əsas və 315,98 manat faiz borcunun tutulmasını əsaslı sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 1452,35 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 50 manata endirilməlidir. Məhkəmə kredit öhdəliyinin zaminliklə təmin edilməsi, bu səbəbdən cavabdehlərin iddiaçı qarşısında birgə məsuliyyət daşımasına qiymət verərkən aşağıdakıları qeyd edir. Məlum olduğu kimi zaminlik öhdəliklərin icrasının təmin edilməsi üsullarından biri kimi çıxış edir və daha çox bank-kredit münasibətlərində tətbiq olunması ilə xarakterikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (m. 470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (m. 470.2.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (m. 472.1.). Göründüyü kimi, zamin üzərinə birgə məsuliyyət götürdüyü halda onun kreditor qarşısında məsuliyyəti də borclu ilə eyni həcmdə olur və onların hər ikisi də öhdəliklərin icrası üçün kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hətta, mülki qanunvericilik zaminliyin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də verilməsini istisna etməmişdir. Ancaq, nəzərə almaq lazımdır ki, hər bir halda, zaminlik müqaviləsi Mülki Məcəllə ilə nəzərdə tutulmuş tələblərə uyğun şəkildə tərtib olunmalı və müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin mahiyyəti tam olaraq əks olunmalıdır. Zaminlik mücərrəd öhdəliklər üzrə verilə bilməz. Əks təqdirdə, zamin hansı öhdəliyin icrası üçün zəmanət verməsindən məlumatlı olmayacaqdır ki, bu da onu gələcəkdə ağır şərtlər qarşısında qoya bilər. Lakin, işin hallarından da göründüyü kimi, İddiaçı QSC ilə zaminlər (cavabdehlər) arasında bağlanmış zaminlik müqavilələri ümumi xarakter daşımış və gələcəkdə kreditorla borclu arasında bağlanacaq kredit razılaşmaları üzrə verilməsi nəzərdə tutulan kreditin (kreditlərin) icrasını təmin etmək məqsədini daşımışdır. Kredit xəttinin ümumi məbləği 10.000 ABŞ dolları, müddəti isə 120 ay təşkil etmişdir, özü də bu müddət öhdəliyin icrası müddətini yox, müqavilənin 1.2-ci bəndinə görə, kredit razılaşmaları əsasında istənilən (tələb olunan) məbləğin 120 aydan gec olmayaraq verilməsini ehtiva etmişdir. Nəzərə almaq vacibdir ki, uzunmüddətli kredit müqaviləsi ilə yalnız kreditorun öhdəlikləri yaranır, belə ki, kredit xətti müqaviləsinə görə, kreditor müəyyən müddətədək bir və ya bir neçə dəfə borcluya kredit verməyi öhdəsinə götürür. Borclunun, həmçinin zaminin öhdəlikləri isə krediti aldıqdan sonra yaranır. Düzdür, tərəflər müqavilə bağlmaqda sərbəstdirlər və müqavilə şərtlərini müəyyənləşdirərkən iradələrinə uyğun hərəkət edirlər, ancaq, bağlanan müqavilələr qanunvericiliyin tələblərinə zidd olmamalı, qeyri-müəyyənliyə yol verilməməlidir. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Göründüyü kimi, tərəflərin müqavilə azadlığı qanunvericiliyin tələbləri ilə məhdudlaşdırılır və tərəflər öz aralarında qanunvericiliyə zidd olan, o cümlədən mahiyyəti aydın olmayan müqavilə şərtləri müəyyən edə bilməzlər. Mülki Məcəllənin 419.2-ci maddəsinin tələbinə görə də müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2012-ci il tarixli Qərarında zaminliyin mahiyyəti ilə bağlı aşağıdakılar qeyd olunmuşdur: «…Qanunvericilikdə zaminlik müqaviləsinin yazılı formada bağlanması tələbinin nəzərdə tutulması ilə birtərəfli qaydada öhdəlik yaradan zaminlik müqaviləsinin zamin tərəfindən dərk edilmədən bağlanmasının qarşısı alınır və bununla da ilk növbədə zaminin maraqları qorunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır… MM-in 470.2-ci maddəsində zaminlik müqaviləsinin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlanmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Bu zaman nəzərə almaq lazımdır ki, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər… Qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Eyni zamanda, zaminlik müqaviləsinin aksessor xarakterli olduğunu və mövcud olmayan öhdəliyin icra edilməsinin mümkün olmamasını nəzərə alaraq, gələcəkdə yaranacaq öhdəliyi təmin edən zaminlik müqaviləsinin tərəflərinin qarşılıqlı hüquq və vəzifələri belə müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir. Borclu tərəfindən zaminliklə təmin olunmuş öhdəliyin pozulmasına dair kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1-ci maddəsində göstərilən hallarda irəli sürülə bilər.» Bundan başqa, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır… Zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir… Kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər... Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır.Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır.Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir.» Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi yanaşmaya görə, zaminlik müqaviləsində zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi zəruri şərt kimi nəzərdə tutulmuşdur. Müqavilədə hansı əsas müqaviləyə dair zaminliyin yaranması və əsas öhdəliyin həddi barədə göstərişlər olmalı, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləği göstərilməlidir. Həmçinin, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə olduğundan, müvafiq olaraq həmin müqavilədə zaminliklə təmin edilmiş əsas öhdəliyin bütün mühüm şərtləri, əsasən də faiz dərəcəsi göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə həmin müqavilə çərçivəsində bağlanan kredit razılaşmasında faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğuladığı kimi, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Lakin, artıq qeyd olunduğu kimi, hər bir zaminlə gələcəkdə yaranacaq öhdəlik (öhdəliklər) üzrə zaminlik müqaviləsi bağlanaraq ümumi məbləğ və müddət göstərilsə də, faiz dərəcəsi əks olunmamışdır. Ona görə də banka lazım gəlirdi ki, kredit xətti müqaviləsi çərçivəsində borclu ilə kredit razılaşması bağlayarkən verilən kreditin faizi barədə hər bir zaminin razılığını alsın. Hazırki işin materiallarından isə görünür ki, borclu Cavabdeh1 ilə bank arasında bağlanmış zaminlik müqaviləsi xx xxxx 2014-cü il tarixdə, yəni xx.xx.2015-ci il tarixli Kredit razılaşmasının bağlandığı tarixdən əvvəl bağlanmış, daha sonra isə sözügedən razılaşma barədə onun razılığı alınmamışdır. Borclu Cavabdeh3 ilə bank arasında bağlamış zaminlik müqaviləsinin tarixi isə elə kredit razılaşmasının bağlandığı tarixə - xx.xx.2015-ci il tarixə təsadüf etdiyindən məhkəmə bu halı sonuncunun kredit razılaşmasından xəbərinin olması, faiz dərəcəsi barədə razılığının alınması, habelə müqavilənin digər şərtləri barəsində könüllü iradə ifadəsi kimi qiymətləndirir. Göründüyü kimi, Cavabdeh1 nə ödəniş cədvəli ilə tanış olmamış, nə də faiz dərəcəsi onunla başqa qaydada razılaşdırılmamışdır. Belə razılığın alınmaması isə zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin tələbinə görə, zaminliyin təmin etdiyi öhdəlik zaminin razılığı olmadan dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminliyə xitam verilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumu cavabdehlər X4 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər X4 və Cavabdeh3 İddiaçı QSCnin xeyrinə müştərək qaydada 514,69 manat əsas borc, 315,98 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla, cəmi 880,67 (səkkiz yüz səksən manat altmış yeddi qəpik) manat kredit borcu, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 30 manat tutulmalı, iddia Cavabdeh1 aid hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər X4 və Cavabdeh3 İddiaçı QSC-nin xeyrinə müştərək qaydada 514,69 manat əsas borc, 315,98 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla, cəmi 880,67 (səkkiz yüz səksən manat altmış yeddi qəpik) manat kredit borcu, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 30 manat tutulsun. İddia cavabdeh Heydərova (Əzizova) Nərgiz Vilayət qızına aid hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar