Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1967/2024 09.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. 1.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 995 (doqquz yüz doxsan beş) manat məbləğində pulun, vəkilə gördüyi işlər üçün ödədiyi 70 manat və məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun tanışıdır. Onun evində müəyyən təmir işləri aparılmalı olduğundan o, bu haqda Azərə bildirmiş, Cavabdeh gəlib təmir edəcəyini bildirmişdir. 2022-ci ilin dekabr ayında təmir işlərinə başlamış və razılaşdıqları kimi işləri hissə-hissə gördükcə gündəlik gördüyü işlərin müqabilində zəhmət haqqını almışdır. O, cavabdehə ödənişi kartla və ya nağd şəkildə ödəmişdir. Usta Azər gördüyü işləri alacaq və verəcəyi, onun cavabdehə ödədiyi öz xətti ilə mənzilin divarına qeyd etmişdir. Lakin Azər işlər yekunlaşmamış razılaşdıqları zəhmət haqqını 2000 manata yaxın almışdır. Hətta ona bildirmişdir ki, pula ehtiyacı vardır və ondan borc pul istəmişdir, səbəb kimi uşağının xəstə olduğunu söyləmişdir. Pulu ya iş görüb əvəz edəcəkdi, ya da borc kimi qaytaracaqdı. Bundan əlavə cavabdeh onun evində işləyərkən neçə dəfə ona lazım olan materialları almaq üçün pul ödəmişdir. Vaxtı-vaxtında alıb gətirmiş və onun etimadını qazanmışdır. Lakin sonradan verdiyi pulun müqabilində materialları almamış və pulu geri qaytarmamışdır. Azərə əlavə olaraq 350 manat həm nağd, həm də kartına ödəməklə borc pul vermişdir. 350 manat puldan 150 manat ona borcludur. Qalanı isə iş görərək əvəz etmişdir. Belə ki, onun cavabdehdən tələbi haqqını alıb yarımçıq qoyduğu işləri tamamlamadığı işlər və ona materiallar almaq üçün pulları alıb qaytarmadığı materialların pullu üçün ümumilikdə 995 manat təşkil edir. Daha sonra o, düşmüş ki, cavabdeh onu aldatmışdır. Bu səbəbdən də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməyi qərara almışdır.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh ilə onun evində təmir işlərinin aparılması ilə bağlı razılığa gəlmiş, lakin cavabdeh işi tam olaraq başa çatdırmamışdır. Lakin Azər işlər yekunlaşmamış razılaşdıqları zəhmət haqqını 2000 manata yaxın almışdır. Hətta ona bildirmişdir ki, pula ehtiyacı vardır və ondan borc pul istəmişdir, səbəb kimi uşağının xəstə olduğunu söyləmişdir. Pulu ya iş görüb əvəz edəcəkdi, ya da borc kimi qaytaracaqdı. Bundan əlavə cavabdeh onun evində işləyərkən neçə dəfə ona lazım olan materialları alıb gətirmiş və onun etimadını qazanmışdır. Lakin sonradan verdiyi pulun müqabilində materialları almamış və pulu geri qaytarmamışdır. O materiallara görə pulu həm onun kartına, həm də həyat yoldaşı X1 ödəmişdir. Bundan əlavə hətta cavabdehin istifadə etdiyi taksi xərclərini, kontur xərclərini, cavabdehin evinə 2 dəfə taksi ilə getməli olduğundan həmin xərcləri və digər xərcləri də ondan tələb edir. Ona olan borcu barədə cavabdehə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borcu qaytarmaqdan boyun qaçırmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları.
5. xx.xx.2023-cü il tarixli Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinin İddiaçı ünvanladığı məktubdan müəyyən olunur ki, qeyd edilən xüsusatlarla əlaqədar aidiyyatı üzrə məhkəmə orqanına müraciət etməyi tövsiyyə olunmuşdur.
6. Unibank KB ASC tərəfindən verilmiş Leobank kart sistemindən çıxarışdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 100 manat xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 15 manat, xx.xx.2023-cü il tarixdə 140 manat, xx.xx.2023-cü il tarixdə 155 manat pul köçürülmüşdür.
7. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş idarəsi tərəfindən göndərilmiş məktubdan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmışdır.
8. DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır.
İşin faktiki halları.
9. İşin faktiki hallarından görünür ki, İddiaçı Cavabdeh və onun həyat yoldaşı X2 hesablarına özünə məxsus olan evin təmir olunması və materialların alınması məqsədilə pul vəsaiti köçürmüşdür.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 759. Podrat müqaviləsinin ləğvi 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Maddə 753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Maddə 762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
11 .Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli qərarı.
Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat
Məhkəmənin mövqeyi.
14. İşin hallarından görünür ki, İddiaçı Cavabdeh və onun həyat yoldaşı X2 hesablarına özunə məxsus olan evin təmir olunması və materialların alınması məqsədilə pul vəsaiti köçürmüşdür.
15. İddiaçı tərəf cavabdehlə şifahi qaydada podrat müqaviləsi bağladığını, cavabdehin ona məxsus evdə təmir-tikinti işləri apardığını, lakin həmin təmir-tikinti işlərinin tam olaraq sona çatdırmadığını, onun və həyat yoldaşının kart hesablarına tikinti materialların alınması üçün pul vəsaiti köçürdüyünü, lakin həmin tikinti materialların cavabdeh tərəfindən alınmadığını qeyd edərək ödənilən pul vəsaitlərinin və digər çəkilən xərclərin cavabdehdən tutulmasını xahiş etmişdir.
16. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.
17. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə cavabdehlə onun arasında podrat müqaviləsi bağlanması, cavabdehin mənzildə təmir-tikinti işləri aparması, lakin tam olaraq sona çatdırılmaması barədə izahat verərək cavabdehin və onun həyat yoldaşının kart hesablarına tikinti materiallarının alınması üçün pul vəsaitinin ödənilməsi ilə bağlı kart hesablarından çıxarışları təqdim etmişdir.
18. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin təqdim etdiyi kart hesablarına iddiaçı tərəfindən 630 manat pul vəsaiti ödənilmişdir. İddiaçı tərəf həmin pul vəsaitinin tikinti materiallarının alınması məqsədilə ödənildiyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, kart hesablarına ödənilmiş 630 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya qaytarılmalı, digər çəkilmiş xərclərin nədən ibarət olması və bununla bağlı olaraq başqa sübutlar təqdim olunmadığından iddia tələbi qalan hissədə təmin oluna bilməz.
Məhkəmə xərcləri.
19. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.
20. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi – 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
21. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 630 manat pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 630 (altı yüz otuz) manat pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Leyla Talıbova