Məhkəmə qərarları › İş №2(010)-1970/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1970/2025

03.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1970/2025 03.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilinə vurduğu və "xxxx" ASC tərəfindən ödənilə bilməyən maddi ziyanın məbləğinin (2115) AZN tam şəkildə ödəməsi və həmçinin 41 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. O, İddiaçı xx.xx.2024-cü il tarixində “Hyundai Avante” markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilini Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən avtotəmir sexinin qarşısında saxlayıb, avtotəmir sexinə daxil olduqdan sonra, “X10” markalı ** HK *** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi zəncirvari qəza nəticəsində avtomobilinə ciddi ziyan dəymişdir. Qəza zamanı avtomobilin idarəçisi Cavabdeh (mülkiyyətçi hüququnu təsdiq edən X3) və atası X2 hadisə yerində və daha sonra dəfələrlə yalan vədlər verərək avtomobilinə dəymiş maddi zərəri ödəyəcəklərini bildirmişlər. Ancaq daha sonra heç bir ödəniş etməyəcəklərini, vurulmuş zərəri sığortadan tələb etməyini bildirdilər. Qəza ilə bağlı "xxxx" ASC-nin apardığı qiymətləndirməyə əsasən avtomobilinin ümumi təmir xərci 4230 manat müəyyən edilmişdir. Ancaq zəncirvari qəza zamanı üç avtomobil zərər çəkdiyi üçün icbari sığortanın müəyyən etiyi 5000 manat məbləğ avtomobil sahibləri arasında bölünmüş və ona "xxxx" ASC tərəfindən 2115 manat ödənilmişdir. Sığorta tərəfindən ödənilə bilməyən 2115 manat məbləğin ödənilməsi üçün Cavabdeh müraciət etsə də, o dəymiş zərəri qarşılamaqdan boyun qaçırmışdır.

Tərəflərin izahatları

3. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini və təqdim edilmiş ekspertiza rəyi ilə razı olmadığını bildirdi.

İş materialları

5. xx.xx.2024-cü il tarixli “Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair” etibarnamədən görünür ki, “Hyundai Avante” markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1 Nurlan Əvəz oğluna həmin avtomobilə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, qeydiyyata salmaq, qeydiyyadan çıxarmaq, ərizə vermək, sərəncam vermək və s. səlahiyətlər verilmişdir. Etibarnamə 1 il müddətinə verilmiş və xx.xx.2025-ci il tarixə saat 23:59-a dək qüvvədədir.

6. Nizami RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Emil Hacıyevin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Volskvagen – Touareg” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Avante” markalı ** ND *** dövlət qeydiyyat nişanlı və “İveco-Otoyol” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin əzilmələri, “Range-Rover-Sport” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh “Yol hərəkəti haqqında” AR Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozması nəticəsində baş vermişdir.

7. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli Hesablama aktı və Sığorta aktından görünür ki, "xxxx" ASC-də xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək sığortalanmış “Range- Rover-Sport” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi qəza nəticəsində “Hyundai Avante” markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan məbləği 4230 manat müəyyən edilmiş və faydalanan şəxs İddiaçı 2115 manat ödəniş edilməsi nəzərdə tutulmuşdur.

8. Ödəniş kartı üzrə çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə İddiaçı hesabına 2115 manat ödəniş edilmişdir.

9. Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli, MEB-m119-0625 saylı rəyindən görünür ki, buraxılış ili 2013-cü il olan, “Hyundai Avante” markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan məbləği təmir üçün çəkiləcək xərclərlə birgə 4336 manat müəyyən edilmişdir.

İşin faktiki halları

10. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, “Hyundai Avante” markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında İddiaçı istifadəsindədir. xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş və həmin hadisə nəticəsində “Hyundai Avante” markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Qəza “Range-Rover-Sport” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh “Yol hərəkəti haqqında” AR Qanununun tələblərini pozması nəticəsində baş vermişdir. “Hyundai Avante” markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan məbləği sığorta şirkəti tərəfindən 4230 manat müəyyən edilmiş və həmin məbləğdən İddiaçı 2115 manat ödəniş edilmişdir. İş üzrə təyin edilmiş müstəqil qiymətləndirmə zamanı ekspert tərəfindən “Hyundai Avante” markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan məbləği təmir üçün çəkiləcək xərclərlə birgə 4336 manat müəyyən edilmişdir. Hazırki iclasda iddiaçı avtomobilə dəymiş ziyan məbləği ilə bağlı təqdim edilmiş ekspert rəyi ilə razı olduğunu bildirir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

12.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmənin mövqeyi

13. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, hazırki iddia tələbi qismən təmin edilməlidir.

14. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı etibarnamə əsasında istifadəsində olan “Hyundai Avante” markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilə “Range-Rover-Sport” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh “Yol hərəkəti haqqında” AR Qanununun tələblərini pozması nəticəsində maddi ziyan vurulmuşdur. Qeyd olunan yol-nəqliyyat hadisəsi Cavabdeh təqsirli hərəkəti nəticəsində baş vermişdir. Məhkəmə hesab edir ki, delikt münasibətlərini tənzimləyən maddi hüquq normalarının tələblərinə əsasən İddiaçı cavabdehdən ona vurulmuş ziyanın əvəzini tələb etməkdə haqlıdır. Ziyanın məbləğinə gəldikdə isə, "xxxx" ASC tərəfindən Hyundai Avante” markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan məbləği 4230 manat müəyyən edilmiş və həmin məbləğdən İddiaçı 2115 manat ödəniş edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iş üzrə təyin edilmiş müstəqil qiymətləndirmə zamanı ekspert tərəfindən “Hyundai Avante” markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan məbləği təmir üçün çəkiləcək xərclərlə birgə 4336 manat müəyyən edilmişdir. Məhkəmə təqdim edilmiş rəyə tənqidi yanaşılması üçün əsas görmür. Bununla belə hazırki tələbdə məhkəmə iddiaçının vurulmuş ziyana görə 2115 manat tələb etməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Məhkəmə xərcləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 41 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

18. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2115 manat pul məbləği və iş üzrə ödənilmiş 41 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.

19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. Cavabdeh 2115 manat pul məbləği tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 41 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar