Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-198/2023 19.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh vurulmuş maddi ziyana görə 3000 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki: “ünvan 1 ünvanında yerləşən 148 nömrəli mənzil ÖM seriyalı, 156670 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən xüsusi mülkiyyət hüququ əsasında mənə məxsusdur. ünvan 1 ünvanında yerləşən 151 nömrəli mənzil isə mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. İddia ərizəsinə əlavə olunacaq 173 nömrəli MTK tərəfindən verilmiş arayışa əsasən həmin mənzil mənə məxsus mənzilin üzərində yerləşir. Bildirmək istəyirəm ki, Cavabdeh məxsus mənzildən mənə məxsus mənzilə axıdılan sular nəticəsində evimin təmiri yararsız hala salınmışdır. Evdə yaşamaq mümkünsüz hala gəlmişdir. Mənim mülkiyyət hüququm cavabdeh tərəfindən qanunsuz olaraq məhdudlaşdırılmışdır. Nəzərinizə çatdırmaq istəyirəm ki, Cavabdeh məxsus mənzildən mənə məxsus mənzilə axıdılan sular nəticəsində evin hamam, tualet və mətbəxində elektrik naqilləri tamamilə sıradan çıxmışdır. Evin hamam, tualet və mətbəxində işıq yanmır. Belə bir vəziyyətdə yaşamaq isə tamamilə mümkünsüz hala gəlib çıxmışdır. Bu müddət ərzində evdə suyun gəlməsi üçün 3 dəfə su motorunu dəyişmək məcburiyyətində qalmışıq. Qeyd etməliyəm ki, Cavabdeh bu hərəkəti nəticəsində binanın digər sakinlərinə də ziyan dəyir. Cavabdeh tərəfindən mənə dəymiş ziyanın məbləği ən azı 3000 manat təşkil edir. Çünki evin hamamı, tualeti və mətbəxi yenidən təmir olunmalı, elektrik naqilləri isə yenilənməlidir. İddia ərizəsinə əlavə edəcəyim evimin fotoşəkilləri bu halı təsdiq edir”.
İddia tələbinə etiraz.
3. Cavabdeh iddia tələbinə etirazla məhkəməyə müraciət edərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinə etirazın əsaslandırıldığı hallar.
4. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki: “Hesab edirəm ki, iddiaçının iddia ərizəsi əsassız olduğu üçün rədd edilməlidir. Qeyd etmək istəyirəm ki, halhazırda iddiaçının mənə qarşı qaldırdığı iddia məndə böyük təəccüb doğurur. Çünki iddiaçının mənə qarşı qaldırdığı iddia tamamilə əsassız, qanunsuz, yalan və böhtandan başqa bir şey deyil. İddia ərizəsi tamamilə həqiqəti əks etdirmir. Bildirirəm ki, mən şəxsən iddia ərizəsində adı qeyd edilən ünvanda yaşayan iddiaçı X3 adlı şəxsi bir qonşu kimi tanımıram. Lakin mənim mənzilimin altında yerləşən 148 saylı mənzildə ola bilsin ki, ailə üzvü və ya kirayəçisi olduğunu bilmədiyim X6 adlı şəxsin yaşadığını bilirəm. X2 da onun mənə qarşı törətdiyi qonşuluğa yaraşmayan yaramaz hərəkətləri nəticəsində tanımışam. Bu şəxs daim mənə qarşı təxribat törətməklə məşğuldur. Hacıyev İntiqam dəfələrlə mənim mənzilimə gələn su xəttini bağlamış, mənim su sayğacımı sındırmış, mənim mənzilimə hücum çəkərək mənzilimin qapısını təpikləyərək qapını yararsız hala salmış və buna görə də mən mənzilimin qapısını yenidən təmir etdirmişəm. Bu barədə mən dəfələrlə polisə şikayət etməyimə baxmayaraq onun polis əməkdaşları ilə “isti” münasibətləri sayəsində barəsində heç bir ciddi tədbir görülməmişdir. Mənim dəfələrlə DİN-in “102” xidmətinə şikayət etməyimə baxmayaraq yerli polis əməkdaşları mənim şikayətimi ört-basdır etmişlər. Bu şəxs hətta o qədər azğınlaşmışdır ki, polis onu müdafiə etməyinə baxmayaraq polisə şikayətimdən sonra da mənim mənzilimə gələn su xəttinə etdiyi müdaxiləyə görə yenidən polisə şikayət edərək polisdən onun belə hərəkətlərinə son qoyulmasını tələb etdikdən sonra gizlində ona bir daha belə yaramazlıq törətməməsini tapşırmışlar. Belə ki, iddiaçı öz iddia ərizəsində məhz mənim mənzilimdən onun mənzilinə su axıdılması nəticəsində mənzilinin təmirinin yararsız hala düşməsini, mənzilin hamam, tualet və mətbəxində elektrik naqillərinin tamamilə sıradan çıxmasını qeyd etmişdir. İddiaçı bunun baş verməsinin mənim tərəfimdən edildiyini bildirərək hazırda mənzilində həmin sadaladığı yerləri yenidən təmir etdirmək üçün məndən 3000 manat pul tələb edir. Qeyd edim ki, onun sadaladığı hallar eyni ilə mənim mənzilimdə də mövcuddur. Mənim də mənzilimin hamam, tualet və mətbəx hissəsində elektrik xətləri tamamilə sıradan çıxmış və mənzilin həmin hissəsində divarlar yararsız hala düşmüşdür. Lakin iddiaçı bunun əsl səbəbini tapmaq əvəzinə günahı məndə görür və məndən pul tələb edir. Bizim aramızda baş verən məhz iddiaçının mənzilində yaşayan X4 mənə qarşı törətdiyi xuliqanlığa görə şikayətlə bağlı polis sahə inspektoru onun söylədiyinin düzgünlüyünü yoxlamaq üçün mənim mənzilimə bir neçə usta gətirmiş və mənzilimdə olan su xətlərini yoxlatdırmışdır. Onlar baxış zamanı mənim mənzilimdən iddiaçının mənzilinə heç bir su axıntısının olmadığını görmüşlər. İddiaçının mənzilində yaşayan sakin İntiqamın mənə qarşı törətdiyi xuliqanlıq hərəkətlərindən şikayətimə polis düzgün qiymət verməmiş, onun barəsində cinayət işinə başlamaq əvəzinə absurd qərar qəbul edərək cinayət işinin başlanması barədə şikayətimi rədd etmiş və tamamilə qanunsuz qərar qəbul etmişdir. Hazırda bu qərarla bağlı mən ayrıca prokurora şikayət edəcəyəm. Çünki iddiaçının mənzilində yaşayan şəxs mənim şəxsi həyatımı sanki cəhənnəmə çevirmişdir. Onun ucbatından əsəblərim korlanmış və sağlamlığımda problemlər yaranmışdır. Ona görə də iddiaçının hal-hazırkı iddiası həqiqəti əks etdirmir və ağ yalandır. Mənim mənzilimdən onun mənzilinə heç bir su axıntısı yoxdur. Sadəcə iddiaçı bütün bunları məni incitmək üçün edir. Ona görə də iddiaçının iddiası əsassız və uydurma olduğu üçün iddia rədd edilməlidir”.
Tərəflərin izahatları.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə hazırlıq iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, o, qardaşı və anası ilə birlikdə ünvan 2 ünvanında yerləşən 148 nömrəli mənzildə yaşayır. Onların yaşadığı mənzil binanın altıncı mərtəbəsində, cavabdehin mənzili isə yeddinci mərtəbədə yerləşir. Artıq bir neçə ildir ki, cavabdehin mənzilindən onların mənzilinə su axır. Hətta vəziyyət artıq o dərəcəyə gəlib çatmışdır ki, beşinci və dördüncü mərtəbədəki mənzillərə də su damlamağa başlamışdır. Son vaxtlar bu hal intensiv xarakter almışdır. Bəzən su yuxarıdan çay kimi dayanmadan axır. Bununla bağlı bir neçə dəfə qonşularla birlikdə cavabdehin qapısını döyərək xəbərdarlıq etmək istəmiş, lakin qapını açan olmamışdır. Bina sakinlərinin hamısı suyun cavabdehin mənzilindən axdığını bilir. Yəni su səkkizinci mərtəbədən cavabdehin mənzilinə, oradan da aşağıdakı mənzillərə axmır. Suyu axıdan birbaşa cavabdehdir. Suyun axması nəticəsində yaşadıqları mənzil yararsız vəziyyətə düşmüş, bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hal-hazırda isə cavabdeh mənzilini satmışdır və mənzildə təmir işləri gedir. Bu səbəbdən onların mənzilinə su axımı dayanmışdır. Mənzilə dəymiş zərərin məbləği ilə bağlı ekspert rəyi ilə razılaşmır. Çünki mənzilin təmir üçün tək usta işi 1000 manatdır. Bununla belə təkrar ekspertiza keçirilməsini istəmir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
8. Məhkəmənin hazırlıq iclaslarında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının məqsədi evini təmir etmək deyil, ondan pul almaqdır. Belə ki, iddiaçının ailə üzvləri içkili vəziyyətdə onun qapısını təpikləyərək açmağa çalışmışlar. Halbuki mədəni formada ona yaxınlaşıb problemin nə olduğunu deyə bilərdilər. Bununla bağlı dəfələrlə polisə müraciət etmiş, polis sahə müvəkkilinin iştirakı ilə iki usta gələrək onun mənzilinə baxmış və mənzildən iddiaçının mənzilinə heç bir su axmadığı müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının mənzilinin üzərində su çəni var və su həmin çəndən onun mənzilinə axaraq oradan da iddiaçının mənzilinə damlayır. İddiaçının mənzili təmirsiz vəziyyətdədir və bunun mənzilə su axması ilə heç bir əlaqəsi yoxdur. Onun da mənzilinə yuxarıdan su axmış, bu səbəbdən mənzilin divarları və elektrik naqilləri pis vəziyyətə düşmüşdür. O, həmin mənzili keçən ilin oktyabr ayında başqa bir şəxsə satmışdır və dekabr ayından həmin mənzildə yaşamır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
İş materialları.
9. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 156670 nömrəli qeydiyyat vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “D” y/s, 21 saylı evin 46.73 m2 sahədən ibarət üçotaqlı 148 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2003-cü il tarixdə qeydiyyat aparılmışdır.
10. 173 saylı Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 09 saylı arayışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 151 saylı mənzil Cavabdeh mülkiyyətindədir.
11. On beş ədəd fotoşəkildən çürümüş, üzlüyü qopmuş divarlar görünür.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7336 nömrəli ekspert rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən 148 saylı mənzilə su axıdıldığı müəyyən olunur. Lakin iş üzrə cavabdehə məxsus ünvan 4 ünvanında yerləşən 151 saylı mənzildə faktiki olaraq təmir işlərinin aparıldığı, mənzilin sanitar qovşaq avadanlıqlarının faktiki olaraq mövcud olmadığı, həmin mənzilə başqa bir mənzildən (yerdən) su axıdıldığı müəyyən olunmadığından qeyd olunan su sızıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. ünvan 4 ünvanında yerləşən 148 saylı mənzilə su axıdılması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin dəyəri hal-hazırkı bazar qiymətlərinə uyğun olaraq təqribən 1154 manat məbləğində müəyyən edilmişdir.
İşin faktiki halları.
13. ünvan 4, mənzil 148 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir.
14. Həmin mənzilin yuxarı mərtəbəsində yerləşən 151 nömrəli mənzildə isə Cavabdeh yaşamış, bu iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu vaxt cavabdeh həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Cavabdeh artıq həmin mənzildə yaşamır və yaşayış yeri üzrə qeydiyyatın ünvanını da dəyişmişdir. Öz dediyinə görə 2022ci ilin oktyabr ayında mənzili başqasına satmış, dekabr ayında isə mənzildən çıxmışdır.
15. İddiaçı edir ki, cavabdehin mənzilindən onun mənzilinə axan su mənzilini yararsız vəziyyətə gətirmiş, ona maddi ziyan dəymişdir. Cavabdeh isə iddia edir ki, iddiaçının mənzilinə axan su onun mənzilindən yuxarıda yerləşən su çənindən axır və ona aidiyyəti yoxdur.
16. Məhkəmə tərəfindən iş üzrə ekspertiza təyin edilmişdir. Verilmiş ekspert rəyində iddiaçıya məxsus mənzilə su axıdıldığı müəyyən edilmişdir. Lakin cavabdehə məxsus mənzildə təmir işləri aparıldığından, mənzilin sanitar qovşaq avadanlıqları faktiki olaraq mövcud olmadığından, həmin mənzilə başqa bir mənzildən (yerdən) su axıdıldığı müşahidə olunmadığından qeyd olunan su sızıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. İddiaçının mənzilinə su axıdılması nəticəsində dəymiş zərərin məbləği 1154 manat məbləğində müəyyən edilmişdir.
Tətbiq edilən hüquq.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.
Məhkəmənin mövqeyi.
20. İşin faktiki hallarından görünür ki, iddiaçının mənzilinə su sızmış, bu susızma nəticəsində onun mənzilinə zərər dəymişdir. İddiaçının iddiasına görə bu susızmaya görə məsuliyyəti cavabdeh daşıyır. Cavabdehə görə isə onun mənzilinə yuxarıdan su axır, həmin su da iddiaçının mənzilinə axır.
21. Məhkəmə tərəfindən cavabdehin mənzilindən iddiaçının mənzilinə su axıdılıbaxıdılmaması, cavabdehin mənzilinə başqa yerdən su axıb-axmaması, əgər axırsa, bu axıntının cavabdehin mənzilindən iddiaçının mənzilinə keçməsinin mümkünlüyü və iddiaçının mənzilinə dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Verilmiş ekspert rəyində iddiaçıya məxsus mənzilə su axıdıldığı müəyyən edilmişdir. Lakin iş üzrə hər iki tərəfin mübahisələndirmədən qəbul etdiyi kimi cavabdeh öz yaşadığı mənzili satmış və həmin mənzildən çıxmışdır. Mənzilin yeni mülkiyyətçisi isə mənzildə təmir işləri aparır. Bu səbəbdən iddiaçının mənzilinə məhz cavabdehin mənzilindən su axıb-axmamasını və cavabdehin mənzilinə başqa yerdən su axıb-axmamasını müəyyən etmək üçün cavabdehin mənzilinə baxış keçirən ekspert tərəfindən mənzildə təmir işləri aparıldığı, mənzilin sanitar qovşaq avadanlıqlarının faktiki olaraq mövcud olmadığı müəyyən edilmişdir. Bununla belə verilmiş ekspert rəyində cavabdehə məxsus mənzilə başqa yerdən su axıdılmasının müşahidə edilmədiyi də qeyd edilmişdir. Cavabdeh də öz növbəsində öz mənzilinə hansısa su axıntısının olduğunu sübut edə bilməmiş, bununla bağlı heç bir təşəbbüs göstərməmiş, əksinə iş məhkəmənin icraatında olduğu dövrdə mənzili sataraq yaşayış ünvanını dəyişmişdir.
22. Göründüyü kimi ekspert rəyində iddiaçının mənzilinə axan suyun məhz cavabdehin mənzilindən axdığı müəyyən edilməsə də, mənzilə su axıdıldığı müəyyən edilmişdir. Verilmiş ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsindən də görünür ki, iddiaçıya məxsus mənzildə baxış keçirilən zaman mənzildə mərtəbəarası susızmanın ilkin əlamətləri müşahidə edilmişdir. Bununla belə bu sızıntının mənbəyinin cavabdehə məxsus mənzil olması müəyyən olunmadan qalmışdır. Belə ki, cavabdeh mənzilini satıb başqa ünvana köçdüyündən onun mənzilindən su sızıntısı olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.
23. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mənzilinə axıdılmış suya görə məsuliyyəti məhz cavabdeh daşımışdır. Ona görə ki, iddiaçının mənzilinə məhz cavabdehin mənzilindən su axıdılmasının müəyyən edilməməsinin səbəbi elə cavabdehin hərəkətləridir. Belə ki, o, iş məhkəmənin icraatında olduğu dövrdə mənzilini satmışdır. İş materiallarından da görünür ki, cavabdeh 2022-ci ilin sentyabr ayında iddiaya etirazla məhkəməyə müraciət etmiş, öz dediyinə görə 2022-ci ilin oktyabr ayında isə mənzili satmışdır. Bu vəziyyətdə iddiaçının mənzilinə məhz cavabdehin mənzilindən su axıdılmasının müəyyən edilməməsinin səbəbi elə cavabdeh olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı öz üzərinə düşən sübutetmə yükünü sübuta yetmirmiş hesab edilməlidir. Belə ki, o, sübut etməsi mümkün olan bütün halları mənzilinə yuxarıdan su sızdığını sübuta yetirmişdir. Məhkəmə işin xüsusi hallarını nəzərə alaraq hesab edir ki, cavabdehin mənzilini satıb başqa ünvana köçməsinə görə iddiaçının sübut etmə imkanından obyektiv olaraq məhrum olduğu halın (mənzilinə məhz cavabdehin mənzilindən su axıdılmasının) əksini sübut etmək cavabdehin vəzifəsi olmuşdur. Buna baxmayaraq cavabdeh nə mənzilindən iddiaçının mənzilinə su axıdılmadığını, nə də bu axıntıya görə təqsiri olmadığını (öz mənzilinə başqa yerdən su axıdıldığını) sübuta yetirə bilməmişdir. Əksinə, verilmiş ekspert rəyində cavabdehin mənzilinə başqa bir mənzildən (yerdən) su axıdılmasının müşahidə olunmadığı qeyd edilmişdir. Bütün bu qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin təqsirindən onun mənzilindən iddiaçının mənzilinə su axıdılmış, nəticədə iddiaçının mənzilinə zərər dəymişdir. Belə olan halda cavabdeh iddiaçının mənzilinə vurduğu zərərin əvəzini ödəməlidir.
24. Lakin iddiaçı tərəfindən cavabdehdən tələb edilən zərərin məbləğinə münasibətdə məhkəmə iddia tələbi ilə qismən razılaşmır. Belə ki, iş üzrə verilmiş ekspert rəyindən görünür ki, ekspert tərəfindən iddiaçının mənzilinə baxış keçirilmiş və mənzilə su sızma nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin dəyəri bazar qiymətlərinə uyğun normalar tətbiq edilməklə ekspert tərəfindən 1154 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ekspert rəyi ilə bu hissədə razılaşmamaq üçün heç bir əsas müəyyən etmir və tərəflərin də bununla bağlı hansısa dəlillərinin olmamasını nəzərə alaraq iddianın qismən – iddiaçının mənzilinə vurulmuş zərərə görə cavabdehdən 1154 manat məbləğində pul tutulması hissəsində təmin edilməsi nəticəsinə gəlir.
Məhkəmə xərcləri.
25. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş iddia qiymətinə mütənasib olmuşdur.
26. Bundan başqa iş materiallarında olan ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat məbləğində qiymətləndirilmişdir.
27. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 31.54 manatı cavabdehdən tutularaq iddiaçıya, 50 manat məbləğində ekspertiza xərci isə cavabdehdən tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
28. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1154 manat məbləğində pul və 31.54 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, 50 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.
29. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 1154 (min yüz əlli dörd) manat məbləğində pul və 31.54 manat (otuz bir manat əlli dörd qəpik) məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva