Məhkəmə qərarları › İş №2(010)-2/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2/2022 30.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 19.12.2014-cü il tarixli, VİP 14631 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1181 ABŞ dolları əsas borcun və 177 ABŞ dolları cərimə borcu olmaqla cəmi 1358 ABŞ dolları borc və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 04 aprel 2016-cı il tarixli əmri ilə ərizə təmin edilmişdir. Borclu həmin məhkəmə əmrindən etiraz vermiş və məhkəmənin 25 aprel 2016-cı il tarixli qərardadı ilə etiraz təmin edilərək, məhkəmənin 04 aprel 2016-cı il tarixli əmri ləğv edilmiş, iş iddia icraatına keçirilmişdir. İşin məhkəmə baxışı zamanı cavabdeh tərəf vəsatət verərək işin icraatının dayandırılmasını xahiş etmiş, məhkəmənin 17 yanvar 2017-ci il tarixli qərardadı ilə Xətai Rayon Məhkəməsinin icraatında olmuş 2-(011)-11458\2016 nömrəli iş üzrə 02 noyabr 2016-cı il tarixli qətnamədən verilmiş şikayətə baxılıb yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək hazırkı iş üzrə icraat dayandırılmışdır. Məhkəmənin 10.02.2022-ci tarixli, 2(010)-2\2022 saylı qərardadı ilə işin icratı təzələnmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh ilə bağlanmış 19.12.2014-cü il tarixli, VİP 14631 saylı nisyə alqı-satqı müqaviləsi üzrə kreditor borcluya satış qıyməti 1325 USD olan “Apple” iphone 16 GB Silver B markalı 1 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Borclu ilə kreditor arasında həmin müqavilə bağlandıqdan sonra borclu ilkin olaraq 49 ABŞ dolları, 01.02.2015-ci il tarixdə 35 Abş dolları, 11.02.2015-ci il tarixdə 17 ABŞ dolları, 21.02.2015-ci il tarixdə 36 ABŞ dolları, 10.04.2015-ci il tarixdə 7 ABŞ dolları ödəmiş, lakin sonradan ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununlada müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.Həmin müqavilənin 3.5-ci maddəsinə əsasən alıcı ödəniş gecikdirildiyi məcmu borcun 1%-i həcmində satıcının xeyrinə faiz ödəyir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbində qeyd olunanlara uyğun izahat verərək, borclunun müəyyən ödənişlər etdiyini, hazırda borcunun 1094 ABŞ dolları olduğunu bildirdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan 19.12.2014-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh ümumi dəyəri 1325 ABŞ dolları olan “Apple” İphone 6 16 GB Silver B markalı telefon satmış və cavabdeh həmin məbləği müqavilə üzrə müəyyən olunmuş müddətdə hissə-hissə qaytarmağı öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 29.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 19.12.2014-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1094 ABŞ dolları borcu vardır. İş matariallarına əlavə edilmiş bildirişdən görünür ki, Cavabdeh oğluna borc məbləğini 3 iş günü ərzində ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi qismən əsaslıdır. Belə ki, iddiaçı öz iddia tələbində cavabdehdən 19.12.2014-cü il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 1358 ABŞ dollarının tutulmasını tələb etsə də, iş materiallarında olan 29.03.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin borcu 1094 ABŞ dolları müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən maliyyə arayışında qeyd olunan borc məbləğinin tutulması qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının Milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin qismən edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 20 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. 19.12.2014-cü il tarixli, VİP 14631 saylı nisyə alqı-satqı müqaviləsi üzrə cavabdeh Məmmədlı̇ Tağı Yası̇ n oğlundan qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla iddiaçı "Süs Mobı̇ le MMC-nin xeyrinə 1094 (min doxsan dörd) ABŞ dolları məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 20 (iyirmi) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar